Nazirin direktorunu qovduğu kollecə rüşvət ittihamı - ÖZƏL
29-09-2016, 09:10
Təhsil naziri Mikayıl Cabbarovun direktorunu qovduğu Bakı Qida Sənayesi Kolleci haqda əlavə məlumatlar əldə etmişik
Redakisyamızın apardığı araşdırma zamanı məlum olub ki, sözügedən təhsil ocağı rüşvətlə qidalanırmış.
Elə bu barədə nazirliyə ünvanlanan saysız-hesabsız şikayət məktubları da direktor Anar Mayılovun işindən uzaqlaşdırılmasına səbəb olub.
Hələ bir müddət əvvəl kollecin müəllimi Sulduz Musayev başına gələnləri mediada tirajlamışdı. Onun dediyinə görə, dərs yükü verilmədiyindən tərəflər arasında narazılıq başlayıb.
Az sonra isə kollecin tədris işləri üzrə direktor müavini Sadıq Məmmədov öz tərəfdarları ilə birgə iclas keçirib, iqtisadiyyat fənnini tədris edən Musayev Sulduz Kamil oğlu ixtisara salınıb və kollecdən kənarlaşdırılmasına dair qərar qəbul edilib.
Hətta direktor müavini Sadıq Məmmədov Sulduz Musayevdən hədə-qorxu yolu ilə ondan işdən çıxmasına dair ərizə yazmağı tələb edib.
Sulduz Musayev ərizəni yazmasa da, müxtəlif dairələrə kollecdəki biabırçılıqları əhatə edən ərizələr yazıb. Kollecin müəllimi iddia edib ki, təhsil ocağında tədrisin keyfiyyəti sıfıra bərabərdir.
Müəllimlər dərsə gəlməyən, oxumayan, semestr zamanı tədris proqramına əhatəli şəkildə cavab verməyən tələbələrə qiymət yazılmasına məcbur edilir. Sadıq Məmmədov bu işlərin başında dayanıb, hər semestr kollecdə 200-300 min manat rüşvət yığır.
teref.az yazır ki, politika.az-ın əldə etdiyi xəbərə görə, Bakı Qida Sənayesi Kolleci rəhbərliyinə dəfələrlə müvafiq xəbərdarlıq edilsə də, qeyd olunan problemlər bu gün də öz həllini tapmayıb.
Bakı Qida Sənayesi kollecinin təmiri, həmçinin digər məqsədlər üçün ayrılmış vəsaitlərin də xərclənməsində bir sıra qaranlıq məqamlar mövcuddur.
Belə ki, sözügedən kollecin təmiri və bir sıra lazımi avadanlıqların alınması məhz müəllimlərlə valideynlərin hesabına həyata keçirilir. Bununla da büdcədən ayrılmış vəsaitlər tamam başqa istiqamətlərə xərclənir.
Xatırladaq ki, Bakının Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib. Kollecin ərazisindəki futbol meydançasının üzərində “İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb.
Bununla əlaqədar təhsil müəssisəsinin binasının zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib.
Kollecin direktoru Anar Mayılov səhlənkarlıq göstərərək kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməyib.
Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə vəzifədən azad edilib.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfi dinləməyə hazırıq.
teref.az