AVF – baş katibin “başçı”lıq xülyaları - İDDİA
14-11-2016, 10:16

Artıq xəbər verildiyi kimi, oktyabr ayının 12-də Azərbaycan Voleybol Federasiyasına (AVF) yeni prezidentin seçilməsi ilə bağlı Milli Olimpiya Komitəsində keçirilən iclasda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu vəzifəyə seçilib. İclası giriş sözü ilə açan Gənclər və İdman naziri Azad Rəhimov da tamamilə doğru olaraq qeyd edib ki, Cavid Qurbanov daim idmançıların, voleybolçuların yanında olub, onlara dəstək verən insandır. Etiraf olunmalıdır ki, bu gün voleybolumuzun daha sürətlə inkişaf etməsi, daha yüksək nəticələrin əldə olunması üçün məhz Cavid Qurbanovun bu vəzifəyə namizədliyi, birmənalı olaraq, ən arzuedilən, bəlkə də alternativsiz bir variant olub. Həmin iclasda mütləq səs çoxluğu ilə voleybol federasiyasına prezident seçilən Cavid Qurbanov çıxışında maraqlı açıqlamalar da vermişdi: “Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin puşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq...”
Açığını desək, bir çoxları yeni federasiya prezidentinin qeyd etdiyi “digər məsələlər” ifadəsinin nəzərdə tutduğu islahatların gedişində, federasiyanın baş katibi Elşən İsmayılovun da öz vəzifəsindən gedəcəyini ehtimal edirlər. Hərçənd bir müddət əvvəl həyata keçirilmiş yeni təyinatların gedişində, Elşən İsmayılov hələlik baş katib vəzifəsində qalıb. Əslində bu ehtimalların meydana çıxması bir neçə fərqli əsaslarla şərtləndirilir ki, onlardan da heç də hamısını Elşən İsmayılovun ziyanına işləyən amil kimi qiymətləndirmək olmaz. Məsələn, baş katibin öz postunu təhvil verəcəyi ehtimalını əsaslandıran məqamlardan biri kimi, onun rayonlardan birinə icra başçısı təyin olunacağına dair səsləndirilən fikirlər göstərilir. Hərçənd bu fikirlərin özünü də təkzib edənlər var. Aldığımız açıqlamalardan birində deyilir: “İcra başçısı olmaq Elşən İsmayılovun çoxdankı arzusudur. Hətta o, bu yaxınlarda bir obyektini 2,5 milyon manata sataraq, bu məsələni də adət etdiyi qaydada, yəni rüşvət vasitəsilə həll etməyə çalşmışdı. Lakin, bu dəfə Elşən İsmayılovun üsulu özünü doğrultmadı. Ona konkret olaraq izah etdilər ki, başçı vəzifəsini tuta bilmək üçün irəli sürülən tələblərə cavab vermir”.
Bununla belə, Elşən İsmayılovun Azərbaycan Voleybol Federasiyasının baş katibliyindən getməsi üçün digər səbəblər də göstərilir. Həm də bu səbəblər artıq heç də karyera yüksəlişi kimi təsnifatlandırıla bilməz: “Cavid Qurbanovun federasiyanın prezidenti seçilməsindən sonra, baş katib vəzifəsi artıq Elşən İsmayılov üçün əvvəlki kimi maraqlı deyil. Belə ki, o, hələ bu yaxınlara qədər əlində olan imkanlardan gen-bol yararlanırdı. Voleybolun inkişafına ayrılan külli-miqdarda vəsaitlər də onun əlindən gəlib keçirdi. Həm də bu zaman həmin vəsaitlərin müəyyən bir hissəsi də, elə həmin əllərdəcə “ilişib qalırdı”. Amma indi artıq belə imkanlar olmayacaq. Təbii ki, qazanc yoxdursa, Elşən İsmayılov üçün həmin işin marağı da yoxdur...”
Digər tərəfdən isə, baş katibin öz vəzifəsindən belə asanlıqla gedəcəyini də gözləmək bir qədər məntiqə uyğn deyil. Belə ki, əgər yeyintilər olubsa, buna görə kimsə məsuliyyət də daşımalı olacaq. Ən azından “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun bu kimi özbaşınalıqlara göz yumacağını gözləmək qətiyyən düzgün olmaz.dia.az/
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
teref.az