PREZİDENTİ FİZULİDƏ ALDADIBLAR

15-11-2016, 21:51           
PREZİDENTİ FİZULİDƏ ALDADIBLAR
Füzuli rayonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə görə doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən sakinləri məskunlaşdıqları fin şəhərciyindən yeni salınacaq qəsəbəyə köçürüləcəklər.
Hurriyyet.org-a daxil olan məlumata görə, 1995-ci ildən indiyədək fin şəhərciyində 628 ailə məskunlaşıb. Maksimum 5 il yaşamaq üçün nəzərdə tutulmuş vaqon evciklərdə məskunlaşmış məcburi köçkünlər 20 ildir ki, yayın dəhşətli istisinə, qışın soyuğuna tab gətirərək, böyük intizarla yeni yaşayış massivinə köçürüləcəkləri günü gözləyirlər.

Ölkə başçısını yenə də aldatdılar

Qayıdış qəsəbəsinin yaxınlığında, fin şəhərciyinin ərazisində inşa olunmuş yeni yaşayış massivinə sakinlər öz aralarında Ümid qəsəbəsi adını veriblər. 401 ailə üçün inşa edilən qəsəbədən 628 ailə böyük ümidlə onlara düşəcək mənzili gözləyirlər. Amma 227 ailənin taleyinin necə olacağı hələ məlum deyil. Fin şəhərciyinin isə ümumiyyətlə, ləğv ediləcəyi gözlənilir.

Ümid qəsəbəsində hər bir ev 12 sot ərazidə inşa olunub ki, məcburi köçkünlərin həyətyanı sahəsi olsun. Fin şəhərciyində ailə sayına görə məskunlaşmış sakinlərin mənzilləri də ailə sayının tərkibinə görə, 1, 2, 3 və 4 otaqlı inşa edilib. Amma təəssüf ki, layihədə məcburi köçkün ailələri üçün nəzərdə tutulan hamamlar tikilməyib.

Dünən ölkə başçısı İlham Əliyev yeni qəsəbənin açılışında iştirak edib. Sakinlərin verdiyi məlumatdan belə aydın olur ki, ölkə başçısını ənənəvi olaraq yenə də aldadıblar.

Hamam tikməyiblər, layihədənkənar tikintini də aparmağa icazə vermirlər

Sakinləri narazı salan məqam odur ki, yeni yaşayış sahəsində layihədənkənar tikintinin aparılmasına da onlara icazə verilməyəcəyi bildirlib: “Bizə dedilər ki, hamam tikintisi sonradan layihədən çıxarılıb. Ən azı 6 ay da həyətyanı sahədə heç bir tikinti aparılmasına icazə verilmir. Biz hesab edirik ki, bu münasibət məcburi köçkünləri ələ salmaqdır. Dövlət büdcəsindən məcburi köçkünlər üçün ayrılmış vəsaiti mənimsəyib, didərginlik faciəmizdən öc alanlar, görünür, hamamlanmağı da bizlərə rəva görmürlər”.

“Anektod” kimi...

Bu hadisə bizə Vaqif Mustafayevin rejissorluğu ilə çəkilən “Lətifə“ filmini xatırladır. Filmdə xalq “Kanalizasiya” şüarı ilə etiraz edib, katibdən hesabat tələb edir. Məlum olur ki, mikrorayon salınıb, amma kanalizasiya xətti qoyulmayıb. Görünür, “Ümid” qəsəbəsinin də layihəsini cızanlar “Lətifə”dən nümunə götürüblər”.

Dövlət büdcəsindən ayrılan 8,4 milyard manat hara və necə xərclənib?

Statistik məlumatlara görə, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadrat metr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib.
Deməli, ümumilikdə dövlət büdcəsindən 8,4 milyard manat vəsait ayrılıb. Ancaq bu rəqəmin təyinatı üzrə necə xərclənməsi haqqında indiyədək heç bir məlumat verilməyib.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən hər bir layihədən Ümid qəsəbəsindəki kimi hamam ixtisara düşsə, dövlət büdcəsindən ayırmaların necə xərclənməsi ilə bağlı mənzərə aydın olar.
Sözügedən yaşayış massivində həqiqətənmi hamam tikintisi layihədən çıxarılıb? 401 mənzil inşa edildiyi halda 628 ailədən 227-si harada yerləşdiriləcək? Fin şəhərciyi nə zaman ləğv ediləcək? Xalq arasında “Ümid” adı verilən yeni qəsəbədə tikilən 1, 2, 3, 4 otaqlı mənzillərin tikintisi nə qədər vəsaitə başa gəlib? Ümumlikdə qəsəbənin inşasına nə qədər vəsait ayrılıb?

“Qaçqınkom” yayındı

Rəsmi rəqəmlər indiyədək qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard, sosial problemlərinin həlli üçün 6,1 milyard manat vəsait xərcləndiyini deyir. Niyə indiyədək ümumlikdə 8,4 milyard manatın hansı təyinat üzrə və necə xərclənməsi haqqında ictimaiyyətə şəffaf məlumat verilmir?
Məsələylə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun mobil telefonuna zəng etdik, dedi ki, yarım saat sonra əlaqə saxlayaq. Yarım saat sonra isə aramsız telefon zənglərimizə cavab verilmədi. Şəhər telefonuna zəngimizə isə Mətbuat xidmətindən bir xanım cavab verdi ki, Elçin Qədimov yerində deyil. sozcu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru