Mahir Aslanovun MTN-çi oğlu Avropaya hansı məqsədlə gedib-gəlir?
18-11-2016, 01:19

Deputatın biznesi üçün təhlükə yaranmayıb ki?
Bu yaxınlarda bütün ölkə mətbuatının gündəminə 53 il siqaret çəkməsi haqqında etirafı və tütün məmulatlarının reklamına qarşı sərt bəyanatları ilə deputat Mahir Aslanov gəldi.
Deputatın Milli Məclisdəki bu çıxışı müxtəlif media qurumlarında müzakirə olundu və hətta bəzi jurnalistlər sosial şəbəkələrdə onun Milli Məclisdə son 6 ildə cəmi 1 dəfə, onda da siqaret haqqında danışdığını qeyd etdilər.
365info.az M.Aslanovla bağlı bir sıra məlumatlar əldə edib, lakin ilk əvvəl oxuculara ölkə mətbuatından bəzi çıxarışları xatırlatmaq istərdik. M.Aslanov yalnız siqaret məsələsində həssaslığı ilə mətbuatın gündəminə gəlmir.Belə ki, Goranboyun millət vəkilinin adı tikinti, mebel, logistika, klub-restoran biznesində də hallanır.
Məsələn, dia.az saytında 2015-ci ildə yayımlanmış bir məqalədə deyilir: “ Deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsinə sahib olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Mahir Aslanova məxsus olan “Kəpəz Group” tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəni əhatə edir: “Bu şirkət 1992-ci ildə fəaliyyətə başlayıb. “Kəpəz Group” tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var.



Məhəmmədəli Aslanovun “Bank of Azerbaijan”ın rəhbərliyinə gətirilməsi ilə bağlı məlumat 2014-cü ildə Lent.Az tərəfindən də yayılmışdı. Qeyd edək ki, bu banka əvvəl “Hafka” ləqəbli Hafiz Məmmədov rəhbərlik edib. Ölkə mətbuatında “Hafka”nın Mahir Aslanovun oğlu ilə əvəzlənməsini “təsadüf” hesab etməyənlər də az deyil. Bəzi saytlarda Mahir Aslanovun nəqliyyat naziri Ziya Məmmədovla sıx əlaqələrindən söz açılsa da, mia.az saytında əksini iddia edən məlumata rastlamaq olar: “Məlumatlı şəxsin sözlərinə görə, hazırda elə bir vəziyyət yaranıb ki, Mahir Aslanovun qudası Hafiz Məmmədova məxsus olan “Bank of Azerbaijan” ASC-də yanvarda bağlanmaq təhlükəsi ilə üzləşib: «Bilirsiniz ki, Mahir Aslanovun kürəkəni də həmin bankda pay sahibidir. Yəni Hafiz Məmmədov bankın səhmlərinin 42,97 faizini oğlanları Kənan və Sənanın adın, 13,31 faizini isə qardaşı Mübariz Məmmədovun adına rəsmiləşdirib” (mia.az).

365info.az oxuculara aydınlıq gətirmək üçün bildirir ki, həmin vaxtda Famil Aslanov MTN-in Nəsimi Rayon İdarəsində rəis müavini olub. Onun “Maserati”si və avtoxuliqanlığı haqqında isə elə də geniş informasiyalar sızmayıb və ya… Təbii ki, MTN-in vəzifəli zabiti barəsində çox da müzakirə aparıla bilməzdi. Həmçinin “Happy İnn” otelinin Nəsimi rayon ərazisində yerləşməsi də, Mahir Aslanovun gücünə “güc qatmış” sayıla bilər.
Lakin mətbuatda belə şayiələr də gəzir ki, Mahir Aslanovun bu və digər işləri elə onun MTN-çi oğlunun nəzarətində olub. O dərəcədə ki, yaxın zamanlara qədər Mahir Aslanova zəng edənlər onun özü ilə yox, Famil Aslanovla danışmalı olublar. Hazırda isə MTN-çi oğlun harda olduğu bilinmir. Bəzi şayiələrə görə, Famil Aslanov atasının bəzi əlaqələrinin sayəsində cinayət araşdırmalarından kənarda qalaraq, bizneslə məşğul olur… Eləcə də, onun tez-tez xaricə gedib-gəldiyi, yaxın zamanlarda Avropaya köçüb orda “əsaslanacağı” barədə məlumatlar gəzir. Lakin təhlükəsizlik orqanı əməkdaşının, həm də rəis müavini işləmiş birinin Avropada yaşayış icazəsi alması üçün, əlbəttə, bir sıra “prosedurlar” və “çətinliklər” ola bilər. Digər tərəfdən, Famil Aslanov özüylə Avropaya puldan başqa, daha nələr aparmaq niyyətindədir? Bu və digər suallara aydınlıq gətiriləcəyinə ümid edirik.