Fitosanitarda Mahmudovla Çovdarov kimdir?
22-11-2016, 01:57

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti MTN bandasının yolunu gedir Politika.az-a verilən xəbərdə bildirilir ki, qurum daxilindəki çete Eldar Mahmudov-Akif Çovdarovun qurduğu şəbəkənin işlərini başqa formasiyada həyata keçirir. Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov sahibkarların gününü zindan edib. Xidmət rəhbərliyi onlardan əlavə ödənişlər tələb edir. Məlumata görə, iş adamlarının vergi müfəttişləri və MTN quldurlarından canı qurtarsa da, Fitosanitar Xidmət əməkdaşlarının rüşvətxorluğu davam etməkdədir. Sahibkarlardan idxala icazə üçün açıq şəkildə rüşvət istənilir. Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı alver predmetinə çevrilib. Rəsmi rüsum 20 manat olduğu halda sahibkarlardan 160 manat tələb olunur. Əks halda, iş adamı malını ölkəyə idxal edə bilmir. İş adamları bildirirlər ki, hər mal idxalında 20 manat əvəzinə 160 manat alınır. Bir ay ərzində 4 dəfə məhsul idxal edən bu özbaşınalığa görə azı 640 manat verməlidir. Kənd təsərrüfatı naziri Heydər Əsədov isə bu şəbəkənin inkişafına geniş imkanlar yaradıb. Nazirin də bu qazancda payının olduğu sirr deyil. Ona görə də Fitosanitar Xidmətdə Mahmudovla Çovdarovu xatırladan Camal Quliyev və Mehman Məmmədov iş adamlarını intihar həddinə çatdırıb. Qaynağımız iddia edir ki, Heydər Əsədov isə şəbəkənin “xaç atası” adlanır. Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilib. Ancaq Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb edir. Bildirilir ki, ölkəyə bitkiçilik məhsulları idxal edən sahibkarlar basqı altında fəaliyyət göstərməkdədir. Prezident İlham Əliyevin sözlərinə görə, dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı böyük ədalətsizliklər edilib: "Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz”. Amma bəzi məmurlar prezidentin sözlərindən nəticə çıxarmayıb.