“Muğanbank” müştərini necə hədələyir? - TƏFSİLAT

23-11-2016, 09:07           
“Muğanbank” müştərini necə hədələyir? - TƏFSİLAT
“Muğanbank”ın əməkdaşları müştərilərini yalan məlumatla hədələyirlər. teref.az bildirir ki, bu barədə politika.az-a adının çəkilməsini istəməyən tanınmış jurnalistlərdən biri deyib. Onun sözlərinə görə, atası bankın Qazax flialından təqaüdçü krediti götürüb. Son aylarda müəyyən gecikmələr olsa da, kreditin ödənişi ilə bağlı ciddi problem yoxdur: “Hətta elə olur 5-6 ayın krediti birdən ödənir. Bununla belə, bankın Qazax flialının əməkdaşları zəng edib atamı aldadıblar ki, Beynəlxalq Bankla müqavilə bağlamışıq, əgər kredit vaxtında ödənməsə təqaüdünün 50 faizi tutulacaq. Bu, bütün qanunlara zidd bir hərəkətdir, Beynəlxalq Bankın “Muğanbank”la belə bir anlaşmaya getməsi inandırıcı deyil. Özümüz də BB-nin qaynar xəttinə zəng edib maraqlanmışıq, deyiblər elə bir müqavilə yoxdur, ola da bilməz. Halbuki “Muğanbank”ın baş ofisinə telefon açıb maraqlandıqda bizə dedilər ki, düzdür, müqavilə bağlanıb və əgər müştərinin kredit ödənişi məsələn, 100 manat, pensiyası isə 300 manatdırsa, bu zaman onun pensiyasından 150 manat tutulacaq. Yox əgər kredit 150 manat, pensiya 200 manatdırsa, yenə də onun 50 faizi, yəni 100 manatı tutulacaq, bu zaman kreditin müddəti də uzanacaq. Özləri də iddia etdilər ki, bu, əslində müştərilərin xeyrinə olan bir qərardır”. Azərbaycan Beynəlxalq Bankından da məsələyə münasibət öyrəndik. Qurumun mətbuat xidmətindən bildirildi ki, bu, kreditlərin yenidən maliyyələşməsi əsasında həyata keçirilir: “Belə ki, Azərbaycan Beynəlxalq Bankının pensiya kartı sahibləri adı çəkilən digər banka kredit borclarını ABB-nin təklif etdiyi yeni kredit imkanından faydalanmaqla bağlaya bilərlər. Proses belə baş verir: bu müştərilər əvvəlcə borclu olduqları banka dəvət edilərək ABB-nin təklifi haqqında məlumatlandırılırlar. Əgər müştəri təklifi məqsədəuyğun sayarsa, onunla yeni müqavilə bağlanır. Eyni zamanda, müştəri öz razılığı əsasında kredit borcunun hər ay pensiya kartı hesabından çıxılması (avtoödəmə sisteminə qoşulma) haqqında rəsmi ərizə də təqdim edir. Sənədlər ABB-yə təqdim olunduqdan sonra bu bank tərəfindən hər bir müştəri ilə fərdi qaydada əlaqə saxlanılır. Yalnız onların rəyi bir daha öyrənildikdən sonra müqavilə qüvvəyə minir. Kreditin yenidən maliyyələşməsi təklifi ilə razılaşıb-razılaşmamaq müştərinin öz hüququdur. Müştərinin yeni kredit müqaviləsi və avtoödəmə sisteminə qoşulma haqqında ərizəsi olmadan Azərbaycan Beynəlxalq Bankı heç bir halda onun pensiya kartı hesabından vəsait çıxa bilməz”. ABB-nin belə müqavilə bağlayacağına inanmadığını deyən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında bildirdi ki, bu halda bank sirri rejimi pozulmuş olacaq: “Beynəlxalq Bank müştərinin hesabı, kartı, əməliyyatları barədə məlumatı hər hansı üçüncü şəxsə ötürə bilməz. Digər tərəfdən, müştərinin razılığı olmadan onun pulunu yalnız məhkəmə qərarı ilə kiminsə xeyrinə silə bilərlər. Bu halda isə başa düşdüyüm kimi, müştəri buna razılıq verməyib. Odur ki, “Muğanbank” sadəcə qorxudur. Reallıqda bunun ola bilməsinə inanmıram. Amma bizim banklardan hər şey çıxa bilər. Yenə də Beynəlxalq Bankın buna getməsi inandırıcı deyil”. Ə.Həsənov onu da qeyd etdi ki, “Muğanbank” əməkdaşının belə yalan məlumatla müştərini qorxuzması təsdiqlənərsə, müştəri məhkəməyə müraciət edib təzminat tələb edə bilər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.