Sumqayıt Zakir Fərəcov üçün "son mənzil"ə çevrilə bilər: MƏMURLAR VƏ SAHİBKARLAR DİZ ÜSTƏ NECƏ GƏTİRİLDİ?

26-11-2016, 12:56           
Sumqayıt Zakir Fərəcov üçün "son mənzil"ə çevrilə bilər: MƏMURLAR VƏ SAHİBKARLAR DİZ ÜSTƏ NECƏ GƏTİRİLDİ?
Zakir Fərəcov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı təyin ediləndən sonra həyata keçirdiyi səs-kylü layihələr hələ də müzakirə olunur. O, Sumqayıta başçı təyin ediləndən bu günə qədər şəhərdə kifayət qədər iş görülüb və dəyişiklikləri danmaq insafsızlıq olardı. Amma bu dəyişikliklərin hansı vəsait hesabına gerçəkləşdiyi ciddi araşdırma mövzusudur.

"Reytinq"in apardığı araşdırmanın nəticələrinə görə, Z.Fərəcov Sumqayıta başçı təyin ediləndən qısa müddət sonra ona qarşı narazılıqlar başlayıb.

Əlbəttə ki, icra başçısının ilk həmləsi sahibkarları və həmin sahədə çalışanları ayağa qaldırıb. Amma onlar üzləşdikləri təhdid və təzyiqlərdən sonra geri çəkilməli olublar.

Lakin qısa müddətdən sonra, şəhərdə "bütün ipləri" əlinə alan icra başçısının sərt qərarları narazılıqları daha da artırıb.

Qeyd edək ki, icra başçısının ilk işi kadrlar üzərindəolub. Demək olar ki, sələfi Eldar Əzizovun kadrları qısa müddət ərzində şəhər rəhbərliyindən kənarlaşdırılaraq, onların yerinə Abşeron rayon icra hakimiyyətinin başçısı olduğu vaxtlarda özü ilə çalışmış şəxslər gətirilib, bəzi vəzifələrə isə yaxın qohumlarını və təmsil olunduğu qruplaşmanın nümayəndələrini təyin edib və ya etdirib. Belələrinin sırasında Sumqayıt şəhər polis idarəsinin rəisi Əkbər İsmayılovun, Sumqayıt şəhər 1 saylı Vergilər idarəsinin rəisi Səməd Vəliyevin, Maliyyə idarəsinin rəisi Mətləb Məhərrəmovun, Təhsil idarəsinin müdiri Teymur Səmədovun, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Rahim Mustafayevin adını çəkmək olar. Bu şəxslərin bəziləri Z.Fərəcova şəxsən yaxın olsa da, digərləri onun qudası Akif Zeynalovun yaxın çevrəsində təmsil olunurlar.

Kadr dəyişikliyi başa çatdıqdan sonra sahibkarlara qarşı "səlib yürüşü" başlayıb.

Məlumat üçün bildirək ki, əvvəlki icra başçısı Eldar Əzizov da ilk vaxtlar sahibkarlara qarşı sərt qərarlar verməkdə ad çıxarmışdı. Amma Əzizov şəhərdəki obyekt sahiblərindən alınan qanunsuz vəsaitin müqabilində onlara ərazilərini genişləndirməyə, binalardan əlavə çıxışlar quraşdırılmasına icazə verirdi. Təbii ki, həmin icazələrin əksəriyyəti sənədləşdirilməmişdi. Z.Fərəcov və komandası da bundan məharətlə istifadə edib.

İddiaya görə, Fərəcovun komandası ötən il obyekt sahiblərindən "söküləcək" hədəsi ilə kifayət qədər vəsait toplayıb. Nəzərə alsaq ki, Əzizovun dövründə obyektini genişləndirənlərin sayı yüzlərlədir, o zaman yığılan pulların hansı məbləğdə olduğunu təsəvvür eləmək çətin deyil.

Sahibkarların verdiyi məlumata görə, həmin dövrdə obyektin yerindən və sahəsindən asılı olaraq, 5-50 min manat arasında dəyişən məbləğdə hesab alınıb, etiraz edənlərin obyektinin artırılmış hissəsi sökülüb.

Qeyd edək ki, Fərəcovun sahibkarlara qarşı təşkil etdiyi birinci "səlib yürüşü" artıq başa çatıb.

Sumqayıtda sahibkarların sıxışdırılaraq "hesaba oturdulması" iləyanaşı, büdcədən ayrılan milyonların mənimsənilməsi ilə bağlı da KİV-lərdə dəfələrlə yazılıb və bu, xüsusi vurğulanmalıdır.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildəSumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam verib.

Bundan əlavə, şəhərdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün daha 20 milyon manat vəsait ayrılıb. Yəni, Zakir Fərəcovun icra başçısı olduğu dönəmdə Sumqayıta 40 milyondan manatdan çox vəsait ayrılsa da, şəhərin lift təsərrüfatı, çoxmənzilli binaların ümumi vəziyyəti, dam örtükləri və yollar hələ də bərbad vəziyyətdədir. Əgər bu sahələrə 40 milyon manatdan çox vəsait ayrılıbsa, o zaman şəhərdə niyə vəziyyət ağırdır? Təbii ki, bunun yeganə səbəbi ayrılan dövlət vəsaitinin mənimsənilməsi ola bilər.

Məlumata görə, sumqayıtlı shibkarlara qarşı ikinci "səlib yürüşü" dənizkənarı bulvarın tikintisinə start veriləndə başlayıb. Belə ki, böyük ərazini əhatə edən yeni bulvarın tikintisinə başlanılan gündə şəhərin kiçik, orta və iri sahibkarlarından qanunsuz yolla vəsait tələb olunub. Sumqayıtda fəaliyyət göstərən əksər şadlıq evləri, iri marketlər, tikinti şirkətləri, iaşə müəssisələrindən tutmuş, ən kiçik obyektlərə qədər - hər kəs, büdcə vəsaiti ilə tikilməli olan bu işə öz töhfəsini vermək məcburiyyətində qalıb. Təbii ki, bu prosesə könüllü qoşulanlar olmayıb. Bu barədə bir sıra mətbu orqanlarda da məlumatlar yer alıb. Demək olar ki, bütün sahibkarlar bu və ya digər formada təhdid olunaraq, tikinti işlərinə yardım göstərməyə məcbur ediliblər.

Dənizkənarı bulvarın tikintisi dövlət başçısının diqqətində olduğundan Zakir Fərəcov bu işə daha həssas yanaşırdı. Bu səbəbdən də, icra başçısının qudası Akif Zeynalov Sumqayıt bulvarında gedən tikinti işlərinə cavabdeh şəxs təyin olunmuşdu. Akif Zeynalov isə Sumqayıtın yenidənqurma işlərini bir müddət əvvələdək həbsxana həyatı yaşamış iş adamı Müqayis Verdiyevə həvalə etmişdi.

Qeyd edək ki, Müqayis Verdiyev bir neçəil öncəCinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbsxana həyatından sonra M.Verdiyev 9 Sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Bundan sonra Z.Fərəcovun M.Verdiyevi Sumqayıt şəhərində təmir-tikinti işlərinə cəlb etməsi təbii ki, bir qədər müəmmalıdır.

Deyilənə görə, Sumqayıt bulvarında daha ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsinə qərar verən Z.Fərəcov, pulları hesablayarkən aldadıldığını anlayıb. Bu səbəbdən də M.Verdiyevə ödənişlərin həyata keçirilməsindən imtina edib. Bundan sonra etirazçıların Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına yığışaraq maaşlarını tələb etməsi gündəmə gəlib. Bir sıra media qurumlarında yayılan xəbərə görə, Z.Fərəcov narazılığı özündən uzaqlaşdırmaq üçün məsuliyyəti M.Verdiyevin üzərinə atıb. Hətta onu və şəriklərini həbs etdirərək, məsələnin kökündən həllinə nail ola bilib.

Məlumata görə, Sumqayıtdakı narazılıq bunlarla da bitmir. Şəhərdə müxtəlif təyinatlı tikinti işlərinin aparılması ən çətin işlərdən sayılır. Çünki Z.Fərəcovun memarlıq və şəhərsalma siyasətini həvalə etdiyi şəxs rüşvət mexanizmini elə qurub ki, pul vermədən daşı daş üstə qoymaq mümkün deyil. Bu sistemdə "kilid adam" Zakir Fərəcovun özü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə gətirdiyi Abşeron Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olmuş Adil Xudadatovdur. Məlumat üçün bildirək ki, Xudadatov Fərəcovun ətrafındakı adamların çoxluq təşkil etdiyi Qubadlı rayonunda anadan olub. Abşeron rayonunda, xüsusən də Xırdalan şəhərində son dövrlərdə ucaldılmış binaların əksəriyyəti onun "xeyir-duası" ilə gerçəkləşib. Hazırda isə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdiri olan Həsən Həsənlinin işini aparır.

Məlumatda bildirilir ki, rəsmən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışsa da, şəhərdə bütün tikinti işlərinə Adil Xudadatov nəzarət edir. Yəni, tikinti həyata keçirmək istəyən şəxs ya Adil Xudadatovu, ya da onun Mürvət adlı "köməkçisi"ni görməlidir.

Ev tikmək istəyənlər 2-3 mindən başlayaraq, 10 min manata qədər hesab verməsə, tikintini həyata keçirə bilməz, əgər bunu etsə, A.Xudadatovun əmri ilə həmin tikinti sökülür. Yəqin elə bu səbəbdəndir ki, A.Xudadatov qısa müddətdə qiyməti yüz min manatla ölçülən iki "Jeep" avtomobili alıb. Yəni lazımi şəxslərin hesabını verməklə yanaşı, özünə də "gün ağlayıb". Təbii ki, bütün bunlar sakinləri kifayət qədər kasıb olan şəhərdə ciddi narzılıqlara səbəb olur.

Hər halda, bütün bu narazılıqlar icra başçısı Zakir Fərəcovun qurduğu "sistem"lə bağlıdır. Problemlərin kökündən həll olunması üçünsə onun bu "idarəetmə üsulu" dəyişməlidir.

Reyting.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.