Evindən 50 kilo qızıl oğurlanmış sabiq müşavir haqda müdhiş ittihamlar
29-11-2016, 01:19

Nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyev yenidən mətbuatın gündəminə gəlib teref.az bildirir ki, politika.az-a daxil olan məlumatlarda iddia olunur ki, sabiq müşavirin oğlu Londonda mülk alıb. Mənbənin qeydlərinə görə, Ç.Baxşıyevin övladı İngiltərədə zadəgan kimi yaşayır. Onun kifayət qədər yaxşı əlaqələri var. Bildirilir ki, evindən 50 kiloqram qızıl oğurlanan məmur kimi gündəmə gəlmiş Baxşıyevin kürəkən haqda da ittihamlar var. İddialara görə, onun kürəkəni qeyri-ənənəvi dini təriqətlərdən birinin üzvüdür. Kürəkənin də arabir Londona gedib-gəldiyi xəbər verilir. İddialara görə, Baxşıyev müşavir olduğu dövrdə böyük varidata sahiblənib. Onun kürəkəni və oğlu isə Londona bağlı adamdır. Ehtimal olunur ki, kürəkəni həmin dini təriqətin hesabına böyük biznes imkanlarına yiyələnib. Ancaq məlum olub ki, nazirin müşaviri Rövşən Əhmədov adlı birini evindən 50 kiloqram qızıl oğurlamaqda suçlayıb, ondan hüquq mühafizə orqanlarına şikayət yazıb. Rövşən Əhmədov məmurun ərizəsi əsasında həbs olunandan sonra onun vəkili Adəm Məmmədov mətbuata açıqlama verərək müvəkkilinin özünün çəkisinin 50 kiloqram olduğunu deməklə Çingiz Baxşıyevin ərizəsində göstərdiyi məlumatların yalan olduğunu ortaya qoymuşdu. Medianın yaydığı xəbərlərə görə, Çingiz Baxşıyevlə Rövşən Əhmədov yaxın qohumdurlar. Eks müşavirin həbsə aldırdığı şəxs onun doğmaca xalası oğludur və həbsin motivləri də məhz bu qohumluq əlaqələrindən doğan münasibətlərə söykənir. Belə ki, Rövşən Əhmədov xalası oğlunun çox mübhəm sirrlərinə vaqifdir. Rövşən Əhmədovun həbsə atılmasında da bu amil həlledici rol oynayıb. Çingiz Baxşıyev müşavirliyi aysberqin görünən hissəsidir. Əslində bu məmurun üzdə olmayan, heç yerdə qeydiyyatda olmayan, qanuniliyinə böyük şübhələr olan çox böyük dövriyyəsi olan biznesi var. Həmin biznesin hərəkətli fiquru isə Rövşən Əhmədov olub. Xatırladaq ki, Ç.Baxşıyevin şübhəli biznesində apar-gətir işləri ilə məhz o, məşğul olub. Gecəyarısı Rövşən Əhmədovu yanına çağıran Çingiz Baxşıyev ona içində pul və ya digər maddələr olması ehtimal olunan bağlamalar verib və konkret ünvanlara aparıb çatdırmasını tapşırıb. Xalası oğlunun tapşırıqlarını canla-başla yerinə yetirən R.Əhmədovdan həmin bağlamaları tanımadığı şəxslər alıb. Həmin qaydada da R.Əhmədova içində nə olması bilinməyən bağlamalar verilib. Ç.Baxşıyevin göstərişi ilə R.əhmədov həmin bağlamaları evində saxlayıb, verilən tapşırıqlara uyğun ünvanlara çatdırıb. Günlərin birində isə R.Əhmədov apar-gətirdən bezdiyini, sakit həyat sürmək haqda qərar verib. Bu qərarı açıqlayandan sonra isə xalası oğlu ona ölkədən getmək haqda təklif edib. Deyib ki, astronomik bir əmək haqqı qarşılığında İran, Dubay və ya Qırğızstanda yaşayıb işləri davam etdirməlidir. Təklif olunan aylıq əmək haqqı 500 min dollar olub. R.Əhmədov gördüyü işlərin təhlükəli ola biləcəyi ehtimalını, öldürülə biləcəyini xalası oğluna dedikdən sonra qara günləri başlayıb. R.Əhmədov bu gün həbsdədir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.