Qazax təhsilində anarxiya hökm sürür
2-12-2016, 01:04

Təhsil şöbə müdiri Nizaməddin Babanlı ixtisaslı müəllimi aldadaraq işdən çıxarıb Dünən redaksiyamıza Qazax Rayon Təhsil Şöbəsinin fəaliyyətində müşahidə olunan özbaşınalıqlar, ciddi qanun pozuntuları barədə növbəti məlumatlar daxil olub. Məlumatı təqdim edən mənbə şöbənin müdiri Nizaməddin Babanlının törətdiyi müxtəlif maxinasiyalar barədə açıqlama verir. Açıqlamada deyilir: “Qazax Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı yalnız rüşvət vermədikləri halda yaşı 63-ə çatmış fiziki sağlam, elmi dərəcəli müəllimləri işdən cıxarır. Rüşvət verən, lakin dərəcəsi olmayan, 70-72-yaşlı müəllimləri isə, daxili müqavilə ilə işlədir. O cümlədən təhsil şöbə müdiri peşəkar mütəxəssis, təhsil əlaçısı İbrahim Alməmmədovu aldadaraq, bu ayın 20-sindən sonra işdən çıxarıb. İbrahim müəllim 2015-ci tədris ilində Xocalılar kənd orta məktəbində ixtisası üzrə coğrafiya müəllimi işləyib. Nizaməddin Babanlı bu il müəllimə bildirib ki, bu məktəbdə dərs azdır. Məsləhətdir ki, Barxudarlı kənd məktəbində işləsin. Müəllim RTŞ müdirinə inanaraq, təklifi qəbul edib. Lakin bu ilin oktyabr ayı üzrə əmək haqqını alandan sonra, Nizaməddin Babanlı İbrahim müəllimə deyib ki, “yuxarı”dan 500 manat istəyirlər. Müəllim tələbi rədd etdiyindən, noyabrın 20-dən dərsə buraxılmır. Hətta 21 noyabr 2016-cı il tarixdə 03/370 saylı məktub da 6 saylı ərazi maliyyə hesablaşma mərkəzinə göndərilib. 22.11.2016-cı il tarixdə isə, sözü gedən mərkəzdən 132/0 saylı qondarma etiraz məktubu daxil olmuşdur. RTŞ müdiri bu qondarma məktubu müəllimə göstərir ki, guya 500 manatı vermədiyi üçü Təhsil naziri onun müqaviləsinin uzadılmasına etiraz edir (həmin məktubları təqdim edə bilərəm). İbrahim müəllim işlədiyi müddətin məvacibini alır və işdən çıxarılır. Barxudarlı kənd məktəbindəki coğragiya dərsləri isə, Qazax şəhər 5 nömrəli orta məktəbin müəlliməsi Venera Quliyevaya həvalə edilir. Hazırda həmin müəllimə ümumilikdə 32 saat coğrafiya dərsi alıb. Qeyd edim ki, hər iki məktəb 1 növbəlidir. Həm də nəzərə almaq lazımdır ki, bu gün Qazax məktəblərində coğrafiya fənnini tədris edən ixtisaslı müəllimlərə böyük ehtiyaclar var. Hətta bəzi məktəblərdə coğrafiya dərsini qeyri ixtisas müəllimləri keçirlər. Nizaməddin Babanlının əmək fəaliyyətində maraq doğuran cəhətlər, onun hələ Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında ixtisas dəyişmə şöbəsinin direktoru işlədiyi vaxtlardan müşahidə olunmaqda idi. Belə ki, bu elm və təhsil “mütəxəssisi” çox asanlıqla baytarı ədəbiyyat müəllimi, aqronomu riyaziyyat müəllimi, ekoloqu isə idman müəllimi edə bilirdi. Təbii ki, Nizaməddin Babanlı indi də zamanında verdiyi diplomları tanıyır və həmin diplomların sahiblərini məmnuniyyətlə məktəblərə yerləşdirir. Məsələn, texnoloq ixtisaslı Ziba xanım ekoloji təcrübə mərkəzinə dərnək rəhbəri götürülmüşdür (5000 manat müqabilində). Halbuki, bu vəzifəyə təbiət elmləri üzrə mütəxəssislər tələb olunur. Ümumiyyətlə bu gün Qazaxın Təhsil şöbəsində anarxiya hökm sürür. Məsələn Əziz Məmmədov rəsmi olaraq (əmrlə), RTŞ-də aparıcı mütəxəssisdir. Bununla belə, kadrlar şöbəsinin inspektoru və baş mühasib vəzifə ştatları da məhz ona məxsusdur. Görəsən üç vəzifə Əziz Məmmədova niyə həvalə edilmişdir? Bir ay öncəyə kimi məvacib də alıb. Həyat yoldaşı Günar Məmmədova isə, iki saylı orta məktəbdə müsiqi müəlliməsi işləyir. Rus dilində saya bilmədiyi halda, rus sektorlarında musiqi müəlliməsidir. Həmçinin nədənsə hər il məhz Əziz Məmmədovun iki övladı “Dövləti tanıdaq” layihəsində iştirak edir. Hansıki daha bilikli savadlı şagirdlər də var. (Bizimdovr.az) Bundan başqa, Metod kabinetin müdiri Məmməd Cəfərov bacısı üçün orta məktəbdə beş otaqlı kabinet təşkil etdirib. Peraşki, məktəbdə satışı qadağan olunmuş ərzaqlar və siqaret satdırır. Hanski, məktəbin bufeti mövcuddur. Lakin Cəfərovun qorxusundan heç kim dinə bilmir. Bufet isə, fəaliyyətsiz qalır. Təhsil şöbə müdirinin müavini Zakir Nəsibov uzun illərdir ki, bu vəzifədə işləyir. Vəzifəsi də məktəb direktorlarından tədbir pulu, cədvəlin təsdiqi pulu və sairə yıgmaqdan ibarətdir. Həm də Zakir Nəsibov YAP-ın üzvlüyündən imtina edən yeganə dövlət qulluqçusudur. Buna baxmayaraq, ailəlikcə yaxşı yerlərdə işləyirlər. Həyat yoldaşı Nəsibova Leyla da yanındadır, qızı da 1 nömrəli məktəbdə müəllimədir. Sentaybr ayında külli miqdarda rüşvət alınaraq, Məmməd Məmmədov adıə şəxs kadrlar üzrə inspektor kimi işə götürülüb. Amma vəzifə bölgüsünə dair 16 sentyabr 2016-cı il tarixli, 132saylı əmrdə yazılıb ki, kadr işləri Əziz Məmmədova həvalə edilsin. Yəni Məmməd Məmmədov maaş alsa da işləri Əziz aparır...”
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.