Gömrük Komitəsi “Kinoçəkən”lik edir? – Qaş düzəltdikləri yerdə… VİDEO
2-12-2016, 00:25

Bu günlərdə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti belə bir bəyanat yaydı: “Son günlər bir sıra kütləvi informasiya vasitələrində, xüsusilə də sosial şəbəkələrdə gömrük postlarında lentə alınan, dəqiq mənbəyi məlum olmayan və gömrük əməkdaşlarının əsasən də qadınlara “kobud”rəftarını əks etdirdiyi iddia edilən videolar yayımlanır. Dövlət Gömrük Komitəsi bildirir ki, bu videolar məqsədli olaraq və əsasən ölkəmizin gömrük orqanları, gömrükçülər haqqında mənfi rəy formalaşdırmağa imkan verəcək şəkildə montaj olunaraq ictimaiyyətə çatdırılır. Komitənin yaydığı videoya baxmaq kifayətdir ki, gömrük əməkdaşlarının hansı şəraitdə çalışdıqları, hansı təhqir və şəxsiyyəti alçaldıcı ifadələrə məruz qaldıqları haqqında insanlarda lazımi fikir formalaşsın. DGK bildirir ki, binaya daxil olan bəzi vətəndaşlar malların avadanlıqlar vasitəsi ilə yoxlanılmasına imkan vermirlər. Əksər hallarda gömrük-keçid məntəqələrində qanunlara tabe olmaqdan imtina edən bu şəxslərin hərəkətləri gömrük postlarında quraşdırılan avadanlıqların, 100 minlərlə manat dəyərindəki xüsusi qurğuların sıradan çıxmasına səbəb olur”. Komitənin yaydığı videoya biz də baxdıq və bir neçə kəlmə əlavə etmək istərdik. Sözügedən videoya baxmaq kifayətdir ki, Azərbaycanın gömrük xidmətlərində necə bir “bezpridel” və “bazar” mühiti yaradılmasına əmin olaq. Həmçinin, bu videonun yay aylarında çəkildiyi də şübhə doğurmur. Hər halda, noyabr ayında insanlar qısaqollu paltar geyinmir. Digər tərəfdən, DGK əməkdaşı lentin içindən çıxan kişini çəkib qəhqəhə ilə gülmək əvəzinə, öz işi ilə məşğul olsaydı, daha yaxşı olardı. İnsanları əsəbdən dəlilik həddinə çatdıran, gömrükdə “bardaqxana” mənzərəsi yaradan, üç-beş manat dolanışıq naminə Gürcüstana gedib-gələn insanlara kənardan ironiya və kinayə ilə “kinoçəkən” münasibəti göstərənlərə isə… Sadəcə ürəyimiz acıya bilər. Əslində, Dövlət Gömrük Komitəsi bu videonu yaymaqla özünün necə gülməli vəziyyətdə olduğunu sübut edir. Əlbəttə, qışqır-bağır, növbəsizlik, basabas… Əgər bir ölkənin gömrüyündə belə mənzərə yaranırsa… Deməli, nəsə öz yerində deyil. Və yaxud, kimlərsə öz yerində oturmayıb. DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov jurnalistlərin üzünə dəstək atınca, ictimaiyyətin tənqid etdiyi məsələləri iclaslarda qabarda, DGK rəhbərliyinin diqqətinə çatdıra bilərdi. Bəlkə də, bir-iki dəfə belə şey olub, Natiq müəllim nələrisə dəyişməyə cəhd edib… Lakin rəhbərlikdən ona deyiblər ki, işimizə qarışma, hər şey yaxşı olacaq. Çox güman ki, hər şey elə yaxşı olub. (dia.az)
Natiq Axundova polkovnik rütbəsi verilib, çox güman ki, şəhərin yaxşı bir yerində evi, bahalı avtomobili, babat da dolanışığı var… Bu baxımdan, onun üçün hər şey yaxşı olub. Amma başqa şeylərin necə olduğu isə bu videodan çox yaxşı görünür. Oxucular üçün bir daha qeyd edirik, videonu DGK-nın mətbuat xidməti yayıb!(gundelikbaki)
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.