Ədliyyə Nazirliyinin icraçısı şirkət rəhbərinə qarşı “xüsusi plan” qurubmuş? – ARAŞDIRMA
3-12-2016, 01:14

Maliyyə Nazirliyinin əməkdaşları Ayaz Nuğaylının fəaliyyətini yoxlayır?
Bir müddət əvvəl 365info.az saytında Səbail rayon icra şöbəsinin əməkdaşı Ayaz Nuğaylıynan bağlı məlumatlar dərc olunmuşdr, hətta sayt onun maraqlı bir fotosunu oxucularına təqdim etmişdir. Həmin fotoda Ayaz Nuğaylı öz iş yoldaşının başına çəkic vurur. 365info.az saytının apardığı araşdırmalar nəticəsində məlum olub ki, başına çəkic vurulan şəxs həqiqətən də Ayaz Nuğaylının iş yoldaşı olub və Emin Hadiyev adlı bu şəxs 2 ay əvvəl yeni təyinatla Ədliyyə Nazirliyinin Səbail Rayon İcra Şöbəsindən nazirliyin özünə keçib.

Xatırladaq ki, oktyabrın 27-də dərc olunmuş “Səbaildə iş yoldaşının başına “çəkic vuran” icraçı kimdir?” başlıqlı yazıda deyilirdi ki, redaksiyanın elektron ünvanına Səbail Rayon İcra Şöbəsinin əməkdaşı Ayaz Yaşar oğlu Nuğaylı haqqında bir sıra maraqlı məlumatlar daxil olub: “Onun adına olan 10 LL 018 nömrə nişanlı “Lexus”un təxminən 70 min dollar qiyməti var, eyni zamanda 10 KK 018 nömrə nişanlı “Mazda” avtomobili idarə edir. Əslən Kürdəmirdəndir. Təxminən 11 il bundan əvvəl MTN tərəfindən həyata keçirilən “Ekstazi” əməliyyatından sonra, Ayaz Nuğaylı da o işlə bağlı istintaqda dindirilib”, – deyə məlumatda qeyd olunur.
Eyni zamanda, onun məşhur model Ləman Əlizadənin xalası oğlu olduğu bildirilir. Məlumatlarla yanaşı, redaksiyamıza bəzi fotolar da göndərilib. Bu fotolardan birində ayaq üstə duran gənc icraçı öz iş yoldaşının başına çəkic vurur. Ola bilər ki, bu fotoşəkildə bir zarafat əks olunub”. Yazıda o da qeyd olunurdu ki, MTN-də dindirmələrə şahid qismində dəvət olunduğunu deyən A.Nuğaylı 365info.az saytının əməkdaşı ilə söhbətində “çəkicvurma” səhnəsi əks olunan şəklin, habelə “Lexus” və “Mazda” avtomobillərinin ona aid olmasını təkzib edib. Lakin sonradan Ayaz Nuğaylı zəng edərək belə deyib: ““Mən bu barədə rəisimizlə danışdım. Rəis dedi ki, əgər onlar məlumatı göndərən şəxsin kim olduğunu aydınlaşdıra bilmirlərsə, biz aydınlaşdırarıq. Rəisin müəyyən yerdə tanışları, əlaqələri var”, – deyə A.Nuğaylı bizə öz mənbəmizi açıqlamağı “təklif” etdi.

Digər əldə etdiyimiz məlumata görə, 10-KK-018 nömrə nişanlı “Mazda” avtomobili 2015-ci il istehsalıdır və bu avtomobil həmin il avtosalondan Ayaz Nuğaylının həyat yoldaşı tərəfindən (birgə nikah dövründə) alınıb, 16 fevral 2016-cı il tarixində 12 saylı Notariat Kontorunda etibarnamə ilə Ayaz Yaşar oğlu Nuğaylının idarəsinə verilib.
Ayaz Nuğaylının rəisinin kim olması da, yəqin ki, oxuculara maraqlı olar. Ədliyyə Nazirliyinin Səbail İcra Şöbəsinin rəisi Anar Qocayev hazırda Gəncə İcra İdarəsinin rəisi Nizami Qocayevin qardaşı oğludur”. Maraqlıdır ki, bu yazı saytda yayımlanmazdan əvvəl Ayaz Nuğaylının fikrini soruşduğumuz halda, sözügedən şəxs müxtəlif qurumlara şikayət edib və əməkdaşımızın onu şantaj etdiyini bildirib.
Noyabr ayında 365info.az saytının rəhbərliyi bu və digər məqamlarla bağlı ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlamışdı. Dekabrın 2-də 365info.az saytının redaksiyasına Ayaz Nuğaylıyla bağlı bir neçə məlumat daxil olub. Məlumatda bildirilir ki, “Eta Group” şirkətinin rəhbəri, əslən Kürdəmirdən olan iş adamı Qədirov Aqil Əhməd oğlunun işi Ayaz Nuğaylının icraatındadır. “Yeni Yasamal”da bina inşaatı ilə məşğul olan bu şəxsin borc problemi ilə bağlı məhkəmə qətnaməsinin də Ayaz Nuğaylıya məhz Anar Qocayev tərəfindən verildiyi və rəisin də icraçıya bu iş adamını “yola verməyi” tapşırdığı deyilir.

Onun adamı ilə dostluq əlaqəsi quran Ayaz Nuğaylı isə “xüsusi plan” quraraq, 2016-cı ili həmin adamla qarşılamaq məqsədilə, Səbail Rayon Məhkəməsinin hakimi ilə razılaşaraq, dekabrın sonlarında qəfildən Aqil Qədirov barəsində 15 sutkalıq həbs qərarı çıxarır.
Bu isə Anar Qocayev üçün sürpriz olur və Ayaz Nuğaylıdan niyə belə etdiyini deyir. Çünki Anar Qocayevin də Aqil Qədirov arasında müəyyən razılaşma olduğu hər kəsə məlum idi. Razılığa görə, iş adamı sıxışdırılmayacaqdı və sözügedən borc problemi müəyyən müddət ərzində həllini tapacaqdı. Ayaz Nuğaylı yenə öz bildiyini edir və Aqil Qədirov barəsində 15 sutkalıq qərarın çıxarılmasına nail olur. Lakin Aqil Qədirov müxtəlif əlaqələri vasitəsilə, cəmi 3-4 sutkadan sonra azadlığa çıxır”.
Başqa bir məlumat isə belədir: “Ayaz Nuğaylının əlindən əziyyət çəkdiyini deyən vətəndaşlardan biri də Şahin Murquzov adlı şəxsdir ki, banka 10 min manat borcu var idi. Onun işinin icraçısı olan Ayaz Nuğaylı Şahin Murquzovdan 5 min manat alır ki, sənin işini həll edəcəyəm. Lakin sonda məlum olur ki, “it də gedib, ip də”. Yəni, bu şəxs həm aldadılıb, həm də banka olan borcu eyni məbləğdə qalıb”. Eyni zamanda, redaksiyamıza məlumat daxil olub ki, hazırda Maliyyə Nazirliyinin əməkdaşları Səbail Rayon İcra Şöbəsində Ayaz Nuğaylının fəaliyyətini yoxlayırlar. Mənbə bildirir ki, yoxlama borclulardan alınan 7 faiz rüsumlar Ayaz Nuğaylı tərəfindən büdcəyə keçirilib-keçirilməməsini aydınlaşdırmaq məqsədilə aparılır.
Bu və digər məlumatları Ayaz Nuğaylının özüylə dəqiqləşdirmək üçün, ona zəng etdik.

“Xahiş edirəm, mənə işlə bağlı sual verməyin”, – deyə Ayaz Nuğaylı cavab verdi (!). Biz təəccübümüzü boğaraq, növbəti suallarımızı verdik: “Aqil Qədirovu tanıyırsınızmı? Həmçinin, Şahin Murquzov adlı vətəndaşdan “işini düzəltmək” adıyla 5 min manat alıb aldatmağınız barədə məlumat barədə nə deyə bilərsiniz?”
“Xahiş edirəm, mənə belə suallar verməyin. Daha məni narahat etməyin”, – deyə Ayaz Nuğaylı dəstəyi asdı. 365info.az olaraq, Ayaz Nuğaylıya işlə bağlı olmayan başqa suallar da verə bilərdik, məsələn, hansı gecə klublarında əyləndiyi, xarici viskilərə nə qədər pul xərclədiyi… Amma lüzum görmədik, biz insanların şəxsi işlərinə qarışmırıq.