Ölünü məhkəməyə verən "KredoAqro"dan daha bir müəmma - “Bunu problemə çevirməyin”

7-12-2016, 10:16           
Ölünü məhkəməyə verən "KredoAqro"dan daha bir müəmma - “Bunu problemə çevirməyin”
Ölkə mətbuatına şikayət edən Göygöl rayon sakini Verdiyev Firdovsi Cahangir oğlu 20 fevral 2015-ci ildə Gəncədə “KredAqro” bank olmayan kredit təşkilatından 2 min manat kredit götürüb. 5 ay müntəzəm olaraq kredit faizlərini ödədikdən sonra F. Verdiyev rəhmətə gedib. Onun vəfatı ilə bağlı həmin təşkilata məlumat verilib və ölüm haqqında şəhadətnamə də təqdim edilib.

F.Verdiyevin götürdüyü kredit “Alfa Sığorta” şirkəti tərəfindən sığorta olunub. Ölüm haqqında şəhadətnamə təqdim olunandan sonra “KredAqro”dan bildiriblər ki, artıq məsələ həllini tapıb və sığorta şirkəti 1900 manat sığorta pulunu ödədiyinə görə, artıq kimsə mərhumun ailəsindən hər hansı ödəniş tələb etməyəcək.

Amma üstündən 7-8 ay keçəndən sonra “KredAqro” F.Verdiyevi Göygöl rayon məhkəməsinə verərək ondan 2300 manat ödəniş tələbi ilə iddia qaldırıb. F. Verdiyevin həyat yoldaşı da bir suala cavab istəyir ki, “KredAqro” hansı haqla və məntiqlə ölüdən pul istəyir? Biz Qafqaz Xəbər Agentliyi olaraq bu məsələ ilə bağlı “KredAqro” bank olmayan kredit təşkilatının Gəncə filialına zəng etdik. Filialın direktoru Sənan müəllimlə danışdıq.

“Həmin şəxs krediti vaxtı vaxtında ödəməyib. Sığorta şikəti isə onun 1900 yox, 1009 manat pulunu ödəyib. Müştəri gecikmə edib, ödəniş vaxtında olmayıb, sonra rəhmətə gedib. Onun 1600 manata yaxın borcu olub, onun 600 manata yaxın hissəsi ölməmişdən qabaq olan borcu idi. Qalan məbləğ isə öləndən sonra olandır, deyə sığorta şirkəti ödədi.

Ödənilməyən məbləğ onun ayağında qalmışdı. Onların ailəsinə başa salındı ki, sizin əsas məbləğdən 600 manata yaxın pul qalıb. Və həmin dövrə qədər faiz və cərimə qalıb. Biz mərhumun ailəsindən, onun rəhmətə gedənə qədər yığılmış borcunu tələb etmişik və bildirmişik ki bir müddət sonra məhkəməyə göndərəcəyik, varis təyin olunduqdan sonra, o pul varisin ayağına yazlacaq”, -deyə filial müdiri Sənkredosened2an müəllim bildirdi.

“Vətəndaşın zamini olmayıb, niyə ona yönləndirilməyib? ,-deyə soruşduq. “Vardı, biz də istəyirik zaminə yönləndirilsin”, -deyə filial müdiri bildirdi. “Axı ölən şəxs məhkəməyə verilib, niyə məhz ölən şəxs verilib” deyə qeyd etdik.

“Ölən şəxs yox, orda zaminlik var, zaminlərdən biri sağ olduğuna görə, məhkəməyə verilib”. “Məhkəmyə niyə zamini yox, ölən şəxs verilib zamin verilməli deyildi”? dəqiqləşdirmək istədik. “Bankdaxili qaydalar var ki, iş müəyyən müddətdən sonra məhkəməyə yönləndirilir. Bu insan sağ olanda pulu ödəmədiyinə görə məhkəməyə verilib, sadəcə olaraq deyiblər ki, ödəyəcəyik ,ona görə proses dondurulmuşdu”.

“Bəs onda yeni iddia niyə ölən vətəndaşın üstündə qalıb, indiki vəziyyətdə yeni iddia ilə zamin məhkəməyə verilməli deyildi?” ,- deyə soruşduq. “Orda hüquqi hissələr olduğuna görə, mən bu barədə sizə məlumat verə bilmərəm. O hissəsini məhkəmə bizə irad tutacaq ki, niyə belə etmisiz. Nə bilirsiniz, bəlkə məhkəmə bizə rədd cavabı verəcək”,-deyə filial müdiri Qafqaznews-a bildirdi.

“Bizə maraqlıdır ki siz niyə yenidən məhkəməyə müraciət etməmisiniz, ölən şəxsə qarşı iddia qaldırmısız?” -, əməkdaşımız soruşdu. “O bizim səhvimizdir” ,- filial müdiri qeyd etdi. Müxbirimiz “hazırda vətəndaşın sizə nə qədər borcu var”, -deyə soruşdu”.

“Qalan məbləğ, onun faizi və ödənilmədiyinə görə cəriməsi ilə birlikdə 1384 manata yaxın pul edir”,- filial müdiri bildirdi.

Biz bu məsələ ilə bağlı “KredAqro” bank olmayan kredit təşkilatının baş ofisi ilə əlaqə saxladıq. Zəngimizə hüquq departamentinin rəhbəri Eltən Baloğlanov cavab verdi. “Bu məsələdə belə çıxır ki, sığorta ödənilib, lakin orda sığorta tam ödəniş etməyib, müəyyən qismi qalıb. Belə olan halda borcun tutulması üçün, zaminlərə qarşı məhkəməyə müraciət olunub. İddia ərizəsində borculun adı qalıbsa, sırf mexaniki olaraq… düzdür, olmamalıdır, peşəkar hüquqşunas iddia verərkən, əgər onda bu barədə məlumat varsa, onun adını çıxarmalıdır, yalnız zaminə qarşı iddianı qaldırmalıdır. Bu, mexaniki olaraq kiminsə diqqətsizliyi ucbatından baş veribsə, bu faciə olmamalıdır”.

“Siz bilirsiniz ki, bu vətəndaş ölüb və vətəndaşın borcunun müəyyən hissəsini sığorta şirkəti ödəyib, bunu bildiyi halda bankın ölən vətəndaşa qarşı yenidən iddia qaldırması necə mexaniki ola bilər?” ,-deyə soruşduq. “Bizim Gəncə filialımızda çox qısa müddət ərzində bir neçə hüquqşunas dəyişib. Növbəti hüquqşunas gələndə həmin faktla bağlı məlumatsız ola bilər. Mən ancaq bununla izah edə bilərəm”,- deyə hüqu departamentinin rəhbəri Qafqaznews-a bildirdi. “Onda məhkəmədə də günah var?” ,- soruşduq.

“Əlbətdə məhkəmə araşdırmalıdır” ,- deyə hüquq departamentin müdiri qeyd etdi. Biz dəfələrlə Göygöl Rayon Məhkəməsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən tapmadıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.