Fəzail Ağamalı :" Bütün sahələrdə büdcələr atırılıb və KİVDF də bundan kənarda qalmayıb."

1-11-2019, 16:15           
Fəzail  Ağamalı :" Bütün sahələrdə büdcələr atırılıb və KİVDF də bundan kənarda qalmayıb."
Məlum olduğu kimi, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bugünlərdə verdiyi müsahibələrdən birində KİVDF-nin fəaliyyətini sərt tənqid edib və əksər oxucular deputatın bir çox fikirlərini qərəzli və qeyri-obyektiv hesab edərək elə sərt tonda da cavab veriblər.

Onun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə bu mövzu ilə bağlı ciddi polemikalar aparılıb. Fəzail Ağamalı sonra verdiyi müsahibədə bildirib ki, onun fikirləri, nə demək istədiyi görünür yaxşı başa düşülmədiyi üçün bəzi adamların sərt reaksiyasına səbəb olub. Bu səbəbdən də Fəzail Ağamalı ilə məhz verdiyi məlum müsahibədəki bəzi fikirlərinə aydınlıq gətirməyə çalışdıq. Deputatla söhbətimizdə onun mübahisə və etiraz doğurmuş əvvəlki müsahibəsindəki məsələlərdən kənara çıxan bəzi fikirləri ixtisar etməklə müsahibəni nəzərinizə çatdırırıq:

- Fəzail müəllim, bilirsiniz ki, KİVDF-nin tənqidi ilə bağlı səsləndirdiyiniz fikirlərə birmənalı reaksiya olmadı, hətta həmin mövqeyinizə görə Sizi çoxlu sayda tənqid edənlər də tapıldı. Sizcə niyə belə oldu?

- Əvvəla, Sizə təşəkkür edirəm ki, fikirlərimi tam ifadə etmək üçün mənə tribuna verirsiniz. Ancaq çox xahiş edirəm ki, mənim səsləndirəcəyim fikirləri olduğu kimi, təhrif etmədən dərc edəsiniz. Qoy elə bunun özü də peşəkar media nümunəsi kimi sizinlə bağlı bir test olsun. Bizim mövzumuz mətbuatdandırsa, siz obyektivliyə tam riayət etməlisiniz.

- Sizinlə dəfələrlə müsahibələrimiz olub, narazı qaldığınız məqamlar olubmu?

- Xeyr, mənim sizin qəzetə böyük hörmətim var. “Bakı-Xəbər” və onun rəhbəri ilə mənim heç vaxt problemim olmayıb. Əksinə, hər zaman Aydın Quliyev barədə müsbət fikirlər səsləndirmişəm. Ancaq təəssüf edirəm ki, Aydın Quliyev mənim səsləndirdiyim fikirlərlə bağlı gözləmədiyim bir mövqe ortaya qoydu. Belə sərtlik lazım deyildi. Aydın Quliyev mənim üçün işıqlı bir jurnalist olub. Hər zaman dövlətçiliyin yanında olub. Mənim yazıma verilən cavabda şəxsimə aid detalların olması səbəbini anlamadım. Çünki mən jurnalistin ünvanladığı suala konkret cavab vermişdim. Heç kimin, hətta KİVDF sədri Vüqar Səfərlinin belə adını çəkməmişdim. Təəssüf edirəm ki, mənə qarşı yazanlardan biri də ən çox hörmət etdiyim “Səs” qəzeti və onun baş redaktoru oldu.

- Mövqeyinizdən belə məlum oldu ki, ölkədə həyata keçirilən mətbuat siyasəti sizi qane etmir. Niyə və hansı səbəbdən?

- Mənim fikirlərimdə belə məqam olmayıb. Heç vaxt ölkədə həyata keçirilən mətbuat siyasətinin üzərinə getməmişəm. Azərbaycan mətbuatının inkişafı göz önündədir. Çünki Prezidentin də böyük diqqət göstərdiyi bu sahə böyük inkişaf yolu keçib. Bunu necə danmaq olar? Dəyərli jurnalistlərdən xahişim budur ki, mənim dediklərimi başqa istiqamətə yozmağa çalışmasınlar.

- Deyirsiniz ki, konkret faktlara söykənib danışıbsınız. Gəlin onlara aydınlıq gətirək. Məsələn, bildiribsiz ki, bir sıra adı olan, özü olmayan qəzetlərə KİVDF tərəfindən pullar ayrılır. Bu nə deməkdir, adı olub özü olmayan qəzetə necə pul ayrıla bilər? Bununla bağlı meyarlar müəyyənləşib, hansı qəzetdə o parametrlərə cavab veribsə, təsnifatlandırma da o cür aparılıb. Kimsə əlinə qələm götürüb özündən belə bir siyahını istəsə də tuta bilməz. Sizin dediyiniz qəzetlərin də heç biri maliyyələşmədən kənarda qalmayıb axı...

- Dediyimin üstündə dururam. Ola bilər ki, bu fikri bir qədər məcazi mənada işlətmişəm. Gəlin dərinə getməyək, mənim qabağımda siyahı var. Siz də dərinə getməyin, mən də.

- Deyibsiniz ki, ictimai rəyə təsir edən qəzetlərin çoxu maliyyələşmədən kənarda qalıb. Hansı qəzetləri nəzərdə tutursunuz? Belə media nümunəsi varmı?

- Bəli var. “Ayna” qəzeti. Məgər bu qəzetin böyük ənənələri, ictimai rəyə təsiri yox idi? Niyə çap olunmur, niyə yardımdan kənarda qalıb? Yəqin ki, KİVDF ona dəstək göstərsə həmin qəzet çapını bərpa edərdi. Özü də həmin qəzetin rus dilində nəşr edilən “Zerkalo” variantı da var ki, onun dərcinin bərpası bizə informasiya savaşında çox lazımdır. Bu işdə hesabatlılıq düzgün olmalıdır.

- Fəzail müəllim, “Ayna”, “Zerkalo” da bir vaxtlar KİVDF-dən maliyyə alırdı, özü Fonda müraciət edərək, çapını dayandırdığı üçün maliyyələşməni dayandırmağı xahiş edib, indi isə sayt kimi fəaliyyət göstərir, onların çapını KİVDF dayandırmayıb axı... Çapa başlasalar və kriteriyalara cavab versələr, onların da maliyyələşməsi məsələsinə, yəqin ki, Fondda baxılar. KİVDF dövlət qurumudur. Söhbət ciddi məbləğlərdə ayrılan puldan gedirsə, necə ola bilər ki, onun hesabatı aparılmasın və ya verilməsin?

- Mən rəsmi yox, ictimai hesabatlılıqdan danışıram. Qoy ictimaiyyətə hesabat versinlər.

- Bütün bunlar barədə KİVDF-nin saytında məlumat dərc edilir, bu yetərli deyil?

- Daha geniş məlumat verilsə yaxşı olar.

- Sonra jurnalistlərə verilən evlərin bölgüsündə qeyri-şəffalığın olduğunu dilə gətirib deyibsiniz ki, elə jurnalistlər var, bir neçə yerdə evi ola-ola KİVDF-dən mənzil alır. Konkret belə faktınız varsa deyin...

- Məsələn, mən Əli İmanlı adlı bir jurnalist tanıyıram. Vaxtilə rəsmi qəzetlərdə də çalışıb. İndi deyəsən jurnalist kimi fəaliyyət göstərmir. Tədbirlərin birində yaxınlaşıb mənə dedi ki, evə böyük ehtiyacı var, amma qocaman jurnalist kimi onu nəzərə almırlar. Bu bir misal. Azərbaycan jurnalistikasında xidmətləri olan, lakin hazırda peşə fəaliyyətini davam etdirə bilməyən jurnalistlər bu bölgüdən kənarda qalmamalıdır. Bu məsələdə araşdırma daha dərindən getməlidir. Veteran jurnalistləri də nəzərə almaq lazımdır.

- Axı veteran jurnalistlərdən də çox ev alan oldu. Bir Əli İmanlıya görə ümumi danışmaq olmaz. Həm də dediz ki, o artıq jurnalist kimi fəaliyyət göstərmir. Sizin Vüqar Səfərli ilə aranızda hər hansı şəxsi münaqişəniz olubmu?

- Vüqar Səfərli ilə mən ABŞ-da səfərdə olmuşam. Onunla çox gözəl səmimi münasibətlərimiz olub. Hətta onun bir tələbə yoldaşının evində birlikdə qonaq da olmuşuq. Vüqar Səfərli ilə mənim bu günə kimi zərrə qədər də problemim olmayıb.

- Bəlkə ondan hansısa jurnalistlə bağlı xahiş edibsiniz alınmayıb, ona görə belə incikliyiniz yaranıb?

- Heç bir xahişim olmayıb. Belə bir faktı varsa, qoysunlar ortaya. Bəlkə kimsə mənim adımdan nəsə danışıb, bunu bilmirəm. Belə hal olubsa, desinlər.

- Bəs necə oldu ki, birdən-birə bu mövzuya toxundunuz? Əlinizdə belə faktlar olubsa, əvvəl niyə danışmamısınız?

- Mənim jurnalistlərin arasında çox səmimi dostlarım var. Onlar bu və ya digər fikirləri, faktları mənə söyləmişdilər. Ancaq bunun ictimailəşməsinə ehtiyac düymadım. Ölkə Prezidenti tərəfindən ciddi və dərin islahatlara start verilib. Bu xüsusda mənə sual verildi ki, mətbuat sahəsində islahatlara ehtiyac var, yoxsa yox? Mən də bu suala cavab verdim. Mən arzulayıram ora daha çox vəsait ayrılsın ki, bizim qəzetlərimiz daha böyük imkanlara malik olsunlar və ictimai rəyin formalaşmasında daha peşəkarcasına iştirak etsinlər. Ancaq bu maliyyə vəsaitini daha səmərəli xərcləmək lazımdır.

- Növbəti ilin dövlət büdcəsində KİVDF-yə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Yəqin ki, fəaliyyətdən narazılıq olsaydı, belə hal yaşanmazdı və Fondun büdcəsi artırılmazdı...

- Elə deyil. Bu hal ölkə Prezidentinin həyata keçirdiyi siyasətin məntiqinə söykənir. Bütün sahələrdə büdcələr atırılıb və KİVDF də bundan kənarda qalmayıb. Bu heç də o demək deyil ki, yaxşı fəaliyyəti nəzərə alındığı üçün KİVDF-yə mükafat olaraq verilib.
Məhəmmədəli Qəribli "Bakı-Xəbər"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.