"Şou-biznesdə Aygün və Röyadan sonra mənəm"
1-11-2019, 19:24
Sosial şəbəkədə rəqsləri ilə fenomenə çevrilən müğənni Nüşabə Musayeva Lent.az -a müsahibə verib.
- Bu yaxınlarda özünə doğum günü etdin. Həmin ad günüdə lentə alınan videolar sosial şəbəkədə çox müzakirə olundu...
- Olsun. Mən buna alışmışam. Heç vecimə də deyil. Əgər müzakirə edilməyi bacarmışamsa, nə xoş mənə. Demək ki, çox maraqlı insanam. Mən fərqliyəm, bu fərqliliyimi də qoruyuram. Kənardan sakit görünə bilərəm. Sussam da içimdə bir fırtına var.
- Şou-biznesdə bir çox müğənnilərin adlarının yanında hacı adları hallanır. Bəs Nüşabə Musayevanın hacısı varmı?
- Hacım yoxdur. Amma hər bir qadının həyatında bir kişi olmalıdır. Bunun hacı olub, olmaması vacib deyil. O qədər gözəl ailələri olan müğənnilərimiz var ki, onların ərləri hacı deyil. Ümumiyyətlə, hacı insanın həyatında nə rol oynayır ki? İndi təzə çıxıb, hacılarının əllərini, ayaqlarını paylaşırlar. Bu mənə çatmır. Əgər bu insan sənin həyat yoldaşındırsa, niyə gizlədirsən? Üzə çıxart. Şəxsi həyatını gizli saxlayan insan heç hacısının ayağını, qolunu paylaşmaz.
- Söylədin ki, hər bir qadının həyatında kişi olmalıdır. Nüşabənin həyatında bir bəy varmı?
- Əlbəttə var. Kim desə ki, həyatımda kişi yoxdur, bu anormal haldır. Yalandan maska taxıb, “Sevgilim yoxdur” deyə bilmərəm.
- Münasibətinizi sənətdə rəsmiləşdirmirsiniz?
- Yox, biz sevgiliyik. Əsas odur ki, kiminsə həyat yoldaşı deyil. Subay oğlandır. Dini kəbinimiz var. Rəsmi nikaha girmək fikrim də yoxdur. İkimizə də belə xoşdur. Çünki mənim 2 qızım var. Onları da heç kimsənin ərindən dünyaya gətirməmişəm. Öz ərimdən dünyaya gətirmişəm. Bu günə qədər heç kimsənin ailəsini dağıtmamışam.
- Növbəti dəfə ana olmaq istəyin varmı?
- Yox. Çünki hələ sənətdə görəcəyim çox işlər var. Həmdə 2 övladım var. Bu mənə bəs edir.
- Sosial şəbəkədə səni Azərbaycanın Sibel Canı kimi təqdim edirlər. Buna görə də sənə tənqid yazanlar olur. Deyirlər ki, bu Sibel Cana oxşamır.
- Heç bir zaman özüm-özümə Sibel Can deməmişəm. Amma o xanım çox gözəldir. Uşaqlıqdan onu sevmişəm. Mən özümə bənzəyirəm. Amma mənə niyə Sibel Can deyirlər? Çünki Türkiyədə istirahət elədiyim məkanda səhnə aldım, orada dedilər ki, siz Sibel Can kimi rəqs edirsiniz. Sibel Can kimi nazlı, ədalısınız, həm də balıq ətlisiniz.
- Sosial şəbəkədə ən çox tənqidi şərhlər sənin videolarına gəlir...
- Mən tənqid oluna-oluna uğur qazandım. Mənə atılan daşlar mənə saray oldu. Mən qıcıq yaratmağı sevirəm. Tənqid və təhqir edənləri görməzdən gəlirəm. Əxlaqlarından, tərbiyələrindən xəbərim olmadığı insanların mənim barəmdə nə deməsi məni maraqlandırmır.
- Şou-biznesdə Aygün Kazımova və Röya Ayxandan sonra elə bir müğənni olmadı ki, onların “Nömrə 1”lik səviyyəsinə çatsın... Yəni niyə gənclərdən elə biri yoxdur?
- Niyə yoxdur ki? Mən özüm. Artıq Aygün və Röyadan sonra mən varam. Nüşabə Musayeva. Şou, gözəllik, komplekssiz, hünərlilik - bütün bunların hamısı məndə var. Bu fikirlərimə kiminsə etirazı varsa, gəlsin. Bu meydan, bu şeytan.
- Düşünmürsən ki, bu açıqlaman müzakirələrə səbəb olar?
- Yox. Çünki özümə güvənirəm. Canlı ifa edirəm, toy idarə edirəm. Estrada, xalq mahnıları oxuyuram. Yəni dilim də, dilçəyim də var. Bu sənətdə mənə görə narahat olan insanlar var. Hamısını biçə-biçə gedirəm.
- Açıq-saçıq şəkillər çəkdirirsən. Yaxınlarından buna etiraz edənlər olur?
- Mən müğənniyəm. Bir obraz canlandırıram. Əsas odur ki, səhnə üçün bunu edirəm. Səhnədə bağlı geyinib, adi həyatda soyunanlardan deyiləm. Mən həyatda daha ciddi insanam. Özüm özümü tanıyıram.
- Bir çox müğənnilər tanınmaları üçün külli miqdarda pul xərcləyirlər. Bəs Nüşabə necə?
- Elə də çox xərcim çıxmayıb. Amma bu sənətə gəlmək üçün torpaq sahəmi satdım, mahnılar aldım, kliplər çəkdirdim. Heç bir zaman kiminsə pulu ilə nəsə etməmişəm. Bunu ətrafım yaxşı bilir. Ona görə də alnım açıqdır. Puldan çox enerji xərcləmişəm.
- Bu sənətdə yolunu kəsənlər varmı?
- Elələri var. Amma bacarmazlar. Çox yaxşı dostam. Amma çox da təhlükəli düşmənəm. Həmin insanı pis məhv edərəm. Dəymə mənə, dəyməyim sənə. Heç kimlə pis işim olmaz. Amma kimsə mənə pislik edərsə, ondan əl çəkmərəm. Onu çökdürərəm. Mənim də öz hiylələrim var.