“4 ildir vəkillərə pul xərcləyirəm ki, məhkəmə sənədimi ləğv etməsin” - “Bu şəhərdə”nin Müşfiqi
26-11-2019, 01:36
“Bu şəhərdə” komandasının ssenaristi Müşviq Abbasovun əlindən alınan 240 minlik evi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Ssenarist “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu dəfə Ali Məhkəmə onun xeyrinə olacaq qərar verib. Bununla bağlı o deyib:
“2013-cü ildə Həsənova Gülrux Sənan qızından ev almışam. 2016-cı ildə məni Yasamal Məhkəməsinə çağırdılar ki, bəs bu ev 2009-ci ildən məhkəmələrdədir. Belə ki, Gülrux Həsənovanın xalası Mehriban Həsənova var. Sən demə, xalasının əri həmin evi Gülruxa alıb. 2008-ci ildə M.Həsənovanın əri Fərrux Həsənov öldükdən sonra arvad bacısı qızına deyib ki, əri o evi aldığı üçün ev ona məxsusdur. Buna görə G.Həsənovanı məhkəməyə verib. 2013-cü ildə məhkəmə G.Həsənovanın xeyrinə qərar çıxardıqdan sonra o, evi mənə satıb. Bütün bu prosesdən mənim xəbərim olmayıb, yoxsa evi almazdım.
Beləliklə, evi aldıqdan sonra xala və bacıqızı arasında məhkəmə davası davam edib. M.Həsənova daha sonra evin sahibi kimi məni məhkəməyə verib və bildirib ki, evin sənədləri saxtalaşdırılaraq mənə satılıb. Lakin Yasamal Məhkəməsi mənim hüquqlarımı tanıyaraq, xeyrimə qərar çıxartdı ki, evi qanuni şəkildə aldığım üçün mənə məxsusdur. Lakin məhkəmənin qərarında iki ay keçməmiş qarşı tərəf məni Apellyasiya Məhkəməsinə verdi. Apellyasiya Məhkəməsi qarşı tərəfin xeyrinə qərar çıxartsa da, nəhayət bu gün Ali Məhkəmə mənim xeyrimə qərar çıxardı və iş yenidən Apellyasiya Məhkəməsinə verildi.
Bu gün məhkəmə prosesində Mehriban Həsənovaya bildirdim ki, sənin bacın qızı ilə problemin varsa, get onu məhkəməyə ver, mənimlə nə işin var? Maraqlıdır ki, bacısı qızını məhkəməyə vermir, mənim rəsmi qaydada sənədlə aldığım evi məndən tələb edir. Belə çıxır ki, rəsmi kupça ilə ev alan istənilən şəxsin əlindən evini ala bilərlər. 4 ildir ki, vəkillərə pul xərcləyirəm ki, məhkəmə dövlətdən aldığım rəsmi sənədi ləğv etməsin”.
"Başıma gələn bu hadisəni səhnələşdirəcəm"
Müşfiq Abbasova baş verən ilginc məhkəmə prosesindən də söz açıb: “Təsəvvür edin, belə bir məhkəmə prosesi olub, qadın uşağı olmadığı üçün məhkəməyə müraciət edib. Mənim məhkəmə işim də bu cür absurd və gülməlidir”.
Ssenarist başına gələn bu hadisəni növbəti konsert proqramında parodiya edəcəyini də vurğulayıb:
“Bu hadisədən sonra çoxlu sayda sosial şəbəkələrdə mesajlar aldım. İnsanlar yazıb bildirirdilər ki, onlar da bu cür hadisə yaşayıb. Ona görə düşünürəm ki, yaxın vaxtlarda konsertlərimizin birində bu hadisəni parodiya edək, səhnələşdirək”.
Müşfiq Abbasov növbəti məhkəmə iclasında ədalətli qərar veriləcəyinə, evinin onda qalacağına inandığını söyləyib:
"Dövlətin mənə verdiyi sənəd var, bunu yetərsiz hesab etmək olmaz. İnanıram ki, növbəti məhkəmə iclasında iş mənim xeyrimə bitəcək. başqa yolu yoxdur, həqiqət öz yerini tapacaq".