Baş infeksionist koronavirusun əsas əlamətlərini açıqladı: Mütləq həkimə gedin
24-03-2020, 00:43
“Koronovirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas yoxdur”.
Bu sözləri koronavirus infeksiyasının Azərbaycanda yayılma səviyyəsi ilə bağlı son durum haqqında Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, bildirib ki, açıqlama verdiyi anadək dünyada 200 mindən artıq adamın koronavirusla xəstələnməsi hadisəsi aşkarlanıb:
“Xəstələnənlər içərisində 8000-dən artıq ölüm hadisəsi qeydə alınıb. Daha çox xəstələnmə halları İtaliyada, İranda, İspaniyada, ümumiyyətlə Avropa ölkələrində müşahidə olunur. Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Ölkəmizdə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən, tədbirlər sistemi işlənib hazırlanıb. Həmin tədbirlərdən irəli gələn tövsiyələrə əməl etmək bu xəstəliyin ölkəmizdə daha geniş yayılmasının qarşısını almaq baxımından çox vacibdir”.
Bu virusun hələ ilk dəfə Çində yayıldığı dövrdən önləyici tədbirlərə başlanıldığını deyən baş infeksionist qeyd edib ki, məhz bu önləyici tədbirlərin nəticəsində koronavirus İranda yayılana qədər bizdə bir nəfərdə də aşkarlanmadı:
“Yalnız qonşu İran İslam Respublikasında yayılandan sonra virusun ölkəmizə keçməsi müşahidə olundu. Çünki İranla bizim ticari və turizm əlaqələrimiz çox genişdir. Qohum-əqrəba arasında çoxsaylı gediş-gəlişi və ziyarətə gedənləri də nəzərə alsaq, ümumi mənzərə aydın görünər. Ölkəmizdə koronavirusa yoluxma faktının ilk və əsas səbəbi bu oldu”.
C.İsayev bildirib ki, qabaqlayıcı tədbirlərdən ən önəmlisi hər bir vətəndaşın özünü bu virusdan qorumasıdır:
“Qorumaq deyəndə respirator xəstəliyin əlamətləri müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək nəzərdə tutulur. Açıq havada, insanların çox olmadığı yerlərdə gəzməyə üstünlük verilməlidir. Çalışmalıyıq ki, insanlarla təmas zamanı aramızdakı məsafə bir metrdən aşağı olmasın. Bu məsafə çox olduqca xəstəliyə yoluxma ehtimalı da azalır.
Əllərimizin təmiz saxlanılması ən vacib amillərdən biridir. Gündəlik fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan həmin anda əllərin sabunlu su ilə yuyulması zəruridir. Əgər belə imkan yoxdursa, üstünüzdə bir dezinfeksiyaedici məhlul olmalıdır. Bu da olmadıqda ən azı 70 faizlik spirtli məhlulla əllərin silinməsi, gigiyenik qaydaların gözlənilməsi zəruridir”.
Onsuz da xarici ölkələrin çoxu ilə əlaqələrimizin məhdudlaşdırıldığını xatırladan C.İsayev xarici səfərləri tamamilə təxirə salmağı, infeksiyanın geniş yayıldığı ölkələrə getməməyi tövsiyə edir.
Baş infeksionistin sözlərinə görə, ən çox təbii qidalardan istifadə olunmalıdır:
“Qida rasionunda meyvə-tərəvəzə üstünlük verilməli, eyni zamanda səkkiz, ən azı yeddi saatlıq yuxu rejimi gözlənilməlidir. Oturaq həyat tərzi keçirmək düzgün deyil. Zərurət yaranmadıqda kompüterlə, telefonla məşğul olmamaq, mənzillərin və iş otaqlarının havasını tez-tez dəyişmək məsləhət görülür”.
Psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını vurğulayan həkim bildirib ki, bu virus digər pespirator virus infeksiyalarından kliniki olaraq fərqlənmir:
“Ancaq yaşlı insanlarda bu xəstəlik ağır keçə bilər. Müşahidələr, statistik araşdırmalar göstərir ki, xəstələnənlərin bir faizini bir yaşdan 19 yaşa qədər, 80 faizdən çoxunu isə 50 yaşdan yuxarı olan insanlar təşkil edir.
Ağırlaşma da daha çox yaşlı insanlarda baş verir. Bu da yaşlı insanlarda zaman keçdikcə immun sisteminin zəifləməsi, onlarda hər hansı yanaşı xroniki xəstəliyin olması ilə bağlıdır. Yəni xroniki xəstəliyi olan insanlarda bu xəstəliyin ağır keçmə ehtimalı sağlamlığı normal olan insanlarla müqayisədə daha yüksəkdir. Ona görə də yaşlı insanlar özlərini gözləməlidir.
Belə xəstəliyə xas olan kliniki əlamətlər: hərarətin yüksəlməsi, baş ağrısı, halsızlıq, ümumi vəziyyətin pisləşməsi, öskürmə, asqırma, boğazda qıcıqlanma müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalı, 103-ə zəng vurulmalıdır. Əgər bu insanlar hansısa Avropa ölkəsində, İranda olubsa, qohumlarından kimsə koronavirus yayılan ölkələrdən gəlibsə, onlardan müayinə üçün material götürülüb yoxlanılmağa göndərilir və xüsusi nəzarətdə saxlanılır. Zəruri tövsiyələrə əməl edilməsi infeksiyanın yayılmasının qarşısını almaqda önəmli rol oynayır.
Dövlət tərəfindən bununla bağlı çoxsaylı tədbirlər işlənib hazırlanır. Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər. Belə olarsa, bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınar. Təbii ki, bu, epidemioloji prosesdir, həm hava-damcı, həm də təmas yolu ilə yayılan infeksiyadır. Qarşısını almağa nə qədər cəhd etsək də, rast gəlinəcək. Başlıca məqsəd yayılma tempini aşağı salmaqdan ibarətdir”.
Baş infeksionist diqqətə çatdırıb ki, qoruyucu vasitə kimi maskanı bir qayda olaraq xəstənin taxması vacib şərtdir. Sağlam şəxs isə insanların çox olduğu yerlərə gedərkən maska taxa bilər. Məsələn, neftin ucuzlaşması ilə bağlı insanlar xarici valyuta almaq üçün banklara üz tutur, orada sıxlıq yaranır. Belə yerlərdə maska taxmaq məsləhət görülür.
C.İsayev onu da vurğulayıb ki, əgər kiminsə özündə koronavirus şübhəsi varsa, karantinə alınmağa, nəzarətə götürülməyə könüllü getməlidir. Xəstəliyə yoluxanlar anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də yaxınlarının həyatını risk altında qoymuş olurlar. Koronavirusun əlamətləri digər respirator infeksiyaların əlamətlərindən fərqlənmədiyinə görə ilkin müayinə ilə dəqiq diaqnoz qoymaq mümkün deyil. Yəni toplanan məlumatlar əsasında şübhə yaranarsa, həkimin göstərişi ilə xəstədən lazımi material götürülərək laborator müayinəyə göndərilir və müayinələrin nəticələrindən asılı olaraq qərar verilir.
Artıq bütün dünyanı bürüyən koronavirusla mübarizədə və maarifləndirmə işində ölkəmizin yeganə ali tibb məktəbi olan Azərbaycan Tibb Universitetinin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyən C.İsayev həkimlərimizin fədakarlığı sayəsində və Allahın köməyi ilə bu bəladan da kiçik itkilərlə çıxacağımıza əminliyini ifadə edib. //oxu.az