"Banklar müştərilərə güzəşt müddəti verməlidir" - Bank rəhbəri

25-03-2020, 11:17           
"Banklar müştərilərə güzəşt müddəti verməlidir" - Bank rəhbəri
Teref.az FED.az-a istinadən “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovla müsahibəni təqdim edir.

- Şakir müəllim, söhbətimizi ümumi bir sualla başlamaq istərdim – koronavirus COVID-19 enerji daşıyıcılarının dünya qiymətlərinə, səhm bazarına və bütünlükdə dünya iqtisadiyyatına necə təsir göstərib?

- İnternet portalınızda fikirlərimi bölüşmək üçün yaratdığınız imkana görə sizə
təşəkkür edirəm. Yeni növ koronavirus COVID-19 dünya iqtisadiyyatına artıq öz təsirini
göstərmiş və çox mənfi təsir etməkdə davam edəcəkdir. Dünyanın əksər ölkələrində
epidemiyanın qarşısını almaq məqsədilə özünütəcrid istiqamətində həyata keçirilən
misli görünməmiş tədbirlər, əksər əmtəə və xidmətlərə olan tələbin əhəmiyyətli şəkildə
azalmasına və bir çox sahələrin tamamilə zərərlə fəaliyyət göstərməsinə gətirib
çıxararaq, neftə tələbin əhəmiyyətli səviyyədə azalması ilə nəticələnmişdir. Dünya səhm
bazarında hökm sürən təşviş vəziyyəti bir qədər də ağırlaşdıraraq demək olar ki bütün
şirkətlərin səhm qiymətlərini rekord həddə aşağı endirdi. Təbii olaraq, neftə olan tələbin
aşağı düşməsi və səhmlərin qiymətinin enməsi fonunda neqativ gözləntilər neftin
qiymətini kəskin şəkildə endirdi.
- Siz neft qiymətləri barədə qeyd etdiniz. Qısaca danışa bilərsinizmi neft bazarında
hazırda nə baş verir?

- 2020-ci ilin yanvarından etibarən koronavirusun Çin iqtisadiyyatına (dünya ÜDM-nin
15%-i) və dünya iqtisadiyyatına son dərəcə mənfi təsir göstərəcəyi bəlli olanda neftin
qiymətinin enməsi prosesi artıq başlamışdı. Qısa bir vaxt ərzində neft təklifi neftə olan
dünya üzrə tələbi əhəmiyyətli dərəcədə üstələməyə başladı. Amma buna baxmayaraq
qiymət enməsi baş vermirdi, çünki bazar iştirakçılarının OPEK+ (əsas neft ixrac edən
ölklər, xüsusilə ərəb ölkələri, əlavə olaraq Rusiya, Qazaxıstan, və Azərbaycan)
ölkələrinin hasilatı azaltmaqla bağlı razılığa gələrək neft bazarında tələb və təklif
tarazlığı yaradacağı barədə gözləntiləri mövcud idi. Təəssüflər olsun ki, bu baş vermədi
– danışıqların əsas iştirakçıları olan Rusiya və Səudiyyə Ərəbistanı razılığa gələ
bilmədilər. Məhz bu faktor mart ayının əvvəlində neftin qiymətinin kəskin enməsi ilə
nəticələndi. Amma nəzərə alsaq ki, aşağı neft qiymətləri nə Rusiya üçün, nə Səudiyyə
Ərəbistanı üçün, nə də ABŞ üçün (bunlar əsas neft istehsalçılarıdırlar) sərfəli deyildir,
düşünürəm ki onlar yaxın aylarda hasilatın azaldılması barədə razılığa gələcək və
neftin qiymətləri 45-50 USD diapazonuna qayıdacaqdır.

- Neftin aşağı qiymətinin və koronavirusun ölkə iqtisadiyyatına təsiri barədə nələri
qeyd edə bilərsiniz? Baş verənlərə qarşı biz nə dərəcədə hazırıq?

- Neft ixrac edən ölkələrdən biri olaraq ölkəmizə eyni anda iki xarici amil mənfi təsir
göstərir: dünyada iqtisadi vəziyyət və neftin aşağı qiymətləri. Bunlar da ölkə üçün ciddi
çağırışlardır. Yuxarıda sadalanan şoklara ölkədaxili özünütəcrid siyasəti də əlavə
olunur: yəni əhali daha az mallar alır və xidmətlər istehlak edirlər. Əminəm ki, birlikdə
biz bu çağırışın öhdəsindən də gələcəyik. Biz neftin aşağı qiymətlərinə əvvəlki
dövrlərdən, misal olaraq 2015-ci ildən indi daha yaxşı hazırıq. Mən fikrimcə əlverişli
hesab etdiyim amilləri sadalamağa çalışacağam: 1) yəqin ki ən başlıcası – böhran
şəraitində ölkə rəhbərliyinin reaksiya və tədbirləri. Sevindirici haldır ki, operativ şəkildə
məntiqli qərarlar qəbul olunur və sonra uğurla icra olunur. Cənab Prezidentin şəxsi
təşəbbüslərini xüsusilə vurğulamaq istərdim;

2) neft qiymətlərindəki volatilliyin dövlət büdcəsinə mənfi təsirlərini azaltmağa kömək
edən büdcə qaydalarının qəbul olunması dövlətin bütün sosial öhdəliklərini tam yerinə
yetirməyə imkan verir;
3) biz 2015-ci ildən bəri ölkənin qızıl-valyuta ehtiyatlarının artımına nail olmuşuq və əgər
USD ekvivalentində qızıl-valyuta ehtiyatlarının ÜDM-ə nisbəti göstəricisinə baxsaq
hazırda bu göstərici 2015-ci illə müqayisədə xeyli yüksəkdir;
4) xarici borcun ÜDM-ə nisbətinin aşağı səviyyəsi;
5) möhtəkir valyuta əməliyyatları üzərində daha sərt nəzarət;
6) iqtisadiyyatın şəffaflaşmasına, vergi və gömrük yığımlarının artmasına gətirib çıxaran
vergi və gömrük sferasında həyata keçirilən islahatlar (qeyd etmək lazımdır ki, biznes
subyektlərinin ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətini nəzərə almaqla vergi
sferasında şəffaflıq tədbirləri daha çox motivasiya tədbirləri vasitəsilə həyata
keçirilmişdir, nəinki cəza üsulları ilə və əminəm ki, Vergilər nazirliyi və İqtisadi inkişaf
nazirliklərinin birləşdirilməsi bu siyasətin davam etdirilməsinə təkan verəcəkdir);
7) yeni nəsil menecerlərin (onlardan bir çoxlarını tanıyaraq, qeyd edə bilərəm ki, onlar
yüksək səviyyəli peşəkarlardırlar) yaşlı nəsil təcrübəli rəhbərlər ilə sintezindən ibarət
unikal modelin tətbiq olunması.

- Bilirsiniz ki, Prezident İlham Əliyev koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi
sabitliyə və biznes mühitinə neqativ təsirlərini azltmaq məqsədilə sərəncam
imzalayıb, sənəddə dövlət orqanları qarşısında bir sıra həlli vacib məsələlər qoyulub.
Həmin sərəncam və bu çətin şəraitdə ölkə rəhbərliyi tərəfindən atılan digər
addımalar barədə bir qədər də təfərrüatlı danışmağınızı xahiş edərdim.

- Fikrimcə, dövlət koronavirusun ölkədə yayılmasının qarşısını almadan ötrü müstəsna
qabaqlayıcı tədbiləri digər ölkələrdən bir neçə həftə (bir sıra hallarda isə tam bir ay)
əvvəl görməyə başlamışdır. Bunlara misal olaraq Baş nazirin rəhbərliyi altında tərkibinə
yüksək ranqlı dövlət xadimlərinin daxil olduğu operativ qərargahın yaradılması,
koronavirus pandemiyasının iqtisadiyyata və sosial sferaya mənfi təsirlərini azaltmaq
üçün vəsaitin ayrılması, pandemiya ilə mübarizə fondunun yaradılması, sərhədlərin
bağlanması, xüsusi rejimin tətbiqi, həkimlərin əmək haqqlarının artırılması ilə əlaqədar
cənab Prezident tərəfindən vaxtında verilmiş sərəncamları göstərmək olar.
Yaranmış vəziyyətdə cənab Prezident özünün 19 mart tarixli sərəncamı ilə ən başlıca
olanı nümayiş etdirdi – dövlət əhaliyə və özəl sektora lazımi dəstəyi göstərəcəkdir.
Sərəncama əsasən iqtisadiyyatın, sosial sferanın və makroiqtisadi sabitliyin
dəstəklənməsinə 1 milyard manat vəsait ayrıldı. Xüsusilə vurğulamaq lazımdır ki, biz
dövlət büdcəsindən bu məqsədlə vəsait ayıran ilk ölkələrdən biriyik. İqtisadiyyat
Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi və Mərkəzi
Bankın qarşısında dəqiq tapşırıqlar qoyulmuşdur: COVID-19 pandemiyasından zərər
çəkmiş iqtisadiyyat sahələrinin və əhali təbəqələrinin müəyyənləşdirilməsi; bu sahələrə
dəyəcək ehtimal olunan zərərin məbləği barədə informasiyanın və bu qruplara dəstəyin
göstərilməsi ilə bağlı tədbirlər haqda təkliflərin hazırlanması və Nazirlər Kabinetinə
təqdim olunması; koronavirus pandemiyasının bank sektoruna və makroiqtisadiyyata
mənfi təsirlərinin qiymətləndirilməsi; manatın və istehlak qiymətlərinin sabitliyinin
dəstəklənməsi üçün təlkliflərin hazırlanması.
Prezidentin digər sərəncamı ilə koronavirusla mübarizə fondu yaradıldı və dövlət
tərəfindən ora 20 milyon manat vəsait köçürüldü. Sevindirici haldır ki, təkcə dövlət deyil,
özəl sektor da cənab Prezidentin sosial məsuliyyət nümayiş etdirmək çağırışına operativ
əməli cavab verdi. Bir neçə gün ərzində yaradılmış fonda 40 milyon manatdan çox
vəsait köçürüldü. Qeyd etmək lazimdir ki, bank sektoru cənab Prezidentin təşəbbüsünü
dərhal dəstəklədi.

Görülən tədbilər içərisində birinci Vitse-prezident Mehriban Əliyevanın əhalini ehtiyat
tədbirlərinə riayət etmək, şəxsi məsuliyyət nümayiş etdirmək və yaşlılara qayğı
göstərməklə əlaqədar maarifləndirici müraciətini yüksək qiymətləndirirəm. Ümid edirəm,
digər tanınmış şəxslər də ondan nümunə götürəcəklər.

- Bu dövrdə Azərbaycan bankları cəmiyyət qarşısında sosial məsuliyyətlərini necə görürlər? Banklar və
xüsusilə Bank Respublika bu istiqamətdə hansı işləri görür?

- Qeyd etmək vacibdir ki, banklar cəmiyyət və dövlət qarşısında öz məsuliyyətlərini dərk
edərək qarşıya çıxan yeni tələblərə doğru rekasiya verməyi bacardılar: ölkənin zəruri
mallarla fasiləsiz təmin olunması üçün sahibkarların pul vəsaitlərini operativ köçürdülər
və böyük əhali axınına fasiləsiz xidmət göstərdilər. Banklar istirahət günlərsiz və son
həftəni demək olar ki, fasiləsiz fəaliyyət göstərdilər. Mən bank əməkdaşları ilə fəxr
edirəm, risklərə, yorğunluğa və çoxlu müxtəlif problemlərə baxmayaraq mərdliklə işə
çıxırdılar, böyük insan kütləsi ilə ünsiyyətdə olaraq öz vətəndaşlıq borclarını yerinə
yetirirdilər. Bankların ahəngdar işləməsində Mərkəzi Bankın və Azərbaycan Banklar
Assosiasiyasının vacib rolu olmuşdur. Prkatiki olaraq hər gün görüşlər keçirilmiş, vacib
qərarlar verilmişdir.
Bank Respublika – ölkənin aparıcı banklarından biri olaraq – belə çətin məqamda bir
daha öz sosial məsuliyyətini nümayiş etdirdi. Belə ki, bank bütün filiallarında müştərilərə
xidmət göstərərək və heç bir məhdudiyyət tətbiq etməyərək banklar arasında əhali ilə
aparılan əməliyyatların sayına və həcminə görə ilk üçlükdə idi.Bank koronavirusla
mübarizə fonduna pul köçürməyə ilk qərar verənlərdən və cənab Prezidentin əhalinin
özünüməşğulluq proqramında bankların iştirakı barədə çağırışına ilk cavab verənlərdən
olmuşdur. Operativ qərargahın tövsiyələrinə riayət edərək, bank köhnə versiya internet-
bankinq xidmətlərindən istifadə edən bütün sahibkar müştərilərini daha müasir və rahat
versiyaya keçirmiş, onlara bütün əməliyyatlarını distant həyata keçirmə imkanı
vermişdir.

- Nəhayət yekun sual: Sizin də qeyd etdiyiniz kimi xarici şoklar iqtisadiyyatımızın
bir çox sahələrində problemlərə yol açdı. Sizin fikrinizcə dövlət və banklar mənfi
nəticələrin kompensasiyası məqsədilə hansı tədbiləri görməlidirlər?

- Mənim fikrimcə, dövlətin görməli olduğu əsas tədbirlər içərisində aşağıdakılar olmalıdır:
1) koronavirusdan zərər çəkmiş sahibkarlara müvəqqəti vergi güzəştlərinin tətbiq
olunması;
2) əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük preferensiyalarının
verilməsi; 3) koronavirusla əlaqədar olaraq gəlir mənbəyini itirən, əhalinin nisbətən zəif
təmin olunan təbəqələrinə müvəqqəti kompensasiyaların verilməsi;
4) kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması;
5) dövlət fondları (SİF, AKİA və s.) xətti ilə kreditlərin verilməsi işinin gücləndirilməsi;
6) mikrokreditlərin inkişafı məqsədilə, xüsusilə regionlarda bankların dəstəklənməsi;
7) sahibkarlıq və istehlak kredit müştərilərinin kreditləri üzrə fazilərin bir hissəsinin
subsidiyalaşdırılması.
Banklar da öz növbəsində bunları etməlidir:
1)distant xidmət kanallarını təkmilləşdirmək və onların təhlükəsizliyini təmin etmək;
2) müştərilərə güzəşt müdddəti təqdim edilmə mexanizmini işləyib hazırlamaq
Təbii olaraq, requlyator – Mərkəzi Bank – bankları prudensial normativlərin
yumşaldılması və zəruri likvidlik təmin etməklə dəstəkləməlidir.

- Maraqlı söhbət üçün çox sağ olun. Sizə uğurlar arzulayırıq.

- Siz sağ olun. Fürsətdən istifadə edərək, xalqımızı Novruz Bayramı münasibətilə təbrik
edirəm, möhkəm cansağlığı və bol-bol uğurlar arzu edirəm!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.