Neftin qiymətinin 20-30 dollara düşməsi istisnadır - ekspert

7-04-2015, 11:58           
Neftin qiymətinin 20-30 dollara düşməsi istisnadır - ekspert
Bu günlərdə İran ilə “altılıq” ölkələri (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin) arasında nüvə proqramı ilə bağlı ilkin razılaşma əldə olunub. İyun ayının 30-na kimi dövlətlər arasında yekun sazişin imzalanması gözlənilir. İran ilkin olaraq ona qarşı sanksiyaların yumşaldılmasını tələb edir. Lakin Qərb dövlətləri yekun sazişdən əvvəl İran üzərindən bütün sanksiyaların götürüləcəyini istisna edir.
“Kaspi” qəzeti İran ilə “altılıq” ölkələri arasında razılaşma, bu ilkin razılaşmanın regiona, həmçinin neftin qiymətinə təsiri barədə iqtisadçı ekspert İlham Şabanın fikirlərini öyrənib.

- İran ilə “altılıq” ölkələri arasında razılaşma regiona necə təsir göstərəcək?

- Mən düşünürəm ki, ilkin razılaşma regiona müsbət təsir göstərəcək. İrana qarşı sanksiyalar ümumilikdə regionda da gərginlik yaratmışdı. Bu sanksiyalara görə, İranın gəliri 250 milyard dollara yaxın azalmışdı. Bu itkiyə səbəb həm neftin qiymətinin düşməsi, həm də İrana qarşı sanksiyalara görə ölkənin neftdən az gəlir götürməsi idi. Rəsmi Tehranın təkcə neftinə sanksiya qoyulmamışdı. Bu sanksiyalar İranın bütün maliyyə sistemini əhatə edir və ona böyük zərbə vururdu. Qərb dövlətləri ilə İran arasında ticarət faktiki olaraq qadağa edilib. Bu isə Azərbaycan başda olmaqla ətraf ölkələrə də mənfi təsir göstərir. 2010-cu ildə Azərbaycan və İran arasında ümumi ticarət dövriyyəsi 600 milyon dollar dəyərində idisə, 2014-cü ildə bu göstərici 220 milyon dollara qədər azalmışdı. Buna səbəb isə əlbəttə ki, sanksiyaların ildən-ilə artırılması idi. Bu sanksiyalardan sonra İran ilə qonşu Türkiyə, Türkmənistan, Pakistan arasında da ticarət əlaqələri zəifləmişdi. 30 iyuna qədər İrana qarşı sanksiyalar aradan qaldırılsa, ölkələr arasında iqtisadi əlaqələr yenidən inkişaf edəcək. Bütün bunlardan sonra Azərbaycan ilə İran arasında ikitərəfli əlaqələr daha da dirçələcək, region daha da inkişaf edəcək.

- İrana qarşı sanksiyaların aradan qaldırılması neftin qiymətinə təsir göstərəcək?

- İran neft ölkəsidir. Qərbin qoyduğu sanksiyalara görə, İran bir milyon barel nefti bazara çıxara bilmir. Bu sanksiyaların aradan qaldırılmasından sonra da İran nefti birdən-birə dünya bazarlarınaa çıxa bilməyəcək. Bunun üçün müəyyən vaxt lazımdır. Ekspertlər hesab edir ki, İran nefti bazara 2015-ci ilin sonuna qədər çıxa bilər. Bazara artıq neftin çıxması qiymətə də təsir göstərməyə bilməz. Bu həmçinin neftin qiymətinin sabit saxlanmasına da yardım edə bilər. İran neftinin bazara çıxması qiymətlərin sabit 55 dollar civarında da olmasına gətirib çıxara bilər. Həmçinin ABŞ-da şist neftinin azalma prosesi də gedir. Həm neftə olan tələbata görə, həm də digər məsələlərə görə İran neftinin bazara çıxması qiymətlərin sabitləşməsinə gətirib çıxara bilər. Bu da bazarda neftin qiymətinin düşməsinə deyil, sabit qalmasına yardım göstərəcək. Lakin mən hesab etmirəm ki, neftin qiyməti 20-30 dollara qədər düşəcək. Mən bunu istisna edirəm.

- İran qazının TANAP vasitəsi ilə Avropa bazarlarına çıxarılması realdırmı?

- Bu realdır. Çünki biz xəritəyə baxdıqda görərik ki, İran ilə Avropa arasında qısa yol Türkiyədən keçir. Türkiyədə də həyata keçiriləcək yeganə enerji layihəsi TANAP-dır. Lakin bu layihə vasitəsi ilə İran qazının böyük həcmdə Avropa bazarlarına çıxarılması nəzərdə tutulmayıb. Jurnalistlərin bir qismi hesab edir ki, bu layihə vasitəsi ilə İranın böyük həcmdə qazı Avropaya çatdırıla bilər. Bu layihə Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün tikilir. Həmçinin bizim 2,5 trilyon kubmetr qazımız var. TANAP Xəzər qazının dünya bazarlarına çıxarılması üçün ən yaxşı infrastruktur layihəsidir. Lakin bizim siyasi rəhbərlər də həmişə qeyd ediblər ki, bu infrastruktur layihəsi digər ölkələrin üzünə bağlı deyil. Yəni hansı dövlətin xammalı – qazı varsa, biz onu dünya bazarlarına çıxarmağa hazırıq. TANAP vasitəsi ilə ildə 31 milyard kubmetr qaz nəql ediləcək. TANAP birinci mərhələdə 2023-cü ildə, ikinci mərhələdə isə 2026-cı ildə genişləndiriləcək. Azərbaycan 2018-ci ildə 16 milyard kubmetr qazını bu layihə vasitəsi ilə Avropa bazarlarına çıxaracaq. Bu qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə satılacaq. Lakin həmin məqamda heç bir ölkə bu layihə vasitəsi ilə qaz nəql edə bilməyəcək. Yalnız TANAP-ın genişləndirilməsindən sonra digər ölkələr də Avropa bazarlarına çıxa biləcək. Lakin bəzi jurnalistlərin dediyi kimi, İran bu layihə vasitəsi ilə 100 milyard kubmetr qaz nəql edə bilməz. İran TANAP vasitəsi ilə yalnız 5 milyard kubmetr qaz sata bilər. Həmçinin biz unutmamalıyıq ki, Azərbaycan gələcəkdə digər yataqlardan çıxardığı qazı da bu layihə vasitəsi ilə nəql edəcək. Buna görə də, böyük həcmdə İran qazı TANAP vasitəsi ilə nəql edilə bilməz. Misal üçün, bir adamın yeddi nəfərlik avtomobili var. Maşında ailə üzvlərindən başqa yalnız iki yer boş qalır. Yəni bura qonşunun 10 üzvünü yerləşdirmək olmaz. Biz enerji resursları olan dövlətlərə bütün qazı bu layihə vasitəsi ilə nəql etməyi deyə bilmərik. Çünki TANAP-da artıq yer çox deyil.

- SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, İran TANAP layihəsində səhmdarlardan biri ola bilər. Bu, realdırmı?

- Rövnəq Abdullayev bildirir ki, bu layihədə Azərbaycanın 58 faiz payı var və gələcəkdə payın bəzi hissəsini sata bilərik. Həmçinin bu paylara iddialı şirkətlər var. İran istədiyi təqdirdə TANAP layihəsində pay sahibi ola bilər. Tender keçiriləcək və kim daha yaxşı təklif verəcəksə, payın bir hissəsini əldə edəcək. Azərbaycanın özünəməxsus olan payı İrana, başqa ölkələrə satması onun maraqlarına uyğundur. Lakin Azərbaycan heç bir ölkənin qarşısında ona pay satacağı ilə bağlı öhdəlik götürməyib.

- 30 iyuna qədər nüvə proqramı ilə bağlı saziş bağlanarsa, Avropa ilə İran arasında böyük layihələr həyata keçirilə bilərmi?

- Mən yaxın müddətdə Avropa ilə İran arasında böyük layihələrin həyata keçiriləcəyinə inanmıram. Unutmaq olmaz ki, İran ilə Avropa arasında uzun müddətdir ki, heç bir siyasi-iqtisadi əlaqə mövcud deyil. Sentyabr ayında İranda Qərb dövlətlərinin şirkətləri üçün sərgi keçirilməsi gözlənilir. Lakin Qərb şirkətlərinin İranda milyardlarla dollarlıq layihələrə imza atacağı gözlənilmir. Çünki İran ilə Qərb dövlətləri arasında ilk öncə etimad yaradılmalıdır. Təkcə İran inqilabı dövründə Qərb şirkətləri burada beş milyard dollar pul itirmişdilər. Qərb şirkətləri İranda ən kiçik layihələrdən başlayacaqlar. Beş-on il müddətində ölkələr bir-birlərini yoxlayacaqlar. Hətta İran tərəfi bildirib ki, hasilatın pay bölgüsü sistemi ilə işləmək istəmir. İran Qərb dövlətləri ilə birgə müəssisələr tipində layihələr həyata keçirməyə can atır. Artıq indidən İran öz şərtini diqtə edir. Bununla da o, Qərbi bir az özündən uzaqlaşdırır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.