Nəsiman Yaqublu Turqut Ərə cavab verdi: “Türkiyə Azərbaycanın xilaskarıdır”

7-05-2016, 18:22           


Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq müşaviri, Turqut Ər “Yeni Müsavat”a verdiyi müsahibəsində bəzi şəxsləri Türkiyəyə əleyhinə təbliğatda günahlandırıb. (Həmin ittihamı bu linkdən oxumaq olar---moderator.az/news/135566.html)

Onun adını çəkdiyi şəxslər arasında Azərbaycanda türkçülüyü və Türkiyəni ən çox təbliğ edən araşdırmaçılardan biri Nəiman Yaqublunun da adı var: “Nəsiman Yaqublu deyir ki, 1925-26-cı illərdə İstiqlal Məhkəmələrində Xəlil paşanın dostu Tələt paşa deyib ki, “biz Azərbaycan Cümhuriyyətini yıxmaqla doğru hərəkət etmədik, buna görə peşmanam”. Digər yerdə deyir ki, 11-ci Qırmızı Ordu Azərbaycana gələrkən ordunun başında bir türk zabiti vardı. İndi mən ondan soruşuram: Ay Nəsiman bəy, sən tarixçi, milliyyətçi olduğunu iddia edirsən, Azərbaycan Türk Cümhuriyyətini quran partiyanın üzvüsən. Heçmi tarix oxumursan, sənədlərə baxmırsan, duyduqlarını dəqiqləşdirib, sənədləri axtarmırsan? Tələt paşa Osmanlı imperatorluğunun daxili işlər naziri olmuş, baş naziri olmuş fövqəladə güclü, dürüst, vətənpərvər, böyük bir dövlət adamı idi. “İttihad və Tərəqqi”nin baş katibi idi. Tələt paşa hazırda dünyada böhtan və qarayaxmalardan ibarət olan “Türklər erməniləri soyqırımı etdi” iddialarında əsas ittiham olunan şəxsı, “erməni köçürülməsi” qərarını imzalayan dövlət adamıdır. 100 ildir ki, ermənilər Tələt paşanı əsas hədəfləri olaraq göstərirlər. Ona görə də Tələt Paşanı və o zaman Osmanlı liderləri olan Ənvər Paşanı, Camal Paşanı ermənilər şəhid ediblər. Osmanlının bu son dövlət adamlarının üçü də 1 noyabr 1918-ci ildə ölkəni tərk ediblər. Tələt Paşa Berlinə, Ənvər və Camal Paşa Moskvaya getdilər. Tələt Paşa 15 mart 1921-ci ildə Berlində Hardenber küçəsində erməni terrorçu Tehliryan tərəfindən şəhid edildi. Camal paşa da yenə 21 iyul 1922-ci ildə Tiflisdə Karakin Lalayan və SerqoVartanyan adlı ermənilər tərəfindən şəhid edildi. Ənvər paşa 4 avqust 1922-ci ildə Qurban bayramının sabahı Düsənbə Belcivanda erməni AqobMelikyanın komandanlığı altında olan Qırmızı Ordu qüvvələrinə qarşı savaşda şəhid oldu”.
Başqa bir yerdə isə bu ittihamı irəli sürür: “Nəsiman bəy ayrıca Qırmızı Ordu Azərbaycana girəndə başında bir türk zabiti vardı deyir. Adını da söyləmir. Bu da indiyə qədər edilməmiş bir böhtandır. Professor Solmaz xanım isə “Atatürk Qırmızı Ordunun Azərbaycana gəlməsinə razı olub” deyir. Bundan başqa Məhəmməd Əmin Rəsulzadənin Xəlil Paşaya “Qırmızı Ordunu bura gətirməyin, bunlar bizə də sizə də yaxşı olmayacaq” dediyini iddia edir”.

Araşdırmaçı alim Nəsiman Yaqublu Moderator.az vasitəsilə özünə qarşı edilən ittihamlara cavab verib. Öncə, bu ittihamların əksinə olaraq özünün Türkiyənin təbliği ilə bağlı fəaliyyətini arqument kimi diqqətə çatdırıb:

“Bütün dövlərə diqqət yetirsək görəcəyik ki, həqiqətən də Türkiyə Azərbaycanın xilaskarıdır. Bizim üçün ən mühüm dövr olan 1918-ci il sentyabrın 15-də Bakının, bütövlükdə Azərbaycanın işğaldan azad edilməsində, ermənilərdən ruslardan, ingilislərdən təmizlənib müstəqil dövlət qurmağımızda türk qardaşlarımızın əvəzsiz xidmətləri var. Bunu heç kim imkan edə bilməz! Türkiyənin Azərbayacana dəstəyi, iki qardaş xalqın birgə fəaliyyəti haqqında bugünə qədər xeyli kitabım çıxıb. Azərbaycanda mənim qədər Türkiyəni təbliğ edən, onun Azərbaycana bağlılığından bəhs edən kitablar yazan ikinci bir tədqiqatçı yoxdu. Müstəqil Azərbaycan dövləti yenicə qurulduğu vaxtda ilk dəfə olaraq Lətif Özdəkin “Türklərin qızıl kitabı” adlı 4 cildlik kitabı mənim təşəbbüsüm və dəstəyimlə nəşr etdik və 30 mindən çox tirajla Azərbaycanda yaydıq. Türkiyəni və onun tarixini təbliğ etdik. Bunu Azərbaycanda ikinci bir adam etməyib. Mən bir yaxın dostumla 1992-ci ildə bu işi gördüm. O zaman Azərbaycanda nə Turqut Ər var idi, nə də Türkiyənin Azərbaycandakı səfirliyi. O zaman “Türkiyəyə yaxınam” sözünü deməyə indi özünü ortalığa atan alimlərdən heç birinin cəsarəti çatmırdı. Sonradan “Məhəmməd Əmin Rəsulzadə” kitabını yazdım. Orda da Türkiyənin Azərbaycana dəstəyi haqqında güclü təbliğat işi apardım. Sonrakı dövrlərdə Müsavat partiyasının tarixi haqqında kitablarda da bu məqam önə çıxarıldı. Nuru paşanın 1918-ci ildə Bakını işğalçılardan azad etməsi ilə bağlı kitabı 1998-ci ildə Türkiyə səfirliyinin köməkliyi ilə nəşr etdirdim. Kitab “Bakının qurtuluşu” adlanır. Kitab Qafqaz İslam ordusunun Bakını azad etməsi ilə bağlı yazılan ilk kitabdır. Onu də ilk dəfə mən yazıb çap etdirdim. Bir qədər sonra isə “Türkiyənin sovetlər dövründə Azərbaycana dəstəyi” adlı kitab çap etdirdim. Daha sonra yenə də Türkiyə səfirliyinin dəstəyi ilə Qafqaz İslam Ordusu Azərbaycanın hansı bölgələrini azad edibsə mən də orada oldum, araşdırmalar apardım. Gəncədən qapı-qapı düşüb bütün kəndləri gəzə-gəzə Göyçayda, Hacıqabulda, Ucarda, Güzdəkdə, Ağsuda,Şamaxıda, Qobustanda oldum. Kənd-kənd, ev-ev gəzib ilk dəfə lazımı fotoları çəkib “Qafqaz İslam ordusunun Azərbaycandakı izləri” adlı kitab çap etdirdim. Hələ o vaxta kimi heç kəs bilmirdi ki, Nuru paşa harada döyüşüb. Döyüşlərin xəritəsinə qədər çəkib həmin kitabda vermişəm. Bu qədər işdən sonra Turqut bəyin bu cür məsuliyyətsiz çıxışları məndə təəccüb doğurur. Turqut bəylə bizim münasibətimiz var. Bir çıxışın bir epizoduna görə bu qədər ağır fikirlər söyləməzlər. Ən azı Türkiyənin təbliğinə aid ona qədər kitab yazan bir adam haqqında bu cür fikirləri səsləndirmək olmaz. Heç Turqut Ərin özü Türkiyə haqqında mənim qədər kitab yazmayıb. Kitablarımın da adını dedim. Kim istəyirsə gedib birbaşa mənbələrə baxsın”.

Daha sonra Nəsiman Yaqublu Turqut Ərin əsas etirazına səbəb olan ANS televiziyasındakı bir proqramda etdiyi çıxışa da toxunub. Alimin sözlərinə görə, 1920-ci il 27 aprel işğalına həsr edilən proqramdakı bütün çıxışları Rəsulzadənin əsərlərinə istinadən deyilib:

“ANS-in hazırladığı veriliş 1920-ci ildəki işğal haqqında idi. Həmin proqramda mən 1920-ci il 27 aprelində Azərbaycanın necə işğal edilməsi ilə bağlı çıxış etmişəm. Orada Azərbaycanın işğalının səbəblərini sadalamışam. Bu səbəbləri də sadalamaqda məqsədim tamaşaçılara daha dəqiq fikirlər çatdırmaqdır. Orada bir neçə səbəblər sadalamışam və Rəsulzadənin 1923-cü ildə elə Türkiyədə çıxan “Azərbaycan Cumhuriyyəti” kitabına istinad etmişəm. Turqut Ərin etiraz etdiyi fikirlərin hamısı Rəsulzadənin Türkiyədə çap edilən “Azərbaycan Cumhuriyyəti” kitabındandır. Mən də ora istinad edib demişəm. Əgər bu kitab düzgün deyildisə onda Türkiyə hökuməti niyə o kitabı çap edirdi. Bu kitabı 1990-cı ildə İstanbulda yenidən çap ediblər. Azərbaycan Türklərinin Kültür və Dayanışma” dərnəyi professorlar Yavuz Akpınar, İrfan Murad Yıldırım və Səbahəddin Çağımın rəhbərliyi ilə o kitabı çap ediblər. Türklərin o zaman tutduğu mövqe bu nəşrdə də öz əksini tapıb. Turqut Ər bəyə məsləhət görürəm ki, kitabın 85,86,87-ci səhifələrini oxusun. Əgər oxusa mənim dediklərimin hamısını orada görəcək. Əgər kitab oxumayıbsa və oxumadan bu sözləri danışırsa mənim nə günahım var ki?! Getsin kitab oxusun da”.

Nəsiman Yaqublu Turqut Ərin əsas irad nöqtəsi olan Tələt paşa və “İstiqlal məhkəməsi” barəsindəki faktları da böyük Rəsulzadəyə istinadən dediyini vurğulayır:

“O ki qaldı “İstiqlal məkəməsi” ilə bağlı olan iradlara, yenə deyirəm, getsin Rəsulzadənin bayaq adını çəkdiyim kitabına baxsın. Orada bu məhkəməyə aid faktlar var. Kitabda yazılanları ciddi şəkildə öyrənsin. Bunlar tarixdə olubsa biz niyə gizlətməliyik ki?! O zaman Türkiyə həqiqətən də ağır vəziyyətdə idi. Ruslarla yaxınlıq edirdilər. Ümid bəsləyirdilər ki, həqiqətən Rusiya gəlib Türkiyəyə kömək edəcək, Azərbaycandan keçib Anadoluuya gedəcək. Guya o dövrdə bizim AXC rus ordusunun Azərbaycandan keçib Türkiyəyə getməsinə mane olurdu. Belə bir yalançı şüar də yaymışdılar.

Sabiq müşavir Turqut Ər müsahibədə Nəsiman Yaqubluya daha bir etirazı bu olur: “ Qırmızı Ordu Azərbaycana girəndə başında bir türk zabiti vardı deyir. Adını da söyləmir. Bu da indiyə qədər edilməmiş bir böhtandır”. Araşdırmaçı alim öz növbəsində Moderator.az saytına açıqlamasında bunun da cavabını verir:


“Turqut Ər müsahibəsində Qırmızı Ordunun başında gələn bir türk zabitinin adını çəkmədiyimi deyir. Adı Necati bəydi. Mənbəni bir daha göstərirəm- M.Rəsulzadə “Azərbaycan Cumhuriyyəti” kitabı. Getsin, tanış olsun. Orada yazılır ki, Volqaboyu türklərindən olan Necati bəyi ordunun qabağında qoymuşdular ki, guya o komandirdi və Türkiyəyə kömək etməyə gedir. İndi mən soruşmaq istəyirəm - Həmin dövrdə dövlətin başçısı olan Rəsulzadənin sözlərinə inanaq, yoxsa Turqut Ərin bu cür mənasız fikirlərinə?! Əlbəttə ki, biz həmin hadisələri öz gözü ilə görən bir dövlət başçısına inanmalıyıq da.
Turqut Ər müsahibəsində 99 faiz yalan danışır və fikirləri təhrif edir. 1920-ci illərdə Rusiyanın Türkiyə ilə yaxınlaşma prosesi gedirdi.Turqut Ər bəy bunu niyə etiraf etmir?! 1922-ci ildə Rusiyanın təhriki ilə Türkiyədən Azərbaycan mühacirləri çıxarıldı. Bunu demək məgər Türkiyənin əleyhinıə çıxış etməkdi? Bu tarixi fakt olub. Tarixi faktları təhrif etmək düzgün deyil. Orada Türkiyə əleyhinə heç bir kampaniya aparılmayıb. Bir verilişdə 4 səbəbdən birini demişəm. O da bu idi ki, həmin vaxt Bakıda olan türklər Azırbaycanı müdafiə edə bilmədi. Burada nə böyük problem var ki?! Bu məgər propaqandadı?! Turqut Ər az qala bunu siyasi təşkilat yaratmaq kimi qeyd edir. Belə şey olar?! İnsan öz fikrini söyləməməlidir? Özü də bu fikirlərin istinad nöqtəsi Azərbaycan Xalq Cumhriyyətinin başçısı olan bir şəxsdi. Bunu hamı bilsin: Mən nə demişəmsə Rəsulzadənin kitablarından çıxış edib demişəm. Kitabların da adı belədir: “Azərbaycan Cumhriyyəti”, “İstiqlal məfkurəsi və gənclik”, “Rusiyada siyasi vəziyyət”. Bu kitablara istinad edib fikirlərimi söyləmişəm. Onun bu kitablara da etirazı varsa öz fikirlərini yazsın və əsaslandırsın. Mən də o zaman ona yenə də cavab verməyə hazıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.