"Mübariz Mənsimov futboldan küsüb" - MÜSAHİBƏ

31-05-2016, 12:35           

“Xaqani Məmmədov işini, sənətini sevən insandır. Jurnalistlərlə danışıq qabiliyyəti zəif olduğu üçün, üstünə çox basqılar olur. İş keyfiyyətinə qaldıqda isə, onun yerinə ikinci bir şəxs görmürəm. İstər məndən incisinlər, istər inciməsinlər. Hakimlər Komitəsinin rəhbəri olmaq çox əziyyətli işdir. Mən Xaqani Məmmədovun hansısa komandaya qarşı simpatiyası olduğunu hiss etmirəm. Xaqani Məmmədov çalışdığı müddətdə bir neçə yaxşı hakim yetişdirib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözlər PFL-in prezidenti Ramin Musayevə məxsusdur. “Xəzər TV”də yayımlanan “Futbol Saatı” verilişinin qonağı olan Musayev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun jurnalistlərlə dil tapa bilməməsinə münasibət bildirib:
“Xaqani Məmmədov təbiətcə qorxaq adamdır. Telefonu söndürür, jurnalistlər zəng edir və cavab vermir. Telefona cavab verməmək onda xəstəlikdir. Mən futbolu ondan yaxşı bilmirəm. Bəs niyə sevilirəm? Jurnalistlərə cavab verdiyimə görə. Ancaq Xaqani Məmmədovda qorxaqlıq var. O, buna görə jurnalistlərdə özünə qarşı nifrət yaradıb. Ancaq insanın davranışına yox, işinə hörmət etmək lazımdır”.
Ramin Musayev həmçinin “Xəzər Lənkəran”ın əsas komandasının fəaliyyətini dayandırmasını da şərh edib:
“Mübariz Mənsimov futboldan küsüb. Ona görə də “Xəzər Lənkəran” bu vəziyyətə gəldi. O, bu qədər əziyyət çəkdi və qarşılığını görmədi. Mənsimov müflis olmayıb. Mübariz bəy vətənpərvər insandır. O, həmişə vətəninə, xalqına sadiqdir. Millət vəkili Qənirə Paşayeva da bildirib ki, “Palmali” şirkətlər qrupunun rəhbəri vətənpərvər insandır. Qənirə Paşayevanın Türkiyədə ermənilərə qarşı kəskin çıxışı zamanı xəbəri olmadan Mübariz Mənsimov onun təhlükəsizliyini təmin edib. Həm də ola bilər ki, Mübariz Mənsimov fikrini dəyişdi, komandanı iddialı şəkildə çempionata qaytardı. Biz buna sevinərik”.
PFL prezidenti AFFA-nın baş katibi Elxan Məmmədovla aralarında soyuq münasibətlərin olduğuna dair xəbərlərə də reaksiya bildirib:
“Elxan Məmmədov mənim balaca qardaşımdır. Onunla münasibətlərimiz yaxşıdır. Bir vaxtlar aramızda soyuqluq olub. Həmin vaxt mən “Neftçi”də işləyirdim. Ayrı-ayrı bayraqlar altında işləyirdik. Hazırda isə eyni bayraq altında çalışırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.