Orxan Nadirov “İlhaməni oğulluğu öldürüb” ittihamlarına CAVAB VERDİ

31-05-2016, 13:37           

“İlhamə Quliyevanı öldürən Orxanın əməlləri olub”. Son vaxtlar mərhum xalq artistinin yaxınları daha çox bu iddia ilə oğulluğu Orxan Nadirovun barəsində ittihamlar səsləndirirlər. Yaxınlarının mətbuata verdiyi açıqlamalardan belə məlum olur ki, Orxan Nadirov onu böyüdüb-bəsləyən xalq artistini ömrünün sonlarına yaxın hansısa səs yazması ilə şantaj edir, telefon zəngləri onu əsəbiləşdirirmiş. Hətta onun ürəyini “partladıb” ölümünə səbəb olan sonuncu telefon zəngi də məhz O.Nadirova məxsus olub.
Haqqında səslənən ittihamlarla bağlı xalq artistinin oğulluğu Orxan Nadirov “Yeni Müsavat”a müsahibə verib. Müsahibəni təqdim edirik:
– İlhamə xanımın yaxınları iddia edir ki, məhz sizin zənginizdən sonra İlhamə xanımın vəziyyəti pisləşib və gözlənilmədən dünyasını dəyişib. Sonuncu dəfə İlhamə xanımla nə vaxt telefon əlaqəsi saxlamışdız?
– Əvvəla, iddianı irəli sürməzdən qabaq hər hansı bir formada sübut olmalıdır. İkincisi, Allaha şükür ki, 21-ci əsrdir və telefona daxil olan, çıxan zənglərin hamısı qeydiyyata düşür. Yəni hamısının surətini çıxartmaq, kim kimə zəng edib, kimdən kimə zəng gedir, kim nə danışıbsa onu da bilmək olur. Ölkəmizin qayda-qanunu, hüquq-mühafizə orqanları, yəni bu işlə tam ciddi surətdə məşğul olacaq insanlar var, ölkə dərəbəylik deyil. Kiminsə başqasının haqqında qərəzli mövqe irəli sürməsi o demək deyil bu belədir. Həmişə demişəm, indi də deyəcəm, hər kim mənim barəmdə qərəzli söz deyirsə və onu sübuta yetirə bilməsə, qanun qarşısında cavab verəcək.
O ki qaldı mənim zəngimdən sonra əsəbiləşməsinə, bu, əsla belə deyil. Mərhum anam mənə 24-dən 25-nə keçən gecə özü zəng etmişdi. Mənim olduğum yeri məndən soruşub. Demişəm ki, şəhərdəyəm. Mənə irad tutdu ki, sən niyə bu vaxt çöldəsən, saat 11-dir, sənin evdə uşağın var. Dedim ki, bir saata gedirəm evə. Savabı bu oldu ki, evə çatan kimi mənə zəng et, uşaqla danışım. Dedim “yatmasa zəng edərəm, danışarsan”… Yəni aramızdakı danışıq belə olub.
Anamın rəhmətə getməsindən 3 aydan çox vaxt keçir. Yəni bu vaxt ərzində o qədərmi hüquq-mühafizə orqanları aciz oldu ki, araşdırma aparıb çıxarda bilməyiblər sonuncu zəng Orxandan gedib və o əsəbiləşib?! Belə çıxır ki, bu ittihamı irəli sürənlər hamıdan ağıllıdırlar, hüquq-mühafizə orqanlarında işləyənlərdən də?
Heç kim özünü ağıllı göstərməsin.
– Əli Mirəliyev də deyib ki, siz onu hansısa səs yazısı ilə şantaj edibsiz və İlhamə xanım bundan çox narahat olub qorxurmuş.
– Cəfəngiyyatdır! Əgər belə bir şey olsaydı hüquq-mühafizə orqanları bu məsələni araşdırardı.
– İlhamə xanımın dayısı oğlu Eldar İsmayılov, Əli Mirəliyev və köməkçisi Fatma Əliyeva bildiriblər ki, sonuncu dəfə Binəqədi polis idarəsinə çağırılanda sizi müğənni Ağadaş Ağayevin zəngi qurtarıb. Bəs bu əhvalat necə olub?
– Olar ki, sizə bir sual verim? Sizin fikrinizcə, İlhamə Quliyeva, yəni mənim anam bu dərəcədə zəif adam olub ki, mənim hansısa bir polislə problemim olsa Ağadadaş Ağayevə zəng edib ondan nəsə xahiş etsin? Əgər belə bir şey olsaydı Ağadadaş müəllim yəqin ki, bu məsələyə münasibət bildirərdi. O ki qaldı Binəqədi polisindəki işlə bağlı, bəli, iş olub və mən ora şahid qismində getmişəm.
– Bəs sizcə, niyə üç şəxs bir ağızdan eyni iddianı söyləyir?
– Bunu onların özlərindən soruşmaq lazımdır. Əgər bunun üçü də bir sözü deyirsə, bu, hazırlanmış ssenariyə bənzəyir. Üç aktyor eyni ssenarini təkrar edir.
– İlhamə xanımın bacısı İradə xanım da açıqlamasında qeyd etmişdi ki, mərhum xalq artisti ona gəlmiş son zəngdən sonra əsəbiləşib, ürəyi dözməyib, dünyasını dəyişib. Sizcə, sonuncu zəng kimdən gələ bilərdi? İlhamə xanımı bu qədər əsəbiləşdirən nə ola bilərdi?
– Vallah, mən bu barədə heç nə deyə bilmərəm. Çünki hazırda telefon ekspertizadadır, prokurorluq da bu işlə məşğul olur, mən istintaqa müdaxilə edə bilmərəm. Sonda, yekunda hər şey müəyyənləşəcək – kimdən gəlib zəng, kiminlə danışıb. O ki qaldı İradə xanıma, onun özü bu barədə fikir irəli sürməyib, əgər özünün hansısa müsahibəsi varsa, bu, başqa məsələ. Amma kimsə İradə xanımın adından istifadə edib danışırsa, çox nahaq yerə! Yəni İradə xanım heç vaxt belə bir fikri irəli sürə bilməz. Sürməz!
– Haqqınızda səslənən iddialardan biri də budur ki, sizin nə təhsiliniz, peşəniz, nə də işiniz var, dələduzluq etməklə qazanc əldə edirsiz. Bu barədə nə deyərdiz?
– Mən özüm hüquqşünasam, Odlar Yurdu Universitetini bitirmişəm. Əhməd Vəliyevin tələbəsi olmuşam.
– Hazırda hardasa işləyirsiz?
– Bizneslə, ticarətlə məşğulam. Uzun illər turizm xidmətlərində işləmişəm. Özümün də dostumla şərikli turizm şirkətim olub. Turizm sahəsinə meylli olmuşam, baxmayaraq ki, hüquqşünasam…
Açığı, bir kəlmə söz deyim sizə. Adətən mətbuatdan özümə qarşı həmişə qərəzli mövqe görmüşəm. Ona görə açıqlama verməkdən qaçmışam… İnsan həyatda gərək düşünüb, dərk edib danışsın, yaşına, saçının ağlığına, özünə hörmət qoymalıdır. Kiminsə barəsində hər hansı fikir irəli sürməzdən əvvəl birinci növbədə fikirləşmək lazımdır ki, bu ittihamı irəli sürürəm və bunu sübuta yetirə bilməsəm, o adam mənim haqqımda məhkəməyə, polisə müraciət etsə, ona cavab verə biləcəm, ya yox? Barəmdə qərəzli fikir söyləyən insanların hər biri barədə rəsmi surətdə polisə, məhkəmə orqanına müraciət edəcəm.
Hamı ilə qanun çərçivəsində rəftar edəcəm, qeyri-qanuni bir şey etməyəcəm. Kim nə ittiham irəli sürüb, Allah canını sağ eləsin, heç nə demirəm. Allah hamının köməyi olsun, necə deyərlər, qarşısına çıxartsın hər bir şeyi. Allah özü hakimdir. Əgər mənim hər hansı bir təqsirim, günahım varsa, qanun və Allah qarşısında cavab verməyə hazıram. Amma əgər yoxdursa, mənim barəmdə pis, səhv fikir söyləyib, məni ləkələməklə nə isə əldə etmək istəyirlərsə çox səhv edirlər. Bir məsəl var, “ağ ləkə götürmür”.
– Firəngiz Mütəllibova müsahibəsində bildirmişdi ki, “İlhamə xanımın məzarı üstə getdim və dəhşətə gəldim… əvvəllər gülə – çiçəyə tutulan İlhamə xanımın məzarı üstə heç nə yox idi?” Doğrudanmı bu gün İlhamə xanımın məzarı tənhalığa qərq olub? Siz özünüz qəbir üstünə gedirsiz?
– Aydınlıq gətirim sizə. Fəxri Xiyaban idarəsi çox gözəl təmizliyə riayət edir. Hazırda havalar da istidir, ora qoyulan gül bir gündən artıq qalmır. Əgər bugünkü havada qəbir üstündəki gül solubsa onu təmizləyirlər. Amma hər həftənin 4-cü, 5-ci günü ora gül aparıram. Həftə ərzində bir dəfə ziyarət edirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.