“Çörək satan olmuşam, utanmıram da...” - Sevda

1-06-2016, 11:20           

teref.az Müğənni Sevda Yəhyayevanın “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Sevda, yaradıcılığınızda nə yenilik gözlənilir?

- Yeni layihə üzərində çalışırıq. Bir həftəyə yeni klip çəkdirib təqdim edəcəyik. Hələ bu barədə danışmaq istəmirəm. Heç kəsin edə bilməyəcəyini növbəti layihəmdə edəcəyəm. Hamı hər şeyi edib, ancaq mən reallaşdırdığımı heç kəs etməyib. İnşallah, maraqlı bir layihədir. Çəkilişlər Bakıda baş tutacaq.

“Kamera qarşısında bir-birinin saçını yolur, söz atır, daha sonra isə məşhur olur”

- Sizi tez-tez xeyriyyə tədbirlərində görürük… Reklam üçün belə tədbirlərə qatılanlar da var.

- İnanın, bütün xeyriyyə tədbirlərində iştirak edirəm. Mənə zəng vurub deyirlər ki, xeyriyyə tədbiri var, bütün kanallar da olacaq. Belə olan halda həmin tədbirdən imtina edirəm. Çünki, uşaqlara görə gəlirik, mahnı oxuyuruq. Bu cür tədbirlərdən reklam güdmürəm. Şükür Allaha ki, reklama ehtiyyacım yoxdur, hər kəs məni tanıyır.

5-10 məşhur müğənni varsa, onlardan biri də mən sayılıram. Reklamı yeni mahnı, klip və layihə ilə etmək olar. Qalmaqalın özü də reklamdır, uzun müddət bundan qaçmışam. Dava etməyə maliyyə də sərf etmisən. Kamera qarşısında bir-birinin saçını yolur, söz atır, daha sonra isə məşhur olur. Bu yolu seçmədim, çətinə əl atdım. İşlə gündəmdə qalmaq çox çətindir. Hər müğənni də bunu bacarmır. Yəni, xeyriyyə tədbirlərində özümü çox xoşbəxt hiss edirəm.

- Qalmaqal etmirsiz, elə bil özünüzə bir xətt çəkmisiz və həmin xətlə yolunuzu davam edirsiz. Gündəmdən düşməkdən qorxmursuz?

- Yox, qorxmuram. Əlbəttə, iş görməsəm gündəmdən düşərəm. Mənim dayanmaq fikrim yoxdu, hər zaman axtarışdayam. Fərqli şeylər etmək niyyətindəyəm. Uğurlarım var, ancaq bununla kifayətlənib oturmuram. Demirəm ki, hamı məni tanıyır, mahnılarımı sevir, mənim ki, buraya qədər... Yox, qətiyyən belə bir şey yoxdur.

- Son təqdim etdiyiniz “Hadi ordan” mahnısı qalmaqala səbəb oldu. Müğənni Nigar Camal mahnını ABŞ-da anarjiman etdiyiniz üçün sizi qınadı…

- Belə baxanda, biz gürcülərlə də işləyirik. Mahnını göndəririk, klipi də çəkdiririk. Necə olur ki, onlar mahnıya klip çəkə bilirlər? Nə fərqi var? Biz onların başa düşməyi üçün mahnıların sözlərini tərcümə edirik, ora göndəririk. Gürcü rejissorlar mahnının sözlərini oxuyur, bu mahnının nədən bəhs etdiyini başa düşür və klipini çəkir. Qarşı tərəfin fikri ilə razı deyiləm. Deyir ki, xaricilər bizim üslubu anlaya bilmədiyi üçün aranjiman edə bilməz. Məsələn, Amerikada bizim dili başa düşmürlər, ancaq mahnının sözlərini tərcümə edirsən, onlarda buna uyğun addım atırlar.

Mən amerikalıya demiyəcəm ki, bu mahnını Azərbaycansayağı hazırla? İkincisi isə mahnı ABŞ-da anarjiman olmayıb. Mahnının sözləri və musiqisi Sezgi Keskinə, aranjimanı Soner Kıvanca aiddir. Mahnını Türkiyədəki studiada ifa etmişəm. “Hadi ordan”ın son tamamlama işləri isə ABŞ-da reallaşıb. Pop-rok heç vaxt ifa etməmişəm. İstədim ki, repertuarımda yenilik olsun. Bu dəfə başqa Sevdanın görünməyini istədim.

“Əgər pulunu sevirsə, onda bunun davamı gəlmir, alınmır”

- Sizin prodüserləriniz dəyişdikcə mahnılarınızın tərzi də dəyişir. Bunun səbəbi nədir?

- (Gülür). Pərvizlə əməkdaşlığımızdan savayı gözəl dostluq münasibətlərimiz var. Onu çox istəyirəm, onunla əməkdaşlığımız alınır, istedadlıdır və işləyən beyni var. Müğənni ilə menecerin işbirliyi o zaman uğurlu olur ki, həmin şəxs ifaçısını çox istəyir. Əgər pulunu istəyirsə, onda bunun davamı gəlmir, alınmır. Qətiyyən, prodüserlərin dəyişməyi mahnı tərzimə təsir etmir. Bu, məndən asılıdır. Ab-havamın təsiri var. Bəstəkar yanına gedirəm, mahnını ifa edirəm. O anda ifa edəcəyim mahnını hiss edirəm, oxuyuram.

- Röya Ayxanın evində çox olursuz. Hətta, birlikdə seriala da baxırsız.

- Hə, bir-iki serial var ki, birlikdə baxırıq. “Kara sevda”nı izləyirik. Serialın son bölümləri elədi ki, heç ağlamırıq, gülürük. Yenə təzə başlayanda ağlayırdıq, indi isə dəyişib. Seriala “Qara sevda” deyirik, belə ad qoymuşuk. Röya ilə vaxtımız olanda tez-tez görüşürük. Həftədə bir dəfə məhz o serial üçün bir araya gəlirik. Elə bil “Kara sevda” bizi birləşdirir. Amma son bölümləri maraqsız olub. Əvvəldən izləmişik deyə məcbur baxırıq.

- Röya ilə yaxın rəfiqəsiz. Onun əksər mahnıları hit olur. Sizə mahnı seçimində köməklik göstərir?

- Maşallah deyin (gülür). Hə yaxın rəfiqəyik. Mən hamıdan məsləhət alıram. Düzdü, ən son qərarı özüm verirəm. Birinci növbədə mahnımı anama qulas asdırıram, onun rəyini öyrənirəm. Deyirəm ki, sən anam kimi yox, tamaşaçı kimi qulaq as. Bilirəm ki, mənə doğrusunu deyəcək. O qədər doğru danışmayanlar olur ki. Pis olduğu halda “yaxşı” deyənlər var. Daha sonra mahnı əla olsa da, uğur qazanmamaq üçün “pis” deyənlər var. İnsanın ən yaxını hər zaman doğru söyləyir.

- “Sevda, bu mahnıl tutmayacaq”… Ananız sizə heç belə şey deyib?

- Anamın bir sözü var. Deməli, hər dəfə mahnını mənə göndərən anama qulas asdırıram. 1-2 mahnıya qulaq asıb deyir ki, bala, yaxşı mahnıdır, amma hit deyil (gülür).

“Şərh yazırlar ki, kim olmusan? Mağazada çörək satan olmusan da…”

- Qobuda boya-başa çatmısız. Həmin qəsəbəyə gedib-gəlirsiz?

- Hə, gedirəm. Orada bağ evimiz var.

- Mən bilən çörək mağazanız da var.

- Bizim deyildi, anam orada satıcı işləyirdi. Mən də ona kömək edirdim. Orada bağçaya və məktəbə getmişəm. İndi anamın əvvəl işlədiyi mağazaya da girirəm, oradan bazarlıq da edirəm. Doğrudan, insan fərqli hisslər keçirir. O günə baxanda çox şükür edirəm. Öz üzərimdə işlədim, əziyyət çəkdim. Qazandığım uğuru heç kəs "padnus"da gətirib mənə təqdim etməyib. Özüm əldə etmişəm. Bəzən instaqramda şəkil paylaşıram. Şərh yazırlar ki, kim olmusan? Mağazada çörək satan olmusan da… Mən ondan utanmıram.

Həmişə ürəkdən demişəm, hamıda bilir ki, orada işləmişəm. Bəli, satıcı işləmişəm, ayıb bir şey deyil, utanmıram. Oğurluq etməmişəm, başqa addım atmamışam. Sadəcə olaraq çörək pulumu qazanmışam. Satıcı işləmişəm, yaxşı eləmişəm. Görün hardan haraya gəlmişəm. Bu da insanlara bir örnəkdir. Nə məqsəd qoymusansa, onu reallaşdırmaq lazımdır. Heç kim pessimist olmasın. Maaşı az olan, satıcı işləyən özünə sual verməsin ki, mən neyniyəcəm? Məqsəd qoyun, inanın həmin məqsədinizə çatacaqsız.

- Sevda o illərə baxanda çox dəyişib?

- Şükür Allaha ki, xarakterimdə dəyişiklik olmayıb. Nə qədər yaşayacağamsa, bir o qədər də xasiyyətimdə dəyişiklik olmayacaq. Deyərdim ki, 5 il əvvəl daha çılğın idim. Hər şeyə uşaq kimi baxırdım, indi isə yaş öz sözünü deyir. İndi həyata daha real baxıram. Şan-şöhrət və uğur o demək deyil ki, özümü dəyişim?

- Həmkarlarınızdan bir neçəsi bildirib ki, bütün qohumlarına onlar baxır, problemlərini öz çiyinlərində daşıyır. Sizdə vəziyyət necədir?

- Məndə də belədir. Ailəmə baxıram. Qohumlarıma baş çəkirəm, bacardığım qədər kömək olmağa çalışıram. Təsəvvür edin ki, ailədə, nəsildə ən varlı mən hesab edilirəm. Mən buna sevinirəm, Allah şükür ki, mənə yetirib. Bunu tək yemirəm, qardaşımla, ailəmlə bölüşürəm. Onlara da mən baxıram.

- “Yeni ulduz” iştirakçılarının əksəriyyəti öz ad və soyadları ilə təqdim edilir. Digərlərinin adlarının qarşısında müsabiqə iştirakçısı sözü artırılır və yaxud “Yeni ulduz Elvin”, “Yeni ulduz Aygün” kimi səhnəyə çağırılır.

- Mənə yeni çıxanda “Yeni ulduz Sevda” kimi təqdim edirdilər. Zamanla hər şey düzəldi. “Sevda Yəhyayeva” kimi təqdim olunmağa başladım, belə də davam etdi. Gördüyüm işlərdə, mahnılar və kliplərdə öz ad soyadımı qeyd edirdim, bununla da həmin “Yeni ulduz” ləqəbi öz üzərimdən götürüldü. Amma bu müsabiqə həyatımda böyük rol oynadı, ilk dəfə burada səhnəyə çıxdım.

“Çox elçilər gəldi, amma mən ərə getmədim”

- Nə vaxta kimi oxuyacaqsız?

- Ölənə kimi… Gələcəyi deyə bilmərəm. Mən oxumağa hobbi kimi yox, iş kimi baxıram. Mənim arzum bu idi. Oxumağa görə çox şeylərə “yox” demişəm. Buna ailə qurmağı, ərə getməyi misal çəkə bilərəm. Məsələn, “Yeni ulduz” müsabiqəsindən sonra çox elçilər gəldi, amma mən ərə getmədim. Müğənni olmaq istəyirdim. Çox şeylərə yox demişəm, qətiyyən də peşman deyiləm. Arzuladığım arzulara çatmışam. Uşaq vaxtı hər zaman deyirdim ki, müğənni olacam, səhnəyə çıxacam. Qardaşım məni ələ salıb gülürdü.

Müğənnilərin klipləri efirdə gedəndə məni çağırırdı, deyirdi ki, sənin də belə klipin olacaq? Heç vaxt olmayacaq. Çünki, biz kasıb bir ailə idi. Qardaşım düşünürdü ki, heç vaxt belə bir şeyi edə bilməyəcəyik. Mən ona cavab verirdim ki, vaxt gələcək, hər arzum reallaşacaq. İndi isə konsertlərimi, kliplərimi ona göstərirəm. Doğrudan da insan məqsəd qoymalıdır.

"Mənə şərt qoyulmuşdu ki, ailə qur, müğənni olma..."

- Müəyyən yaşdan sonra ailə qurmaq istəyəcəksiz…

- Əvvəl mənə şərt qoyulmuşdu ki, ailə qur, müğənni olma. Mən isə bu sənəti seçdim. Hər şeyin öz vaxtı var. Qismət olacaq, ailə həyatı da quracam. İnanıram ki, hər şey yaxşı olacaq. Xanım kimi çox xoşbəxtəm, işim də öz yerindədir. Ətrafımda mən istəyən insanlar var. Təklik Allaha məxsusdur.

- Hər insanı dost kimi qəbul edirsiz?

- Heç bir insanın qarşısına şərt qoymuram. Birinci növbədə sən özün yaxşı olmalısan. Özün yaxşısansa, qarşındakına da yaxşı olacaqsan. Necə münasibət görürsənsə, elə də qarşılığını verirsən. Özündə nəsə çatışmazlıq varsa, sənin də qarşına çıxacaq. Heç kəsə deməmişəm ki, mən bu cür insanam, mənə uyğunlaşmalısan.

-Adətən tədbirlərdə sizin yerinizə bir neçə müğənninin səhnəyə çıxdığının şahidi oluruq.

- Dava edim? (gülür) Durub yerə görə dava edən deyiləm. Bəlkə, müğənni harasa tələsir? Bəlkə mən də tələsəndə yaxınlaşıb xahiş edərəm ki, sənin yerinə mən səhnəyə çıxım. Tələsmirsəmsə, özümə niyə əl qatıram? Qoy oxusunlar, mən gözləyərəm.

- Son zamanlar xeyli çəki atmısız. Depressiyaya filan düşməmisiz?

- Allah eləməsin, depressiyada olanda əksinə kökəlirəm. İdman edirəm, qidalarıma diqqət edirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.