Manaf Ağayev: "Kişi kimi öhdəsindən gələ bilmirəmsə..."

3-06-2016, 22:24           

teref.azmüğənni Manaf Ağayevin musavat.com-a verdiyi müsahibəni təqdim edir:

- Deyirlər ki, toylara 15 min manata gedirsiniz. Bu iddialar nə dərəcədə doğrudur?

- Allah ağzından eşitsin. Kaş, toya 15 min manata gedərdim. Amma bu, boş söhbətdir. Mənim konkret toy qiymətim yoxdur. Qohum, yerli, tanış toyuna havayı gedirəm. Mağaza deyilik ki, konkret qiymət deyək. Təbii ki, baha qiymətə getdiyim toylar da var. Mən kəndimə, rayonuma necə baha qiymətə gedə bilərəm? Mən pul deyə bilmirəm.

- İllərdir ki, bu sənətdəsiniz... Şou-biznesdə nələri bəyənmirsiniz?

- Hər kəs öz adını daşıyır. Bir tamaşaçı kimi mənim də şou-biznesdə xoşuma gəlməyən məsələlər var. Ağzımızda şou deyirik, hərənin bir cür yaşayış tərzi var. Mənim də öz dəsti-xəttim var, mən şou adamı deyiləm, yaşım da o yolu dəstəkləmir, xasiyyətim qalmaqalı sevmir. Sözüm olanda kamera arxasında deyirəm, qaranlıq qalan məqamlara aydınlıq gətirirəm. Bəziləri gündəmə gəlmək üçün qalmaqal yaradır, mənim o yaşım deyil.

- Bezib, şou-biznesdən uzaqlaşmağı düşünmüsünüzmü?

- Təbii ki, bu, olub. Heç kim deyə bilməz ki, həmişə bu sənətdən zövq alıb. Bu sahənin çətinlikləri çoxdur. Bəzən olur ki, soyuqlayırsan, səs batır. Toyda 5 manat xətrinə sərxoş insanlara dözürsən, kiminsə qabağından qaçırsan. O zaman işinə nifrət edirsən. Bu sənətin gözəlliyi qədər pis tərəfləri də var. Qadınlar üçün müğənnilik çətin sənətdir, mən kişi kimi öhdəsindən gələ bilmirəmsə, onlar daha çox əziyyət çəkir. Bunu görmək, yaşamaq lazımdır. Toyda o qədər dava-dalaşa düşmüşəm, artıq söz deyiblər, özümdən çıxmışam. Başqa ölkəyə toya getmişəm, təyyarə qəzalı vəziyyətə düşüb, əlimi qaldırıb Allaha dua eləmişəm ki, sağ qalım, bir də başqa ölkəyə toya getməyəcəyəm. Bunların hamısını yaşamışam. Onu da deyim ki, rahat əldə edilən işin də ləzzəti olmur, insan tez bezir. Əziyyətli işin bəhrəsi bol olar.

- Manaf Ağayevi insanlara sevdirən nədir?

- Mənim təbiətim fərqlidir, insanlar məni xarakterimə görə sevir. Adam var ki, söz deyəndə dişini ağardır. Mən hər şeyin yerini bilmirəm, heç kimin xətrinə dəymirəm, hörmət etdiyim qədər də hörmət görmək istəyirəm. Əvvəllər daha çox davakar idim, bir söz eşidirdim, gecə yata bilmirdim ki, səhər o adamı tapıb cavabını verim. Bəzən isə jurnalistlərlə problem yaşayıram. Keçən dəfə bir jurnalist zəng edib söz soruşdu, dedim ki, toydayam, səhər zəng edin. Sonra oğlum zəng edib deyir ki, ata, yazıblar ki, 28 Mayın nə günü olduğunu bilməmisən. Halbuki, ondan əvvəl mən "İnstagram"da 28 May haqda yazmışdım. Belə şeylər məni qıcıqlandırır. Bəzi jurnalistlər ancaq pis işimi güdür, o qədər yaxşı işlərim olur ki, bir nəfər yazmır. Bizdə belədir. Pisi yazdıqları kimi, yaxşını da yazsınlar. Biri yazmır ki, Manaf, halal olsun sənə, nə yaxşı varsan, Allah sənin kimi oğuldan çox eləsin. Bu sözləri niyə xalq deyir, amma bəzi jurnalistlər məni vurmağa çalışır? Jurnalistlər ən savadlı insanlardır, onlar səhv yaza bilməzlər. Mən nə qədər savadsız olsam da, öz bayramımız barədə məlumatım var.

- Özünüzü niyə savadsız adlandırırsınız?

- Ali təhsilliyəm, savadsız deyiləm. Amma jurnalistlər məndən savadlı olmalıdır. Mən səhv edə bilərəm, o, edə bilməz. Müğənni savadsız ola bilər. İbrahim Tatlısəs 2-ci sinifdən sonra məktəbə getməyib, amma dünya onun səsini sevir. Elə müğənni var ki, adını yaza bilmir, amma mahnıları qızıl fonddadır. Biz gərək, bir-birimizi başa düşək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.