"Zeynəb Xanlarovanın məni dəvət etməsi..." — MÜSAHİBƏ
4-06-2016, 19:15
Bu gün tanınmış klarnet ifaçısı Zahid Qubadlının 40 yaşı tamam olur. Musiqiçi yubiley günündə Ölkə.Az-ın suallarını cavablandırıb.
- Zahid bəy, bu gün qırx yaşınız tamam olur. Deyirlər ki, qırx yaş qocalığın cavanlığı, cavanlığın isə qocalığıdır. Bəs sizcə necədir?
- Belə deyirlərsə, deməli, belədir. Amma hər bir kəsin şəxsi düşüncəsi də var. Şəxsən mən belə düşünmürəm ki, qocalığın cavanlığındayam. İyirmi beş ildir ki, bu sənətdəyəm. Hər gün nələrsə öyrənməyə, biliklərimi artırmağa, daha yaxşı ifa etməyə çalışıram. Dünənki ifam məni qane etmirsə, bu gün daha yaxşısını etməyə çalışıramsa, özümü çox gənc hiss edirəmsə, deməli, hələ qocalmamışam (gülür).
- Qırx il və bunun 23 ili Qubadlısız...
- İnanın ki, son 23 ildə elə bir gün olmur Qubadlını düşünməyim. Hər gün də olmasa, tez-tez yuxularıma girir rayonumuz, Xanlıq kəndimiz. Bayaq yaşlanmaqdan danışdınız. İnsan yaşa dolduqca öz el-obasına daha çox bağlanır, daha kövrək olur. Azərbaycanın hər rayonu mənə doğmadır. Amma nədənsə son vaxtlar öz kəndçilərimi, rayonlularımı görəndə qəribə hisslər keçirirəm.
- Düzünü deyin, toy qiymətlərində güzəşt edirsiniz onlara?
- Tam səmimi deyirəm ki, nəinki Qubadlı camaatına, mümkün qədər hər kəsə güzəşt etməyə çalışıram. Görürəm ki, mənim ifamı bəyənir, imkanı yoxdur, çalışıram qəlbini qırmayım. İndi dəb düşüb. Hamı deyir ki, kasıb toyuna pulsuz gedirəm, sonra da 5-10 min qiymət oxuyur. Amma bunu toyuna havayı getdiyim insanlar da təsdiq edə bilər ki, dəfələrlə imkansız ailələrin məclisində təmənnasız iştirak etmişəm.
- Qubadlıdan 17 yaşınızda çıxmısınız...
- Bəli, 17 yaşımda... Nə yeniyetməliyimi, nə gəncliyimi doyunca yaşaya bilmədim. Məcburi köçkün həyatı, çətinliklər, yaxınların itkisi. Bütün bunlar çox ağrı-acılıdır.
- İfalarınızda lirikaya meyllilik də yəqin bundan irəli gəlir.
- Bəlkə də səbəb budur. Lirika mənim ruhuma da çox yaxındır.
- Doğum gününüzü necə, kimlərlə qeyd edəcəksiniz?
- Elə də təmtəraqlı qeyd etmək fikrim yoxdur. Düzdür, yubiley yaşımdır. Amma nəsə içimdən gəlmir. Ola bilsin ki, evdə ailəmlə və yaxın insanlarla qeyd etdim.
- Ailə demişkən, hələ də subaysınız.
- (gülür) Bəli, subayam. Amma bu il ailə qurmaq fikrim var.
- Bu il sizə çox düşərli oldu desək, yanılmarıq. Dünya şöhrətli əfsanəvi sənətkar Zeynəb Xanlarovanın ansamblına dəvət olundunuz.
- Bəli, bu mənə görə çox böyük uğurdu. Dünyanın tanıdığı, canlı əfsanə olan bir insanla işləmək, onunla təmasda olmaq mənimçün böyük fəxrdi, qürurdu. Mənim yerimdə çox musiqiçilər olmaq istəyərdi. Çox xoşbəxtəm ki, Zeynəb xanım məhz məni öz ansamblına dəvət etdi.
- Son zamanlar efirlərdə az-az görünürsünüz.
- 1993-cü ildən efirlərdəyəm. İndiyə qədər kimsə deyə bilməz ki, efirə bir manat pul vermişəm. Sənətkarı efirə çağırmağa telekanallar özləri maraqlı olmalıdır. Mən niyə min bir əziyyətlə qazandığım pulu efirə verməliyəm ki? Neçə illərdi sənətə buna görə xidmət etmişəm ki, məni dünən çıxan hansısa müğənniylə, musiqiçiylə eyni tərəziyə qoyub, pul alsınlar? 1997-ci ildə Azərbaycanı beynəlxalq festivalda təmsil edib, qalib olanda, indi üzdə olan müğənnilərin və musiqiçilərin doxsan faizi meydanda deyildi. Bəziləri hələ aşırmalı şalvar geyinib gəzirdilər.
- Elə bil inciksiniz...
- İnciklik deyil, reallığı deyirəm. Əgər mənə vətənimdən minlərlə kilometr uzaqda hörmətlə qarşılayırlarsa, məclislərə dəvət edirlərsə, niyə burada efirə çıxmaq üçün pul ödəməliyəm? Təvazökarlıqdan uzaq da olsa bunu deyəcəyəm. 90-cı illərdən sonra klarneti gənclərə məhz mən sevdirmişəm. Bizim böyük sənətkarlarımız olub. Amma musiqidən başı çıxan hər kəs bilir ki, klarneti son 20 ildə gənclərə sevdirən, efirə çıxaran mənəm. İstəməzdim ki, belə danışım. Amma danışmadıqca görürəm ki, bəziləri özlərini "sənətkar" sayırlar. Mənim sənətimə qiyməti rəhmətlik Habil Əliyev kimi dahi sənətkar verib.
- Bir müddət əvvəl aparıcı Mikayılla da münasibətləriniz gərgin idi. Nə baş vermişdi?
- Mikayılla münasibətlərim gərgin ola bilməz. O bilir ki, Zahid Qubadlı kimdir, hansı qabiliyyətin sahibidir. Onun özünün ilk addımlarında mən bir azərbaycanlı kimi bacardığım dəstəyi vermişəm və buna peşman da deyiləm.
- Hələ də fəxri adınız yoxdur. Bir çox sənət adamları müxtəlif qurumlara, vəzifəli şəxslərə bununla bağlı müraciət edir. Siz nə vaxtsa fəxri ad üçün müraciət etmisinizmi?
- Sənətə gələndə fəxri ad haqda düşünüb gəlməmişdim. Bu peşəni mənə atam Qaraoğlan Rəhimov sevdirib. Biz beş qardaşıq, hamımız musiqiçiyik. Atam da Zəngəzur mahalının ən məşhur ifaçılarından olub. O ki qaldı fəxri ada, dövlət nə vaxt məsləhət bilsə, yəqin ki, onda da verəcəklər. Təbii ki, sənətim, təcrübəm, xalq arasında nüfuzum buna imkan verir. Görünür, bir az yubanır. O da olan işdir (gülür).
- Müraciət haqda soruşmuşdum.
- Müraciətim olmayıb, amma mənə görə bir neçə millət vəkili müraciət edib. Özüm sonra xəbər tutmuşam.