“İsgəndər Həmidovla eyni hakimiyyət komandasında işlədiyimə çox təəssüf edirəm” - Çingiz Qənizadə
9-04-2015, 12:40
Modern.az saytı Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə ilə müsahibəni təqdim edir.
- Uzun müddətdir siyasi proseslərin içərisindəsiniz. Siyasətə milli azadlıq hərəkatından gəlmisiniz. İstərdik, o illərə qısa bir ekskursiya edəsiniz...
- Azərbaycanla Ermənistan arasında etnik konflikt başlayan dövrdə Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradılması ideyası var idi. AXC təsis ediləndən sonra onun rayonlar üzrə şöbələri yaradılırdı. Mən Bakıdakı mitinqlərdə iştirak edir, yoldaşlarımı, yaxınlarımı da dəvət edirdim.
Sonra AXC-nin Ağdaş rayon şöbəsinin yaradılması ideyası ortaya çıxdı. 1989-cu il oktyabrın 26-da AXC-nin Ağdaş rayon təşkilatı təsis edildi. O vaxt rayon Partiya Komitəsinin rəhbərliyi buna qəti şəkildə etiraz edirdi. Mənə qarşı müəyyən təzyiqlər var idi. Qohumlarım saxlanılırdı. Yaradılacaq rayon şöbəsinin üzvlərinin qeyri-rəsmi toplantıları izlənilirdi. Amma buna baxmayaraq, Ağdaşdakı “Şirvan” kinoteatrında təsis konfransını keçirdik. Mən də AXC-nin Ağdaş rayon təşkilatının sədri seçildim. Ondan sonra Bakıda yaşamağıma baxmayaraq, aktiv şəkildə rayon təşkilatının genişləndirilməsi istiqamətində iş aparırdım. Bütün kəndlər üzrə dayaq məntəqələri yaratdıq.
Hüquqşünas olduğuma görə AXC-nin İdarə Heyətinin üzvləri ilə yaxından tanış idim. Məsləhət olundu ki, AXC Məclisinə üzv seçilim. 1992-ci ilin may ayında AXC hakimiyyətə gələndə mən artıq bu təşkilatın İdarə Heyətinin üzvü idim.
- 1992-ci il may ayında, Ayaz Mütəllibovun əleyhinə etirazlar başlayan ərəfədə sizin rəhbərlik etdiyiniz dəstə AzTV-nin binasını tutmuşdu. Səhv etmirəmsə, silahlı dəstəniz var idi?
- Bəli, silahlı dəstə idi. Ayaz Mütəllibov birinci dəfə istefa verəndə parlamentin o vaxtkı sədri Yaqub Məmmədov ölkənin birinci şəxsi kimi təmsil olunurdu. O, qarışıq bir zamanda hakimiyyəti idarə etmək gücündə, imkanında deyildi. AXC həmin dövrdə istəsə idi, hakimiyyətin bütün strukturlarını iflic vəziyyətinə sala bilərdi.
Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıdışı hüquq pozuntusu idi. Ona təzədən söz veriləndə, barmağını silkələyərək müəyyən tədbirlər görəcəyini bildirdi.
Bu baxımdan Ayaz Mütəllibovun may ayında ikinci dəfə hakimiyyətə gəlməsi AXC-nin İdarə Heyətinin qapalı iclasında müzakirə olundu. Əbülfəz Elçibəyin başçılığı ilə keçirilən toplantıda qərara alındı ki, hərəkətə keçib hakimiyyəti götürmək lazımdır. Biz gözləmə mövqeyində qalsaydıq, hamımızı həbs edəcəkdilər. Gecə ikən, bir çox qurumla danışıqlar apardıq ki, xalqa qarşı silah istifadə edilməsin. Fəhmin Hacıyev və mən hərbi hissələrin birində olduq. Orada da bir neçə hərbi texnikanın bizə verilməsi təşəbbüsü ələ alındı. Hərbçilər BMP, BTR-lə hərəkatçılara atəş açmayacaqlarına və bizə qoşulacaqlarını bəyan etdilər. Gecə ikən də həmin texnikalar AXC-nin qərargahına yaxınlaşdı.
Mayın 15-də Ali Sovetin binasına doğru yürüş keçirildi. Etiraz marşrutu ilə bağlı vəzifə bölgüsü var idi. Mən AzTV-nin ələ keçirilməsinə rəhbərlik edirdim. Biz Ali Sovetin binasına yaxınlaşanda atəş səsləri eşidildi. Amma güllə bizə qarşı atılmamışdı, sadəcə olaraq göyə açılan atəşlər idi. Bununla da panika yarandı və bəzi “mənəm-mənəm” deyən oğlanlar qaçıb gizlənmişdi. Buna baxmayaraq, ilk növbədə AzTV-nin binasını ələ keçirmək lazım idi. Çünki bu kanal vasitəsi ilə AXC-yə qarşı ideoloji təbliğat aparılırdı. Mən AzTV-nin binasındakı hərbçilərlə danışıq apardım və televiziyanın binasına daxil olduq. Mənim tərəfimdən dərhal televiziya vasitəsi ilə xalqa müraciət ünvanlandı. Mən və Rauf Qarayev xalqa müraciət etdik ki, Ali Sovetin və AzTV-nin binası ələ keçirilib. Bundan sonra on minlərlə insan bizə dəstək olaraq parlamentin qarşısına toplaşdı.
- Bakı şəhər prokuroru olanda həmin silahlı dəstə yenə sizin nəzarətinizdə idi?
- AXC-nin müəyyən adamlarında silah var idi. Eyni zamanda, bizə tərəf keçən hərbçilərin silahı var idi. Biz hakimiyyətdə təmsil olunandan sonra özümüz maraqlı idik ki, ölkədə silahlar yığışdırılsın və əmin-amanlıq olsun. O dövrdə həmin silahlar orduya təhvil verildi. Biz digər dəstələrdə olan silahların toplanması və təhvil verilməsi ilə də məşğul idik. Artıq müəyyən qədər silah yığılmışdı. Amma 1993-cü ilin iyun qiyamı ərəfəsində də yenə silahlı dəstələr meydana çıxdı.
- Dediniz ki, bəzi “mənəm-mənəm” deyənlər qaçıb gizlənmişdi. Şübhəsiz ki, söhbət keçmiş daxili işlər naziri İsgəndər Həmidovdan gedir. Çünki bununla bağlı mətbuatda açıqlamanız gedib. Sizin onunla əvvəldən konfliktiniz olub?
- Heç bir konfliktim yox idi. Belə hesab edirdim ki, o daha çox populist çıxışlar edir. Biz “Moskva” mehmanxanasına yaxınlaşanda atəş səsləri eşidildi. O zaman İsgəndər Həmidov yoxa çıxdı və 5-6 saatdan sonra gəldi. Qolundakı cızığı göstərərək dedi ki, onu snayper zəhərli güllə ilə vurmaq istəyib və təhlükəsizlik səbəbindən hadisə yerindən kənarlaşıb. O yenə də özünü xalq qəhrəmanı kimi elan etmək istəyirdi. Mən adlar çəkmək istəmirəm, amma bu cür hərəkət edən təkcə o deyildi.
- Siz başa düşdünüz ki, təbirinizcə desək, İsgəndər Həmidov aradan çıxıb?
- Bunu AXC İdarə Heyətinin üzvlərinin hamısı başa düşmüşdü.
- Amma nəticə olaraq İsgəndər Həmidovla eyni hakimiyyət komandasında təmsil olundunuz...
- Çox təəssüf edirəm ki, eyni komandada olduq. O, daxili işlər naziri vəzifəsində olanda bizə, hakimiyyətə xeyli problemlər yaratdı. Onunla danışmaq imkanı olan şəxslərdən biri mən idim. İsgəndər Həmidov baş prokuror əvəzi Mətləb Mütəllimlinin Sumqayıtdan maşının baqajına qoyularaq tutulub gətirilməsi haqqında göstəriş vermişdi. Pənah Hüseyn buna görə ona iradlarını bildirmişdi. Amma İsgəndər Həmidov yenə də öz iddialarından əl çəkmirdi. Gecə saat 2-də gəlib İsgəndər Həmidovu sakitləşdirdim və dedim ki, etdiyi hərəkətlər qanunsuzdur.
İsgəndər Həmidov o vaxt cinayət törədən bir sıra şəxsi azadlığa buraxmışdı. O, özü kimi möhkəm qışqıra bilənləri rəis vəzifəsinə göndərirdi. Hüquq-mühafizə orqanları professionallıq, güclü idarəçilik tələb edir. Kimisə başqasına küçədə 2 sillə vurduğuna görə vəzifəyə təyin etmək olmaz. Mən Bakı şəhər prokuroru olanda köhnə kadrlarla işlədim. Kimisə meydanda olduğuna görə vəzifəyə təyin etmədim.
İsgəndər Həmidov daha sonra televiziya vasitəsi ilə baş nazir Pənah Hüseynin iştirak etdiyi tədbirdə “tüpürüm sizin hökumətinizə” dedi. O gəlmişdi ki, AMİP-çilərlə diskussiyanı pozsun. Bu, artıq pik hədd idi. Biz prezident Əbülfəz Elçibəyin qarşısında şərt qoyduq. Mən, rəhmətlik Nəcəf Nəcəfov, Sabit Bağırov və digərləri “ya biz, ya da İsgəndər Həmidov” dedik.
- AXC hökumətinin iclaslarında da özbaşınalıq hökm sürdüyü haqqında müxtəlif məlumatlar var. Hamı iddialı, hamı hikkəli idi...
- Hakimiyyətin daxilində müxtəlif qruplaşmalar var idi. Bu qruplaşmalar digər qruplaşmalarda olan insanlar barəsində olan mənfi müraciətləri, şikayətləri üzə çıxarırdı. Özlərininkini isə gizlədirdilər.
Mən bir faktı araşdırmışdım və məlum olmuşdu ki, bir icra başçısı ilə bağlı rayondan daxil olan 70-ə yaxın şikayət Prezident Aparatında gizlədilib. Çünki həmin icra başçısı digər qruplaşmaya daha yaxın idi. Düzdür, sonradan həmin icra başçısı vəzifəsindən çıxarıldı.
Prezident dövlət və xalq adından çıxış edən yeganə şəxsdir. Onun qəbuluna düşmək, qapısını açmaq üçün müəyyən subardinasiyalar olmalıdır. Bizim hakimiyyətdə isə bu gözlənilmirdi. Əbülfəz Elçibəy istənilən adamı qəbul edirdi. İstənilən şəxs onun yanına girə bilirdi. Bəzən də prezidentin qəbuluna düşənlər emosional davranış sərgiləyirdilər.
Məsələn, Ali Məhkəmənin sədri hansısa məsələnin keçməyəcəyi təqdirdə, ultimativ çıxışlar edirdi. Daxili işlər naziri gəlib başqa cür çıxışlar edirdi.
Bundan başqa, iclasların gedişində müəyyən protokol qaydaları gözlənilmirdi. Bununla bərabər, AXC üzərinə düşən öhdəlikləri də yerinə yetirdi. Lakin bir il ərzində bütün problemləri həll etmək mümkün deyildi.
O vaxt Surət Hüseynov və Rəhim Qazıyevin hərbi müxalifəti də mövcud idi. AXC-yə müxalif olan qüvvələr birləşmişdi. Bu silahlı müxalifət Rusiyadan qidalanırdı. Ölkə hakimiyyət çevrilişinə doğru gedirdi və bu labüd idi.
- Siz güc strukturlarının bir qolunda təmsil olunurdunuz. Dediyiniz silahlı müxalifətin, Rəhim Qazıyevin, Surət Hüseynovun qarşısına çıxa bilərdinizmi?
- Xeyr. Çünki o gücdə deyildik. Bakı Şəhər Prokurorluğunda bir neçə avtomat və əməkdaşlar üçün bir neçə silah var idi. Silahlı müxalifət isə güclü idi. O vaxt Müdafiə Nazirliyində yüksək vəzifədə olan bir neçə şəxs də Rəhim Qazıyevlə əlaqədə idilər. Bir dəfə prezidentə bildirdim ki, əməliyyat tapşırığı olub və müəyyən olunub ki, Rəhim Qazıyev müdafiə nazirinin müavini ilə görüş keçirib. Təklif etdim ki, müdafiə nazirinin müavini dərhal işdən çıxarılsın.
Məsələ araşdırıldı, ancaq tədbir görülmədi. Rəhim Qazıyevlə Surət Hüseynovu vaxtında zərərsizləşdirmək mümkün idi, lakin bunu daha yüksək vəzifəli şəxslər etməli idilər. O zaman Heydər Əliyevin Bakıya gətirilməsi planı işə düşməsəydi, vətəndaş müharibəsi olacaqdı. Onu da bildirim ki, Heydər Əliyevin Bakıya gəlməsi planının başında Əbülfəz Elçibəyin özü dayanırdı. O istəyirdi ki, Heydər Əliyev mütləq Bakıya gəlməlidir və biz birləşməliyik.
- Rəhim Qazıyevdən söz düşmüşkən, bir açıqlamanız yadıma düşdü. Demişdiniz ki, İsgəndər Həmidov Rəhim Qazıyevi sizin yanınızda söyüb...
- Bir dəfə hansısa məsələ ilə bağlı İsgəndər Həmidovun yanına getmişdim. O, telefonda Rəhim Qazıyevlə danışırdı. “Can qardaş, can qardaş” deyirdi. Telefonu yerə qoyduqdan sonra başladı Rəhim Qazıyevi söyməyə. Mən o cür söyüşlərin tərəfdarı deyildim. Soruşdum ki, “qardaş dediyin adamı niyə söyürsən?”. Dedi ki, “bu bir siyasətdir”. Mən bu cür siyasəti qəbul etmirdim.
- Bakı şəhər prokuroru olduğunuz müddətdə sizdən narazılıqlar olurdumu?
- Əksinə, kifayət qədər insan məndən razı idi. Birincisi, ona görə ki, mən bu vəzifəyə təyin olunan kimi qəbul qaydalarını dəyişdim. Şəhər Prokurorluğunun iclas zalı var idi, təxminən 120 nəfərə yaxın adam tuturdu. Mən qəbulu orda keçirməyə başladım. Qəbul günü heç bir məhdudiyyət qoymadan, kimin hansı şikayətlə gəlməsindən asılı olmayaraq, hamı iclas zalına yığışırdı. Həftədə bir dəfə, çərşənbə axşamı qəbullar olurdu. Göstəriş vermişdim ki, Bakı rayonlarının 11 prokuroru qəbul keçirən günü öz kabinetlərini tərk etməsinlər. Çünki rayon prokurorlarının hərəkətlərindən və digər məsələlərdən şikayətlər daxil olurdu. Dəfələrlə şikayətçini iclas zalında dinlədikdən sonra, onun başqa yerdə oturub gözləməsini xahiş etmişəm. Bundan sonra müvafiq rayonun prokurorunu dəvət etmişəm və şikayətçi ilə birlikdə, hətta başqalarının yanında məsələni araşdırmağı tələb etmişəm. “Niyə bu şikayətçilərin müraciətinə vaxtında cavab verilməyib” deyirdim.
Sonra şikayətçiləri prokurorun maşınında həmin rayona göndərirdim və 3 gün vaxt verirdim ki, şikayətlər öz qanuni həllini tapsın. Təxminən 4-5 aydan sonra qəbula gələnlərin sayı 100-120 yox, 15-20 nəfər civarında olurdu. Rayon prokuroru bilirdi ki, o hansısa məsələyə müsbət, obyektiv yanaşmasa, yanıma gələcək və şikayətçilərlə üzləşəcək.
Digər tərəfdən, kollektivim də məndən çox razı idi. Çünki mən ən xırda texniki işçidən tutmuş, hamısına hörmətlə yanaşırdım.
- AXC hakimiyyətdən gedəndən sonra siz nə işlə məşğul oldunuz?
- AXC hakimiyyəti devrilən ərəfədə rəhmətlik Afiyəddin Cəlilov mənə zəng etdi, bildirdi ki, vəzifəmdə qalıb işləyim. Onunla çox yaxşı münasibətlərim var idi. Bəlkə də onun belə deməsinin sifarişi rəhmətlik Heydər Əliyevdən gəlmişdi. Çünki o dövrdə Əjdər Xanbabayevin qətli ilə bağlı istintaq işini biz təzələmişdik.
Xatırladım ki, “Azərnəşr”in direktoru Əjdər Xanbabayev bizdən əvvəlki hakimiyyət tərəfindən qətlə yetirilmişdi. Məqsəd isə Heydər Əliyevin Bakıya gəlişinin qarşısını almaq idi.
Mən rəhmətlik Heydər Əliyevlə telefonla danışmışdım, çünki onun şahid kimi dindirilməsi lazım idi. Videoçəkilişlər də lazım idi. Heydər Əliyevdən icazə istəmişdim ki, biz Naxçıvana istintaq qrupu ezam edək. O da böyük məmnuniyyətlə razılıq vermişdi. Hətta “Əjdər Xanbabayevi kim qətlə yetirib” deyə soruşmuşdu. Mən isə bildirdim ki, prokuror kimi bunu qabaqcadan bildirməkdə bəlkə də haqlı deyiləm. Lakin sizə cavab verməyə də bilmərəm. Əjdər Xanbabayev sizin Bakıya qayıdışınızı əngəlləmək üçün o vaxtkı siyasi hakimiyyət tərəfindən qətlə yetirilib. Heydər Əliyev isə üç dəfə “Siz haqlısınız”, - deyə təkrarlamışdı. Bu barədə İsa Nəcəfov və Elmira Axundovanın çap etdirdikləri “Naşirin ölümü” kitabında ətraflı yazılıb.
Bəlkə də Heydər Əliyev istintaq işini təzələdiyimizə görə mənim Bakı şəhər prokuroru vəzifəsində qalmağımı təklif etmişdi.
Ancaq mən siyasi mədəniyyət nümayiş etdirdim. Komandam hakimiyyətdən getmişdisə, mən də getməliydim.
Vəzifədən gedəndən sonra 1994-cü ilin sonunda Demokratiya və İnsan Hüquqları Komitəsi təsis olundu. 1995-ci ildən bu günədək o komitəyə rəhbərlik edirəm. Parlament seçkilərində dəfələrlə iştirak etdim. Çalışırdım ki, radikallıqdan uzaq olum. Müəyyən məsələlərin sülh və danışıqlar yolu ilə yoluna qoyulmasını istəyirdim. Həmişə obyektiv olmağa çalışmışam, məsələlərin, problemlərin həllini Azərbaycanda axtarmağa çalışmışam. Hüquq müdafiəçisi olaraq qaragüruh, siyasi partiyaların üzvü kimi bəyanatlarla deyil, danışıqlar yolu ilə nəyəsə nail olmuşam.
Xeyli insana da kömək etmişəm. Hazırda Demokratiya və İnsan Hüquqları Komitəsinin fəaliyyət göstərməsi üçün ofisi yoxdur. Bu təşkilata müraciət edən şəxsləri ya parlamentdə, ya da həftədə bir dəfə dostumun ofisində qəbul edirəm.
- Deyirsiniz ki, siyasi partiya üzvü kimi bəyanatlar vermirdiniz. Amma səhv etmirəmsə, Müsavat Partiyasının üzvü olumusunuz...
- 1994-cü ildə Müsavat Partiyasının üzvü oldum. 1995-ci ilin yanvar ayında Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri seçilərkən rəsmən Müsavat Partiyasından getdiyim haqqında bəyanat verdim.
- Deputat seçilənə qədər sizin həm hakimiyyət, həm də müxalifətlə əməkdaşlığınız var idi. Lakin Milli Məclis üzvü olandan sonra müxalifət düşərgəsinin sizə qarşı düşüncələri mənfiyə doğru dəyişdi. Bu sizi əsəbiləşdirmədi?
- Qətiyyən. Deputat seçiləndən sonra siyasi partiyadakı bəzi şəxslər buna qısqanclıqla yanaşdılar. Fikirləşirlər ki, niyə görə onlar yox, mən deputat seçildim.
Parlamentə düşməzdən öncə Pənah Hüseyn dedi ki, sənə qarşı yazılar yazılacaq. Təklif etdi ki, bütün olacaq şeylərə təmkinlilik nümayiş etdirim, ümumiyyətlə, heç cavab da verməyim.
Doğrudan da Pənah Hüseynin dediyi kimi oldu. Gözləmədiyim adamların qohumlarının, yaxınlarının qəzetlərində mənə qarşı kampaniyaya başladılar. Heç birinə əhəmiyyət vermədim.
Amma hazırda ayrı-ayrı siyasi fərdləri tanıyıram və salamlaşıram. Salamlaşmaqdan başqa onlarla heç bir münasibət yoxdur.
- Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı fərqli fikirlər bəzən ciddi mübahisələrə yol açır. Siz hüquq müdafiəçisi kimi Azərbaycanda siyasi məhbus olduğunu düşünürsünüz?
- Ümumiyyətlə, siyasi məhbus termini hələ də Avropa Şurasında dəqiq olaraq öz əksini tapmayıb. Bu gün Ermənistanda, Gürcüstanda, Rusiyada hakimiyyətə müxalif insanların həbs edilməsi barədə bir söz deyilmir. Ancaq Azərbaycanda kim tutulursa, bu dərhal siyasiləşdirilir. Bu, Avropa institutlarının Azərbaycana qarşı ikili standartının nəticəsidir.
Avropa Şurasının baş katibi Torbörn Yaqlandın xahişi və cənab prezident İlham Əliyevin razılığı ilə İşçi Qrupu formalaşdı. Biz bu qrupda siyasi məhbus ifadəsini işlətmirik və işlətməyəcəyik də. Bu qrupda, sadəcə olaraq məhkəmə və istintaq zamanı hüquqları pozulan şəxslər barədə müzakirə aparılır. Biz hansısa şəxsin prosessual hüquqlarının pozulmasının siyasiləşdirilməsinin tərəfdarı deyilik. Buna görə hesab edirəm ki, Azərbaycanda sırf siyasi fəaliyyətinə görə kimsə həbs olunmayıb.
- Bir sıra qanun layihələrinin müəllifisiniz və bunlar haqqında məlumat vermisiniz. Ancaq bəzi məsələlər hələ də öz həllini tapmayıb. Hüquqi prosedurların praktiki tətbiqi sahəsində bəzi problemlər də mövcuddur. Sualım sənədsiz evlərlə bağlıdır. Hüquqşünas kimi sənədsiz evlərlə bağlı problemin nə vaxt öz həllini tapacağına ümid edirsiniz?
-Bu gün Bakıda yüz minlərlə sənədsiz evdə yaşayan insanlar var. Problemlə bağlı cənab prezident tərəfindən müəyyən göstərişlər verilib. Amma bütün evləri tələsik sənədləşdirilmək mümkün deyil. Bəzi sənədsiz evlər hansısa kəmərlərin üzərindədir, neft buruqları olan ərazidədir. Bu evlər sənədləşdirilsə, orada yaşayan insanların həyatı üçün də təhlükəlidir.
Lakin mən digər sənədsiz evlərin sənədləşdirilməsinin tərəfdarıyam.
Məndən bir şey asılı olsa, buna çox böyük təşəbbüslə həyata keçirirəm. Lazım gəlsə, bu işdə fəhləlik də etməyə hazıram ki, insanların evləri sənədləşdirilsin.
- Çox ciddi sual və cavabdan yaranmış gərgin atmosferi aradan qaldırmaq üçün ailənizlə bağlı suala keçmək istəyirəm. Ailənizdəkilər nə işlə məşğuldurlar?
- Oğlum Elgiz Qənizadə Bakı Şəhər Prokurorluğunda polisə nəzarət idarəsinin prokurorudur. Artıq 10 ilə yaxındır hüquq-mühafizə orqanlarında çalışır. O, TQDK xətti ilə daxili işlər, həm də prokurorluq orqanlarına, keçirilən test imtahanlarında iştirak edib. Hər ikisindən yüksək bal toplayıb.
O, bir müddət polisdə, prokurorluqda müstəntiq vəzifəsində çalışıb. Sonra Bakı Şəhər Prokurorluğuna gətirilib. Oğlumun ikisi əkiz olmaqla, 3 övladı var.
Qızım Firuzə isə ixtisasca həkimdir. Ailəlidir. Onun bir övladı var. Qızımın da yoldaşı müstəntiq işləyir.
Əkiz nəvələrimə milli dəyərlərdən çıxış edərək Müşfiq və Cavid adı vermişəm. Onlara o adı verməklə, sanki dahi mütəfəkkirlərin ruhunun yaşamasına, unudulmamasına xidmət etmişik.
Həyat yoldaşıma gəlincə, Binəqədi rayonundakı 248 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimidir. Biz Ağdaşda 1 saylı orta məktəbdə 10 il bir sinifdə oxumuşuq.