Fəridə Əzizova:"Təəssüf ki, yığmamızın hesabına qızıl medal yazdıra bilmədim. Buna görə, Azərbaycan xalqından üzr istəyirəm."
19-06-2015, 15:33
Avropa Oyunlarının taekvondo yarışlarında gümüş medal qazanan Fəridə Əzizova təəssüratlarını Adalet.az-la bölüşüb.
- Fəridə, gümüşü qazandın, yoxsa qızılı itirdin?
- Qızılı itirdim. Çempion olmağı çox istəyirdim.
- Mübarizə necə keçdi?
- Gərgin keçdi. Bu, əvvəlcədən də gözlənilirdi. Avropa Oyunlarında qitənin ən güclü taekvondoçuları iştirak edirdilər. Final yolunda çox güclü rəqiblərlə qarşılaşdım. Türkiyə idmançısı Nur Tatarla görüşümü isə xüsusi qeyd edərdim. Əvvəlcə hesabda geri düşsəm də, sonradan toparlanıb, onu üstələyə bildim.
- Artıq dördüncü dəfədir ki, Barışnikovaya məğlub olursan. Qələbə üçün nə çatmır?
- Sol blokum zəif idi. Gördüyünüz kimi, bütün xalları soldan buraxdım. Çalışacam ki, məşq proseslərində bunun üzərində daha ciddi işləyim və gələn yarışlarda ondan revanş alım.
Rus idmançısı çox güclü rəqibdir. Onunla bir-birimizi çox yaxşı tanıyırıq.
- Sanki bir neçə xalın sayılmadı. Sənə qarşı haqsızlıq olduğunu düşünürsənmi?
- Xeyr. Mən zərbələri düzgün vurmadım. Çoxu hədəfdən yan keçirdi. Elektron jilet elədir ki, son dərəcə dəqiqlik tələb edir.
- Bir növ, məğlubiyyətdə günahkar olaraq sırf özünü görürsən?
- Bəli. Mən həmişə bu fikirdə olmuşam - məğlubiyyətdə kənar amil axtarmamışam.
- Qarşıdakı turnirlər barədə nə düşünürsən?
- Qarşıda 4 Qran-pri turniri var. Əlimdən gələni edəcəm ki, reytinqimi daha da yüksəldərək, Rio Olimpiadasına lisenziya qazanım. Hazırda qarşımda duran əsas vəzifə lisenziya qazanmaq və Olimpiya Oyunlarında uğurlu iştirak etməkdir.
- Arenada sənə güclü dəstək vardı.Tamaşaçılara sözün var?
- Mənə dəstək olan və inanan xalqımıza təşəkkürümü bildirirəm. Təəssüf ki, yığmamızın hesabına qızıl medal yazdıra bilmədim. Buna görə, Azərbaycan xalqından üzr istəyirəm.