Rüstəm İbrahimbəyovun "fəlsəfə"-si
22-06-2015, 10:44
Kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun xeyli vaxtdır Azərbaycana dönə bilmədiyi məlumdur. O da məlumdur ki, bir müddətdir o, yeni film üzərində işləyir. “Qafqaz triosu” adlı yeni filmin prodüseri və ssenaristi onun özüdür. Film Zaqafqaziya xalqlarının münasibətlərindən bəhs edir.
“The New Times” nəşrinə müsahibəsində kinodramaturq filmi çəkməyə vadar edən səbəblərdən, ölkəsində niyə çıxdaş edilməsindən danışıb və bundan dolayı bəzi siyasi mövzulara, o cümlədən Azərbaycan hakimiyyəti ilə münasibətlərini tarixçəsinə toxunub. Nəşr müsahibəyə belə bir giriş-təqdimatla başlayır:
“Rüstəm İbrahimbəyov – Azərbaycan kinosunun klassiki öz vətənində siyasətə fəal şəkildə qatılan kimi “persona non qrata” elan edilib. Son illər o, heç nə çəkməyib. Və budur – qəfildən kinematoqrafa qayıdır. İyunun sonunda yeni film - “Qafqaz triosu” üzərində iş tamamlanır. Bu məhsul Gürcüstanın, Fransanın və Rusiyanındır. Rejissor – Eldar Şenqelayadır:
- Deyirlər, filmdə sizə oxşayan personaj var. Belədirmi?
- Müəyyən dərəcədə. Bu, baş qəhrəmanın atasının dostudur. O, hesab edir ki, Azərbaycan öz siyasətini düzgün qurmur, neft iynəsinə oturub və ehtiyatlar qurtaran kimi hər şey bir anda dağıla bilər, əgər indidən ağıllı şəkildə postneft iqtisadiyyatı qurulmağa başlamasa.
- “Qafqaz triosu” adının arxasında nə durur?
- Trio – erməni, azərbaycanlı və gürcüdür. Üç dostu ortaq uşaqlıq illəri və gənclik birləşdirir. Bizim zamanda bu mövzu risklidir... Azərbaycanda çoxlarına mənim baxışlarım xoş gəlmir. Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm.
“Mənə şərt qoyulmuşdu ki, prezident seçkilərində müxalifətin vahid namizədi olum. Ancaq Rusiya vətəndaşı olduğum üçün seçkilərə xoşbəxtlikdən buraxılmadım...”
- Filmin əsasında real situasiya dayanırmı?
- Bəli. Mənim tanışım olan bir aktrisa azərbaycanlıya ərə getdi və onun familiyasını götürdü. Onun birinci ərdən – ermənidən oğlu var idi. Atalıq uşağı oğulluğa götürdü, ona öz azərbaycanlı soyadını verdi. Uşaq böyüdü, Moskvaya gəldi və artıq yetkinlik yaşında ikən öz doğma atası ilə tanış oldu və hətta dostlaşdı (bu rolu Yuri Stoyanov oynayır). Atası onu öz əvvəlki - erməni familiyasını qaytarmaq üçün yola gətirdi. Aydındır ki, bu zaman dəhşətli mərəkə qopdu. Ana-azərbaycanlı hiddətləndi: “Onsuz da hamı bilir ki, sənin atan ermənidir. Ancaq heç kim heç vaxt sənin xətrinə dəyən söz deməyib, indi isə sən öz qərarınla bizi çətin vəziyyətə qoyursan”.
Təəssüf ki, bu həqiqətdir. Belə situasiya Bakıda insanların həyatını ciddi şəkildə qaralda bilər. Ancaq erməni ata israr göstərir və anlamaq istəmir ki, onun bu arzusu mövcud reallıqlarda faciəyə gətirə bilər. Bu, sırf ailə konfliktidir. Ancaq bəzən haqlı görünən bir şeyin alınmasına israrla cəhd eləmək çox böyük miqyas ala bilər.
Misal üçün, bu yaxınlarda Krımın Rusiyaya birləşdirilməsini götürək. Uşaqlıda Tolstoyun “Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Xrüşşov dövründə Ukraynaya keçib. SSRİ dağılanda Yelstin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı. Və birdən geosiyasi situasiyanın özəlliklərini nəzərə almadan məsələni sürətlə yoluna qoydular. Nəticədə insanlar həlak olur.
“Uşaqlıda Tolstoyun “Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır”
- Doğrudanmı azərbaycanlılara sizinlə əməkdaşlıq eləmək dəhşətli gəlir?
- 2007-ci ilədək mənim Azərbaycan hakimiyyəti ilə normal münasibətlərim olub. Qarabağ məsələsi barədə söylədiklərimə görə mənə hücum çəkən milli mətbuatla da problemim yox idi. Mənim “Dalğaların toplanması” povestimdən sonra - əsər Azərbaycanın həlli yetişən problemlərindən bəhs edir – hakimiyyət də özünü incik saydı. Mənə çirkab atmağa, məni xalq düşməni adlandırmağa, heç nədən iqtisadi sui-istifadələrdə ittiham eləməyə başladılar. Neçə ildir məşğul olduğum “Şərq-Qərb” populyar festivalı qapatdılar, festival mərkəzinin inşasını dayandırdılar.
2012-ci ildə mən “Kilsə zəngi kimim üçü çalınır?” məqaləsini yazdım. Məqalə deyilirdi ki, mənim ölkəmdə hər yanda korrupsiya və amansız totalitarizm hökm sürür, Azərbaycanda siyasi məhbusların sayı bütün postsovet məkanındakından çoxdur. Sonra Demokratik Qüvvələrin Milli Şurasına rəhbərlik elədim – sadəcə ona görə ki, bunu etməyə bilməzdim. Mənə şərt qoyulmuşdu ki, prezident seçkilərində müxalifətin vahid namizədi olum. Ancaq Rusiya vətəndaşı olduğum üçün seçkilərə xoşbəxtlikdən buraxılmadım, mənim əvəzimə isə gözəl tarixçi Cəmil Həsənli irəli sürüldü.
İndi vəziyyət belədir ki, mənimçün Bakıya qayıtmaq təhlükəlidir. Bir dəfə məni ölkə girişində 4 saat, çıxışında 2 saat saxladılar. Və mən başa düşdüm ki, növbəti dəfə məni sadəcə, ölkədən buraxmaya bilərlər.