Əlövsət Əliyev barəsində yayılan xəbərə reaksiya verdi
22-06-2015, 21:55
Hüquq müdafiəçisi Əlövsət Əliyev son günlər barəsində yayılan xəbərə reaksiya verib.
Musavat.com, adının qarışdığı cinayət işi ilə bağlı fikirlərini yazaraq sosial şəbəkədə paylaşan Əlövsət Əliyevin təfərrüatlı yazısını təqdim edir:
"Əziz dostlar, dəyərli KİV təmsilçiləri!
KIV-lərin məlumatına ğörə Bakı Ağır Cinayətlər Məhkəməsində Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, Namiq Camalov Gülnarə Şəkinskayanın, eləcə də sonuncunun övladları - Nadiya, Həmidə, Məryəm və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrindən ötrü rəsmi sənədlərin qanunsuz hazırlanması üçün Pənah Dadaşov, Zeynəb Cəfərova, Saçlı Həsənova, Əlövsət Əliyev və qeyriləri ilə özgənin külli miqdarda əmlakını talama barədə razılığa gələrək cinayət əlaqəsinə giriblər.
Cinayət işində adımın hallanmasını, jurnalistlərdən çoxsaylı sualların daxil olmasını nəzərə alaraq aşağıdakıları nəzərinizə çatdırıram.
Keçmiş polis əməkdaşıyam. 2001-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatında işə başladığıma görə cənab Ramil Usubovun razılığı ilə DİO-dan təqaüdə çıxmışam. 2007-ci il yanvar ayından “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyini təsis etmişəm, Ədliyyə Nazirliyində qeydiyyata aldırmaqla həmin təşkilata rəhbərlik etmişəm.
Polis əməkdaşlarına və onların ailə üzvlərinə həmişə hörmətlə yanaşmağa çalışmışam. Orada çoxlu dostlarım, vicdanlı və peşəkar polislər də fəaliyyət göstərir. Bu bəyanatımın polis əməkdaşı ilə bağlı olması mənə ağırdır.
AMM-in əsas nizamnamə fəaliyyətlərindən biri miqrasiya ilə bağlı müraciət edənlərə pulsuz məsləhətlərin verilməsi olmuşdur. Miqrasiya sahəsində məsləhət almaq üçün müraciət edən şəxslərə hüquqi məsləhət verməmək və ya müraciət edən şəxslərin razılığı olmadan onların barəsində hüquq mühafizə orqanlarına məlumatın ötürülməsi Azərbaycan qanunvericiliyinə, AMM-in nizamnaməsinə və həyata keçirdiyimiz layihələrin prinsiplərinə ziddir.
Təqribən 2014-cü ilin yanvar ayında (ola bilsin daha əvvəl olub) Gülnara xanım Şəkinskaya AMM rəhbəri kimi mənə müraciət etmiş və keçmiş əri tərəfindən himayəsində olan uşaqlarının zorla alınması təhlükəsi olduğunu bildirmiş, özünün iştirakı olmadan uşaqları ilə ərinin görüşməsi haqqında məhkəmə qərarını (baxmayaraq ki, ərinin uşaqları ilə görüşməsinə heç bir maneçilik törədilməmiş və istədiyi gün və günün istənilən vaxtı uşaqları ilə görüşmüşdür), eyni zamanda məcburi olaraq ruhi əsəb xəstəlikləri dispanserinə aparılmasını bildirmiş və ordan ona verilmiş tibbi sənədləri mənə təqdim etmişdir. Müraciət zamanı bildirdi ki, əgər ölkəni tərk etməsə onun ruhi əsəb xəstəlikləri dispanserinə salınmasına real təhlükə mövcuddur.
Bunlara əsaslanaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən səfirliklərin və ya beynəlxalq təşkilatların hər hansı birindən və ya hər hansı bir ölkədən qaçqın statusu almaq üçün məndən məsləhət istədi. Qaçqın statusu almağa əsas olan halları (1951-ci il Konvensiyası, ona əlavə edilmiş protokollar və “Qaçqınların (və onlara bərabər tutulan şəxslərin) və məcburi köçkünlərin hüquqi statusu” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq qaçqın statusu almaq hüququ olan şəxslər haqqında ona geniş məlumat verdim. Eyni zamanda ona Qanunun əsas prinsiplərindən birini, yəni heç kəsin vətəndaşı olduğu ölkənin ərazisində qaçqın statusu almaq hüququnun olmadığını izah etdim.
Söhbət zamanı onun DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş arvadı olduğunu bildim. Bəlli oldu ki , onun oğlu olmadığına görə (dörd qızı var) Emin Şəkinski onu boşamışdır. Eminin birinci xanımından olan oğlu rəhmətə gedəndən, qızları isə bir az böyüyəndən sonra Emin tədricən qızları ilə yaxınlıq etməyə başlayıb. İndi isə qızları ondan almaq üçün onu ruhi əsəb xəstələri üçün dispanserə qoymaq istəyir. Onun mənə verdiyi məhkəmə qərarında Eminin uşaqlarla həftədə bir dəfə, 4 gün müddətində, görüşməsi qət edilmişdir.
Digər şəxslərə olduğu kimi mən Gülnarə xanıma da xaricdə sığınacaq ala bilməsinə əsas olan halları izah etdim. Hətta ona hansı sübutlarının lazım olacağını da bildirdim.
Uşaqların hansı qaydada xaricə aparılması və ya özünün haradan viza alacağı mənim üçün maraqlı deyildi və mənim işimə də aidiyyəti yox idi. Həmin vaxt, onun uşaqlarının xaricə aparmasına icazənin olub-olmadığı ilə də maraqlanmamışam və bu məsələ müzakirə olunmayıb. Hansı qaydada viza ala biləcəyi barədə müraciətinə cavab olaraq ona bəzi turist firmalarının telefonunu da verdim.
Gülnarə xanıma qədər 2012-ci ildə Azərbaycan Miqrasiya Mərkəzinə Gülnarə xanımın 09. 09. 1964-cü ildə anadan olmuş bacısı Yusubova Elnarə Rəhim qızı hüquqi yardım üçün müraciət etmişdi. Ona xarici pasport verilməsinə məhdudiyyət qoyulmuşdur. Biz onun adından Daxili İşlər Nazirinə və ölkə başçısına müraciət etdik və iki aydan artıq apardığımız yazışmadan sonra cənab Emin Şəkinskinin bu qanunsuz göstərişini ləğv etdirdik.
Ondan əvvəl isə hələ 2008-ci ildə bizim təşkilata Gülnarə xanımın qardaşı 24 noyabr 1978- ci ildə anadan olmuş Yusubov Fərid Rəhim oğlu müraciət etmişdi. Onun da ölkədən getməsinə cənab Emin Şəkinski tərəfindən qadağa qoyulmuşdu. Onu İrana getmək istədiyi zaman Astarada sərhədçilər saxlamış və polisə təhvil vermişdilər. 10 gün heç bir sənədləşmə aparmadan onu polisdə saxladıqdan sonra xüsusi konvoyla Bakıya gətirmişdilər. Pasportu və digər sənədləri isə qanunsuz olaraq Emin Şəkinski tərəfindən götürülmüşdü. Yalnız 6 aylıq yazışmadan sonra - ölkənin birinci xanımının dərkənarı ilə olan məktub prokurorluğa göndəriləndən sonra onun sənədlərinin geri alınmasına nail ola bildik və o ölkəni tərk edə bildi.
Aprel ayının əvvəllərində Gülnarə xanım mənə zəng etdi və Gürcüstanda olmasını bildirdi. Ona verdiyim məsləhət üçün təşəkkür etdi. Xahiş etdi ki, ona qardaşın abə bacısına göstərdiyim hüquqi yardımla bağlı bir dəstək məktubu göndərim. Sonradan mən həmin məktubu da tələb olunan ünvana göndərdim. Bununla bağlı olaraq Gürcüstanda olduğu zaman onunla bir necə dəfə telefon bağlantımız oldu.
Məlumatdan görünür ki, guya Gülnarə xanımın mənzilində cənab Emin Şəkinskinin pulu olub. Bu məlumat tam yalandır. Gülnarənin yaşadığı ev Bayraq meydanının tikintisi ilə əlaqədar söküldüyünə görə, Bakı Şəhər İcra Hakimiyyətindən aldığı pulu olduğu kimi bankların birində hesab açaraq köçürmüşdü. Bunu yəqin ki, istintaq orqanı istəsə araşdıra bilərdi. Mənə bildirmişdi ki Yasamalda olan mənzilini təmir edir və həmin mənzilə köçəcək. Bayraq meydanında olan evinin qapı və pəncərələrini çıxartdırmışdı. Lazım olmayan ev əşyalarını satmışdı. Hətta mənə təklif etdi ki, təşkilatın sığınacağında nəyəsə ehtiyac varsa ucuz ala bilərəm. lakin mən bundan imtina etdim.
Gülnarə xanım çox halal, vicdanlı, mükəmməl təhsil almış və dindar xanım idi. Boşanmış bir kişinin onun mənzilinə girməsi və orada pul saxlaması, sonradan isə həmin pulların Gülnarə xanım tərəfindən oğurlanması nağıldır. Bu kimi nağıla DİN ancaq Azərbaycan Respublikasının Prokurorluğunu “inandıra” bilər və bu işə görə ittiham aktı təsdiq etdirə bilər.
Səhhətimdə yaranmış problemlə bağlı 2014-cü ilin mart ayında Almaniyada həkim müayinəsindən keçmək üçün növbəyə dayanmışdım və onlardan zəng gözləyirdim. 19 aprel 2014-cü ildə Almaniyada yaşayan oğlum Türkel aprel ayının 22-də həkimlərin cədvəlində boşluq yarandığını və həmin tarixdə qəbula düşə biləcəyimi bildirdi. Belə olan halda mən ən ucuz və daha tez yoldan istifadə edərək elə həmin günü Qusardan keçərək Maxaçqala – Moskvaya-Berlin reysi ilə Almaniyaya uçdum.
Müalicədə olduğum zaman Gülnarə xanım Şəkinskinin uşaqlarını xaricə aparması ilə bağlı (işin detalları haqqında məlumatlarla indi tanış oluram) müəyyən qrup insanların həbs olunmasını və mənim barəmdə də cinayət işinin başlandığını və hətta barəmdə axtarış elan edildiyini eşitdim. Eyni zamanda mütəmadi olaraq mənim ailə üzvlərimin istintaqa məcburi aparılması haqqında məlumatlar aldım. Almaniyadan dəfələrlə cəhd etsəm də DİN rəhbərliyi və cənab Emin Şəkinski ilə danışa bilmədim, lakin cinayət işini istintaq edən müstəntiqlə telefonla danışdım və ailə üzvlərimə olan əsasız təqiblərə son qoyulmasını və onları istintaqa çağırmamağı tələb etdim. Eyni zamanda hadisənin məzmunu haqqında onlara məlumat verdim. İstintaqı aparan şəxs mənə şəxsən bildirdi ki, ondan asılı heç nə yoxdur, rəhbərliyin göstərişi belədir. Rəhbərlik Sizdən inciyib ki, Siz Gülnarə xanımın müraciəti və xaricə getmək istəyi haqqında Nazirliyin rəhbərliyinə məlumat verməmişsiniz. Eyni zamanda bir neçə gündən sonra təkrar zəng etməyimi xahiş etdi.
Bel ağırlarından ciddi əziyyət çəkməyimə baxmayaraq bir necə gündən sonra danışıq məntəqəsinə gələrək müstəntiqə zəng etdim. O mənə rəhbərliyin fikrini çatdırdı. Bildirdi ki, Gülnarə xanım sizə güvənir ona görə də Siz o xanımı və onun qızlarını Bakıya qayıdışına gömək etməlisiniz. Bu halda işə xitam verilə bilər. Mən də bundan qəti olaraq imtina etdim. Çünki mən bir ailəni aramsız basqılarından xilas olunması üçün effektli məsləhət vermişdim və etdiklərimə görə çox sevinirəm. Gülnarə xanım Bakıda qalsa yəqin ki indi xəstəlikdən əziyyət çəkən şəxs kimi ruhi əsəb xəstəlikləri dispanserdə olardı. Cənab Emin Şəkinski uşaqlarına görə narahatlığı başa düşüləndir. Lakin, o atalıq hüququndan məhrum edilməyib, qızlarının yaşayış yerini bilir və buyurub baş çəkməyə maddi imkanı var.
Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları heç bir dəvət göndərmədən, zorla istintaqa mənim bacı və qardaşlarımı aparmışdılar. Hətta Abşeron rayonu Masazır kəndində qeydiyyatda olduğum evə nümayəndə göndərməklə xanımımı və azyaşlı qızımı da zorla istintaq orqanına aparmağa da cəhd etmişlər. Bu münasibətdən sonra xanımım və azyaşlı qızım müxtəlif qohumlarımın evində yaşamalı oldular. Daha sonra Şəkinski vərdiş etdiyi cinayəti mənim ailə üzvlərimə qarşı törətməkdən çəkinmədi. O ailə üzvlərimin ölkədən çıxarılmasına şifahi göstərişlə qadağa qoymuşdu. Lakin bu problemi elə Şəkinskinin tabeliyində olanların köməyi ilə həll etdim və uşaqlarımı Tiflisə daha sonra Almaniyaya gətirə bildim. Bu barədə detallı olaraq Azərbaycan Respublikasının Prezidentinə və Daxili İşlər Nazirinə müraciət etmişəm.
Bir məmurun köləliyindən xilas olunmuş insanlara görə bu qədər insanın bir ildən artıq həbsdə saxlanılması qanunsuzluq və özbaşınalıqdan başqa bir şey deyil. Çünki onların heç birinin əməlində 177.3.2 (oğurluq, Emin Şəkinskinin guya keçmiş həyat yoldaşının ona məxsus seyfdən 60 min manat oğurlayıb), 318. 2 maddəsilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) ittiham elan olunması qanunsuzluğun pik nöqtəsidir.
Onlara elan olunan 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə ittiham da gülüncdür. O insanların heç birinin sənəd saxtalaşdırmaq səlahiyyəti yox idi. Bundan başqa kimin adına olan hansı sənədlərin saxtalaşdırılması və həmin saxta sənədlərin ortada olmadığı halda insanların bir ildən artıq həbsdə saxlanılması məmur özbaşınalığından başqa bir şey deyil.
Cinayət işinin DİN Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində istintaqının aparılması da qanun pozuntusudur. Çünki işdə “zərərçəkmiş” kimi adı keçən Emin Şəkinski DİN-də yüksək vəzifə tutan generaldır.
Fikrimcə barəmdə başlanılmış cinayət işi Emin Şəkinski ilə mənim aramda onun keçmiş qayını Fərd Yusubovun və baldızı Elnarə Yusubovanın ölkədən çıxmasına qoyduğu qanunsuz qadağaların dəyişdirilməsinə göstərdiyim hüquqi yardımla baglıdır. Gülnarə xanıma verdiyim məsləhətlər haqqında onları DİN-i məlumatlandırmamağım isə onun üçün fürsət oldu. Sadəcə, cənab Emin Şəkinski QHT-lərə olan hücumdan faydalanmağa çalışır və hesab edir ki, mənə qarşı nəyəsə nail ol acaq. Lakin bu mümkün deyil, çünki mən qanuni fəaliyyətmi yerinə yetirmişəm.
Emin Şəkinskinin keçmiş qohumlarına qanunsuz hərəkətlərinə qarşı QHT təmsilçisi olaraq prosessual qaydalara uyğun mübarizə aparmışam. Gülnarə xanımın və onun qızlarının da ölkədən çıxarılması üçün mənə müraciət etsə bu qayda ilə və ya məhkəmə qaydasında buna nail ola bilərdim və bunun üçün tələb olunan potensiala malikəm. Bunun üçün saxta sənəddən istifadəyə ehtiyac yox idi.
Mənim barəmdə nəyə görə cinayət işinin olması faktı işinin istintaqını aparan müstəntiqə və barəmdə həbs qəti imkan tədbiri seçən hakimə də bəlli deyil.
Odur ki sonda onlara da müraciət edirəm. Mənə xəbər göndərmirsiniz ki, Sizdən inciməyim balalarınıza çörək pulu qazandığınıza görə qanunsuz göstərişdən imtina edə bilməmsiniz. Mən heç birinizdən incimirəm sadəcə Sizləri şiddətlə qınayıram. Yığdığınız pullar, topladığınız varidat və pulla aldığınız diplomlar balalarınıza təminat ola bilməz. Uşaqların xoşbəxt yaşaması üçün hamı elə Siz də qanunsuz göstərişlərin icrasından imtina etməyi bacarmalı və ölkədə ədalətli cəmiyyətin qurulmasına yardım etməlisiniz. Uşaqlarınız yalnız ədalətli cəmiyyətdə təminatlı yaşaya bilər.
Göründüyü kimi haqqımda qəbul edilən prosessual qərar sübutlara və faktlara deyil, Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin istintaq orqanlarına davamlı olaraq cinayətkar təzyiqlərinə əsaslanır. Cənab İlham Əliyevin sinif yoldaşı olmasından qürrələnən, “çox sevdiyi və hər gün baş çəkdiyi balaları” üzərində polis əməkdaşlarını mühafizəçi kimi təyin etsə də heç bunu da bacarmayan “general” ölkədə Cinayətkarlığa qarşı mübarizə strategiyasını müəyyən edən, cinayətkarlığa qarşı mübarizəyə rəhbərlik etməli olan Baş İdarəyə necə rəhbərlik etməsinin nə qədər gülünc olmasının hamı fərqindədir.
Azərbaycanda olmasam da dəfələrlə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaraşova, Daxili İşlər naziri cənab Ramil Usubova müraciət etmişəm ki, işin mənə aid olan hissəsinə xitam verilməsini təmin etsinlər və cənab Şəkinskinin qanunsuz hərəkətlərini dayandırsınlar və buna çox ümidliyəm.
Sonda jurnalistlərə müraciət və xahiş edirəm! Əziz dostlar, bu məsələni obyektiv araşdırmaq üçün məhkəmə prosesini mütləq izləyin. Orada daha ətraflı və dolğun məlumat ala bilərsiniz".