Fikrət Əmirovun oğlu İlhamə Quliyevanı haqsız çıxardı -
23-06-2015, 10:28
Görkəmli bəstəkar Fikrət Əmirovun məşhur “Neyləmişəm” mahnısı iki xalq artisti - İlhamə Quliyeva ilə Brilliant Dadaşovanı bir-birinə düşmən edib. Primadonna küsülü olduğu həmkarını məhkəməyə verməklə təhdid edərək ona sözügedən mahnını oxumağı qadağan edib. İlhamə Fikrət Əmirovun bu və bu qəbildən olan 20 silsilə mahnısını ona həsr etdiyini əsas gətirərək bildirib ki, digər müğənnilərin həmin mahnıları ifa etməyə ixtiyarı yoxdur. Primadonna həqiqətənmi Fikrət Əmirovun mahnılarının sahibidir? Məsələyə aydınlıq gətirmək üçün Fikrət Əmirovun oğlu, tanınmış musiqiçi Cəmil Əmirova müraciət etdik. Publika.az-a müsahibəsində Cəmil Əmirov bu və digər sualları cavablandırıb. - Cəmil müəllim, yəqin məlumatınız olar, xalq artisti İlhamə Quliyeva həmkarı Brilliant Dadaşovaya atanız Fikrət Əmirovun məşhur “Neyləmişəm” mahnısını oxumağı qadağan edib. Hətta bu mahnını bir də efirlərdə oxuyacağı təqdirdə onu məhkəməyə verəcəyini bəyan edib. Sizin bü məsələyə münasibətinizi bilmək maraqlı olardı… - Olduqca absurd və gülməli söhbətdir. İlhamə Quliyeva olsun, ya Flora Kərimova, ya da başqası, heç kimin heç kimə hansısa mahnını oxuyub-oxmaması ilə bağlı qadağa qoymağa haqqı çatmır. Bəstəkarın mahnısına qadağa qoymaq müğənninin səlahiyyətinə aid olmayan bir işdir. O ki qaldı, məhkəməyə, qoy versin. Dünyanın heç bir ölkəsində belə absurd qadağa yoxdur ki, hansısa müğənni hansısa bəstəkarın mahnısını oxuduğuna görə həmkarını məhkəməyə versin. Özüm də musiqiçiyəm və belə şeyləri yaxşı bilirəm. - Fikrət Əmirov həyatda olmadığına görə, bu mahnının müəlliflik hüququ yəqin ki, sizdədir? - Yalnız məndə yox, həm də bacılarımdadır. Biz üç nəfərik. Biz heç kimə qadağa qoymuruq ki, atamın mahnılarını oxumasınlar. İstənilən müğənni bizə müraciət edə bilər və icazəmizlə həmin mahnıları oxuya bilərlər. - Brilliant Dadaşova “Neyləmişəm” mahnısının müəlliflik hüququnu sizdən alıb? - Brilliant xanım müraciət edib, mən də ona icazə vermişəm. Bu mahnı onun Türkiyədə işıq üzü görəcək albomunda da yer alacaq. - İlhamə Quliyeva Fikrət Əmirovun 20-dən artıq silsilə mahnını ona həsr etdiyini iddia edir. Bu nə dərəcədə doğrudur? - Yalan söhbətdir. Əgər doğrudan da atam sənəd əsasında həmin mahnıları İlhamə Quliyevaya versəydi, mən susardım və heç bir müdaxilə etməzdim. Amma ortada heç bir sənəd, dəlil-sübut yoxdur. İlhamə Quliyeva hansı əsasla atamın mahnılarının ona məxsus olduğunu deyir, bu, mənə aydın deyil. Əslində, atam bir kitabda özü yazıb ki, 20 mahnımı Rəşid Behbudova həsr eləmişəm. Yəni Rəşid Behbudov üçün yazılmış mahnılardır. Amma bu, o demək deyil ki, həmin mahnıları Rəşiddən sonra İlhamə Quliyeva, ya da başqaları oxumamalıydı. Mahnı yaşamaq üçün bəstələnib. Buna görə də təkrar edirəm ki, kim istəsə, həmin mahnıları oxuya bilər. - Cəmil müəllim, İlhamə Quliyevaya bu barədə fikrinizi bildirmisiniz? - Heç bildirmək fikrim də yoxdur. Əslində, o, məni də bu qalmaqallara cəlb etmək istəyir, amma bunu görməyəcək, mən qalmaqal adamı deyiləm. Bircə onu demək istəyirəm ki, atamın mahnılarının üzərində heç kim hökm verə bilməz. Mən bunu Fikrət Əmirovun varisi kimi söyləyirəm.