“Onu cinayətə məcbur edirdilər” – İbrahimovun qaynı olayındakı “açar fiqur” danışdı

23-06-2015, 17:15           
“Onu cinayətə məcbur edirdilər” – İbrahimovun qaynı olayındakı “açar fiqur” danışdı
Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı, iş adamı Məzahir Cəfərovun müəmmalı şəkildə intiharı məsələsi gündəmdən düşmür.

Məsələ ilə bağlı cinayət işi açılaraq, istintaq aparılsa da, intiharın səbəbləri barədə rəsmi heç bir məlumat yoxdur. Hələliksə intiharla bağlı 2 versiya üzərində dayanılır: külli miqdarda borc və psixoloji problem.

Bu arada AzNews.azsaytı mərhumun son günlərə kimi bir yerdə çalışdığı "Galaxy Palace” tikinti şirkətinin rəhbəri İlham Qasımovu danışdıra bilib. İlham Qasımov "Məzahir Cəfərov məsələsi”ndə açar fiqurlardan biridir. O, bir müddət əvvəl İbrahimovlarla məhkəmə çəkişməsi məsələsi ilə gündəmə gəlmişdi. Qasımovun məhkəmə proseslərini udaraq, Nazim İbrahimovun kiçik qardaşı Sahib İbrahimovun 4 binasını ələ keçirdiyi bildirilirdi. Maraqlısı odur ki, İbrahimovlara zərbə vuran bu məhkəmə proseslərindən sonra M.Cəfərov öz qohumları ilə deyil, İlham Qasımovla işləməyə başlamışdı. Bu da qohumlar arasında düşmənçilik münasibətlərinə gətirib çıxarmışdı. Bax bu məqam da intiharla bağlı əlavə suallar yaradır...

- M.Cəfərov necə adam olub, qohumları ilə düşmənçilik münasibətlərinin kökündə nə dayanır, onun intihar etməsi nə ilə bağlı ola bilər?

- Bu və digər sualları İlham Qasımov cavablandırıb:

- İlham müəllim, Məzahir Cəfərov son günə kimi sizinlə çalışmışdı, yoxsa qayınlarına görə sizdən ayrılmışdı?

- Xeyr, şirkət bir yerdə idi və biz bir şikətdə ortaq olaraq çalışırdıq. Məzahir Cəfərovla yox, Sahib İbrahimovla. Məzahir Cəfərov direktor olaraq çalışırdı. Onlar arasında narazılıq var idi, ancaq məsələ həll olunmuşdu. Onda xərçəng xəstəliyi olub. Bu, onların qohumlarında genetik imiş. Məndə olan məlumata görə, bir bacısı da özünü asıb. Hələ deyirlər ki, guya, gəlinləri də intihar edib.

- Onun xəstə olmasını və onun yaxınlarının da intihar etməsi xəbərini nə vaxt bilmisiniz?

- Dünən bilmişəm. Yasda Nazim İbrahimov dedi ki, Məzahirin ağır xəstəliyi var, amma biz bunu gizli saxlayırdıq.

- Sizcə, doğrudanmı, o, xəstəliyinə görə özünü öldürüb?

- Sadəcə onu deyə bilərəm ki, borca görə özünü öldürməyib. Çünki o ən çətin prosesləri adlamışdı. Bütün borclarını ödəmişdi.
Bu hadisə bütün ödənişlər, insanlara dəyən zərərlər ödəndikdən sonra baş verdi. Ümumi 40-a yaxın evin pulu ödənilməli idi, onlar da həll edilmişdi. Həmin ödənişlərin bir hissəsini Sahib İbrahimovun qaynı Tarix Abdullayev ödədi, qalanını isə M.Cəfərov və bizim şirkət.

- Bu, bir evin bir neçə şəxsə satılmasına görə ödənilən pullar idi?

- Bəli, həmin şəxslər şikayət etdilər, ona görə də dəyən ziyanlar ödənildi.

- Nə qədər borc ödənildi?

- Məbləğ təxminən 3 milyon yarım idi. Evlər öz sahiblərinə qaytarıldı. Buradan çıxış edərək yenə deyirəm ki, bu ölümün bizneslə heç bir əlaqəsi olmayıb.

- Nazim İbrahimovun qardaşı, Sahib İbrahimovla məhkəmə çəkişməniz olmuşdu... Bunun səbəbi nə idi?

- Biz onunla ortaq idik. Sonradan onlar məhkəməyə müraciət edərək, mənim şəriklikdən çıxmağımı, Məzahirin isə direktorluqdan çıxmağını tələb etdilər. Ancaq Ali Məhkəmə onların bu tələbini ləğv etdi. Məzahir direktor olaraq qaldı, mən də ortaq.

- İbrahimovlar öz yaxın qohumlarının direktorluqdan çıxarılmasını niyə istəyirdilər?

- Məzahir düzgün adam idi. Buna görə də evlərin satılmasında onun iştirakını istəmirdilər. Məzahir saxtakarlığa qarşı çıxırdı. Məhz ona görə də onun direktorluqdan çıxmasını istəyirdilər. Amma bu cəhdlərə baxmayaraq o, sona qədər "Sahil D Company” MTK-da direktor olaraq çalışdı.

- Bu məsələni bir qədər dəqiqləşdirək... Məzahir Cəfərov hansı saxtakarlıqlara qarşı çıxırdı ki, onunla yolları ayırmaq istəyirdilər?

- Məsələn, elə bir mənzilin bir neçə nəfərə satılması kimi məsələlərə... Gəlib deyirdilər ki, filan mənzili bu şəxsin adına sənədləşdirin. Məzahir də bildirirdi ki, mümkün deyil, çünki həmin mənzil satılıb. Amma onlar məcbur edirdilər ki, mənzil ikinci şəxsin də adına sənədləşdirilsin.

- Bu gərginlik son günlərə qədər davam edirdi, yoxsa məhkəmənin məlum qərarından sonra ona qarşı münasibət dəyişdi?

- Məhkəmə proseslərində Cəfərovla İbrahimovların münasibətləri çox pis idi. Ancaq son vaxtlar münasibətləri qaydasına düşmüşdü. Barışmışdılar və o, öz işini davam etdirirdi.

-Nazim İbrahimov onların arasındakı problemlərə müdaxilə etmirdi?

- Bu barədə heç nə deyə bilmərəm. Məzahir Nazim müəllimin qaynı idi, Taleh Abdullayev də Sahibin. Evləri əvvəl Məzahir satırdı, sonra da Taleh gəlib həmin satılmış mənzilləri başqasının adına sənədləşdirirdi. Problem də Talehin bu əməllərindən sonra başlamışdı.

- Ümumiyyətlə, Məzahir necə adam idi?

- Məzahir arıq, özünə qapalı bir insan idi, 52 yaşı var idi, çəkisi də 50 kilo olardı. Bir də görürdün 3-5 günlük ova gedirdi. Şəhərdə olmurdu, telefonları da söndürürdü. Elə bil Məzahirin ikinci bir dünyası var idi.

- Deyirlər, onun psixoloji problemləri olub…

- Bu, inadırıcı deyil. Mənim bildiyim odur ki, bu asmaq məsələsi deyəsən, onlarda genetik olub. Bacısı, gəlinləri (əmisi qızı olub) də özünü asaraq öldürüb. Bunu dünən Nazim müəllim yas məclisində dedi.


-Belə bir məlumat yaymışdıq ki, ölümündən bir müddət əvvəl ailəsini Qəbələyə aparıb, orada qoyub, yenidən paytaxta qayıdıb. Bu barədə sizdə məlumat varmı?

- Hə, Qəbələdə evi var idi, ailəsini bir gün əvvəl aparıb oraya qoymuşdu. Amma mənə qəribə gəlir, inana bilmirəm ki, intiharı əvvəlcədən planlaşdırıb. İntihar etsəydi, çətin vaxtlarında edərdi. Hər bir çətinliyi aşandan sonra bu yola əl atdı.

- Onu axırıncı dəfə nə vaxt görmüsünüz, əhvalı necəydi?

- Məzahir müəllimlə iyunun 16-da görüşmüşdük. Həmişəki kimi idi.

- Onun yas mərasimini kimlər verir?
- Yas mərasimini Nazim müəllimgil verir. Mən də hər gün yasa gedirəm.

- İndi sizin İbrahimovlarla münasibətiniz necədir?

- Bizim Sahibgillə münasibətlərimiz bir aydır ki, normallaşıb. Zərərçəkənlərin ödənişləri ödənib. Hazırda ortaq olaraq çalışırıq. Ortaqlığın 25 %-i Sahibindir, 35 %-i mənim. Qalan faiz isə yeddi nəfər türk vətəndaşı arasında bölüşdürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.