Arzu Nağıyev: "Qarabağda müharibə yenidən qızışa bilər"
25-06-2015, 20:26
Ermənistan vətəndaşları Qərbmeylli kursu seçiblər. Bu gün Rusiya ilə əlaqələr, son 20 ildə rusların onlara verdiyi və Qərbin onlara verdiyi dəyərləri müqayisə edərkən görürlər ki, get-gedə həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən tənəzzülə uğrayırlar.
Bu sözləri Milli.Az-a Trend Beynəlxalq İnformasiya Agentliyinin, baş direktorunun müavini, siyasi şərhçisi Arzu Nağıyev son günlər Yerevanda baş verən aksiyalara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan demokratiya yolunu seçmiş Qərb yönümlü bir dövlət olaraq irəlilədiyi bir zamanda Ermənistan tənəzzülə uğrayır. Ermənilər bütün bunları yaxşı görürlər.
Arzu Nağıyev hesab edir ki, Ermənistanda elektrik enerjisinin bahalaşması Yerevanda kütləvi etiraz aksiyalarının keçirilməsinin əsas səbəbi deyil. Bu, sadəcə, bəhanədir.
"Bütün məsələlər Rusiya ilə olan problemlərin çözülməsindən başlayır. Mitinqlərin ilk günündə yalnız enerji qiymətlərindən söhbət gedirdisə, ikinci gün artıq Avropa İttifaqının bayraqları qaldırıldı. Daxildə əhali, əsasən, Qərb dəyərlərinə meyllidir. Ruspərəst siyasi rəhbərliyin fikirləri ilə razı deyil. Bu gün Ermənistanda baş verənlər ölkə rəhbərliyinin xarici və daxili siyasətdə, eyni zamanda Azərbaycana qarşı götürdüyü siyasi kursda edilən sənhvlərin nəticəsidir", - o vurğulayıb.
Ekspert deyir ki, Qərbin də bu məsələyə münasibəti birmənalı deyil. Misal üçün, Azərbaycanda hər hansı proses başlanan kimi, "insan haqları" tapdalanan kimi dərhal müəyyən bəyanatlar verilir. Bu gün isə onlar Ermənistanda baş verənlərə kənardan baxır və öz tövsiyələrini verməklə kifayətlənirlər.
"Bu, heç də elə-belə mitinq deyil, düşünülmüş addımdır. Bütün Ermənistan əhalisi başa düşür ki, Azərbaycan inkişaf edir, ancaq bunlar get-gedə tənəzzülə uğrayırlar. Münaqişənin də onlara heç bir xeyri yoxdur. Məhz buna görə də mitinqin məcrası da dəyişir, tələblər də başqa istiqamətə yönəlir və siyasi məsələlər get-gedə daha çox önə çıxır", - Arzu Nağıyev deyib.
"Azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş və sonradan Ermənistan dövlətinin başına keçmiş şəxslərin itirəcəyi çox şeylər var", - deyən ekspertin sözlərinə görə, onlar ikiəlli yapışacaqlar ki, istefa verməsinlər. Bu, hətta Dağlıq Qarabağda müharibənin yenidən qızışdırılması da ola bilər.
"Bu səbəbdən də Azərbaycan ordusu hər zaman sayıq və döyüşə hazır olmalıdır ki, bunların hamısı bu gün var", - o qeyd edib.
Xatırladaq ki, artıq dörd gündür Ermənistanın paytaxtında etiraz aksiyaları davam edir. Etirazçılar Baqramyan prospektini tutaraq barrikadalar qurublar.