"İsa Qəmbər prezident olmaq istəyindədir. " Elbəyi Həsənli

26-06-2015, 11:01           
"İsa Qəmbər prezident olmaq istəyindədir. " Elbəyi Həsənli
İyunun 24-də Elçibəyin məzarı başında çıxış edən İsa Qəmbər maraqlı bir fikir səsləndirib. Eks başqan deyib ki, 2018-ci ildə Elçibəyin anadan olmasının 80, Cümhuriyyətin qurulmasının 100 illik yubileyləridir və ən geci həmin vaxtadək Rəsulzadə-Elçibəy yoluyla qələbə qazanmalıyıq.

Belə çıxır ki, İsa bəy hakimiyyətə ən geci 3 il vaxt qoyub və üstəlik, başqanlıqdan çəkilsə də prezidentlik iddiasından imtina etməyib.

"Yeni Müsavat"ın mühacirətdəki yazarı Elbəyi Həsənli Moderator.az-ın qənaətiylə razılaşır:

"İsa Qəmbər prezident olmaq istəyindədir. O, bu istəyini heç vaxt gizlətməyib. Hətta bu iddiadan Əbülfəz Elçibəyə görə geri çəkilməyib. O, prezident ola bilərmi? Nəzəri baxımdam mümkündür. İqtidar güclüdür, Müsavat Partiyası isə faktiki parçalanıb. Bundan sonra da dağılma prosesi davam edəcək. Əvvələr Müsavat Patiyası çox güclü idi. Məsələn, 2003-cü ildə yüz minə yaxın insan İsa Qəmbərin çağrışı ilə meydanlara axışırdı. Onda İsa Qəmbər reytinqinin ən yüksək dönəmini yaşadı. Mənim düşüncəmə görə, 2003-cü ildə İsa Qəmbər prezident seçildi. Amma Qərb onun mandatını sovdələşmədən daha uğurla çıxmış İlham Əliyevə bağışladı. Ondan sonra isə İsa Qəmbər yavaş-yavaş itirə-itirə getdi. Partiya başqanlığından getdikdən sonra isə o, əvvəlki nüfuzunun heç 50 faizinə sahib deyil. Çünki Müsavat Partiyasında özünə düşmən bildiklərini kənara atan yeni başqan Arif Hacılıya açıq dəstək verməyi lazım bildi. Bu, onun ən böyük səhvidir və ona olan inamı kökündən sarsıtdı. O, gərək xırda işlərə baş qoşmayaydı. Baş qoşdu, özü də xırdalanıb getdi. Bu boşluqdan Əli Kərimli məharətlə istifadə edərək önə keçib. İslamçılar da xeyli fəallaşıb. Müsavatın zəifləməsi Azərbaycanın siyasi müstəvisində ciddi dəyişikliklərə səbəb olub. Yaxın gələcəkdə bu daha aydın görünəcək. İlham Əliyev isə ömrünün sonuna qədər prezident olmağa çalışacaq. Zatən konstitusiyanı öz istəyinə uyğun şəkildə Qərbin xeyir-duası ilə dəyişib. Qərb İlham Əliyevə verdiyi dəstəkdən nə vaxtsa imtina etsə və Azərbaycanda da rəngli inqilaba nail olsa, onda ortaya yeni fiqurlar çıxaracaq. Məncə, ənənəvi müxalifətin şansı çox aşağıdır. Qərb Azərbaycanın ənənəvi müxalifətinə - nə Müsavat Partiyasına, nə də AXCP - yə inanmır. Milli Şuraya isə Rusiyanın layihəsi kimi baxır...
Bu sirr deyil ki, İsa Qəmbərə olan münasibətim son vaxtlar kəskin şəkildə mənfiyə doğru dəyişib. Buna baxmayaraq, düşünürəm ki, o, Azərbaycan prezidenti olsa xalqın xeyrinə olar. Çünki onda dövlətçilik düşüncəsi çox güclüdür. Ən əsası isə o, təmiz adamdır, yəni rüşvətə, korrupsiyaya heç vaxt bulaşmaz. Ancaq bizim xalqımız təmiz adamları o qədər də sevməz. Necə ki, Elçibəyə layiq olduğu dəyəri vermədi..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.