Azərbaycanda qanunsuz saxlanılan avtomobillərin evakuasiyası qaydaları dəyişə bilər?

4-04-2015, 15:20           
Azərbaycanda qanunsuz saxlanılan avtomobillərin evakuasiyası qaydaları dəyişə bilər? Sürücülər arasında çox az adam tapmaq olar ki, dayanma-durma qaydalarını pozan avtomobilləri cərimə meydançasına aparan evakuatorların fəaliyyətindən razı olsun. Yol polisləri sürücüləri dayanma-durma qaydalarını pozaraq yolun hərəkət hissəsində tıxac yaratmaqda, sürücülər isə yol polislərini avtomobillərini xəbərsiz aparmaqda günahlandırırlar. Bu gün yayılan bir xəbərə görə, məhz bu səbəbdən, 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən Evakuator xidmətinin ofisinə gələrək avtomobillərinin evakuatorla götürülməsinə irad bildirərək üzərinə benzin töküb yandırıb. N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib. Bizdə bu mübahisə hələ davam etsə də, artıq qonşu Rusiya bu problemdən çıxış yolu üçün avtomobillərin evakuasiya ilə bağlı yeni sistem hazırlayır. Rusiya yaxın vaxtlarda dayanma-durma qaydalarını pozan sürücülərin avtomobillərinin evakuasiyası onların mobil telefonuna göndərilən xəbərdarlıq mesajından sonra gerçəkləşəcək. Rusiyada sürücülərin avtomobilləri evakuasiya olunmazdan on dəqiqə əvvəl onların mobil telefonuna mesaj göndərildikdən sonra cərimə meydançasına aparılacaq. Bəs görəsən Azərbaycanda necə bu sistemin tətbiqi gerçəkləşə bilərmi?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Movqe.az-a açıqlamasında deyib ki, ümumiyyətlə inkişaf etmiş ölkələrdə tətbiq edilən istənilən yenilik cəmiyyətin rifahı naminədirsə onu dəstəkləyir. Amma V. Əsədov bu sistemin Azərbaycanda tətbiqində bir əmma çıxacağı fikrindədir: «Bizdə hər sürücünün iki-üç nömrəsi var. Evakuatr mesajı sürücünün hansı nömrəsinə göndərəcək? Yol polisi hardan bilsin ki, sürücünün bu nömrələrindən hansı aktivdir?”

Əsədov mesaj xəbərdarlıqlarından öncə bütün sürücülərə nizam-intizama, yol hərəkəti qaydalarına əməl etməyin təbliğ olunmalı olduğunu söyləyib: «Əvvəlcə bu xüsusiyyətləri aradan qaldırmaq lazımdır ki, sürücü dayanma-durma qadağandır nişanı olan yerdə avtomobil saxlamasın. Çox təəssüf ki, bəzən avtomobili cərimə meydançasına aparılan sürücü evakuatrı günahkar çıxardır. Amma öz qeyri-qanuni hərəkətinə görə özünü qınamır. Sürücülər nəzərə almalıdırlar ki ikitərəfli yolun hərəkət hissəsində bir avtomobilin qəza işıqlarını yandırıb bir dəqiqə dayanması 60-dan çox avtomobilin 5 dəqiqə ləngiməsinə, tıxacda qalmasına səbəb olur”.
V.Əsədov hazırda avtomobillərini xəbərsiz apardıqlarına görə, yol polislərini qınayan sürücülərin iradının əsassız olduğunu deyir. Onun sözlərinə görə, evakuator avtomobili cərimə meydaına aparakən həmin ərazidəki lövhədə xəbərdaredici məlumat, əlaqə nömrəsi qoyur.

Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad Hüseynov isə ümumiyyətlə dayanma-durma nişanı olan yerdə dayanan bütün avtomobillərin birmənalı şəkildə evakuasiya olunmasının doğru olmadığı fikrindədir: «Yol polisləri sürücünü günahkar bilir ki, niyə evakuatorun avtomobilini aparmasına etiraz edir? Düzdür, sürücü qaydanı pozub. Amma buna görə onun avtomobili bütün hallarda cərimə meydançasına aparıla bilməz. Çünki, həmin avtomobil sürücüsü ilə qanunvericilikdə cərimə müəyyənləşdirilib. Elə avtomobillər var ki, dayanma-durma qadağan olan ərazidə dayansa da, hərəkətə maneə yaratmır. Buna görə həmin avtomobili evakuasiya etmək də düzgün deyil. Bu sürücüləri yerində cərimələmək lazımdır”.

Ekspert deyir ki, ikinci avtomobillərin yol polisləri tərəfindən evakuasiyası ilə bağlı Azərbaycanda narahatedici məqam, evakuasiya haqqının sürücüdən tutulmasıdır: «Dayanma-durma qadağandır qaydasını pozmağa görə cərimə 20 manatdır. Amma bizdə 20 manat da evakuasiya xidməti üçün sürücüdən alınır. Məsələn, qonşu Rusiyada bu məbləğ sürücüdən tutulmur. Sürücü onun maşınını cərimə meydançasına apardığına görə evakuasiya xərci ödəmir. Bu haqqı dövlət qarşılayır. O ki, qaldı Rusiyadakı yeni sistemin tətbiqinə, bunun Azərbaycanda tətbiqi də alqışlanandır. Yalnız yenə də hesab edirəm ki, narazılıqlar olacaq. Sürücü 10 dəqiqə ərzində avtomobilinin yanına çatmayanda yenə yol polisini avtomobili tez apardığına görə günahkar biləcək və sair. Ona görə də, bu vaxt məsələsi bir qədər dəqiqşləşdirilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.