Cümhuriyyət dövründə hökumət niyə tez-tez dəyişirdi? - DANILMAZ TARİXİ FAKTLAR
28-05-2017, 13:36
Cümhuriyyət dövründə hökumət niyə tez-tez dəyişirdi? - DANILMAZ TARİXİ FAKTLAR
Bu gün Azərbaycan tarixində ən önəmli günlərdən biridir. 1918-ci il may ayının 28-də müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından 99 il ötür.
Həmin ərəfədə siyasi proseslər hansı ardıcıllqla gedib? Hökumətimiz niyə bəzi qərarları məcburiyyət qarşsında verməli olub? Sovet Rusiyasından qorunmaq olardımı? Və sair... Bu kimi daim maraqla cavabını axtardığımız sualları siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandırdı:
- Öncə regionda 28 may öncəsi və sonrakı vəziyyətlə bağlı məlumat verməyinizi xahiş edirik.
- Regionda vəziyyət stabil deyildi. 1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda iki böyük cərəyan - milli azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya paralel mövcud idi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli azadlıq hərəkatı son nəticədə imperiyaların dağılması, zülm altında inləyən xalqların azad olması və müstəqil dövlətlərin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya daha çox rejimləri dəyişmək mahiyyətinə görə, imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli azadlıq hərəkatının öncülləri “Difai”, və “Müsavat”, sosial-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini, çoxtərəfliliyini və xalqının böyüklüyünü göstərir. Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində fəaliyyət üçün əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi qızışdı. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi və daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu.
O zaman Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil dövlət yaranmayacağı təqdirdə regionun İran, Türkiyə və Rusiya arasında bölünməsi barədə konkret şərt qoyulmuşdu. Batum konfransında tərəflər dil tapa bilməsəydi, öz aralarında Azərbaycanın bir hissəsi İrana, bir hissəsi Rusiyaya digər hissəsi isə Türkiyəyə veriləcəkdi. Gürcüstan Türkiyə və Rusiya arasında bölünəcək, Ermənistan isə Türkiyəyə veriləcəkdi.
Fikrimizi təsdiq etmək üçün 1918-ci ilin mayın 28-də Milli Şuranın səhər toplantısında “Erməni xalq partiyası”nın nümayəndəsi Papacanovun çıxışına baxmaq kifayət edər. O, hərbi əməliyyatların dayandırılması təklifini irəli sürdü. O iddia edirdi ki, müvəqqəti sülh xalqı faciələrdən xilas edə və sülh dövründə “Erməni məsələsi” ümumavropa konqresində öz həllini tapa bilər:
"Sülhün mövcudluğu bizə imkan verər ki, biz kiçik də olsa, öz milli ərazimizi yaradaq. Bu da gələcəkdə millətimizin inkişafına zəmin verəcəkdir".
Avropada gedən müharibədən qalib çıxmış, Paris Sülh Konfransını çağıran prezident Vilson və onu müdafiə edənlər 3 Qafqaz respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi yaradın, sərhədlərini müəyyən edin, paytaxtlarınızı yaradın, biz də sizin müstəqilliyiniz haqqında düşünək. Azərbaycan tərəfi də məcburiyyət üzündən, müstəqil dövlət olmaq üçün tarixi torpaqlarını Ermənistana verdi. Bir mənafeyi qurban verib başlıca mənafeyi - Azərbaycanın müstəqilliyini elan etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur oldu.
Bu zaman bütün Cənubi Qafqazda 8 miyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilənlər idi.
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi. Mayın 26-da Gürcü Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin xarici siyasət sahəsində ilk addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq, heyət yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə Fətəli Xan Xoyski seçildi.
Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirilən birinci iclasında Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsindən sonra Azərbaycanla bağlı vəziyyət müzakirə edildi. Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul edərək (S.M.Qəniyev və C.Axundov bitərəf qalmışdı), 6 bənddən ibarət İstiqlal Bəyannaməsini bəyan etdi. İstiqlal bəyannaməsi həm də "Misaği-milli", yəni "Milli and"adlanırdı
Öz müstəqilliklərini elan edən Qafqaz dövlətlərinin hər biri ilə ayrı-ayrılıqda 4 iyun 1918-ci ildə sülh müqaviləsi imzalandı. Gürcüstanla imzalanan sülh müqaviləsinə əsasən, Batumi şəhəri və onun ətrafı, Ahıska və Axalkələk əraziləri Türkiyə tərəfindən ilhaq olunaraq, 1828-ci il sərhədinin bərpa edilməsi razılaşdırılmışdı. Osmanlı imperatorluğu ilə Ermənistan Respublikası arasında imzalanan "Sülh və dostluq müqaviləsi"nə (14 maddə, 3 qoşma) görə, Osmanlı hökuməti Yeni Bəyazid, Gümrü, İrəvan və Şərur-Dərələyəzi ermənilərə təhvil verirdi. Bunun qarşısında ermənilər ərazidə yaşayan müsəlman əhalisinin hüquqlarını tanımalı, dini və mədəni azadlıqlar verməli idi. Ermənistan hökuməti Türkiyəyə qarşı göndərilmiş dəstələri ləğv etməli və Türkiyə ərazisinə keçməyin qarşısını almalıdır.
Həmin gün Azərbaycanla Osmanlı hökuməti arasında da müqavilə imzalandı. Bu müqaviləylə Osmanlı ilə Azərbaycan, Gürcüstan, Ermənistan arasında sərhəd xətti müəyyənləşdi. Müqavilənin üçüncü bəndinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan tezliklə sərhədlərini müəyyən edən protokol imzalamalı və bu barədə Osmanlı hökumətinə məlumat verməliydilər. Elan edildiyi şərait nəzərə alınarsa, respublikanın yaranması bir möcüzə idi. Qısa müddətdə mövcud olan respublikanın nailiyyətləri böyük əhəmiyyət daşıyırdı. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, respublika Azərbaycanın və Qafqazın müasir tarixində mühüm iz buraxıb.
- Şərqdə ilk dünyəvi demokratik dövlət təbii ki, böyük maneələr dəf edərək yaranıb. Cümhuriyyətin yaranması istiqamətində gedən proseslər hansı ardıcıllıqla cərəyan edib?
- Sovet iddialarına rəğmən ilk respublika irticaçı rejim olmaqdan çox uzaq idi. Əsrin əvvəllərində Azərbaycan xalqının azsaylı, lakin yaxşı təhsil görmüş ziyalılarının olmasında bəxti gətirmişdi.
Bu liderlər Təbriz, Bakı və İstanbuldan Sankt Peterburq, Berlin və Parisə uzanan geniş üfüqləri aydın görürdülər. Onlar baş verən hadisələri diqqətlə izləyir, öz xalqlarının müasir dünyadan geri qaldığını başa düşürdülər.
Onlar mədəni islahatları həyata keçirmək, təhsili və kənd təsərrüfatını modernləşdirmək istəyirdilər. Bütün bu məsələlər hələ 1918-ci ildən əvvəl müzakirə edilmişdi. O vaxt yerli qəzetlərdə yer almış rəy və müzakirələrə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın aparıcı liderlərinin modernist simaları görünsün.
Respublikanın ilk ili ərzində hökumət təhsil islahatları elan etmişdi. Azərbaycan dili təhsil dili kimi bərqərar edilmiş, Bakıda Şərqin ilk universiteti yaradılmışdı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başlandı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar, ana dilində mətbuat orqanları yaradıldı. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi.114 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi. Eyni zamanda, ilk respublika dərhal öz tələbələrini Avropa universitetlərinə göndərmişdi ki, gələcək üçün müasir kadrlar yetişə bilsin. Bütün bunlar böyük çətinliklərin əhatəsində edilirdi. Sizə Azərbaycana 1918-ci ildə reportaja gələn Osmanlı dövlətinin jurnalisti ilə Azərbaycan Cümhuriyyətinin 2-ci baş naziri Nəsib bəy Yusifəbyilinin dialoqun qısa olaraq bildirim ki, o zaman müstəqil dövlət olan Azərbaycanın dövlətçilik prinsiplərinin nələr olduğu aydınlaşsın.
Nəsib bəy: Azərbaycana bir türk ordusu gəlməsi ola bilər və lazımdır da. Ancaq qorxduğumuz bir mətləb var, türklər bizi İstanbuldan idarəyə qalxmasınlar. Bizim ədəmi-mərkəziyyət üzərinə qurulmuş proqramımız vardır, ona uymaq gərəkdir.
Jurnalist: Siz bu ödəmi mərkəziyyət üsulunu rus idarəsinə qarşı irəli sürmüş bulunuyorsunuz. Türklərə gəlincə, onların ruslardan bir fərqi olmayacaqmı? Bu ədəmi-mərkəziyyətə nə lüzum var?
Nəsib bəy: Azərbaycanın sosial yapısı tam başqadır. Bakı bir industri və işçi mərkəzidir. Sultan rejimi buradakı əhvala uymaz. Biz xalqın sinif və təbəqəsinin müsavatı üzərinə dayanan bir hökumət qurmaq fikrindəyiz. Çarlıq dövrünün aristokratik və feodal idarəsinə son verəcəyiz. Milliyyətçi və demokratik bir idarə istiyoruz. Halbuki Osmanlı padşahlığı rejim etibarı ilə çarlıq idarəsindən fərqsizdir. Əlbəttə ki, bu konu irq məhfumundan ayrılır. Əlbəttə ki, Osmanlı türkləri azəri türklərinin böyük qardaşıdır. Ancaq Bakı İstanbuldan idarə ediləməz, bunun üçün Musavat firqəsinin ədəmi mərkəziyyət prinsipi Osmanlı idarəsinə qarşı da var olmalıdır. Cümhuriyyətin bəyan edilməsi ərəfəsində regionda əsas aktorlar kimi fəaliyyət göstərmiş dövlətlərdən Böyük Britaniya, Rusiya Azərbaycan dövlətinin müqəddəratına sonadək təsir göstərdilər. Almaniya və Osmanlı imperiyaları dünya müharibəsində məğlub olduqlarından regionla bağlı proseslərə müdaxilə etmək iqtidarında deyildilər. Böyük müharibənin bütün çətinliklərində müttəfiq olan Almaniya və Türkiyə Cənubi Qafqaz siyasətində bir-birinə qarşı durmalı olmuşdu. Qalib Antantanın parçalamaq istədiyi Osmanlı dövlətində başlanan milli-istiqlal savaşı artıq yeni bir Türkiyənin yaranmasından xəbər verirdi. Türkiyə milli istiqlal hərəkatı ilə sovet Rusiyasının regionda uzlaşan maraqları və Antanta qüvvələrinin əməli (hərbi) yardım göstərməməsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda məşum rol oynadı.
- Müstəqillik bəyənnaməsi Gürcüstanda Tiflis şəhərində rəsmən elan olunduqdan sonra heyət Gəncəyə gəlib. Bəs bu ərəfədə Azərbaycanın daxili həyatında nələr baş verirdi?
- 1918-ci il mayın 28-də Tiflisdə istiqlaliyyətini elan etdiyi gündən Azərbaycan Demokratik Cümhuriyyəti qısa bir zamanda bir çox ilklərə imza atmışdır. 16 iyunda Milli Şura və Azərbaycan Hökuməti Gəncəyə, sentyabrın 17-də oradan Bakıya köçmüşdür. Bakı o illərdə böyük strateji əhəmiyytə malik idi. Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Və belə bir kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.
Mayın 28-dən əvvəl türk ordu hissələrinin gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı.
Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi.
Yeri gəlmişkən, 1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında "Qarşılıqlı yardım və dostluq haqqında müqavilə" imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırımı siyasəti həyata keçirilmişdi. Soyqırımının həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu. Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan bütövləşdi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırmışdılar.
1918-ci ilin noyabrın 19-da Azərbaycan parlamentinin təsis olunması barədə qərar qəbul olunmuş, 7 dekabrda isə Azərbaycan Milli Məclisi artıq fəaliyyətə başlamışdır. 19 noyabr 1918-ci il heç şübhəsiz dünyanın yeni siyasi tarixinin ən önəmli günlərindən biridir.
90 il əvvəl, parlamentarizm, özünüidarəetmənin ən vacib aləti kimi Şərq dünyasında ilk dəfə məhz Azərbaycanda tətbiq olundu. Azərbaycan Demokratik Cümhuriyyəti müsəlman şərqində Avropa tipli idarəetmə prinsiplərinə keçən ilk dövlət oldu və bu prosesdə o, Türkiyə Cümhuriyyətini bir neçə il qabaqladı.
İdarə üsuluna görə ADC parlament respublikası idi. Qeyd etmək lazımdır ki, parlament respublikası, xalqın demokratik haqq və hüquqlarını yüksək səviyyədə təmin edən ən mütərəqqi idarəetmə sistemi kimi elə 21-ci əsrdə dünyada sayılan ölkələrdə tətbiq olunur.
Seçki qanununa görə, Azərbaycanda qadınlarla kişilərin seçib-seçilmək hüquqları eyni idi. Bu məsələdə də Azərbaycan bir çox Avropa ölkəsini qabaqlayırdı. Ölkədə real çoxpartiyalılıq mövcud idi. Azərbaycan Demokratik Cümhuriyyətində söz azadlığı praktiki olaraq təmin olunmuşdu. Dövri mətbuat orqanı yaratmaq üçün nəşriyyat üzrə müfəttişi xəbərdar etmək kifayət idi və bu orqanın məsuliyyətə cəlb olunması - ancaq onun cinayət qanunçuluğunu pozması halında, məhkəmə qərarı ilə mümkün idi.
- Hökumət tez-tez dəyişirdi. Bunun səbəbi nə idi ?
- 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirildi. Parlamentin rəhbər orqanları seçildikdən sonra hökumətin fəaliyyəti barədə məruzə üçün söz Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli Xan Xoyskiyə verildi. O, öz hökumətinin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər barədə geniş hesabat verdi. Fətəli Xan Xoyski öz hökumətinin istefasını qəbul etməyi yeni yaranmış parlamentdən xahiş etdi. Parlament ikinci hökumətin istefasını qəbul etdi. Yeni - üçüncü hökumət kabinəsinin təşkili və ona rəhbərlik yenə də Fətəli Xan Xoyskiyə tapşırıldı. Dekabrın 26-da Fətəli Xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə parlamentdə çıxış etdi. Müzakirələrdən sonra parlament Fətəli Xan Xoyski hökumətinə etimad göstərdi.
1919-cu ilin yanvar-fevral aylarında keçirilən parlament iclaslarında Fətəli Xan Xoyski hökuməti kəskin surətdə tənqid edildi və haqsız tənqidlərlə barışmayan Xoyski hökumətin istefası barədə parlamentə məktub göndərdi. Parlamentin fevralın 25-də keçirilmiş iclasında istefa qəbul olundu və yeni hökumətin təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olundu.
Yeni - dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il aprelin 14-də o, yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu.
Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Bununla əlaqədar olaraq 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 5 nəfərdən ibarət Dövlət Müdafiə Komitəsi yaradıldı. Komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi, yollar, xarici işlər və ədliyyə nazirləri daxil edildilər.
1919-cu il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi.
1920-ci il martın sonunda Sovet Rusiyası tərəfindən xarici təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Nəsib bəy Yusifbəyli hökuməti istefa verməli oldu. Yeni hökumətin təşkili Məmməd Həsən Hacınskiyə tapşırıldı. Onun parlamentdəki fraksiyalarla apardığı danışıqlar müsbət nəticə vermədi.
Yaranmış əlverişli şəraitdən istifadə edən Sovet Rusiyasının 11-ci Qırmızı Ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq və qabaqcadan hazırlanmış hərbi müdaxilə planına uyğun olaraq 1920-ci il aprelin 27-də Azərbaycanın sərhədlərini keçərək, Bakıya doğru hərəkət etdi. Sovet qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinə son qoyuldu.
- Müstəqilliyin beynəlxalq səviyyədə tanınması üçün hansı işlər görülmüşdü?
- Son dərəcə mürəkkəb beynəlxalq və daxili şəraitdə dövlətçilik fəaliyyətinin həyata keçirilməsi bir çox uğurlarla nəticələndi. Ən başlıcası isə Azərbaycanın müstəqilliyi yüksək beynəlxalq statusda, Paris Konfransının Ali Şurası tərəfindən tanındı. Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi nəticəsində süqut etsə də, milli məfkurə, milli dövlətçilik duyğuları qəlblərdən silinmədi. Sovet dövlət sisteminin davamlı cəza tədbirləri, kütləvi repressiyalar, təqiblər milli yaddaşı məhv edə bilmədi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu Azərbaycan Sovet Respublikasına zəmin oldu. Məhz 1918-ci ilin 28 mayında “Azərbaycan” adının siyasi məna kəsb etməsi, bəyan etdiyi sərhədlər daxilində mövcudluğu Azərbaycan dövlətini müstəqil olmasa da yaşamağa qadir etdi. 70 il ittifaq tərkibində qalan Azərbaycan dövləti XX yüzilliyin sonlarında yenidən müstəqilliyə qovuşdu və Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinə sadiqliyini bir daha sübut etdi. Azərbaycan istiqlaliyyətinin beynəlxalq sülh konfransı tərəfindən tanınması ilə gənc dövlətin diplomatik əlaqələri genişləndi. Belçika, İsveçrə, Hollandiya, Çexiya, Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. 1920-ci il martın 20-də İran Azərbaycan Cümhuriyyətini de-yure tanıdı. Qısa müddətdə Azərbaycanın Tehranda səfirliyi, Təbrizdə baş konsulluğu, Rəştdə, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. Azərbaycan parlamenti Böyük Britaniya, Fransa, İtaliya, Amerika Birləşmiş Ştatları, İsveçrə Respublikası, Polşa, Almaniya və Rusiyada diplomatik nümayəndəliklərin təsis olunması haqqında qanun qəbul etdi. Azərbaycanda İngiltərənin, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Ermənistanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-ın, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin və İsveçin nümayəndəlikləri fəaliyyətə başlamışdı. Beləliklə aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcridçilikdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra, aprelin 28-də XI Qızıl ordunun Azərbaycanı işğalı ilə Xalq Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı.