“Efirdə məmurlara söz atır...” - Tanınmış diktor

14-04-2015, 12:21           
“Efirdə məmurlara söz atır...” - Tanınmış diktor
“Efirdə o qədər savadsız, məlumatsız aparıcılar var ki, onlara baxanda adam utanır”

Azərbaycanın tanınmış xanım diktoru, 40 ildən çoxdur efirdə sözünü deyən Şərqiyyə Hüseynova AzVision.az-a müsahibəsində yerli telekanalların fəaliyyətindən, teleaparıcılara ünvanlanan iradlardan söz açıb, öz narazılıqlarını bildirib:

-Şərqiyyə xanım, son günlər yerli telekanallar ətrafında ciddi tənqidlər səslənir. Xüsusən də Milli Televiziya və Radio Şurasının (MTRŞ) sonuncu hesabatında tanınmış aparıcıların fəaliyyətindən narazılıq ifadə olunur. İlk öncə bilmək istərdik yerli kanalları izləyirsinizmi? Onların fəaliyyətinə münasibətiniz necədir?

- Mətbəximdəki televizorda ancaq Azərbaycan kanalları göstərir. Özüm belə etmişəm ki, yerli kanalları izliyə bilim və fikir söyləyəndə xəbərdar olum. Sonra deməyim ki, xəbərim yoxdur, bizim kanallara baxmıram, bu mənə yaraşmaz. Deyərlər, nə oldu 47 ildir Azərbaycan efirindəsən, indi Azərbaycan kanallarına baxmırsan. Ancaq qızımın olayından sonra bəzən fikirli oluram,bir çox şeylər yadımda qalmır .

-Fəaliyyəti tənqid olunan aparıcılar arasında vaxtı ilə eyni televiziya kanalında çalışdığınız Aytən Səfərova və İlqar Mikayıloğlu da var idi. MTRŞ-ın iradları ilə razılaşırsınızmı?

- Üzdə olan, tanınan aparıcılara bu cür tənqidlər olunur. İlqar çox savadlı və məlumatlı aparıcıdır, Aytən də həmçinin. Ola bilər ki, kiminsə əli ilə bunlara qarşı bu ittihamlar səsləndirilir. Aytən görün, necə gözəl jurnalistdir.

Həmçinin Elgiz Əkbərin Ans TV-də yayımlanan “Adam içində ” verilişi haqqında MTRŞ-nın iradına da münasibət bildirmək istəyirəm. Bu tamamilə başqa məsələdir. Biri var ki, onlara bir aparıcı kimi irad tutulsun ki, hansısa bir sözü, ifadəni düzgün demirlər və s. Biri də var ki, verilişin formatını tənqid edəsən. Təbii ki, verilişin formatını kanalın rəhbərliyi təyin edir. Elgiz gəlib özündən veriliş açmayıb ki?! Bunlar bilsinlər də. Heç olmasa aparıcıya qarşı ittiham edəndə belə şeyləri ayırsınlar. Görsünlər ki, bu aparıcının səhvidir, yoxsa kanal rəhbərliyi belə qərara alıb.

Kanal rəhbərliyi də ki, öz başına deyil. İndi tənqid etmək çox asandır. Amma siz gəlin o insanların yerində olun, görün aparıcılar necə əziyyətlər çəkiblər. Səhər saat yeddidən bu insanlar efirdədirlər. Onların o boyda zəhmətlərinin qarşısında mənə elə gəlir ki, nəyinsə üstündən keçmək olar da.

-Bəs, siz özünüz necə MTRŞ-nın tənqid hədəfinə çevrilən teleaparıcılara və verilişlərinə hansısa irad bildirmisinizmi?

-Mənim Aytənlə adi həyatda xüsusi münasibətim yoxdur. Buna baxmayaraq, onu aparıcı kimi çox bəyənirəm. Aytənin çox gözəl mətinaltı zarafatları var. Onun məmurlara sözünü mətinaltı zarafatla yeritmək üslubu çox xoşuma gəlir.

İlqar Mikayıloğluna edilən iradlarla bağlı da danışmaq istərdim. Məşhur Rusiya bəstəkarı Maksim Dunayevskidən müsahibə alanda ona deyiblər ki, “siz 7 dəfə evli olmusunuz. Ola bilməz ki, bu qadınlarda ümumi cəhət olmasın. Bu 7 qadının 7-si də ola bilməz ki, başqa- başqa insanlar olsun”.

Deyir, “bəli, qadınlarda ancaq gözəl səsi sevirəm. Mən neçə dəfə evlənmişəmsə, qadınlarımın danışıq səsi uca olub. Mənim isə uca səsdən xoşum gəlmir”. Və bu müsahibə bir çox Rusiya kanalında getdi. Hamı da bunu alqışladı. Amma bizimkilər görün nə deyir. İlqar Mikayıloğlu bunu deyib, nə olsun, yəqin deyingən qadınları nəzərdə tutub da. Burada nə var ki? Amma İlqar Mikayıloğluna irad tutublarsa, vallah ayıb olsun. Mən başqa nə deyim.

-Sizin fikirinizə görə, aparıcılar efirdə özlərini necə aparmalıdırlar?

- MTRŞ mənə elə gəlir ki, belə şeylərə irad tutmamalıdır. Çünki bu şou proqramıdır. Xəbərlər proqramının aparıcısı xəbərlərdə belə bir ifadə işlətsə, o başqa məsələ. Ona qalsa elə aparıcılar var ki, adam baxanda fikirləşir ki, tez kanalı çevirim, sən Allah, əsəbləşməyim. Onsuz da həyat indi əsəblərin üzərində qurulub.
Hər halda Aytənlə İlqara, Kamrana baxanda necə savadlı insan olduqları bəlli olur. Onlara irad tutmaq, mənə elə gəlir ki, böyük bir biabırçılıqdır. O qədər savadsız, məlumatsız aparıcılar var. Onlardan danışımırlar, amma üzdə olan, reytinq qazanan verilişlərdən danışırlar. Əgər bu verilişlərin reytinqi yüksəkdirsə, deməli böyük bir tamaşaçı auditoriyası baxır da. Gəlin reytinqi kənara qoymayaq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.