“Məgər onlar bilmir ki, 1915-ci ildə heç Türkiyədə itli-pişikli milyon yarım erməni yox idi?” - Əli Nağıyevdən Avropa Birliyinə

16-04-2015, 15:59           
“Məgər onlar bilmir ki, 1915-ci ildə heç Türkiyədə itli-pişikli milyon yarım erməni yox idi?” - Əli Nağıyevdən Avropa Birliyinə
“Görəsən dünya niyə Türkün üstünə belə həvəslə gedir? Olmaya 623 illik Osmanlı İmperiyası və ötən əsrin əvvəllərində Atatürkün möhtəşəm qələbəsi onlara od qoyub, bu günə qədər də barışa bilmirlər?

Moderator.az bu sualla Türk tarixini mükəmməl bilən professor, YAP-ın qurucularından olan keçmiş nazir və diplomat Əli Nağıyevə müraciət edib və ondan aşağıdakı cavabı alıb:

“Tamamilə doğrudur və əslində sualınızda müəyyən qədər cavab da vermisiniz. Dünya anlayır ki, türkün böyüklüyü nə deməkdir. Böyük Cavidin bu barədə necə gözəl deyilmiş fikirləri var:

Türklərin anlı-sanlı əcdadı
saldırıb titrədirdi yer üzünü
Hökm edib dinlədirdi hər sözünü
Nə zamankı kişnəsəydi Türkün atı
Qırılardı bir ölkənin qanadı...

Millət böyüklərini tanıya-tanıya, onları qabağa verə-verə millət olar. Millət sərkərdəsinin ətəyindən yapışaraq qabağa gedə-gedə millət olar. Mən neçə vaxdır ki, izləyirəm, telekanallarda da Çanaqqala zəfərindən bəhs edilən proqramlarda məsələ birtərəfli işıqlandırılır. Sanki bu zəfərin yalnız Atatürkə məxsus olduğuna qısqanclıqla yanaşılır. Sözsüz ki, Çanaqqala zəfəri Türk xalqının böyüklüyünün ifadəsidir. Amma həmin türk ordusu cəmisi 3-4 il öncə Balkanlarda acınacaqlı məğlubiyyətə uğramışdı, Sarıqamışda ruslar Türkiyyə sarsıdıcı zərbə vurdular. Ancaq Çanaqqla Atatürkün kişiliyi və böyük qələbəsi idi. Sonuncu Osmanlı sultanı, 6-cı Sultan Mehmet (Vəhiyyəddin) hansı ki, deyirdi millət sürüdü, sürüyə də bir çoban lazımdır, o da mənəm, sonrası da acınacaqlı oldu, ingilislər Maltaya qaçırtdılar, orda acından öldü. Amma Atatürk Türk millətinin sürü deyil, şir ürəkli olduğunu sübut etmək üçün keçdi millətin başına və dünya durduqca xatırlanacaq o cür qələbəyə imza atdı. Məhz o zaman Atatürk özünü təsdiq etdi ki, bu millətin mənim kimi kişisi var, millət mənim dalımca getməlidir. Azərbaycanda da 1993-cü ildə oxşar hadisələr cərəyan edirdi. Yenə də yuxarıda adını çəkdiyim güclər bizim milli dönüklərimizin əliylə Azərbaycanı param-parça etmək istəyirdilər. Heydər Əliyev gəlib bütün bu məkrli planları pozaraq həmin gücləri mat qoydu. Deməyim odur ki, millət öz xilaskarlarının qədir-qiymətini bilərək onları ən hündür zirvələrdə dalğalanan bayraqlar kimi göylərə qaldırmayınca millət ola bilməz. Böyüklərimizi bucağa basmaqla, hər vəchlə onları gizlətməklə biz böyük deyil, cırtdan olarıq.
Bu dəqiqə dünyanın beyin mərkəzləri çalışır ki, Türkün yenidən qüdrətlənməsinin, dünyada söz sahibi olmasının qarşısı alınsın. Bu planlara ingilislər başçılıq edir. Hansı ki, İngiltərə ömrü boyu Türkiyənin düşməni olub. Bu günə qədər İngilistan Türkiyənin Çanaqqala zəfərindəki möhtəşəm qələbəsini, 200 min ingilis əsgərinin boynunu yerə qoymasını həzm edə bilmir, yadından çıxarmır. Amerika iddia edir ki, həmin dövrdəki savaşlara qarışmırdım, ancaq Amerika o vaxt da çox ciddi şəkildə ingilisin, fransızın arxasında durdu. Baxmyaraq ki, almanlar türklərlə eyni ittifaqda idi, ancaq çəkildilər qırağa. Rusiya da bir tərəfdən Türkiyəyə dişini qıcamışdı. İtalyanlar artıq oturmuşdu Antalyada, deyirdilər bura bizimdir. Yunanlar da Balkan savaşından başlayaraq Türkiyəyə qarşı düşmənçiliyini davam edirirdi. Yəni Türkiyə odun içində idi. Həmin odun içindən zəfərlə çıxan Türkiyəni dünyanın indiki texnologiyalar dövründəki qlobal güclər də diqqətlə izləyirlər və bu dairələr qətiyyən yatmayıblar, onlar görür ki, Türk Birliyi necə böyük sürətlə irəli gedir və dünyada özünə yer tutmağa başlayır. Mən yüz dəfə həm Heydər Əliyevin dünyadan vaxtsız getməsinə, həm də Süleyman Dəmirəlin ikinci müddətə prezident seçilməsinin əngəllənməsinə heyfslənirəm. Ona görə ki, Heydər Əliyev Azərbaycana daha çox şey verə bilərdi, Heydər Əliyev 5-10 il artıq yaşasaydı, Türk Birliyinin işi indikindən qat-qat qabaqda idi. Bilirsiniz, dünyanı idarə edən güclər bunu görür və qorxurlar ki, günlərin bir günü Türk durar ayağa, yenə öz sözünü deyər. Onları qorxudan və vahiməyə salan yalnız budur. Yoxsa erməni kimdir ki, onların nazıyla oynayırlar, olmayan bir şeyi uydurub Türkiyəni küncə sıxmaq istəyirlər? Məgər onlar bilmir ki, 1915-ci ildə heç Türkiyədə itli-pişikli milyon yarım erməni yox idi? Bəs hardan çıxdı o boyda soyqırım qurbanı? Ermənilər tarix boyu Türklərə qarşı avropalıların, rusların, ingilislərin əlində çoxdəfəlik istifadə vasitəsi olub. Bu gün də Avropanın anti-Türk təşkilatları guya ermənilərə ağı deyərək Türkiyənin üstünə gedirlər. Zavallı ermənilər də elə bilir ki, onların yalanlarına inanıblar. Əsla, onlar ermənilərdən alət kimi istifadə edirlər və edəcəklər. Elə ötən əsrin əvvəllərində də Türkün başının qarışmasından istifadə edərək Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövləti qondarma yaratdılar ki, hər zaman bizi səksəkədə saxlaya bilsinlər. Amma mən əminəm ki, bu cür cəhdlər iflasa uğryacaq və yüz illər boyu dünyanı öz qüdrəti və mədəniyyətiylə heyrətləndirməyi bacaran Türk milləti ölməz Cavid demişkən, yenə də bu sınaqdan alnıaçıq, üzü ağ çıxacaq:

Turana qılıncdan daha güclü ulu qüdrət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.