Azərbaycanın “ən bədbəxt” qadınının keçmiş həyat yoldaşı ittihamlara cavab verdi – MÜSAHİBƏ

29-05-2018, 12:45           
Azərbaycanın “ən bədbəxt” qadınının keçmiş həyat yoldaşı ittihamlara cavab verdi – MÜSAHİBƏ
Bugünlərdə bir sıra elektron media resurslarında Bakı şəhər sakini, 39 yaşlı Humay Hüseynovanın “Azərbaycanın ən bədbəxt qadınının həyat tarixçəsi” başlıqlı müsahibəsi təqdim edilib. Qeyd edək ki, sözügedən müsahibədə Humay Hüseynova keçmiş həyat yoldaşı, qaynatası və hətta övladları ilə bağlı müəyyən iddialar irəli sürüb. KİV-lərdə dərc edilən müsahibədə səslənən ittihamlarla bağlı qarşı tərəfin mövqeyinə yer verilmədiyi səbəbindən, Azinforum.az İnformasiya Portalı olaraq, bu ailə münaqişəsində adları hallanan qarşı tərəfin nümayəndələri ilə əlaqə saxladıq. Humay Hüseynovanın keçmiş həyat yoldaşı Hüseyn Vəliyev bizə bildirdi ki, onlar çox nümunəvi ailə olduqaları üçün, bu cür mövzuların mediada işıqlandırılmasından fəxarət hissi keçirmirlər:

“Mən çox təəssüf edirəm ki, keçmiş həyat yoldaşım belə bir müsahibə verib. Ən başlıcası isə onun dediklərini olduğu kimi tirajlayan media orqanlarının bizim mövqeyimizə yer verməməsi də bizi ciddi narahat edir. Çox sağ olun ki, bizim də mövqeyimizi dinləməyə çalışırsınız. Mən böyük oğlum Vəli ilə birlikdə gəlib, sizin redaksiyaya müsahibə verəcəm”.

Hüseyn Vəliyevin yalnız bir şərti oldu ki, verilən müsahibədə onun və oğlunun şəkilləri təqdim edilməsin:

“Mən özümün deyil, daha çox uşaqlarımın yerinə utanıram. Onlar gəncdir, dostları, tanışları var. Niyə dostlarının yanında utanmalıdırlar? Əslində, bunu ilk olaraq onların anaları düşünməliydi. Madam ki, o, övladalarını düşünməyib, biz də cavab verməyə məcburuq”.

Beləliklə, səhəri gün razılaşdığımız saatda Hüseyn Vəliyev atasının adını daşıyan oğlu Vəli Vəliyevlə birlikdə redaksiyamıza təşrif buyurdu. Onların icazəsi ilə müsahibəyə başladıq. İlk olaraq suallarımızı Humay Hüseynovanın keçmiş həyat yoldaşı Hüseyn Vəliyevə ünavanladıq:

– Hüseyn müəllim, ailəniz haqda yayılan məlumatları necə qarşıladınız?

– Mən ilk növbədə sizə təşəkkür edirəm ki, bizim də fikirimizlə maraqlandınız. Biz ziyalı ailəyik, hər zaman jurnalistlərə böyük rəğbətimiz olub. Ancaq kimsə gəlib bir ailəni aşağılayan, həqiqətdən uzaq fikirlər səsləndirirsə və bunu jurnalistlər qarşı tərəfin mövqeyinə yer vermədən tirajlayırlarsa, mən bundan dərin təəssüf hissi keçirirəm. Bu, axı ilk növbədə medianın prinsiplərinə ziddir.

– Müsahibədə ailəniz haqqında səslənən fikirlərin hamısını inkar edirsiniz, yoxsa, bəzi məqamları?

– Xeyr, mən həmin müsahibədəki heç bir iddia ilə razı deyiləm. Həmin fikirlər başdan – ayağa şər, böhtan, şantaj üzərində qurulub. Buyurun, sizi maraqlandıran nə sual varsa, verin, mən cavablandırmağa hazıram.

– Müsahibəni verən Humay Hüseynova doğrudanmı sizin həyat yoldaşınız olub?

– Bəli, biz ailəli olmuşuq. 14 il bir yerdə yaşamışıq. 2010-cu ilin yanvar ayının 18-də mənim həyat yoldaşım evi tərk edərək qaçıb. Atası bizim xəbərimiz olmadan onu evimizdən qaçırıb.

– Humay xanım iddia edir ki, onun faciələri sizin valideynlərinizlə birlikdə yaşamağa qərar verəndən sonra başlayıb. Niyə birdən-birə valideynlərinizlə birlikdə yaşamağa qərar verdiniz?

– Birincisi, o xəstə adam olub. Xəstə adama əl qaldırmaq bizim əxlaqımızdan uzaq olan məsələdir. İkincisi, mənim həyatımda belə bir şey olmayıb ki, hansısa qadına əl qaldırım. Bəli, biz əvvəl Əhmədli qəsəbəsində 5 otaqlı mənzildə yaşamışıq. Sonra valideynlərimiz məsləhət gördü ki, bütün övladları onlarla bir yerdə yaşasın. Onların yeni tikdirdiyi ev çox geniş idi və bir neçə ailənin rahat şəkildə orada yaşamasında heç bir problem yox idi.

– Xəstə olduğunu özü də deyir. Xəstəliyi nə ilə bağlı olub?

– Ginekoloji xəstəliyi olub. Onkoloji xəstəliyindən bizim xəbərimiz olmayıb. Bunu Aslan müəllim ortaya çıxarıb.

– Aslan kimdir?

– Vəkil Aslan İsmayılovdan söbhət edirəm. Hazırda onlara vəkillik edir.

– Aslan İsmayılov Vəkillər Kollegiyasından çıxarılıbsa, o, necə vəkillik edə bilər?

– Bilirsiniz, onlar bizə qarşı bir neçə məsələ ilə bağlı mülki iddia qaldırıb. Bundan əvvəl hüquqşunaslar mülki işlərə nümayəndə kimi çıxa bilirdilər. Nümayəndəlik institutu ləğv ediləndən sonra, bu mümkün olmadı. Aslan İsmayılovla onların imzaladığı müqavilə nümayəndəlik institunun ləğvindən əvvələ təsadüf etdiyi üçün, o, bu işlərdə nümayəndə qismində çıxış edə bilir.

– Hüseyn müəllim, Humay xanım iddia edir ki, siz və ailəniz onun xəstəliyi ilə maraqlanmayıbsınız, müalicəsinə biganə yanaşıbsınız…

– Onu bir dəfə Bakıda əməliyyat etdirmişik. Sonra aparıb Moskvada onkologiya mərkəzində müayinə etdirdik və məlum oldu ki, onda heç bir onkoloji xəstəlik yoxdur. Sankt-Peterburq şəhərində hərbi tibbi akademiya var, orada 3 dəfə əməliyyat olunub. Bunlardan sonra üz tutmuşuq İstanbula. Orada Koç Holdinqin “Amerikan” adlı klinikasında həm estetik, həm də başqa sahə üzrə əməliyyat olunub. Məhz bu klinikada biz onu 3-4 dəfə müayinə, əməliyyat etdirmişik. Xəstəsi ilə maraqlanmayan ailə bu qədər pul xərcləyərmi? Onun xəstəlik tarixçələri var, istədiyiniz vaxt dediyim xəstəxanalara sorğu verib maraqlana bilərsiniz.

-Həmin xərcləri kim çəkib?

-Hamısını özüm çəkmişəm. Özü də bilir ki, pulum olmayanda, texnikalarımı satıb, onun müalicəsinə sərf etmişəm. Bununla yanaşı, onun utanmadan adını hallandırdığı atam Vəli Vəliyev tərəfindən də bizə xeyli maliyyə köməkliyi edilib.

-Hüseyn müəllim, belə diqqətin müqabilində, atası Humay xanımı niyə evdən qaçırmağa qərar verib?

– Onların ailəsi çox ağır maddi duruma düşmüşdü. Biz onlara hər cür köməklik edirdik. Demək olar ki, bizim tərəfimizdən maliyyələşirdilər. Əhmədlidə yaşayanda: anası, bacısı və digər qohumları demək olar ki, bizdə qalırdılar. Biz atamgilin yanına köçəndən sonra, onlar istədikləri kimi bizə gəlib- gedə bimədilər. Bir sözlə, sərbəstliklərinin əvvəlki kimi olmaması onları narahat etməyə başladı. Bundan sonra ailəmizin bütün işlərinə müdaxilə etməyə başladılar. Bunların planı bizdən nəsə qoparmaq olub və buna ailəlikcə hazırlıq görüblər. Görün, bunlar necə adamdır ki, hələ münasibətlərimizin normal olduğu vaxtda, onun atası qohum adı ilə Akif adlı vəkili bizim evimizə qonaq qismində dəvət edərək , gizli şəkildə əmlakımızın qiymətləndirilməsini aparıblar.

– Humay xanımın atası kimdir?

– Mənim keçmiş qaynatam Fərhad Hüseynov hazırda rəhmətə gedib. Uzun müddət polis orqanlarında çalışıb. Binəqədi rayonunda “pasportstol”, sonra isə Bakı Şəhər Baş Polis İdarəsində kadrlar şöbəsində çalışıb. Onun qalmaqallı şəkildə işdən azad olunduğunu eşitmişəm. Yəni ailənin əvvəl imkanı pis olmayıb. Ataları işdən çıxandan sonra, ailəyə əvvəlki kimi gəlir gəlməyib. Bizimlə tanış olan vaxt, onlar demək olar ki, müflis vəziyyətdə idilər. Bütün əmlaklarını satmışdılar. Onların belə vəziyyətini görən atam qaynatama hər ay müəyyən məbləğdə maaş verirdi. Hətta onu Həcc ziyarətinə belə göndərib. Cəmi 6 ay namaz qılandan sonra, keçmiş qaynatam Humayın ad günündə bildirdi ki, Həccə getmək arzusu var. Atam onun həmin arzusunu da yerinə yetirdi. Bununla yanaşı, atam ona küllü miqdarda borc vermişdi. Boşanma prosesi başlayanda atam ona deyib ki, siz bu ailəni dağıtmağa qərar veribsinizsə, onda, gətir mənim borcumu da qaytar. Həmin vaxt keçmiş qaynatam atamdan pul aldığını danmışdı. Atam da həmin pulun üstündən xətt çəkdi. Keçmiş yoldaşımla biz boşanandan sonra, atam onları çağırıb yeni tikilmiş binalardan üç dolu ev, hesablarına pul qoyub onun depoziti ilə dolanma, sürücü ilə birlikdə xidməti avtomobil və bütün evin təminatını öz boynuna götürməyi təklif etdi. Atam bizim ailəmizin dağılmasını heç istəmirdi. O, bu qayğını onlara nəvələrinə görə göstərmək istəyirdi. Hətta boşandığımıza görə, məni də evdən qovmuşdu, bildirmişdi ki, onun Hüseyn adlı oğlu yoxdur.

– Ancaq Humay xanımın müsahibəsindən belə nəticə hasil olur ki, sanki ailənizin dağılmağının təqsirkarlarından biri də sizin atanız olub…

– Belə deyil! Biz böyük nəsilik, hamı –hamını yaxşı tanıyır. Bizdə heç vaxt boşanma hadisəsi olmayıb. Yaxşı olar ki, Humay belə ittihamları səsləndirəndə bir öz qohum -əqrabalarında boşanma ilə bağlı olan statistikaya nəzər salsın. Məsələnin detallarına çox varmaq istəmirəm.

– Məhkəmədəki boşanmadan sonra uşaqlarınızın taleyi necə oldu? Bilirsiniz ki, Humay xanım övladalrının taleyi ilə bağlı da müəyyən təsirli fikirlər səsləndirib.

– Bizim nigahımızdan Əli və Vəli adında iki oğlan övladımız olub. Boşanmadan sonra, məhkəmənin qərarı ilə onlar anasına verildi. Hər uşağa da 150 manat aliment kəsildi. Alimenti mən bir illik olaraq toplam ödədim. 2012-ci ilə kimi hissə-hissə alimenti ödəmişəm. Sonra uşaqlar bizimlə yaşamağa başladığı üçün aliment ödəməyə zərurət qalmadı.

– Xanım iddia edir ki, ayrılandan sonra övladlarınızla lazımi şəkildə maraqlanmayıbsınız. Bu belədirmi?

– Mən uşaqlarımla daima maraqlanmışam. Nə ehtiyacları olubsa, qarşılamışam. Məndən də çox onlar üçün atam Vəli müəllim öz qayğısını əsirgəməyib. Onlar atamın ilk nəvələri olduğu səbəbindən, atam onlara nəvə yox, övladı kimi baxıb. İndi mən də elə bilirəm ki, onlar mənim övaladlarım yox, qardaşlarımdır.

– Birgə nigahınız vaxtı aldığınız bir mülklə bağlı da iddialar var. Bu, nə məsələdir?

– Bəli , söhbət 701 kvadratlıq istehsalat sahəsindən gedir.

– Onun Humay xanıma hansısa formada aidiyyəti varmı?

– Birgə nigah vaxtı alındığı üçün, qanunvericiliklə onun da iddiası ola bilər. Ancaq həmin obyektin rekonstruksiyasına mənim imkanım olmayıb. Çünki keçmiş həyat yoldaşımın müalicəsinə külli miqdarda pul xərcləmişdim. Bu səbəbədən də, “obyektin” bütün rekonstruksiya xərclərini atam çəkdi. Boşanma ərəfəsində əsəbləşərək, ora sərf etdiyi külli miqdarda vəsaiti məndən tələb etdi. Mən pulu atama qaytara bilmədiyimə görə, məhkəmənin qərarı ilə atamın mənə qarşı qaldırdığı iddia təmin edildi və tələb əmlakın üzərinə yönəldi. Sonra atam xərclərini geri qaytarmaq üçün, həmin “obyekti” başqa bir adama satdı.

– Ailənizlə bağlı mediada əvvəllər də yazı gedibmi, yoxsa bu ilk belə haldır?

– Bir neçə ay bundan əvvəl vəkili Aslan İsmayılov öz Feysbuk səhifəsində bu barədə yazıb. Sonra dediyiniz müsahibə oldu. Doğrusu Aslan İsmayılovun qarşı tərəfi hansı şərtlər daxilində müdafiə etdiyi mənim üçün çox maraqlıdır. Mən eşitdiyimə görə, Aslan İsmayılov az qonarar tələb edən hüquqşunas deyil. Bunlar isə daima kasıbçılıqdan gileylənirlər. Hətta son müsahibədə də acınacaqlı durumda olmaları qeyd edilir. Onda sual olunur: bunlar illər uzunu Aslan kimi vəkilə ödəmək üçün pulu haradan tapırlar?

– Aslan İsmayılov bu ailənin hüquqlarını müdafiə edən yeganə hüquqşunasdır?

– Xeyr, əvvəl Akif adlı vəkillə razılaşmışdılar. Məndə olan məlumata görə, hətta onlar həmin Akifə bizdən alacaqları əmlakın 25 faizini söz vermişdilər. Çox güman ki, Aslan İsmayılovla da belə bir razılaşma var ki, o belə canfəşanlıq edir. Ailənin pulu yoxdursa, Aslan İsmayılov illər uzunu həmin adamın hüquqlarını hansısa maraq müqabilində müdafiə edir? Yəqin , Aslan İsmayılov çalışır ki, bizdən maksimum çox pul qoparsın ki, ona da normal faiz çatsın. Bizim verdiyimiz təkliflərlə razılaşmağa onları qoymayan da, məhz vəkilləridir. Müsahibədə güya bizim 50 min təklif etdiyimiz yazılır. Yalandır! Biz həmin məbləğdən də çox təklif etməyə hazırıq, təki barışıq olsun, amma Aslan İsmayılov milyonlardan dəm vurur. Mənim də həmin məbləği ödəməyə gücüm çatmır.

– Bu danışıqları Aslan İsmayılov şəxsən sizinlə aparır?

– Birbaşa mənimlə yox. O, təkliflərini bizim vəkilimizə verib. Aslan İsmayılov vəkil vasitəsi ilə 500 min pul istənildiyini bizim nəzərimizə çatdırıb . Bir daha deyirəm ki, ola bilsin ki, Aslan İsmayılova alınacaq həmin məbləğdən faiz söz verilib. Aslan İsmayılovla bağlı səsləndirdiyim fikiri öz versiyam kimi, gəldiyim məntiqə uyğun şəkildə vurğulayıram.

– İcazənizlə oğlunuza da bəzi sualları verərdik.

– Buyurun, amma bir şeyi qeyd edim, sonra. Humay müsahibəsində deyir ki, güya uşaqlar onların əlindən alınaraq, qaçırılıb. O, necə anadır ki, bu müddət ərzində uşaqları ilə bir dəfə də olsun maraqlanmayıb?

– Xanım qeyd edir ki, gedib məktəbdə uşaqlarına kənardan baxıb, göz yaşı tökür…

– Bir dəfə mənim o biri oğlum Əlinin son zəngində məktəbə gedib. Məndə olan məlumata görə, o, həmin məktəbə öz övladına görə deyil, hansısa rəfiqəsinin qızına görə gedib. O, gedib oğluna yaxınlaşsaydı kim ona mane olardı ki?

– Siz analarının uşaqları ilə görüşməsinə qadağa qoyubsunuzmu?

– Onlar artıq böyük oğlanlardı. Hər ikisi ali məktəbdə oxuyur. Müstəqil qərar vermək yaşları var və hər şeyə özləri qiymət verə bilir. Mən onlara hər zaman demişəm ki, anaları ilə görüşsünlər. Analarının özü buna cəhd etmir. ( Vəli deyinlənlərlə razılaşır – red.)

Söbətə Vəlini də qoşuruq:

-Vəli, məqalədə sizinlə bağlı da məqam var. Siz ananızla birlikdə yaşayıbsınız?

-Mən məqaləni oxumuşam və təəssüf edirəm ki, bizim adımızdan yalan fikirlər qeyd edilib.

-Necə oldu ki, siz ananızın yanından ata babanızın yanında yaşamağa başladınız.

-Ana nənəmiz Hüseynova Xavərin bizə göstərdiyi təzyiqlərə görə, biz oranı tərk etdik. Anamın atamgildən gətirdiyi qızılları onlar xərcləyib qurtarandan sonra, bizə münasibət tam dəyişdi. Digər tərəfdən isə vəziyyət acınacaqlı idi. Bir balaca mənzildə anam, nənəm, iki qardaş biz və dayım ailəsi ilə yaşayırdı. Hazırda dayım- Pərviz Hüseynov şair Fikrət Qocanın oğlunun öldürülməsi işinə görə həbsxanadadır.

– Siz ananızla harada yaşayırdınız?

-9-cu mikrorayonda 2 otaqlı bina evində yaşayırdıq. Sonda bizim özümüz bu qərar gəldik ki, Vəli babamla birgə yaşayaq.

-Ananız deyir ki, ona sizinlə görüşməyə imkan vermirlər. Niyə onunla görüşmürsünüz?

– O, bizim ikimizin də telefon nömrəsini bilir. Yaşadığımız, oxuduğumuz yeri tanıyır. Nə vaxt belə bir cəhd etdi ki, biz ona yox dedik? Atam hər zaman bizə deyir ki, anamızla görüşək. Hətta lazım olanda ona maddi kömək etməyi də bizə tapşırır, amma anamızın özü bizə yaxın gəlmir.

– Vəli, bu mövzu ilə bağlı son olaraq nə demək istərdin?

-Əvvəla, mən anama üzümü tutub deyirəm ki, pul davasına görə bizim adımızı belə ictimai müzakirələrə nahaq salıb. Əslində, mən onda da çox günah görmürəm. Onu bu işlərə təhrik edən anasıdır. Burada bir məqsəd var, atamdan, babamdan maksimum çox pul qoparmaq.

Rövşən ƏLİ,
Azinforum.az

P.S.Müsahibədə adları çəkilən istənilən şəxsin mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.