Cahangir Qocayev: “Bağ və parklara xidmət qeyri-peşəkarlara həvalə olunub” - MÜSAHİBƏ

30-05-2018, 08:24           
Cahangir Qocayev: “Bağ və parklara xidmət qeyri-peşəkarlara həvalə olunub” - MÜSAHİBƏ
Azərbaycanda sosial-iqtisadi inkişafın mühüm göstəriciləri arasında çoxsaylı tikinti və abadlıq layihələri xüsusi yer tutur. Bu da təsadüfi deyil, neft gəlirlərinin axını başlanandan ölkənin hər yerində, xüsusən də, Bakıda həyata keçirilən iri maliyyə tutumlu tikinti və yenidənqurma layihələrinin sayı müqayisəedilməz dərəcədə artıb. Xüsusilə son 10-15 il ərzində paytaxtda aparılan tikinti-quruculuq işləri, yeni salınan parklar, istirahət və əyləncə kompleksləri onun simasına müasirliklə yanaşı, Avropa memarlıq üslubunun çalarlarını da gətirib. Əvvəllər plansız, necə gəldi tikilmiş köşk və obyektləri indi nizamla inşa edilmiş müasir mağaza və ticarət mərkəzləri, geniş və abad küçələr, gül-çiçəkli istirahət parkları əvəz edir. Amma Bakının mərkəzindən ucqarlara doğru uzaqlaşdıqca göz oxşayan abadlıq da azalır. Baxımsızlıq şəhərətrafı qəsəbələrin daxili yollarında, küçələrin işıqlandırma sisteminin olmamasında, yolqırağı ərazilərdə yan-yana düzülmüş yöndəmsiz mağaza və ticarət köşklərində, yaşıllıqlara və istirahət parklarına qulluq göstərilməməsində özünü daha çox büruzə verir.

Bəs, Bakının mərkəzindən başlanan abadlıq ucqarlara doğru nə vaxt və necə genişlənməlidir? Milyonlarla dövlət vəsaitinin xərcləndiyi tikinti-quruculuq layihələri şəhərsalma qaydalarının tələblərinə cavab verirmi? Göz oxşayan abadlıq və quruculuq sayəsində simasını dəyişən Bakıda abadlaşdırılan məhəllələrə, yeni salınmış park və bağlara lazımi səviyyədə xidmət göstərirmi?

Şəhərsalma üzrə tanınmış mütəxəssis, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq şöbə müdiri Cahangir Qocayev Koordinat.az-a müsahibəsində bu və digər suallara cavab verib. Həmin müsahibəni oxuculara təqdim edirik:


“Bakı Abadlıq Xidməti” MMC niyə öz işinin öhdəsindən
gələ bilmir?..

- Son 15 ildə Bakıda salınan və yenidən qurulan parkların, əsaslı şəkildə yenidən qurulan məhəllələrin idarəçiliyində böyük bir boşluq müşahidə olunur. Bu məsələlərdə əsas günahkar kimi “Bakı Abadlıq Xidməti” MMC-nin adı daha çox hallanır. Bakıdakı parkların bir çoxuna xidmətin bu təşkilata həvalə olunduğu, amma onun da işinin öhdəsindən gələ bilmədiyi iddia edilir...
- Mən bir həqiqəti səmimi şəkildə deməliyəm: bizim cəmiyyətin mədəni səviyyəsi çox aşağıdır. Yenidən qurulan parklar təkcə şəhərin abadlaşmasına xidmət etmir, həm də insanlara estetik zövq verməlidir. Amma yeni qurulan park və bağların saxlanmasına xidmət göstərən təşkilatlar, nəzarət orqanları bunu nəzərə almır. Həmin “Bakı Abadlıq Xidməti” MMC-nin öz işinin öhdəsindən gələ bilməməsinin kökündə də məhz bu amil dayanır. Mənim bu təşkilat haqqında dəqiq məlumatım yoxdur. Amma bilirəm ki, istəsələr bəlkə də onlara həvalə olunan işi keyfiyyətlə yerinə yetirərlər, amma istəmirlər. Çünki maraqları yoxdur.

- Yeni parkların salınmasına milyonlarla vəsait xərclənib, tikinti-quruculuq layihələrinin icrası nəticəsində şəhər daha da gözəlləşir. Amma böyük vəsaitlərin sərf olunduğu təsərrüfatlara qulluq aşağı səviyyədədir. Sizcə, yenidən qurulan bağlara, parklara xidmət necə təşkil olunmalıdır?
- Əslində, hər bağın özünün nəzarətçisi, nəzarət orqanı var. Amma həmin orqanlar öz işini yüksək səviyyədə gördüyünü söyləmək çətindir. Şəhərsalma spesifik sahə olduğuna görə park və bağlara, məhəllələrə və binalara həmin sahə üzrə ixtisaslaşmış, peşəkarlıq səviyyəsi yüksək olan şirkətlər xidmət göstərməlidir. Çünki şəhərsalma elə bir sahədir ki, o heç vaxt köhnəlmir, illər ötdükcə qədimləşir, dəyəri artır. Yəni şəhər qədimləşdikcə qiymətə minir. Şəhərin təsərrüfat infrastrukturunun saxlanmasına, o cümlədən bağ və parklara xidmətin göstərilməsinə bu prinsipdən yanaşmaq lazımdır. Təəssüf ki, şəhər təsərrüfatının idarə olunmasında bu prinsip pozulub. Bunun nəticəsidir ki, böyük məbləğdə vəsaitlər hesabına salınan parklar, əsaslı təmirdən çıxmış binalar qısa müddətdən sonra dağıdılır, şəhərin görkəmi xaotik vəziyyətdə daha da pisləşir. Çünki əsas məqsəd şəhər təsərrüfatının qorunub-saxlanmasına xidmət etmək deyil, xidmət adı altında dövlətin ayırdığı vəsaitləri əldə etməkdir. Ona görə də işi qeyri-peşəkarlara tapşırırlar. Bu, həm də şəhərdə təmizlik işlərinə baxımda özünü göstərir.

-Demək istəyirsiniz ki, “Bakı Abadlıq Xidməti” bu işdə qeyri-peşəkardır?
-Meyxanaçılar demişkən, mən qafiyə atdım, hər kəs özünə aid olanı götürəcək. Mən açıq danışıram, qeyri-peşəkarlıq şəhərin saxlanmasında da, şəhərsalmada da, tikintidə də mövcuddur. Eyni zamanda bağ və parklara xidmət sahəsində şəxsi maraqlar daha üstündür. Məsələn, vaxtilə Kommunal Təsərrüfat Nazirliyi vardı və həmin nazirlik şəhərin abad saxlanmasına xidmət edirdi. Sonradan həmin nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdirdilər. Bununla da şəhər təsərrüfatına xidmət göstərən böyük bir dövlət qurumu yararsız bir hala gətirildi. Dövlət mənzil nəzarəti xidməti itirildi və indi demək olar ki, Bakının mənzil təsərrüfatı tamamilə nəzarətsiz qalıb.


Şəhərin kommunal təsərrüfatına
nəzarət zəifdir

- Axı, Bakı Şəhər İcra Hakimiyyətində Mənzil-Kommunal Təsərrüfatı Departamenti, onun nəzdində Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, mənzil istismar sahələri fəaliyyət göstərir...
- Bəli, belə bir qurum var, ancaq onlar kağız üzərində olan təşkilatlardır, faktiki olaraq binalara, məhəllələrə nəzarət edə bilmir. Hər çoxmərtəbəli binanın bir mərtəbəsində yenidənqurma işləri aparmaqla o binanı təhlükəli vəziyyətə gətirmək olar. Vaxtilə bu işlərə Kommunal Təsərrüfat Nazirliyi baxırdı və vahid bir dövlət qurumu kimi həm Bakıda, həm də regionlarda mənzil istismar sahələrinə nəzarət edirdi. 1990-cı illərin əvvəllərində həmin nazirlik Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdiriləndən bir müddət sonra yeni yaradılan xidmətin funksiyaları ovaxtkı İqtisadi İnkişaf Nazirliyinə verildi. Nazirlik isə bu xidməti göstərə bilmədi.

- Şəhərin işıqlandırılması da onlara aiddir?
- Bakı şəhərinin işıqlandırılması ayrı problemdir. Təəssüf ki, bu işin də öhdəsindən gələ bilmirlər. Bunun səbəbini şəhər təsərrüfatı ilə məşğul olan qurumlarda da, yuxarı instansiyalarda da hər kəs yaxşı bilir. Amma heç kəs pis kişi olmaq istəmir, nöqsanları demir. Ona görə də bu problemlər həll olunmur və belə getsə, heç vaxt həll olunmayacaq. Nöqsanları demədikcə şəhərin abadlaşdırılması, təsərrüfatların saxlanması sahəsindəki problemlər bir-birinin üstünə yığılır.


Vaxtilə akademik Həsən Əliyev
həyəcan təbili çalmasaydı...

- Söhbət elə həmin nöqsanlardan gedir ki, Bakı şəhərində məhəllələrin abadlaşdırılmasına, park və bağların yenidən qurulmasına milyonlarla dövlət vəsaiti xərclənir, amma onlara baxım çox aşağı səviyyədədir...
- Çünki bu işlər qeyri-peşəkar adamlara tapşırılıb. Ümumiyyətlə bağ və parklar ümumi şəhərsalmanın bir elementidir. Buna həm də landşaft arxitekturası deyirlər. Bu, şəhər təsərrüfatı üçün çox vacib elementdir. Çünki park və bağlardakı yaşıllıq həm insanların sağlamlığı üçün vacibdir, həm də şəhərin ümumi gözəlliyini tamamlayır. Vaxtilə rəhmətlik akademik Həsən Əliyev etiraz bildirənə qədər Bakıda eyni quyuya 4 dəfə ağac əkirdilər. Əkilən ağaclar suvarılmadığından qısa müddətdən sonra quruyurdu, yerinə başqasını əkirdilər. Amma Həsən Əliyev Coğrafiya İnstitutunun direktoru kimi həyəcan təbili çalandan sonra hər yerdə əkilən ağaclara qulluq göstərilirdi. Bununla da Bakı şəhərinin ekologiyası tədricən dirilməyə başladı. Bakının yaşıllaşdırılmasının təşəbbüskarı və ideoloqu məhz Həsən Əliyev idi. Aeroport yolu boyunca yaşıllıqların çoxu o vaxtdan salınıb. Ona görə deyirəm ki, işi peşəkarlara tapşırmayanda şəhərdə aparılan abadlıq-quruculuq işləri dağılmağa, yaşıllıqlar tələf olmağa məhkumdur. Ümummilli lider ürək ağrısı ilə deyirdi ki, hər ağacı kəsəndə elə bil mənim qolumu kəsirlər. Təəssüf ki, bəzi adamlar Bakıda ağacları kəsib yerində çayxana, kafe, hətta villa tikirlər. Bunların hamısı pula hərislikdən və şəhər təsərrüfatına rəhbərlik edən məmurların naşılığından irəli gəlir. Təəssüf ki, bəziləri şəhər təsərrüfatı dedikdə şəhərin mərkəzi hissəsini nəzərdə tutur. Halbuki şəhərsalma qaydaları və prinsipləri harada məskunlaşma varsa, ora aid edilir. Məsələn, Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50, ikinci mərhələ isə 100 ev tikilib, həyətyanı sahələr, sosial infrastruktur yaradılıb. Bu qədər evi niyə inşa edirdilər ki, elə bir ədəd doqquz mərtəbəli bina tikib camaatı ora köçürərdilər. Amma bunu etmədilər. Deməli, şəhərsalma qayda və prinsipləri vahid siyasətdir, məskunlaşdırılan zonanın yerli şəraiti, insanların yaşam tərzi, məşğuliyyəti, istirahəti, ekologiyası hər yerdə nəzərə alınmalıdır.



250 milyon manatdan çox vəsəait
hara gedib?

- Şəhərin təmizliyinə, kommunal təsərrüfatına nəzarət edən qurumlar arasında əlaqələr necə tənzimlənməlidir?
- Şəhərin vahid idarəçiliyi olmalıdır. Təmizlik, yaşıllaşdırma, kommunal xidmətlər bir təşkilatın idarəçiliyinə verilməlidir. Şəhər təsərrüfatını parçalamaq yox, qüvvələri birləşdirmək lazımdır.

- Son illər Bakıda abadlıq və quruculuq layihələrinə daha çox vəsait ayrılır. Məsələn, bir neçə il əvvələdək bu cür layihələrə xərclənən vəsaitlərin məbləği illik 80-100 min manat arasında dəyişirdisə, ötən il təkcə “Bakı Abadlıq Xidməti” MMC-yə 250 milyon manatdan çox vəsait ayrıldığı barədə ehtimallar var.
- Bakıda tikinti-abadlıq layihələrinə, bağ və parkların yenidən qurulmasına ayrılan vəsaitlərin artmasına ancaq sevinmək lazımdır. Çünki Bakı şəhəri üçün bu işlərin görülməsi çox vacibdir. Amma görülən işin keyfiyyətinə, davamlılığına ciddi nəzarət olunmalı, bağ və parklara daimi qulluq göstərilməlidir. Təəssüf ki, bəzi xidmət təşkilatları şəhər təsərrüfatının saxlanmasına, bağ və parkların qorunmasına ayrılan vəsaitləri öz cibinin pulu kimi xərcləyir. Yadıma bir epizod düşdü: vaxtilə Bakı Abadlıq Trestinin rəhbər işçisi olmuş bir nəfəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsində sifarişçi funksiyasını yerinə yetirən idarəyə işə götürmüşdülər. Həmin adam Lənkəranda binaların təmirinə ayrılan vəsaitləri götürüb Həcc ziyarətə getmişdi. Həcc ziyarəti başa çatana qədər haqqında qərar çıxardılar və gələndə onu tutdular. Məhkəmədə məlum oldu ki, Komitənin balansında olan xidməti avtomobili də özünün şəxsi firmasına veribmiş. Yəni sifarişçi dövlət orqanları şəhər təsərrüfatına xidmət göstərən təşkilatlara ayrılan vəsaitlərin səmərəli xərclənib-xərclənməməsinə ciddi nəzarət etməlidir. Əslində, Bakı şəhərində bağ və parklara xidmət edən təşkilatlar tender yolu ilə müəyyən edilməli və qoyulan tələblər tenderin şərtlərində açıq göstərilməlidir. Yəni hansı şirkət parklara daha yaxşı qulluq göstərəcəksə, bu xidmət ona həvalə olunmalıdır. Təəssüf ki, bu məsələdə də qeyri-peşəkar yanaşma özünü göstərir. Bəzi hallarda sifarişçilərlə icraçılar arasında münasibətlər şəxsi maraqlar üzərində qurulur. Bakı şəhərindəki parklara xidmətin göstərilməsindəki inhisarçılıq, idarəçilikdəki pərakəndəlik də elə bundan yaranır. İnhisarçılıq və pərakəndəlik isə nəzarətsizliyə, görülən işin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Mənim düşüncəmə görə, inhisarçılıq hələ fəlakət deyil, amma inhisarçı bir şirkətin fəaliyyətinə ciddi nəzarət olunmursa, onun nöqsanlarına göz yumulursa, bu, böyük fəlakətdir. Bu, xüsusilə şəhərsalma, şəhər təsərrüfatına xidmət göstərən təşkilatlara aiddir. Bakıda elə şirkətlər var ki, 10-15 parka qulluq göstərir, amma fəaliyyəti çox aşağı səviyyədədir, hətta xidməti ərazisindəki ağacların kəsilməsindən, yaşıllıqların məhv olmasından, təsərrüfatın dağılmasından heç xəbəri də yoxdur. Siz jurnalist kimi hansı şirkətlərin park və bağlara xidmət göstərməsi ilə bağlı araşdırma aparın, sorğular göndərin görək sizə cavab verəcəklərmi? Bilirəm ki, heç onların çoxunun ünvanını da tapa bilməyəcəksiniz. Halbuki bağ və parklara xidmət göstərən təşkilatlara ictimai nəzarət həm də mətbuatın funksiyasıdır.

“Bakı Abadlıq Xidməti”
“gizli fəaliyyət” göstərir...

- Amma paytaxtda 18 parka qulluq göstərən “Bakı Abadlıq Xidməti” MMC-nin əlaqə telefonlarını tapmaq mümkün deyil. Bu şirkət gizli təşkilat kimi fəaliyyət göstərir...
- Ona görə ki, ictimai nəzarət də zəifdir. Dövlət nəzarəti peşəkar səviyyədə deyilsə, ictimai nəzarət yoxdursa, sifarişçi icraçı qarşısında qoyduğu tələblərə əməl edilib-edilmədiyini vaxtlı-vaxtında yoxlamırsa və nöqsanlara göz yumursa, hansı keyfiyyətdən danışmaq olar?! Düzü, “Bakı Abadlıq Xidməti” adlı şirkətin 18 parka xidmət göstərməsi barədə birinci dəfədir eşidirəm. Əgər belədirsə, bunu araşdırmaq lazımdır ki, hansı üstünlüklərinə görə 18 parka qulluq göstərilməsi o şirkətə həvalə olunub. 18 parka xidmət göstərən bir şirkətin jurnalistin sorğusuna cavab verməməsinin, ictimai əlaqə vasitələrini gizlətməsinin günahı həm də sifarişçi təşkilatdadır. Çünki Bakı Şəhər İcra Hakimiyyəti və ya digər sifarişçi dövlət orqanı parklara xidmət göstərilməsi üçün şirkətlərin necə seçildiyi barədə ictimaiyyətə məlumat vermir. Bakı Şəhər İcra Hakimiyyətində mətbuata ögey münasibət göstərilirsə, onun tabeliyində olan təşkilatların da o cür hərəkət etməsi təbii haldır.

Elxan SALAHOV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.