Mahir Mədətov:"Ramazan ayı olduğundan bu gün stadiona az adam gəlmişdi"

30-05-2018, 08:33           
Mahir Mədətov:"Ramazan ayı olduğundan bu gün stadiona az adam gəlmişdi"
"Millidə dəyişikliklər var. Bunu özünüz də görürsünüz. Bu üzdən heç bir görüşə asan demək olmaz. Bütün oyunlar bizə çətin olur”.

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin hücumçusu Mahir Mədətov deyib.

Qırğızıstan üzərində 3:0 hesablı qələbədə pay sahibi olan gənc forvard yığmanın formasında "siftə” edib. Mədətov qarşılaşmadan sonra brifinqdə fikirlərini bildirib:

"Matça yaxşı başladıq. Rəqib bir az pressinq edən kimi, təzyiq hiss etdik. İkinci hissəyə yaxşı başlamasaq da, sonradan toparlandıq. Əsas odur ki, qələbə qazandıq. Çünki bu, motivasiya baxımından çox önəmli idi. Qarşıda hələ daha 2 yoldaşlıq görüşü var. Onları da yüksək səviyyədə keçirmək lazımdır”.

Siz meydana daxil olduqdan sonra oyunda canlanma yarandı. 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldınız. Oyunun dəyişməyində rolunuz nə dərəcədə oldu?

- Özümü qarşılaşmaya yaxşı kökləmişdim. Baş məşqçi də güvəndi, şans verdi. Meydana start heyətində və ya sonradan daxil olmağın fərqi yoxdur. Bura milli komandadır. Hamımız Azərbaycan üçün çalışırıq, üzərimizə düşəni yerinə yetiririk.

Qırğızıstan heç nə ilə yadda qalmadı. Bu oyun millimizə nə qazandırdı?

- Çətinliklər yaradırdılar. Məşq etdiyimiz epizodlar var idi, onları reallaşdırmağa çalışırdıq. Məncə, siz deyən qədər zəif deyildilər.

Qurban Qurbanovla yığmada ilk qələbənizi qazandınız. Millətlər Liqasında da rəqiblər o qədər də güclü olmur. Bu amil sizə motivasiya verirmi?

- Bizə zəif rəqib yoxdur. Bu üzdən hər görüşə özümüzü maksimum kökləməliyik. İndi futbolda hər cür sürpriz mümkündür.

Millətlər Liqasında da ev oyunlarını çox güman ki, Bakı Olimpiya Stadionunda keçirəcəksiniz. Boş tribunalar önündə oynamaq motivasiyanızı aşağı salmayacaq?

- İstəyirik ki, azarkeşlər gəlsinlər, dəstəkləsinlər. Ümid edirəm ki, yoldaşlıq görüşü və Ramazan ayı olduğundan bu gün az adam gəlmişdi. İnanıram ki, Millətlər Liqası görüşlərində stadionu dolduracaqlar.

"Qarabağ”ın Çempionlar Liqasındakı oyununa gələn azarkeş sayının təkrarlanmasını gözləyirsiniz?

- İnanıram ki, azarkeşlərimiz tribunaları dolduracaqlar.

Qarşıda daha 2 yoxlama görüşü var. Səfər öncəsi yorğunluq yoxdur?

- Xeyr. Söhbət millidən gedirsə, yorğunluq, şəxsi problem bir kənara qoyulmalıdır. Gücümüzün 100 yox, 200 faizini ortaya qoymalıyıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.