Azərbaycanı silkələyən mahnının necə yaranması hamınızı AĞLADACAQ - Müəllif 28 illik DƏHŞƏTLİ SİRRİ AÇDI

25-07-2018, 09:27           
Azərbaycanı silkələyən mahnının necə yaranması hamınızı AĞLADACAQ - Müəllif 28 illik DƏHŞƏTLİ SİRRİ AÇDI
Geyimimiz, hüququmuz bir idi, Şagird idi hamımızın adı da. Elə bil ki, boyumuz da eyniydi, aman Allah, nə xoşbəxtdik biz onda.

Dünya hələ bizim üçün nağıldı, Min arzuyla alışardıq yanırdıq, özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq...

Məşhur “Məktəb illəri” mahnısı hər kəsdə nostalji hisslər oyadıb son zəng gününü xatırlatsa da, Kəmalə Abıyevanın müəllifi olduğu bu sözləri yazmağa vadar edən səbəb sinif yoldaşlarının başına gələn dəhşətli hadisələr olub.

Yazıçı Aysel Əlizadənin anası və tanınmış şairə Kəmalə Abıyeva Publika.az-a verdiyi müsahibəsində “Məktəb illəri”nin yaranma əhvalatından, yaradıcılığından, ədəbiyyat sevgisindən, poeziya dünyasından, keşməkeşli həyatından, qızından və nəvəsindən, həmçinin onu narahat edən mövzulardan danışıb.

- Kəmalə xanım, ilk şeirinizi nə zaman və hansı duyğularla yazdığınızı xatırlayırsınız?

- Mən məktəbli olanda, eləcə də 90-cı illərdə ədəbiyyat fənni daha dolğun tədris edilirdi. Mütaliə önəmli idi. Keçdiyimiz şair və yazıçıların müəyyən əsərlərini, əlavə ədəbiyyat oxumalı idik. İnşalar yazırdıq, əsərləri təhlil edirdik. Oxumadığım yazıçı, əsər haqda heç vaxt yazmırdım. Bir də sərbəst mövzular yazardıq. İlk şeirlərim inşalar yazanda, xüsusən də sərbəst mövzularda yaranmağa başlayıb. Ədəbiyyat müəlliməm Rəhilə xanım deyərdi ki, maraqlı hekayə kimidi yazıların. Çox təəssüf ki, nə o yazıları, nə də oradakı şeirləri saxladım. Onda əlaçı şagirdlərin inşa yazıları Təhsil Şöbəsinə, Maarif Nazirliyinə qədər gedirdi. “5” almasan, medal vermirdilər. İndi necədir? Bir hadisəni təsvir edə bilməyən şagird 3-cü qrupda oxuyur, tarixçi, filoloq, hələ desən jurnalist də ola bilir. Daha çox anama şeir yazmışam. İlk çap olunan şeirlərim: “Ana” və “Müəllim” olub. ”Müəllim” sonralar mahnıya çevrildi. Qismətin və Xalq artisti Gülyanaq Məmmədovanın ifasında rəğbət qazandı.

- Adətən, kədərlənəndə, ya sevinəndə şeir yazmaq istəyirsiniz?

- Düşünürəm ki, şeir ağrıdan, kədərdən yazılır. Bəzən səbəbini bilmədən darıxırsan: Darıxdım anidən, darıxdım səbəbini bilmədən...belə bir şeirim də var. Şeir yazandan sonra rahatlıq gəlir, sevinirsən. İndi hər gün şeir yaza bilmirəm. Arada publisistik, diqqətimi çəkən yazarlarla bağlı yazılar, hekayələr də yazıram.

- Bəzi dahi yazıçı və şairlərin həyatını oxuyanda görürsən ki, həyatları ilə əsərlərində təbliğ etdikləri humanizm kimi dəyərlər üst-üstə düşmür. Mənə elə gəlir ki, yaradıcı insanlar bəzən olmaq istədikləri obrazı və ya sahib ola bilmədikləri keyfiyyətləri təbliğ edirlər. Maraqlıdır ki, sizin şeirləriniz yaşadıqlarınızı, yoxsa yaşamaq istədiklərinizi əks etdirir? Yəni yaradıcılıqda daha çox nə var?

- Məncə, istənilən yaradıcılıqda insanın yaşadıqları, görmək və yaşamaq istədikləri əks olunur. Bu ikisi bir-birinə təsir edir: yaşadıqların görmək istədiklərinə, gördüklərin yaşamına. Təbii ki, yaradıcılıq həm də təxəyyülün, xəyal gücünün, istedadın məhsuludur. İstənilən halda olmaq və ya görmək istədiyimiz qəhrəmanlar daha çoxdur. Məsələn, tanıdığım elə yazıçı və ya şairlər var ki, yazdıqları heç özündə yoxdur. Sevgi şeirləri yazırlar, amma şəxsi həyatlarında o sevginin dəyərini bilmirlər. Yazıçı ağıllı, güclü, iradəli qəhrəman yaratsa da, özü elə olmaya bilər. Bu da çağırışdı, özü elə olmasa da “belə olaq” deyir. Amma yazıçının şəxsiyyəti çox önəmlidir. İndi nə zamandır? Hamı haqqında hər şey aşkardır. Qədim dövr deyil ki, kiminsə şəxsiyyəti haqda məlumat toplamaq müşkül olsun. Özü fərqli, maraqlı olanın yaradıcılığı da fərqlidir, maraqlıdır. Mən daha çox öz hisslərimi yazmışam. Cavan olanda sevgi şeirləri daha çox olur. Yaşa dolduqca bu sevgi də yaşa dolur, müdrikləşir, kimçünsə axan göz yaşı olmaqdan çıxır, sevgi ümmanına dönür. Elə olub ki, kiminsə danışdığı əhvalatdan təsirlənmişəm. Sevgili həyat yoldaşını itirən xanım sevgi hekayəsini danışdı: “İllər keçib, amma elə bil yanımdadır. Evdə, küçədə hər yerdə onu yanımda görürəm...”

Sonra: Bil tənha deyiləm mən gecələrdə, hələ də səninlə bu küçələrdə
əl-ələ gəzirəm açıb sabahı, mən səni unuda bilmədim axı...

“Unuda bilmədim” adlı bu şeir və daha sonra Aygün xanım Səmədzadənin bəstələdiyi gözəl bir mahnı yarandı. Müxtəlif bəstəkarlarla işləmişəm. İlk mahnıları Oqtay Kazımov yazıb. Sonralar Kamal, Tahir Əkbər, Elçin İmanov, İlhamə Adil qızı, İqbal Ağayev, Vüsalə Hikmət və b. Amma Aygün xanımın yeri xüsusidir.

- Lalə Məmmədovanın bəstəsi Aygün Səmədzadəyə aid olan “Məktəb illəri” mahnısının sözlərini sizin yazdığınızı bilmirdim. Sözsüz ki, bu əsərin musiqi tariximizdə başqa bir yeri var. Bu nəğmənin necə yaranması haqqında danışa bilərsiniz?

- 90-cı illərdə çox bədbindim. Qarabağ hadisələrini ağrılı yaşayırdım. İndi də elədi. O vaxt məhz “Məktəb illəri” mənə dayaq oldu. Təsadüfən naz-qəmzəsi yerə-göyə sığmayan bir sinif yoldaşıma rast gəldim, elə acınacaqlı haldaydı ki... Ən gözəl şeir deyənlərdəndi. Əməliyyatda səs tellərinə toxunmuşdular, səsi güclə eşidilirdi. Şəxsi həyatı uğursuz idi. Böyük arzuları vardı amma... Neçə gün məktəbi, sinfimizi düşündüm. Sinif yoldaşlarımın çoxunun taleyi uğursuz idi. Ən həyatsevər oğlanlardan birini maşın vurmuşdu, o biri öz maşınında qəzada ölmüşdü. Ən gözəgəlim, qızların sevimlisi olan oğlan qəfil dünyasını dəyişmişdi. Bir başqası da elə. Qızların da həyatı, yəni mən eşitdiklərim ürəkaçan deyildi. Məktəb illərində hamının necə xoşbəxt olduğunu düşündüm. Gülüşümüzün, sevincimizin necə içdən, həqiqi olduğunu düşündüm. Həyatı sonralar yaşayırsan əslində. Bu hisslərin təsiriylə artıq vərəqləri saralmış şeir dəftərimdə İki bənd yazdım:

Geyimimiz , hüququmuz bir idi, Şagird idi hamımızın adı da. Elə bil ki, boyumuz da eyniydi, aman Allah, nə xoşbəxtdik biz onda.

Dünya hələ bizim üçün nağıldı, Min arzuyla alışardıq yanırdıq, özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq...

O qədər qəhərləndim ki, ardını yaza bilmədim, yarımçıq qaldı. O şeir dəftərini bacım Aybəniz Aygünə vermişdi. Bir də gördüm evə zəng vurdu: “Mən bu şeirə mahnı yazıram”. “Yarımçıqdır, özü də ağrılıdır” dedim. Qəribə bir qərarlı tərzdə “Yaz da şeiri. Gör, bu necə mahnı olacaq”. Sonrasını hamımız bilirik. Mən bilmirəm, bizdə son illərdə bircə dəfə səslənməklə bu qədər məşhur olan bir mahnı olubmu? Olmayıb, zənnimcə. Mahnı oxunan kimi illərin şöhrətini qazandı. Burada mahnının ilk ifaçısı Lalə xanım Məmmədovanın istedadını vurğulamasam, olmaz.

- Bəzən müəlliflər yazdıqları əsər qədər tanınmır, kənarda qalırlar. Qələminizdən doğulan əsərlərin sizdən daha populyar olması sizi narahat etmir?

- “Məktəb illəri”ndən sonra “Bu dünyanı nağıl bilək”, “Yağış” “Danışma”, “Yarpaqlar titrəsə”, “Layla”, “Bakı haqqında nağıl” və s. mahnılar yarandı. Aygün xanımın musiqisi, mahnıları seçildi, sevildi, populyar oldu və populyarlıq gətirdi.

Sözlərimə yazılan mahnıların populyarlığı sevinc yaşadır, qürur verir. Qətiyyən narahat olmuram. Elə olub ki, mahnını tərifləyiblər, sözlərini “necə gözəldi” deyib sevə - sevə əzbər deyiblər. İçimdə qəribə bir hiss keçirmişəm, özümdənrazı olmuşam, amma müəllif olduğumu deməmişəm. Bu da maraqlıdır. Əslində sadəyəm, çoxları da bunu deyir. Amma içimdə forslanıram, özümdən razı gəzirəm. Şeiri, sənəti anlamayan adama niyə fors edim? Anlayansa, özü dəyər verir. Sözlərimə yazılan mahnıların ifaçıları da sevilən müğənnilərimiz olub: Nisə Qasımova, İlqar Muradov, Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Lalə Məmmədova, Ağadadaş Ağayev, Eyyub Yaqubov, Aygün Bəylər, Qismət, Rəşad İlyasov, Vüsal Hacıyev, Təranə Mahmudova, Leyla İdrisova və d.



- Niyə son vaxtlarda sözləri sizə aid olan “Məktəb illəri”, “Yağış yağır bu şəhərə”, “Bu dünyanı nağıl bilək” və s. bu kimi mahnılar yazılmır?

- Mahnı o vaxt gözəl olur ki, söz öz musiqisini tapsın və ya əksinə. Məsələn, Aygün xanım üçün söz - mahnının mətni çox önəmlidir. Elə sevilən şairlərimizin maraqlı şeirləri var. Deyir: “əla şeirdi, amma mən burada musiqini eşitmirəm”. “Nəğməkar şair” ifadəsi var və bunu bəyənməyən şairlərimiz də var. Halbuki, bütün şairlərin ürəyi gedir ki, sözlərinə mahnılar yazılsın. Üslubundan asılı olmadan şeirin musiqisi olmalıdır. Və bəstəkar onu eşidəndə illərlə yaşayan mahnılar yaranır. Burada maliyyə kimi daha ciddi problemlər də var. İndi gözəl mahnılar yox, “nanay” mahnılar efirlərdə səslənir. Pulun var, deməli, ürəyin istəyən mənasız mahnını adamların qulağına çatdıra bilərsən, evlərə dürtülə bilərsən. Deyirlər “camaat belə mahnıları istəyir”. Boş söhbətdir. Müəlliməm, tərbiyədən xəbərim var. Uşağın əlinə silah verib qatil də böyüdə bilərsən, sevgi dolu bir insan da. O “çıqqıdı-çıqqıdı” oxuyanlar qatil böyüdənlərdi, onlar zövqlərin və duyğuların qatilidir. Xalqını sevməyənlərdir. televiziyalar da onlara yardım edir. Bakının bir Bakı görünüşü, Bakı qoxusu vardı. Hanı? Pulun varsa, haranı istəyirsən al və sök, nə istəyirsən tik. Rayonlarda da belədir. O ki qala nə oxuduğu bəlli olmayanların kliplərinin, mahnılarının efirlərə yol açmasına.

Mənimçün mahnı ciddi musiqi janrıdır, çünki təsir gücü böyükdür. Geniş auditoriyası var. Gözəl mahnı yaratmaq üçün nə qədər ciddi bir iş gördüyünün fərqində olmalısan. Təəssüf ki, indi mənasız mahnılar da, onları ifa edənlər də baş alıb gedir. Səsinə, istedadına dəyər verən müğənnilər səviyyəsiz mahnı oxumur. Bir də rahat olun, hələ çox gözəl mahnılar olacaq.

- 40 ildən çoxdur ki, Fizika müəllimi işləyirsiniz. Sizcə, fizika ilə ədəbiyyatın ortaq cəhətləri varmı? Ümumiyyətlə, fiziki bilikləriniz ədəbiyyat elmində hansısa “ixtiralara” yol açıb?

- Bilirsiniz, əslində bütün elmlərin ortaq məxrəci var – insan. Onun dərki, şüuru, dünyagörüşü, baxışı, duruşu...Yəni bütöv, tam - kamil İNSAN. Bir az konkret yanaşsam, fiziklər yaxşı filosof, yazıçı ola bilər. Fizika təbiəti, onun sirlərini, hadisələrin səbəbini, başvermə qanunlarını və s. öyrənir. Fizika ən çox qavrama, mühakimə - beyin tələb edən elmdir. Müxtəlif şeirlərdə fizikanın təsiri var. Məsələn, ”sən mənim ağ rəngimdin, nədən qaraya döndün” sözləriylə başlayan şeirim var. Ağ rəngin yeddi əlvan çaları var. Qara bütün rəngləri udur. Amma elə bir “ixtiram” olmayıb. Təəssüflənirəm. Əslində müəllim olmağım yaradıcılığıma bir az da mane olub. Məktəbə, şagirdlərimə çox vaxt, enerji sərf etmişəm, Onların mütaliəyə marağını artırmağa, şəxsiyyət yetişdirməyə çalışmışam.

- Uşaqlara nə cür şeir oxutdurmalı? Bu gün məktəb dərsliklərində tədris edilən uşaq şeirlərindən razısınız?

- İndi uşaqların ümumilikdə təkcə şeirə deyil, ədəbiyyata da marağı azalıb. Test üsuluna keçəndən sonra tədricən ədəbiyyat fənn kimi ikinci dərəcəli olmağa başladı. Şeir sevməyi bir yana, görün oxumağı bacarırlarmı? Nitq lap unudulur. Testlə imtahan verən uşağın danışıq qabiliyyətini kim bilir ki? Necə müəyyən etmək olar ki? Ədəbiyyat müəlliminin, ya istənilən müəllimin səsi də, nitqi də çox vacibdi. Özü şeir oxuya bilməyən o qədər zəif nitqli müəllimlər var ki... Onlar ədəbiyyatı necə sevdirəcək? Hələ ədəbiyyat, Azərbaycan dili dərsliklərindən heç danışmaq istəmirəm, ağrılı məsələdir. İmkan ola müəllimlərin özü ilə maraqlanasan, kitab oxuyurlarmı görən? Müasir yazarları tanıyırlarmı? Müəllimlərin işə qəbulunda müsahibə mərhələsi var. Məndən olsa, bir şeir parçası soruşaram istənilən fənn müəllimindən, ya bir hekayə oxudaram. Görüm həssaslığı, duyumu, nitqi necədir? İştirak etmişəm mən də. Elələri var danışanda yazığın gəlir. Ümumiyyətlə, texnologiya öz yerində, amma ədəbiyyatı sevdirmək daha çox müəllimlərdən asılıdır. Bir şeiri, bir əsəri elə təhlil, elə təqdim edərsən ki, ən azı iyirmi şagirdin onunda maraq oyanar. Bizim indiki ədəbiyyat dərsliklərinə baxanda da ədəbiyyat çox maraqsız görünür. Bu da başqa ağrılı və ciddi mövzudur. Dərsliklər bərbaddır.



- Heç olubmu ki, fizika dərsində şagirdlərinizə Nyuton qanunu əvəzinə ədəbiyyatdan, poeziyadan danışmısınız?

- Əlbəttə elə olub ki, Nyutondan deyil, hansısa bir yazıçıdan danışmışam. Bir əsərdən söhbət açmışam. Nəsə bir mövzunu müzakirə etmişəm. Şeir yazan uşaqlara fizika dərsində şeirlərini də oxutmuşam.

- İnsan ruhu niyə şeirə acdır? O bizdə nəyisə dəyişdirmək qüdrətinə sahibdir? Texnologiya inkişaf etdikcə, yeni qadjetlər çıxdıqca gənc nəsillərin şeirə marağı və həvəsi təəssüf ki, azalır. Şeir köhnəlmiş bir şey kimi görünür. “Həyatın şeirini” xilas etməyin yolu varmı?

- İncəsənətin bütün sahələri müxtəlif zaman kəsimində tənəzzül və intibah dövrünü yaşayıb. Elə olmayıb ki, hamı kitab, şeir oxusun. Həmişə oxuyanlar da, oxumayanlar da olub. Hər kəsin öz həyat hekayəsi, öz şeiri var. Kimi onu dərk edir, kimi anlamır. Böyük anlamdasa qədim daş kitabələr var, antik ədəbiyyat var, nə vaxt yarandığını bilmədiyimiz şifahi xalq ədəbiyyatı var. Yaddaşlarda yaşayıb, deməli, insanın ruhuna hopub. Məncə, insanın ruhu dəyişdikcə poeziya yaranıb və o da ruhumuza təsir edib və edir. Gözəl bir şeir oxuyanda ruh halımız dəyişir. “Bu dünyanı nağıl bilək” ruhumuza təsir etmirmi? İnsanlar danışa bilməyəndə, yəni sözlər olmayanda ağlayıblar, qəzəbləniblər, gülüblər məncə. Yəni duyğuları, hissləri olub. Həyatın dayağı hiss edənlər, duyanlardır. Nəsiminin təbirincə desək, “Var cahil insan, bir də kamil insan”. Hər dövrdə cahillər dağıdıcı və məhvedici qüvvə olublar. Dünyanı da, istənilən gözəlliyi də, şeiri də kamil insan yaşadır. İnsanın ruhu varsa, poeziya da olacaq və ona ehtiyac da. Sadəcə təəssüf edirəm ki, XXI əsrdə bizdə cəhalət bu qədər qabarıq hiss olunur.

- Müəlliməliyə yeni başladığınız dövrlərdə Abşeron rayonunda Vodakaçka adlı kiçik bir kənddə məktəbə gəlməyən uşaqları evlərinə gedib özünüz gətirmisiniz. Hətta onları ayaqlarında qaloş şəhərə tamaşaya, sirkə, gəzintiyə aparmısınız. Belə müəllimlərin olduğunu bilmək insana qürur verir. Tələbələriniz onda, yoxsa indi dəyərinizi və qədrinizi daha çox bilir?

(Ardı var)

Əlimməmədova Aytən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.