“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - M Ü S A H İ B Ə
26-07-2018, 12:55
“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - M Ü S A H İ B Ə
Tanınmış jurnalist Əvəz Zeynallının “Strateq.az”da həyata keçirdiyi “Qaynar Qazan” layihəsinin qonağı olan politoloq Zərdüşt Əlizadənin mərhum prezident Əbülfəz Elçibəylə bağlı söylədiyi fikirlər ciddi rezonans doğurub. İstər xalq hərəkatı dövründə, istərsə də Əbülfəz Elçibəyin prezidentliyi illərində onunla yaxın olmuş şəxslər Zərdüşt Əlizadənin bəzi hadisələri qəsdən təhrif etdiyini vurğulayaraq, etirazlarını bildirməkdədirlər…
Xatırladaq ki, Zərdüşt Əlizadənin müsahibəsində adını çəkdiyi şəxslərdən biri də Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamlıdır.
Fəzail Ağamalı da Zərdüşt Əlizadənin bəzi hadisələri bilərəkdən təhrif etdiyini söyləyənlərdəndir və “Strateq.az”a müsahibəsində bunun səbəbləri haqda çox marqlı fikirlər səsləndirib:
– Fəzail bəy, son vaxtlar müstəqil Azərbaycanın siyasi tarixi ilə bağlı yazılan yazılarda, memuarlarda, səslənən fikirlərdə qalmaqal doğuracaq açıqlamalar verilir. Yetişməkdə olan gənc nəsil 25-30 il əvvəl Azərbaycanda gedən proseslərin mahiyyəti barədə o qədər məlumatlı olmadığından, bu ziddiyyətli fikirlərin burulğanında ilişib qalır. Bilirik ki, Siz də müasir siyasi tariximizin ən önəmli hadislərinin canlı və fəal iştirakçılarındansınız. İstərdik, müasir – müstəqillikdən sonrakı siyasi tariximizin bu problemiylə bağlı Sizin də rəyinizi öyrənək…
– Azərbaycanın dövlət müstəqilliyi hər zaman ölkənin ictimai şüurunda yaşayıb. 1918-ci ildə qurulan Xalq Cümhuriyyəti 23 aydan sonra sovet Rusiyası tərəfindən süquta uğradılsa da, azadlıq istəyi ictimai fikir tariximizdən heç vaxt kənarda qalmayıb. Bu düşüncələr hətta sovetlərin ən sərt dönəmində belə, müxtəlif şəkillərdə özünü ifadə edib. Təkcə 30-cu illərdə 120 mindən çox ziyalımız Stalin repressiyasına məruz qalıb. O ziyalıların mütləq əksəriyyəti Azərbaycanın dövlət müstəqilliyini istəyən, bunu işində ifadə edən insanlar idi…
Gəncliyimin təsadüf etdiyi 60-70-ci illər Bakısında isə mili şüur daha fərqli mərhələdəydi. Bu ideyalar universitetin auditoriyalarında, dəhliz və yataqxanalarında, çayxanalarda çox geniş müzakirə olunurdu. Əsas aparıcı qüvvə isə gənclər -tələbələr, gənc yazarlar, şairlər… Məsələn, gənclərimizin milli şüurunun formalaşmasında Bəxtiyar Vahabzadənin məşhur “Gülüstan” poeması çox müstəsna rol oynadı. Xəli Rza Ulutürkün şeirlərinin, Şərqşunalıq fakultəsinin müəllimi Həmid bəyin tərcüməsində Şəhriyarın “Azərbaycan” şeirinin – “Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!” möhtəşəm misrasının təsiri altında minlərlə gənc formalaşırdı. Yazıçı Anarın əsərlərini, esselərini oxuyaraq Azərbaycan haqqında düşünən gənclik formalaşırdı. O nəsil yaxşı anlayırdı ki, Azərbaycan müstəqil deyil. Dilmizi çox sıxışdırmışdılar, rus dilini bilmədən kareyara qurmaq mümkün deyildi, cəmiyyətdə mövqe tutmaq üçün mütləq başqa millətdən olan qadınla ailə qurmalı idin, kölə psixologiyası ilə xidmət etməliydin ki, sənin istedadın, qabiliyyətin reallaşsın və s…
Bu baxımdan, “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnalları 60-70-ci illərdə böyük hadisə idi. Əlbəttə, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə gəlməsi bu imkanları daha da artırdı. SSRİ-də Azərbaycan rəhbərləri içində ilk dəfə olaraq Heydər Əliyev 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illiyində Azərbaycan dilində çıxış etdi. Mən o zaman BDU-nun 3-cü kursunda oxuyurdum. Bu çıxış bizə çox böyük təsir göstərdi, daxilimizdə inqilabi təlatüm yaratdı. Heydər Əliyev o çıxışında elm, təhsil, mədəniyyət qarşısında yeni öhdəliklər qoydu və bu da 70-ci illərdə əlverişli bir ictimai-siyasi mühit formalaşdırdı.
Şübhəsiz, belə bir mühit o dövrün gənclərində milli şüurun formalaşmasında da müstəsna rol oynadı və məhz 70-ci illərdə səpilmiş bu toxumlar 80-nin axırı, 90-nın əvvələrində meydanlarda öz ifadəsini tapdı.
1988-ci ildə Dağlıq Qarabağada başlamış erməni separatizmi əslində bir vəsilə rolunu oynadı. Erməni separatizminə qarşı başlamış xalq etirazları təkcə torpaq bütövlüyü uğrunda gedən təşkilatlanmış narazılıqlar deyildi, həm də Azərbaycanın xalqının milli-azadlıq mübarizəsi idi…
– Ancaq bəziləri hesab edir ki, Azərbaycanda müstəqillik ideyası ilə başlayan milli-azadlıq hərəkatı olmayıb, baş verənlər sadəcə, Topxana meşəsinin qırılması dalğası üzərində təşkil edilən etirazlar idi, vəssalam…
– Bunu ancaq öz dövlətini müstəqil görə bilməyənlər, öz xalqına yuxarıdan aşağı baxanlar, milli hiss və kökdən tamamilə uzaq qərəzli adamlar deyə bilər. Milli-azadlıq hərəkatı necə olmayıb ki, 1988-ci ilin 17 noyabrında başlayıb 5 dekabradək davam edən Meydan hərəkatındakı bütün çıxışlarda, şüarlarda müstəqillik ideyası əsas tezis olub və bu mitinqlər getdikcə Azərbaycanın azadlıq hərəkatına çevrilib?! 1990-cı ilin 20 yanvar faciəsindən sonra isə birmənalı olaraq xalq hərəkatı milli-azadlıq mübarizəsinə keçib. Artıq açıq şəkildə müstəqillik məsələsi, SSRİ-nin tərkibindən çıxmaq tələbi qoyulmuşdu. SSRİ-nin çökməsində Azərbaycan xalqı müstəsna xidmətlər göstərdi və bütövlükdə SSRİ məkanında bu hərəkat dominant rol oynadı. Məhz bizim xalqın apardığı və ardıcıl xarakter daşıyan milli-azadlıq mübarizəsi Baltikyanıdakı, Gürcüstandakı, Ermənistandakı proseslərin gedişinə öz həlledici təsirini göstərdi.
– Fəzail bəy, hazırda müzakirə olunan və ziddiyyətlərə yol açan əsas məsələlərdən biri hərəkatda ən müxtəlif maraq və mövqeləri əks etdirən qrupların olmasıdır…
– Əlbəttə, bu mübarizənin içərisində müxtəlif xətlər var idi. Bunlardan biri Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin ətrafında birləşmiş qüvvələr idi. Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda fədakarcasına mübarizə aparanlarıydı. Eyni zamanda, AXC-də başqa bir qanad da var idi – Zərdüşt Əlizadə, Leyla Yunus, Salamov, Canbaxış Umudov, Arzu Abdullayeva və digərlərinin birləşdiyi çevrə. Bu çevrəyə daxil olan şəxslər Azərbaycanın milli-azadlıq mübarizəsinə ikrahla yanaşırdılar. Onlar prezident Mixail Qorbaçovun SSRİ-də elan etdiyi yenidənqurma siyasətinin Azərbaycanda aparılmasının tərəfdarları idilər…
– Bir qədər də konkretləşdirək: yəni, bu çevrə Azərbaycanın dövlət müstəqilliyi yox, SSRİ daxilində islahatların aparılması üçün çalışırdı, eləmi?
– Bəli, birmənalı belədir! Onlar hakim kommunist rejimin saxlanması şərtiylə SSRİ daxilində demokratik islahatların bərqərar olunmasını istəyirdilər. Onlar heç cürə anlamaq və qəbul etmək istəmirdilər ki, Qorbaçovun yenidənqurma və demokratiya devizi ilə apardığı siyasət SSRİ-nin çökməsinə hədəflənən siyasətdir. Diqqət yetirsəniz, görərsiniz ki, o qrupun lideri – Zərdüşt Əlizadə hələ də o fikirlərdən yaxa qurtara bilməyib. Onun Rasim Ağayevlə birgə yazdığı “Üçüncü respublikanın sonu” kitabının ruhu başdan-ayağa Azərbaycanın müstəqilliyinə qarşıdır… O vaxtı isə Zərdüştgil Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayevin tapşırığı ilə mitinqlərin, tətillərin əleyhinə çıxırdılar, istəmirdilər ki, kommunist rejimi yıxılsın. Onlar hərəkatın daxilinə də “yuxarıdan” – “Gənc Alimlər Klubu” vasitəsiylə nüfuz etdirilmişdilər. Hərəkata rəhbərliyi ələ keçirmək istəyirdilər. Xalqın içərisindən çıxan səmimi hərəkatçılar isə Elçibəyin ətrafında birləşmişdilər və onlar kommunist rejiminin yıxılmasına, Azərbaycanın müstəqil dövlət olmasına çalışırdılar.
– Bir sıra tədqiqatçılar “Gənc Alimlər Klubu”nun məhz DTK tərəfindən yaradıldığı qənaətindədilər. Və Siz də indi təsdiqləyirsiniz ki, bu, məhz hərəkat rəhbərliyini ələ keçirmək məqsədiylə “yuxarıdan” yaradılmışdı…
– “Gənc Alimlər Klubu”nu DTK yaratmışdı, buna hər hansı şübhəniz olmasın. Ancaq onu da etiraf etmək lazımdır ki, Azərbaycan Xalq Cəbhəsini yaratmaq təşəbbüsü Zərdüşt Əlizadədən gəlmişdi. Onun hazırladığı proqram və nizamnamədə isə qətiyyən Azərbaycanın müstəqilliyi məsələsi qoyulmurdu. Orada SSRİ daxilində demokratikləşmədən, Azərbaycan iqtisadiyyatının yaxşılaşdırılmasından, ekoloji və s. məsələlərdən bəhs edilirdi. Onlar heç bir halda Azərbaycandakı milli- azadlıq hərəkatı ilə bağlı deyildilər…
– Deməli, AXC-nin proqramı sonradan dəyişdirildi?
– Bəli, Zərdüşt Əlizadənin proqramı qoyuldu bir kənara. BDU-nun professoru Firudin Cəlilov, Pənah Hüseyn, Vurğun Əyyub, hüquqşünas Fuad Ağayev və mən “Gənclik”dəki evimdə, həmçinin Firudun Cəlilovun evində oturub AXC-nin proqram və nizamnaməsini yenidən işlədik. 1989-cu ilin iyulun 16-da isə 8-ci mikrorayonda mərhum Ağamalı Sadiq Əfəndinin yaşadığı binanın qarşısındakı “Xeyir-şər evi”ndə AXC-nin təsis konfransını keçirdik. Bu konfransda qərara alındı ki, prosesdə iştirak edən müxtəlif qüvvələr bir araya gətirilsin. Ona görə də AXC-yə həm Zərdüşt Əlizadə və ona yaxın adamlar, həm də Əbülfəz bəy və tərəfdarları daxil oldular…
– Ancaq Zərdüşt bəy bu hadisəni başqa cür təsvir edir…
– Mən sizi qəti şəkildə əmin edirəm və tam məsuliyyətimlə bəyan edirəm ki, Zərdüşt Əlizadənin kitablarında, yazılarında bir çox məsələlər bilərəkdən saxtalaşdırılıb, fikirləri obyektivlikdən və həqiqətdən tamamilə uzaqdır. Səbəbini də deyim – o və qrupu bu mübarizədə Əbülfəz Elçibəyə uduzmuşdu, bu səbəbdən ona patoloji nifrəti var idi, onu heç cürə qəbul etmirdi. Və indi 73 yaşını haqlasa da, hələ də bu psixoloji travmanın acısını içində yaşadır!
– Əgər Zərdüşt Əlizadənin DTK-dan dəstəyi vardısa, necə oldu ki, Elçibəyə uduzdu?
– Çox sadə səbəbdən… Hərəkatda Azərbaycanın müstəqillik ideyasına sadiq olanlar elə bir adamın AXC-yə sədr seçilməsini istəyirdilər ki, onun buna mənəvi haqqı çatsın. Zərdüşt isə Elçibəyin önünü kəsmək, onu sıradan çıxarmaq üçün ən müxtəlif adamları təşkilata gətirmək istəyirdi. Onlardan biri də mərhum yazıçı Yusif Səmədoğlu idi. Yazıçı kimi gözəl yazıçı idi, liberal dəyərləri özündə ifadə edirdi. AXC-nin İdarə Heyətinin üzvü də oldu. Lakin o, Əbülfəz Elçibəy deyildi. Elçibəy rəhbər olmağa daha çox mənəvi haqqı çatan biri kimi qəbul edilirdi. O, uzun illər ərzində müstəqillik uğurunda gedən gizli mübarizənin qeyri-formal rəhbəri idi və xalq hərəkatının lideri olması daha doğru idi…
Konfransda biz Əbülfəz bəyin AXC sədri seçilməsində təkid etdik və onun qələbəsinə də nail olduq. Beləliklə, xalq hərəkatına da AXC rəhbərlik etməyə başladı. Zərdüşt Əlizadəgil isə uduzdular… Sonradan məhdud ətrafı ilə hərəkatın istiqamətini tormozlamağa çalışsa da, buna nail olmadı… Onun Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizəyə heç bir bağlılığı və dəxli yoxdur. Bunu tam məsuliyyətimlə deyirəm. O zaman sadəcə qüvvələri bir yerə toplamaq üçün məcburiyyətdən onlarla bir yerdə olmaq lazım gəlmişdi…
– Fəzail bəy, Zərdüşt bəy bizə son müsahibəsində mərhum Elçibəyin məhkəməsinə toxunub. Orada Sizə qarşı da ittihamlar var. İddia edir ki, Siz Əbülfəz Elçibəyin əleyhinə sovet məhkəməsində ifadə vermisiniz və onun həbs olunmasında rolunuz olub. Bu barədə nə deyə bilərsiniz?
– O ittiham başdan-ayağa böhtandır. Mən Əbülfəz bəyi 1969-cu ildən, BDU-nun tarix fakultəsində dərs dediyi zamandan tanımışam. “Asiya və Afrika ölkələrinin yeni tarixi”ndən bizə dərs deyirdi. O zaman Əbülfəz bəyin 30 yaşı var idi. Çox savadlı idi, mühazirələri müstəqil şəkildə deyirdi. İmkan olanda, Afrika xalqının tarxindən çıxıb Azərbaycan tarixinə keçid edirdi. Əbülfəz bəyə qədər biz mühazirəni saralmış kağızlardan oxuyan müəllimlər görmüşdük. Bizim 464-cü qrupun ən sevimli müəllimi Əbülfəz Elçibəy idi. Biz onun dərs dediyi ilk qrup idik. Mühazirələrdə sətiraltı müstəqilliklə bağlı dedikləri fikirlər tədricən məni və yaxın dostum, BDU-nun dosenti mərhum Mirheydər Mirzəyevi çox cəlb etdi. Qupdan ikimiz Elçibəylə dostluq etməyə başladıq. Təkcə tələbə-müəllim deyil, həm də dost münasibətlərimiz yarandı. Əbülfəz bəy bizə dedi ki, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə aparan gizli bir qrup var və soruşdu ki, ona üzv olmaq istəyərikmi? İkimiz də razılaşdıq. Təşkilat “üçlük” prinsipi əsasında qurulmuşdu və hər bir “üçlük” digər “üçlüyü” tanımırdı. Elçibəy bu barədə sonralar çox danışıb. Bizim dostluğumuz Əbülfəz bəylə ideya və məslək üzərində qurulan dostluq idi. Tez-tez Elçibəyin “Papanin” küçəsindəki evində olurduq. Orada çox adamları görürdüm: BDU-nun müəllimi Rafiq İsmayılovu, akademik Vasim Məmmədəliyevi, fizik Abbas Musayevi, qohumu Aydın Qasımovu, Aydın Abbasovu və digərlərini. Həyətdə sağ tərəfdə Əbülfəz bəyin bir otağı vardı, sol tərəfdə isə digər qohumları yaşayıdılar. Biz Əbülfəz bəyin evinə gedən zaman qonaqları olardısa, keçib qohumlarıgildə oturub gözləyərdik. Bu münasibətlər bizi təşkilatın yaranmasına qədər gətirib çıxardı. Daim bir yerdə olurduq, gənc idik, çəkinəcəymiz də yox idi. 19-20 yaşımız vardı. Təbii ki, DTK-nın bizim bütün fəaliyyətimizdən xəbəri vardı. Bizi izləyirdi, haqqımızda dosyelər yığırdılar…
Bir epizodu deyim: 1969-cu ildə Gəncədə hərbi toplanışda olarkən, uşaqlarla “besedka”da oturub söhbətləşirdik. Mən müxtəlif fakültələrin tələbələrinə deyirdim ki, SSRİ imperiyadır və dağılacaq. Hamı təəccüblə soruşurdu ki, necə dağılacaq, bu qədər top-tüfəngi var? Mən deyirdim ki, bu imperiya 20-ci əsrdən o tərəfə keçməyəcək, süquta dorğru gedir… Bu cür söhbətlərin birində DTK-da işləyən Gülhüseyn Hüseynovun bizimlə toplanışda olan oğlu Arif Hüseynov mənim bu danışıqlarımı atasına çatdırmışdı (Gülhüseyn Hüseynov 1991-ci ildə Azərbaycanda MTN-nın sədri olub. Arif Hüseynov isə Xətai rayonunun prokuroru işləyib- red). İki gündən sonra bizi müayinəyə apardılar. Müayindən sonra məni saxladılar ki, səndə xəstəlik var. Halbuki məndə heç bir xəstəlik yox idi. Sonra mənim yanıma riyaziyyat fakültəsindən Balabəy adlı bir oğlanı göndərdilər. Guya, o da xəstədir. İkimiz bir yerdə tibb məntəqəsində yatırıq. O, suallar verir, mən də cavab verirəm. 3 gündən sonra məni məntəqədən çıxardılar və bölüyümü dəyişdilər. Ondan sonra bildim ki, ciddi nəzarət altındayam. Buna baxmayaraq, Əbülfəz bəylə məktublaşırdıq.
1971-ci ildə məni təyinatla göndərdilər Naxçıvana… Yenə də Əbülfəz bəylə əlaqələrimizi kəsmədik. Bakıya gələndə hər zaman onunla görüşürdük. 1974-cü ilin dekabrında yoldaşım Bakıda BDU-da qiyabi oxuyurdu. Onunla bərabər Bakıda olanda Elçibəylə görüşdük. Əbülfəz bəy dedi ki, “məndən kənar gəz, tam izlənirəm”. Dedim, “elə mən də izlənirəm. Nə olacaq ki?”. Əbülfəz bəy dedi: “Özünü gözlə…” Bir həftə sonra Naxçıvana qayıtdım. 1975-ci ilin yanvarında xəbər tutdum ki, Əbülfəz bəyi həbs ediblər. Cinayət işi qaldırılıb. Həmin ilin mart ayında dərs dediyim yerdə DTK-nın Naxçıvan şöbəsinin Universitet üzrə kuratorunun dəhlizdə gəzdiyini gördüm. Sonra tələbələrimdən İlyas adlı oğlan qapını açıb dedi ki, “Fəzail müəllim, sizi gözləyən var”. Çıxdım, gördüm ki, həmin dövrdə DTK-da leytenant olan Eldəniz Əliyev gəlib. Məni maşına oturtdu. Söhbət zamanı dedi ki, “xəbərin var , Əbülfəz Əliyev həbs edilib?”. Dedim, “xeyr”. Dedi, “Əbülfəz Əliyev həbs olunub. Sən Bakıya gedib istintaqa ifadə verməlisən. Biletin də alınıb. Müstəntiq Əziz Rəsulov işi aparır”.
Gəldim evə. Böyük oğlumun 1 yaşı vardı, balaca isə 40 günlük idi… Özümüz də Naxçıvanda kirayədə qalırıq. Yoldşıma dedim ki, Bakıya gedirəm. Çox sarsıldı. Mən çalışdım, onu ələ alım. Dedim ki, gedirəm, bilmirəm nə olacaq. Amma bu, şərəfli yoldur. Qayıtmasam, övladlarıma deyərsən ki, atanız belə bir şərəfli yolu seçdi… Yazılarımı – sənədləri yandırmamağı tapşırdım. Əbülfəz bəylə bağlı məktublar, yazışmlarımız vardı. Gəldim Bakıya. DTK-nın binasına girdim, zəng vurdum. Məni qarşılayan dedi ki, Əziz Rəsulovdur. İndi Zərdüşt deyir ki, guya, o, tərcüməçi olub. Yalan deyir, Əziz Rəsulov müstəntiq idi. Məni də o dindirib. 7 saat dindirmə oldu. O, mənim dediklərimi yazır, sonra deyirdi “oxu, qol çək”. Mən də oxuyub görürdüm ki, mənim dediklərimi deyil, tamam başqa şey yazıb. Əbülfəz bəyin əleyhinə ifadələr vardı. İmzalamaqdan imtina etdim. Beləliklə, 4 dəfə yazdı, cırdı, atdı… Qol çəkmədim! Axırda gördü ki, mümkün deyil, çıxdı çölə. Bir bəstəboy, ağbaş kişi ilə qayıtdı. Dedi, “Yoldaş Səlimzadə, izahata qol çəkmir. 4 dəfə yazıb cırmışam”. Səlimzadə də çevrilib mənə baxdı və hökmlü səslə “Necə?! Qol çəkmir?!” dedi. Sonra çevrilib Əziz Rəsulova hirslə “Bu küçüyü basın müəlliminin yanına… Podvala… Qoy ağlı başına gəlsin!” dedi. Sözün açığı, bir az qorxdum…
Yeri gəlmişkən, bir şeyi də deyim… Məncə, bu, deyilməlidir. Mən qatarla Naxçıvandan çıxanda, Ordubad stansiyasına çatanda pəncərdən gördüm ki, Əbülfəz bəy qardaşı və bir neçə qohumu ilə tamburda durub. Qatar orada 10 dəqiqə dururdu…
– Bəs Əbülfəz bəy həbs olunmamışdı?
– Həbs olunmuşdu. Ancaq buraxmışdılar ki, gəlsin, evdəkilərlə görüşsün… Olanı deyirəm. Aşağı düşdüm. Baxdım ki, vaqonu hansıdır. Meğri stansiyasında keçdim onun yanına. Vaqonda görüşdük. Dedim, çıxaq, söhbət edək. İki qatarın birləşdiyi səs-küylü yerdə danışdıq. Orada səs yazmaq mümkün deyildi. Mənə dedi: “Sən çalış, danışma. Nə sual versələr, ona cavab ver. Verilən sualdan o tərəfə çıxma”.
Belə də razılaşdıq. Daha sonra Əbülfəz bəy dedi ki, “əgər ehtiyac olarsa, Cənubi Azərbaycan məsələsini demək olar”. DTK-dakı birinci izahatda bunların heç biri olmadı. Qeyri-müəyyən bir izahat verib, qol çəkib çıxdım. DTK-nın biz oxuyan zaman BDU üzrə kuratoru olmuş Arif adlı şəxs məni metroya qədər gətirdi və yolda başladı nəsihət-filan verməyə ki, “uşaqların, gələcəyin var, aspirantsan, müdafiə edəcəksən”. Mən Arifə dedim ki, Əbülfəz Əliyevə böhtan ata bilmərəm, Əbülfəz müəllimi savadlı, obyektiv, təmiz, marksist-leninçi ideologiyaya sadiq müəllim kimi tanımışam.
Bir aydan sonra ikinci dəfə istintaqa cəlb olundum. Gəldim. Bu dəfə Əziz Rəsulov əvvəlkindən fərqli əhvalda idi. Aqressiv deyildi. Məni sorğu-sual elədi. Dedi, “sən bunların hamısını inkar edirsən, Əbülfəz Əliyevin xəttini və imzasını tanıyırsan?” Dedim, bəli. Açdı. Bir yerdə yazılmışdı: “Mənim tələbəm Fəzail Ağamalıyevlə Cənubi Azərbaycanla bağlı söhbətlərimiz olub”.
Soruşdu: “Olub bu söhbətlər?”. Dedim ki, təkcə Əbülfəz müəllimlə deyil, bütün müəllimlərlə bu barədə söhbətim olub. Mən tarixçiyəm. Təbii ki, bizim kimi, Cənubi Azərbaycanın da inkişafının tərəfdarı olmuşam, dilmizdə təhsil, ali məktəb, orta məktəb var, qəzetlər, kitablar var, amma Cənubi Azərbaycanda bunların heç biri yoxdur.
Başladım Lenindən-filandan sitat gətirməyə… Dedim: “Necə ki Vyetnmada, Kambocada, Nikaraquada bu gün sosializm qurulur, Cənubi Azərbaycan da Azərbaycanla birləşib bu sistemə qoşulmalıdır”.
Rəsulov üzümə baxıb qəfil əlini stola vurdu və “nə təhər adamsan sən?” dedi. Dedim, “nə var, onu deyirəm”. Dedi “çıx get, daha sənə sözüm yoxdur. Get, amma bu işləri qurtar daha”. Məsələ burada da qurtardı. Sonra Əbülfəz Elçibəyə məhkəmə il yarım iş verdi. Əslində bizim hər birimiz 3-5 il, Əbülfəz bəy isə 10 ildən yuxarı həbsxanaya getməli idik.
– Fəzail bəy, mən 4-5 il əvvəl həmin məhkəmədə Əbülfəz bəyi ittiham etmiş prokuror Yamən Yusifovla müsahibə götürmüşdüm. Orada o, məhkəmə və həbs barədə bəzi maraqlı detalları açıqlamışdı…
– O müsahibəni maraqla oxumuşdum. Elə o müsahibədən sonra qərara gəldim ki, gedim, Yamən Yusifovla görüşüm. Getdim, onun Nardarandakı bağ evində görüşdük. Bəzi söhbətlərimiz oldu. Dedim, “Yamən müəllim, mənə bir şey maraqlıdır. Necə oldu ki, elə cəmi bir istintaqla kifayətləndilər, biz həbs olunmadıq, Əbülfəz bəyə cəmi ilyarım iş verildi?”. Yamən bəy dedi ki, bu məsələnin həll olunması o zaman Azərbaycanın birinci katibi olan Heydər Əliyevin birbaşa xidməti idi. Onun göstərişi əsasında Əbülfəz bəyə qarşı ən ağır maddələr götürülüb, yüngülləşdirici maddə saxlanıb.
Yamən bəy dedi: “Məni də şəxsən Heydər Əliyev çağırdı. Dedi ki, Yamən, sənin rəhbərliyin, Qambay Məmmədov başqa mövqe tutur. O, ayrı-ayrı adamlarla bir yerdədir. Amma mən sənə tapşırıram. Biz bir-birimizi yaxşı tanıyırıq. Birgə işləmişik. Get, o maddələri çıxart. Mən də dedim, baş üstə… Gəldik, hakimlə danışdıq”.
Yamən Yusifov dedi ki, Əbülfəz Əliyevə simpatiya var idi, biz də müstəqilliyə biganə deyldik. Beləliklə, Heydər Əliyevin tapşırğı ilə Əbülfəz Elçibəyə ilyarım iş verildi. Bu ilyarım ərzində də Əbülfəz bəy Qobustanda ancaq kitabxanada oturub. Heydər Əliyev tapşırmışdı ki, ona heç bir ağır fiziki iş verilməsin. Bunu Yamən Yusifov dedi mənə.
– Çox maraqlı məsələdir.
– İndi baxın, Heydər Əliyevə… Necə ona hörmət etməyəsən?! Bir cavan kimi həbs olunmadım. Həbs olunsaydım, Allah bilir, taleyim necə olacaqdı. Tək mən deyildim… Onlarla mənim kimi gənci xilas etdi Heydər Əliyev. Həbsxananın ağzından buraxdırdı. Azərbaycanda ən böyük dissident Heydər Əliyev idi.
Məhz 70-ci illərdə həmin milli ideyalarla qruplaşan gənclər, şəxslər 80-ci illərin sonunda Azərbaycanda başlanan xalq hərəkatının öncülləri oldu, rəhbərləri oldu. Heydər Əliyev, faktiki olaraq, bu nəsli sovet DTK-nın qanlı ağzından xilas edərək, onların məhvinə imkan vermədi. Əbüfəz bəyi kim xilas etdi? Heydər Əliyev. Biz də, 60-70-ci illərin nəsli – Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Etibar Məmmədov, Ramiz Rövşən və digərləri zamanı çatanda meydanlarda olduq. Bu, həmin nəsil idi.
– Zərdüşt bəy müsahibədə “Yaşar Məsimov” adlı şəxsin dediklərinə istinad edir. Bu Yaşar Məsimov kimdir bəs?
– Yaşar Məsimov mənim tələbə yoldaşım olub. Biz ikinci kursda oxuyanda, əsgərlikdən tərxis olunub gəmişdi. Gənc Yaşar o zaman üçün böyük prestij olan Kommunist Partiyasının üzvü idi. Bütün tarix fakultəsində, ola bilsin, 2-3 nəfər partiya üzü ola-olmazdı. Yaşar Məsimov birmənalı olaraq DTK-ya bizim haqda məlumat verən adam idi. Zərdüşt indi deyir ki, guya, Yaşarın millətçi hərəkatla bağlılığı vardı. Yalan deyir, heç bir bağlılığı yox idi. Yaşar Məsimov da Elçibəyə nifrət edirdi. Elçibəyin iştirakı ilə yataqxanada tədbirlər keçirirdik, müzakirələr aparırdıq. Sonra istintaq zamanı bütün bu gizli görüşlərin o istintaq sənədlərində qeyd olunduğunu gördük. Bizə məlum oldu ki, kimsə xəbər verirmiş. Bunların hamısını edən Yaşarıymış… Tarix kimi elit fakültədə DTK-nın hökmən “qulağı” olurdu. Onlardan biri də Yaşar Məsimov idi. Məsələn, bir faktı deyim: təyinat zamanı Yaşardan daha əla və yaxşı oxuyanları rayonlara göndərdilər, amma Yaşar “sehirli əl”lə Elmlər Akademiyasına təyinat aldı. Ömrünün axırına qədər də elmi iş müdafiə edə bilmədi. O, 2006-cı ildə rəhmətə gedib…
O öləndən sonra da Zərdüşt Əlizadənin kitabı çıxdı. Sağ olsaydı, yapışardım yaxasından Yaşarın, deyərdim ki, bu, nə söhbətdir belə?
Məhkəmənin gedişində hamı görürdü ki, Əbülfəz bəyin məhkəməsində, istintaq prosesində adı ən çox çəkilənlərdən, potensial həbs təhlükəsi altında olan şəxslərdən biri mən idim. Əbülfəz Elçibəyin üzünə durmuş bir adam var, adını çəkmək istəmirəm, Əbülfəz bəy ona məhkəmədə demişdi: “Sən DTK-nın adamısanmış? Fəzail mənə “o adamdan ehtiyatlı ol, içimizə yeridilmiş adamdır” söyləmşidi”.
Əbülfəz bəyə qarşı Adəm Hacıyev, BDU-nun müəllimi Həvil Həvilov, “Azərbaycan tarixi” kafedrasının müdiri Məmməd Əfəndiyev və Zərdüşt Əlizadənin atası Məmməd Mübariz Əlizadə, eləcə də bir neçə tələbə və müəllim ifadə vermişdilər. Onların hamısı DTK-ya Əbülfəz bəylə bağlı izahatlar, məlumat və dosyelər veriblər və bunları da mənə Əbülfəz Elçibəy deyib. Əbülfəz bəyin nəyinə lazım idi, Zərdüşün atasının adını çəksin?
Mən Məmməd Əfəndiyevi yaxşı tanıyırdım deyə, bilirdim ki, Əbülfəz bəy düz deyir. Həvil Həvilov bizə dərs deyib, onun ifadə verdiyini deyəndə, çox təəccüblənmişdim. Bilmirdim ki, Həvil müəllim də belə addım atıb. Əbülfəz bəyin əleyhinə ən qatı izahat yazanlardan biri idi. 20-dən yuxarı adam Əbülfəz Elçibəyin həbsinə əsas verən izahatlar vermişdi.
Onların içində mən yoxam. Zərdüşt Əlizadənin mənim ünvanıma tirajladığı bu fikirlər böhtandır, yalandır, iftiradır. Necə ola bilər ki, mən – Əbülfəz bəyin üzünə duran adam, gəlib Xalq Cəbhəsində, hərəkatda onun yanında durum?! Biz AXC-nin müzakirələrinin birində Zərdüşt Əlizadənin əleyhinə çıxdıq. O, bu sözlər dedi. Guya, Yaşar Məsimov mənə deyib ki, Fəzail Ağamalıyev Əbülfəz bəyin üzünə durub…
İndiyə qədər yadımdadır. İclasın stenoqramını yazan Səfər Alışarlının da kitabında o, əksini tapıb. Əbülfəz bəy hamıya dedi ki, “o sınaqlardan Fəzail Ağamalı alnıaçıq çıxdı”.
Əbülfəz Elçibəy olduqca humanist, səmimi və liberal insan idi. Eyni zamanda, bundan da çox, satqınlığa, riyakarlığa, ikiüzlülüyə qarşı olduqca prinsipal və barışmaz idi. Mən əgər məhkəmədə onun üzünə dursaydım, sonra AXC-nın fəalı kimi yanına gələndə, mənə yerimi göstərməzdimi? Mən AXC Məclisinin üzvü, o nəhəng təşkilatın katibi olmuşam. Mitinqlərin aparıcısı, təşkilatçılarından olmuşam. Əbülfəz bəylə məni ideya birləşdirmişdi…
– DTK təqibi müddətindəki davranışlarınız aydındır: böyük əsəb və sarsıntı, daim izlənmək, tutulmaq təhlükəsi… Bəs necə oldu ki, Heydər Əliyev Azərbaycandan gedəndən sonra Sizə münasibət dəyişdi?
– 1982-ci ilə qədər evimə gələn məktublar izlənir, açılıb oxunurdu. Bir gün Naxçıvanda yoldaşım dedi ki, bizə hər gün qəzet və poçtu gətirən poçtalyon bundan sonra məktublarımızın daha izlənməyəcəyini deyib. Səbəbini öyrəndim…
Xatırladım ki, sonradan Azərbaycanda Milli Təhlükəsizlik naziri olmuş Nəriman İmranov o zaman Naxçıvanda DTK-nın sədri idi. Ondan əvvəl isə Naxçıvanda komsomolun 1-ci katibi olmuşdu. Mən “Şərq qapısı” qəzetində tez-tez yazılarla çıxış edirdim. Eyni zamanda komsomolla bağlı yazılarım olurdu. Bir gün Nəriman İmranov məni çağırdı yanına və dedi ki, yazılarımı oxuyur. Səmimi münasibətlərimiz yarandı. Onu sonra Heydər Əliyev Leninqrada DTK-nın xüsusi məktəbinə göndərdi. Naxçıvanda DTK-nın sədri oldu. Ondan sonra Nəriman İmranov mənimlə bağlı etimadsızlıq ifadə edən sənədləri yoluna qoydu. Bioqrafiyamı “təmizlədi”. Həmin il məni Naxçıvan vilayət komitəsinə çağırdılar. Dedilər ki, biz sizi partiya komitəsinə işə götürmək istəyirik. Mənim üçün çox gözləniməz oldu. Söhbətdən keçdim. Qalmışdı vilayət partiya komitəsinin birinci katibi Kamran Rəhimovun qəbulu. Bundan sonra təlimatçı vəzifəsinə qəbul olunurdum. Bu ərəfədə Gəncədən mənə Texnologiya Universitetində kafedra müdiri olmaq təklifi gəldi və mən Gəncəni seçdim…
Mənim bioqrafiyamın “təmizlənməsində” Nəriman İmranovun çöx böyük köməyi dəydi. Onu hər zaman hörmət və ehtiramla xatırlayıram. Sadəcə o, Sürət Hüseynovun avantürasının qurbanı oldu. Nəriman İmranov Heydər Əliyevi çox istəyən insan idi.
Bütün bu böhtanlardan zaman-zaman məni vurmaq üçün müəyyən qüvvələr istifadə ediblər. Bununla bağlı Əbülfəz bəyin qardaşı mərhum Almurad ağa, deyəsən, “Yeni Musavat” qəzetinə müsahibəsində demişdi ki, “Fəzail bəy Elçibəyin məhkəməsindən kişi kimi çıxdı”. İndi Zərdüşt Əlizadə əgər bunları oxuyubsa, onda bunun vicdanı harda qaldı?
Onu da bildirim ki, həmin dövrdə baş prokuror Qambay Məmmədov idi. Qambay da SSRİ Siyasi Bürosunun üzvü Romanovun ən yaxın adamı sayılırdı. Qambay Məmmədov bu əlaqələrindən də istifadə edib Heydər Əliyevin yerinə keçmək istəyirdi. Ona görə də Heydər Əliyevin əleyhinə iş aparırdılar, böyük təxribatlar var idi. Onlar Əbülfəz Elçibəyin işini qaldırıb Azərbaycanda antisovetizm olduğunu, dissident hərəkatının baş qaldırdığını Moskvaya nümayiş etdirmək və bununla da Heydər Əliyevi gözdənsalma kampaniyası aparmağa çalışırdılar. Ancaq Heyər Əliyev bunların fövqündə duraraq, böyük ustalıqla hərəkət etdi: prosesi də apardı, Əbülfəz bəyi də qorudu, bizim kimi gəncləri də, özünü də… Taleyə baxın ki, o, sonradan istədiyi, arzuladğı müstəqil Azərbaycanın başçısı oldu.
– Fəzail bəy, Azərbaycan bir neçə ildən sonra müstəqilliyinin 30 yaşını qeyd edəcək. Az zaman deyil. Böyük siyasi təlatümlərdən keçən bu illər dövlət aparatını xeyli möhkəmləndirib. Lakin son zamanlar sosial narazılıqlar zəminində məmur təbəqəsinin hədəfə alındığını görürük. Gəncə hadisələrinə ilk reaksiya verən və məmur təbəqəsini tənqid edən deputatlardan biri kimi, Sizcə, idarəçilikdə nələr dəyişməlidir?
– Bəli, həqiqətən, mən Gəncə hadisələri ilə bağlı KİV-ə ilk danışanlardan olmuşam və ilk gündən də bu hadisəni dövlətçiliyə qəsd kimi qiymətləndirmişəm, eyni zamanda məmurları da davranışlarında diqqətli olmağa səsləmişəm… Azərbaycan artıq güclü dövlətdir. Ölkəni nə xaricdən, nə də daxildən hər hansı formada qarışdırmaq mümkün deyil. Azərbaycan artıq 90-cı illərin ölkəsi deyil, indi dövlətlə xalqın vəhdəti var. Lakin bütün bunlara rəğmən, biz arxayın olmalı da deyilik. Ölkəmizin inkişafını istəməyən, yürüdülən transmilli layihələri həzm etməyən qüvvələr mövcuddur, fəaliyyətləri də ortadadır. Onların içində ermənilər xüsusi yer tutur. Ermənilər bir toplum olaraq bizə qarşıdırlar. Onların dünya siyasətinə, iqtisadyyatına, ictimai fikrə güclü təzyiqləri var. Bunu nəzərə alaraq, daha da güclü olmalıyq. Xalqla dövlətin vəhdəti daha möhkəm bəndlərlə bir-birinə bağlanmalıdır. Çünki bu, istənilən məkrli məqsədin qarşısını alan ən güclü amlidir.
Xalqla prezident arasında birlik var, buna şübhə yoxdur. Ancaq bununla bərabər, arada prezidentin komandası da var və bu komanda ali icra orqanlarında, yerli icra strukturlarında əyləşən insanlardan ibarətdir. Kim məsul dövlət vəzifəsi tutursa, dövlət büdcəsindən əməkhaqqı alırsa, o, dövlətə sədaqətini təkcə dillə ifadə etməli deyil, həm də əməlləriylə xalqla dövlətin birliyinin möhkəmlənməsinə xidmət etməlidir, daha xalqı dövlətdən narazı salmamalıdır. Çox təəssüf ki, komandada təmsil olunanlar arasında belə davranışlara yol verənlər olub və indi də var. Bunlar olmamalıdır. İcra başçıları birdəfəlik başa düşməli və qəbul etməlidirlər ki, prezident tərəfindən vəzifəyə təyin olunarkən, xalqa xidmət birinci vəzifə olaraq onların qarşısına qoyulub. İstənilən məmur vətəndaşı incidəndə, birinci düşünməlidir ki, onu özündən yox, dövlətdən incik salır. Əgər xalq icra başçısının fəaliyyətinə göz qoyub, “Prezident hara baxır?” sualını verirsə, deməli, başçı bilməlidir ki, artıq dövlətlə xalq arasında problem yaradır…
Digər həssas məsələ… Ölkədə dini kəsim var. Onları incitmək yox, başa salmaq, maarifləndirmək lazımdır. Jurnalisti soymək, təhqir etmək yox, onun suallarına cavab vermək lazımdır. Məmur dözməyi bacarmalıdır. Zorla, zopa və təhqirlə cəmiyyəti idarə etmək olmaz.
Hesab edirəm ki, məsul şəxslər Prezident İlham Əliyevin hələ 2013-cü ilin fevralında keçirdiyi müşavirədə söylədiyi sərt ifadələri bir daha xatırlamalı, həm o çıxışdan, həm də bu son hadisələrdən nəticə çıxarmalıdırlar. Başqa alternativ yoxdur…
“Strateq.az” saytı
Xaqani Səfəroğlu
26 iyu 2018-ci il