Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı

16-08-2018, 10:13           
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin sağlıq durumu yaxşıdır, o, təqsirləndirilən şəxs kimi bütün hüquqlarından istifadə edə bilir. Bu haqda “Yeni Müsavat”a onun vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil deyib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan müvəkkilinin şikayəti yoxdur: “Saxlanma şəraiti və səhhətindən heç bir narazılığı yoxdur, qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur. Onun yaxınları ilə görüşür-görüşmür məsələsi ilə bağlı da deyirəm ki, qanun çərçivəsində bütün hüquqları qorunur. Görüş təkcə yaxın qohumlarla deyil, hamı ilə mümkündür”.

Vəkil müvəkkilinin ittihamla razılaşıb-razılaşmaması haqda suala “Bunlar istintaq sirridir, ona görə də Hüseyn Abdullayevin ittihamla bağlı mövqeyini açıqlaya bilmərik” deyə, cavab verib.

Vəkil bildirib ki, Hüseyn Abdullayevlə mütəmadi olaraq görüşür: “İstintaqın nə vaxt yekunklaşacağı ilə bağlı məlumat verə bilmərəm. İstintaq gedir, bitəndə bununla bağlı açıqlanma verəcəyik. Bu dəqiqə onun istintaqdan razı və ya narazı olmasını da deyə bilmərəm. Nə yeyib-içməsi ilə bağlı suala da cavab verə bilmərəm”.

Hüseyn Abdullayev Azərbaycanda bundan əvvəl də həbsdə olmuşdu. Deputat Fəzail Ağamalı ilə parlamentdə əlbəyaxa davasından sonra tutulan Hüseyn Abdullayev sonradan azadlığa buraxılmışdı. 2-ci dəfə həbsindən sonra onun dostu, keçmiş polis rəisi Müşfiq Mədətov onun haqda danışmışdı. O, Hüseyn Abdullayevi satqın adlandırmışdı. Həmin günlərdə Hüseyn Abdullayev azadlıqda idi və Avropa ölkələrində, Türkiyədə böyük biznesini idarə etməkdə idi. Müşfiq Mədətovun dedikləri isə sıradan fikirlər deyildi. Dostluq illərində yaşadıqlarına əsaslanan xatirələr idi.

Həmin müsahibədən sitat: “O vaxt Rza İbadovu döydüm. Bundan sonra o, Hüseyn Abdullayevlə gedib indiki prezidentimizin qəbuluna girmişdi. Onlar İlham Əliyevə deyiblər ki, Müşfiq Mədətov Rəsul Quliyevin tərəfdarıdır, rəsulçudur, sizə qarşıdır, daha nələr. Yəni dalımca danışmışdılar. Allah sonda kimin kim olduğunu göstərdi. Sonradan hər ikisi - həm Rza İbadov, həm də Hüseyn Abdullayev dövləti satdılar. Bu dövlətdən pul qazanan ”Quska" deputat olmuşdu. “Quska”nı deputatlıq mərtəbəsinə gətirən adamı da sonralar sıxışdırırdılar ki, sən bunu gətirib bizə problem elədin. Mən həbsdə olanda “Quska” yanıma gəlib dedi ki, Müşfiq, sən gəl mənimlə düşmənçilik eləmə, Rza səndən gedib prezidentə nələr deyibsə, hamısını yazmışam diskə. “Quska”ya dedim ki, bunu ikinizin də etdiyini bilirəm, amma indi çətinə düşən kimi gəlib Rzanı satırsan. Onlar o qədər adama pislik etdilər ki... Axırda nə oldu? Rzanın taleyi dağıldı, özü didərgin düşdü. Onlara qarşı həmişə yaxşı olmuşam. Kişi kimi arxalarında durmuşam".

Müşfiq Mədətov Hüseyn Abdullayevin Fəzail Ağamalı ilə parlamentdə davasından sonra həbsi dövründə özünü necə aparmasına da toxunmuşdu. Sitat: “Kişi kimi yata da bilmədi. Həbsxanada ”sındı". Yaxınları girib kamerada ona-buna yalvarırdı. Müğənnilər çıxıb televiziyada bunun xahişini edirdilər. Əlaqə saxlayıb məlumat alırdıq. Dustaqlar gəlib deyirdilər ki, “Quska” türmədə özünü dəliliyə vurub ağlayır. Anası girib kamerada ona uşaq kimi qaşıqla yemək yedirirmiş. Kürdəxanının rəisi Azər Seyidov özü mənə danışdı bunu. Dedi, girdim kameraya “Quska”ya deyim ki, bura nazirlər düşüb, özünü “sındırma”. “Nara”nın üstünə çıxıb qışqırıb ki, gəlməyin, məni öldürmək istəyirsiniz. “Quska” Bayılda olanda olub bu hadisələr".

Qeyd edək ki, Hüseyn Abdullayev aprelin 22-də Türkiyədə yaxalanaraq Azərbaycana gətirilib. Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri onun həbsi ilə bağlı birgə məlumat yayıb. Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevin ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılmışdır.

Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.