Rusların “donan” 5 milyardı - bank hesabları nə zaman dondurula bilər?
25-08-2018, 10:56
İsveçrənin ikinci ən böyük bankı olan “Credit Suisse” ABŞ-ın sanksiyalarının təsiri altına düşən Rusiya vətəndaşlarının 5 milyard dollarlıq (5 milyard İsveçrə frankı) bank hesablarını dondurub. Bunun bankın özünün sanksiyaların təsirinə məruz qalmaması üçün edildiyi deyilir.
“Yeni Müsavat” Rusiya mətbuatına istinadən xəbər verir ki, bankdan verilən açıqlamada hesabların dondurulmadığı, sadəcə, reklassifikasiya edildiyi bildirilib. Yəni hesablar “idarəetmə”dən “etibarlı saxlanma” rejiminə keçiriliblər. Rusiyalı ekspertlərin fikrincə isə, adının necə qoyulmasından asılı olmayaraq, hesablar faktiki olaraq dondurulub. Hazırda Rusiya vətəndaşlarının həmin hesablardan vəsaitlərini çıxarmaq imkanının olub-olmadığı bilinmir.
“Credit Suisse” bəyan edib ki, beynəlxalq maliyyə sistemi tənzimləyiciləri ilə Rusiyaya qarşı sanksiyaların həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır. Xatırladaq ki, 2009-cu ildə “Credit Suisse” ABŞ tərəfindən 536 milyon dollar məbləğində cərimələnib. Səbəb isə bu olub ki, bank sanksiyalara baxmayaraq iranlı müştərilərə xidmət etdiyini ABŞ-dan gizlətmişdi.
İsveçrənin eyni aqibətlə üzləşmək istəməyən daha iki iri bankı - UBS və “Julius Baer” də sankisya rejiminə sadiqliyini bildirib, amma müştərilərdən hansılarınsa hesablarının dondurulduğunu açıqlamayıblar.
Qeyd edək ki, iyun ayında ABŞ sanksiyalarına görə İsveçrə bankları rusiyalı biznesmen Viktor Vekselberqin bir neçə milyard franklıq şəxsi hesablarında olan pul vəsaitləri üzərində əməliyyatları qadağan edib. Bunlar “UBS”, “Credit Suisse” və “Julius Baer” bankları idi. Vekselberqin təkcə şəxsi hesabları bloklanmayıb. Biznesmenin eyni zamanda bir sıra iri İsveçrə şirkətlərindəki səhm paketlərinə əlçatarlığı məhdudlaşdırılıb. Bu dəfə adlar açıqlanmasa da, söhbətin məhz ABŞ sanksiya siyahısında olan rusiyalı varlılardan getdiyi güman olunur.
Beynəlxalq praktikada sanksiyalara görə müxtəlif dövlətlərin vəsaitlərinin dondurulması halları baş verib. Məsələn, ABŞ-ın İrana qarşı bundan əvvəlki sanksiyaları zamanı İran Mərkəzi Bankına məxsus 38 milyard dollar müxtəlif banklarda dondurulmuşdu. Bundan əlavə, İran dövlətinə məxsus 10 milyard dollardan yuxarı neft pulları da dondurulmuşdu. İrana qarşı sanksiyalar götürüldükdən sonra 2016-cı il ərzində bu ölkə 55 milyard dollarını geri ala bilmişdi.
Bu yaxınlarda isə İsveçrə bankları Özbəkistanın sabiq rəhbərinin qızı Gülnara Kərimovaya məxsus 800 milyon dolların ölkə hökumətinə qaytarılması barədə qərar qəbul ediblər.
Vətəndaşların bank hesabları sanksiyalardan kənarda hansı hallarda dondurulur? Suala cavab verən bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, bu kimi məsələlərdə hər ölkə öz qanunvericiliyini, həmçinin digər ölkələrlə və beynəlxalq təşkilatlar çərçivəsində imzaladığı müqavilələri, konvensiyaları əsas götürür: “Məsələn, Azərbaycanın Konstitusiyasında qeyd olunur ki, imzalanan konvensiyalar, bağlanan müqavilələr də qanunvericiliyin tərkib hissəsi hesab olunur. İsveçrə banklarının rusiyalılara məxsus hesabları dondurması da ABŞ bağlanmış hansısa müqavilədən irəli gələ bilər. Bu sahədə hamının istinad edə biləcəyi ümumi qanunvericilik yoxdur”.
Ə.Həsənova görə, əslində bankların heç biri kiməsə məxsus hesabların dondurulmasında maraqlı deyillər: “Sadəcə, ölkələrin və xüsusilə də bankların seçim imkanları da yoxdur. Dollar bu gün dünya valyutası rolunu oynayır, hamı ondan bu və ya digər şəkildə asılıdır. Hamı dollarla əməliyyatlar sistemindən uzaqlaşdırılmaqdan qorxur. Bu, ölkələr və banklar üçün çox ciddi itkilər demək olar”.
Azərbaycan qanunvericiliyində bank hesablarının dondurulması yalnız məhkəmə qərarı ilə mümkündür: “Bunun üçün mütləq məhkəmə qərarı olmalıdır. Məhkəmə qərarı da müxtəlif səbəblərdən ola bilər - hesab sahiblərinin borcu ola bilər, hesablarındakı vəsait borcun ödənməsinə yönəldilər. Yaxud da şəxsə qarşı hansısa cinayət işi qaldırılmış ola bilər. Beynəlxalq səviyyədə hansısa konvensiya yoxdur ki, imzalamış olaq və belə bir hüquq versin. Yalnız bu var ki, Azərbaycan xarici dövlətin məhkəmə qərarını icra edə bilər. Bunun üçünsə qərarı bizim Ali Məhkəmə verməlidir. Tutalım ki, ABŞ məhkəməsi Rusiyaya məxsus bank hesablarının dondurulması barədə qərar qəbul edərsə, Azərbaycan Ali Məhkəməsi həmin qərarın tanınıb-tanınmaması barədə qərar verə bilər”.