“RUSİYANIN İKİ YOLU VAR” - “Aprelin ortasına qədər müharibə qurtarmasa...”

5-04-2022, 19:12           
“RUSİYANIN İKİ YOLU VAR” -
“Sülh müqaviləsinin şərtlərini Ukrayna diqtə edəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri, hərbi ekspert Aleksey Arestoviç “Rada” kanalına açıqlamasında deyib.

Arestoviç Ukraynada davam edən müharibənin aktiv fazasının aprelin ortalarında başa çatacağını proqnozlaşdırıb: “Ardınca, Rusiya Federasiyasının iki yolu qalır. Ya sülh müqaviləsi imzalayacaqlar, ya da olduqları yerdə qalacaqlar və partizan müharibəsi başlayacaq.

Partizan müharibəsi başlasa və onlar sülh razılığına getməsələr, hamısını sonadək məhv edəcəyik. Ancaq bizdən də həlak olan çox olacaq.

Ona görə, bizim iki variantımız var: Qurbanlar hesabına onları sonadək məhv etmək və yaxud sülh müqaviləsi. Görək, nə və necə olacaq”.

Xatırladaq ki, Kiyev ətrafında böyük zərbələr alan və bu istiqamətdə hədəfinə nail ola bilməyən Rusiya ordusu həmin ərazilərdən geri çəkilməli olub.

Kəşfiyyat məlumatlarına görə, Rusiya həmin qüvvələri yenidən qruplaşdıraraq Donbas istiqamətinə atmağı planlaşdırır. Artıq əsas hədəfinin Donbas olduğunu Rusiya tərəfi də açıq bəyan edib. Həmçinin, Kremlin Rusiyada aparılan gizli səfərbərlik, eləcə də digər bölgələrdəki qüvvələrin və muzdlu dəstələrin hesabına Donbasdakı silahlı qüvvələrini artıraraq, nəhayət ki, Mariupolu tam nəzarətə götürmək, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə qədər irəliləmək, oradakı böyük Ukrayna hərbi qruplaşmasını mühasirəyə almaq planı var. Bu səbəbdən yaxın günlərdə ağır döyüşlərin olacağı gözlənilir.

Lakin bu planı həyata keçirməyin Rusiya üçün heç də asan olmayacağı bildirilir. Belə ki, məhz sözügedən bölgədə Ukrayna Ordusunun ən yaxşı hazırlanmış və təchiz olunmuş hissələrinin yerləşdiyi, bu qüvvələrin güclü istehkamlara malik olduğu məlumdur. Kiyev ətrafındakı qüvvələrin də onların yardımına gedəcəyi gözlənilir. Digər yandan ABŞ başda olmaqla, NATO ölkələrinin Ukraynaya hərbi yardımı davam edir və güclənir. Bir çox məlumatlara görə, artıq həmin yardımlar təkcə “Javelin” və “Stinger”lərdən yox, daha ağır və effektiv silahlardan ibarətdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.