Rusiyadan Qarabağın "müstəqilliyi" ilə bağlı açıqlama
7-05-2016, 01:52
Mariya Zaxarova - Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmisi
"Dağlıq Qarabağla bağlı danışıqlarda durğunluq yoxdur". ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bizim üçün ən vacib olan odur ki, Bakıda və İrəvanda bu barədə nə danışırlar. Biz bu və ya o biri tərəfdən təşəbbüskar addımlar görürük. Bu addımlar KİV-də hazır qərarlar və təcavüzkar fəaliyyət kimi təqdim edilir. KİV-də dərhal danışıq prosesinin dayandırılması haqqında fərziyələr meydana çıxır”, - deyə Zaxarova bildirib.
Saat 14:55
"Həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır". Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib ki, hələlik bu barədə danışmaq tezdir.
"Mənə bəllidir ki, bu cür görüş hazırda planlaşdırılır. Hələlik dəqiq tarix və yer barədə qərar qəbul edilməyib. Əsas odur ki, görüşün nəticəsi necə ola bilər. Ona görə də hansısa tarixdən danışmaq hələ tezdir. Lakin bir daha qeyd edirəm ki, bu görüş üzərində olduqca aktiv iş aparılır. Söhbət yaxın həftələrdən gedir".
Saat 14:10
Rusiyanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə yenidən münasibət bildirib. ANS PRESS-in məlumatına görə, nazirliyin nümayəndəsi Mariya Zaxarova deyib ki, Dağlıq Qarabağın taleyinə siyasi-diplomatik vasitələrlə qərar veriləcək.
“Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) prezidentləri bəyan ediblər ki, Dağlıq Qarabağın statusu xalqların öz müqəddəratını təyinetmə prinsipinə əsaslanaraq müəyyənləşdirilməlidir. Bu bəyanatlar 2009-2013-cü illərə aiddir”, - deyə XİN rəsmisi bildirib.
Zaxarova deyib ki, Rusiya bu hədəfin reallaşdırılması üçün bütün lazımlı köməyi göstərməyə hazırdır.