"Kürdlər ermənilər kimi haranı tutursa, deyirlər ora mənim ana vətənimdir" — Politoloq
25-05-2016, 18:59
İŞİD terror təşkilatının paytaxtı sayılan Rakka şəhərinə hücum başlayıb.
Hücumu havadan NATO aviasiyası, qurudan isə kürd qruplaşması olan YPG-nin silahlıları həyata keçirir.
Rakka şəhərinə kürd qruplaşması olan YPG-nin girməsinin bölgədə nə ilə nəticələnəcəyi çox maraqlıdır. ABŞ və Rusiya YPG-yə dəstək versə də, bu terror qruplaşması Türkiyə üçün təhlükəlidir. Əgər Rakka şəhəri YPG-nin əlinə keçərsə nələr baş verəcək?
YPG-nin Rakkaya hücumu ilə bağlı bəzi məqamlara politoloq Qabil Hüseynli Ölkə.Az-a verdiyi açıqlamasında aydınlıq gətirib:
"YPG məsələsi çox qorxulu bir məsələdir. Çünki YPG PKK-nın bir qoludur. Onunla həmrəy olan bir qüvvədir. Türkiyəyə qarşı mübarizə aparan qüvvələrdən biridir. YPG həm də "böyük Kürdüstan" ideyasının daşıyıcılarındandır. Nədənsə ABŞ və Rusiya YPG-yə çox böyük etimad göstərir. İŞİD-ə qarşı mübarizədə YPG-nin peşmərgələrindən geniş istifadə edirlər. Bu istifadə zamanı YPG peşmərgələrinə həm pul verilir, həm də YPG-yə çox müasir silahlar ötürülür.
Etiraf etmək lazımdır ki, YPG döyüş əməliyyatlarında fəal iştirak edir. Məsələ burasındadır ki, onların ideologiyası, siyasi baxışları müstəqil Kürdüstan dövlətinin yaranmasından ibarətdir. YPG Kürdüstan deyəndə özlərinin tarixən yaşadığı ərazilərini deyil, müharibə nəticəsində hansı ərazini tuturlarsa, oranı Kürdüstan torpağı elan edirlər. Bu gün onlar Rakkaya hücum edəcəklərsə və İŞİD-in paytaxtı sayılan şəhəri tutacaqlarsa, oranın da Kürdüstana aid olduğunu deyəcəklər. Rakka ərəb şəhəridir. Düzdür vaxtilə Rakka Bizans imperiyasının tərkibində olub, sonradan İslam xilafətinin içərisinə daxil olmaqla uzun müddətdir ki, Suriyanın mühüm şəhərlərindən biri idi. Rakkanı kürdlər tutarsa, oranı öz ərazilərinə çevirəcəklər. Çəkinmədən deyəcəklər ki, Rakka da kürd şəhəridir. YPG-nin istifadə etdiyi taktika və metodlar ermənilərin strategiyasına çox bənzəyir. Kürdlər ermənilər kimi haranı tutursa, deyir ora mənim ana vətənimdir.
YPG-nin həddən artıq silahlandırılması, ondan İŞİD-ə qarşı istifadə edilməsi bölgədə yeni bir problem, "Kürdüstan" problemini əmələ gətirir. Bu gün İŞİD-i sıradan çıxarsalar, gələcəkdə Yaxın Şərqdəki dövlətlərin bir çoxu kürd problemi ilə qarşı-qarşıya qalacaqlar. İndidən o problemin bünövrəsi qoyulub, onun ətrafında da mübahisələr getməkdədir.
İŞİD problemi ilə Səudiyyə Ərəbistanının yaratdığı Müsəlman İttifaqı Təşkilatı və 20 minlik müasir qoşun dəstəsi məşğul olmalıdır. Nədənsə ABŞ və Qərb ölkələrinin bəziləri Səudiyyə Ərəbistanına bu məsələdə etibar etmir. İŞİD əməliyyatlarına Səudiyyə Ərəbistanını qatmırlar. Daha çox kürdlərə etibar edirlər. Bu səbəbdən də kürdlərin gələcəkdə ciddi bir problemə çevriləcəyini söyləmək mümkündür".