Blinkenin Mərkəzi Asiyaya səfəri: Gözləntilər və Azərbaycana təsirləri
28-02-2023, 17:36

Avrasiya coğrafiyasında baş verən geosiyasi və geoiqtisadi proseslər, xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ Dövlət katibi Blinkenin Mərkəzi Asiyaya səfəri çox böyük geosiyasi əhəmiyyət daşıyır. Çünki baş verən qlobal geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda Mərkəzi Asiya regionunun dünya miqyasında əhəmiyyəti və rolu getdikcə artmaqdadır.
Belə bir şəraitdə ABŞ dövlət katibi Entoni Blinkenin Mərkəzi Asiya ölkələrinə kritik səfəri gerçəkləşməkdədir. Dövlət katibi kimi ilk səfərini Mərkəzi Asiya ölkələrinə səfər edən Blinkenin ilk dayanacağı Qazaxıstan olub. Çünki Qazaxıstan region ölkələrinin qlobal rolunun gücləndirilməsində əsas rollardan birini oynayır.
Blinken Qazaxıstandan sonra Özbəkistana səfər edəcək.
O, Mərkəzi Asiyaya səfəri zamanı təkcə səfər etdiyi ölkələrin rəsmiləri ilə deyil, bütövlükdə region ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə C5+1 formatında görüş keçirəcək. Çünki ABŞ-də Cənubi Qafqazda olduğu kimi Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq münasibətlərinə vahid siyasi baxış mövcuddur.
Ona görə də 2015-ci ildə beş Mərkəzi Asiya ölkələrinin iştirakı ilə yaradılan C5+1 formatı qarşılıqlı fəaliyyət üçün çoxtərəfli əməkdaşlıq mexanizmdir.
Səfərdən gözləntilər bunlardır:
Birincisi, Blinken qlobal geosiyasi proseslərin getdiyi bir zamanda ABŞ-nin Mərkəzi Asiya ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bəyan edəcək. Yəni Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, Mərkəzi Asiya ölkələrinə müəyyən təhdidlər yaratdığından Ağ Ev region ölkələrinə gözlənilən təhlükə zamanı dəstəyini açıq şəkildə bəyan edəcək.
İkincisi, Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlığın və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin, genişləndirilməsinin perspektivləri müzakirə ediləcək. Əməkdaşlığın genişləndirilməsi üçün Qərbin və ABŞ-nin bölgəyə yeni investiya yatırım imkanları, iqtisadi, logistik əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi müzakirə ediləcək.
C5+1 görüşündə beynəlxalq ticarətin, o cümlədən rəqəmsal ticarətin genişləndirilməsi, nəqliyyat marşrutlarının inkişafı, region ölkələrində enerji səmərəliliyinin artırılması, səmərəli fəaliyyət sahəsində yeni texnologiyaların müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ Qazaxıstan iqtisadiyyatına 62 milyard dollardan çox olan ən böyük investorlardan biridir.
Üçüncüsü, Ağ Ev Mərkəzi Asiya ölkələrini Moskvanın təsirindən uzaqlaşdırmağa və bu istiqamətdə daha cəsarətli addım atmağa təşviq edəcək.
Dördüncüsü, Qərblə Mərkəzi Asiya arasında tranzit yükdaşımanın, logistik əlaqələrin qurulmasında Rusiya və İrandan yan keçməklə daha çox Orta Dəhliz imkanlarından istifadə edilməsi ətrafında da fikir mübadiləsi aparılacaq.
Yekun olaraq onu da qeyd etmək lazımdır ki, ABŞ Dövlət katibi Entoni Blinkenin Mərkəzi Asiyaya səfəri Azərbaycanın maraqları baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə ki, səfər nəticə etibarilə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin, regional əməkdaşlığın daha da genişlənməsinə, inkişafına öz töhfəsini verəcək.
Mürtəza
Ölkə.Az