Ermənistan əvvəl-axır Ciliza kəndini Gürcüstana geri qaytaracaq - ÇÜNKİ...

28-03-2024, 00:07           
Ermənistan əvvəl-axır Ciliza kəndini Gürcüstana geri qaytaracaq - ÇÜNKİ...
Ermənistan təkcə Azərbaycanla deyil, Gürcüstanla da sərhədlərin demarkasiyası işlərini gücləndirmək niyyətindədir. Belə ki, erməni tərəfi Ciliza kəndini (Lori rayonu) Gürcüstana qaytarmağı planlaşdırır.
Bu məsələ Gürcüstanın baş naziri İrakli Kobaxidzenin erməni həmkarı Nikol Paşinyanla İrəvana son səfəri zamanı müzakirə olunub. Ermənistanın "Joğovurd" qəzetinin məlumatına görə, Paşinyanla Kobaxidze həmçinin, Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin aktivləşdirilməsi imkanını müzakirə edib
Nəşr Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryandan hansı ərazilərin demarkasiya olunacağını və Ciliza kəndinin buraya daxil olub-olmadığı ilə maraqlanıb. Baş nazirin mətbuat katibi isə açıqlamasında deyib ki, ümumilikdə demarkasiyanın aparılmalı olduğu müzakirə olunub.
Yəni Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırlaşır. Qeyd edək ki, Ermənistan və Gürcüstan 1992-ci ildən etibarən demarkasiya məsələsini müzakirə edirlər. 1996-cı ildə iki ölkə arasında delimitasiya və demarkasiya komissiyası yaradılıb, lakin komissiya passiv rejimdə fəaliyyət göstərir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri , politoloq Tural İsmayılov “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan təkcə Azərbaycanla, yox bütün qonşuları ilə delimitasiya problemi yaşayır:

“Gürcüstanla da dəqiqləşməmiş sərhədləri mövcuddur. Bunun da səbəbi SSRİ dağılandan sonra Ermənistan hakimiyyətində neofaşist zehniyyətində olan qüvvələrin təmsil olunmasıdır. Həmin qüvvələr qonşu ölkələrin ərazilərinə qarşı iddia qaldırıb. Müxtəlif dövrlərdə Ermənistandakı bəlli siyasi dairələr Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxeti bölgəsinə qarşı da ərazi iddiaları irəli sürüblər. Hələ də Ermənistanın bəzi dərsliklərində Cavaxeti ilə bağlı ermənilərin sərsəm iddiaları tədris edilir. Gürcüstanda yeni formalaşan hökumət də Ermənistanla sərhəddəki mübahisələri əraziləri həll etmək istəyir. Delimitasiya olunmamış Ciliza kəndini isə faktiki olaraq Ermənistan qanunsuz olaraq öz nəzarətində saxladığı üçün Gürcüstana qaytarmalıdır. Uzun müddətdirdir ki, erməni-gürcü təmaslarında Paşinyanın müəyyən əraziləri Gürcüstana verməklə delimitasiya aparmaq istəyi haqda şaiyələr də dolaşır. Bu mənada müzakirələrin formal xarakterli olduğunu düşünmürəm. Ermənistan əvvəl-axır Ciliza kəndini Gürcüstana geri qaytaracaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.