Bayden yenidən seçilmək üçün namizədliyini davam etdirəcəyinə söz verib

5-07-2024, 15:58           
Bayden yenidən seçilmək üçün namizədliyini davam etdirəcəyinə söz verib
ABŞ Prezidenti Co Bayden çərşənbə günü yenidən seçilmək üçün namizədliyini geri çəkməyəcəyinə söz verib və bununla da zəif debat performansının onun namizədliyinə xələl gətirdiyinə və onun noyabrın 5-də keçiriləcək seçkilərə aparan kampaniyadan geri çəkilməli olduğuna dair artan düşüncələrə etiraz edib.

“Mən namizədəm. Mən Demokrat Partiyasının lideriyəm. Heç kim məni uzaqlaşdırmır”, kampaniya yardımçısının sözlərinə görə, Bayden işçilərinə deyib.

Bayden və vitse-prezident Kamala Harris gözlənilmədən Demokratların Milli Komitəsinin telefon görüşünə qatılaraq, 2024-cü il seçkisinin vacibliyini qeyd edib.

Bayden deyib ki, o, ötən həftə sabiq Prezident Donald Trampa qarşı debatda zəif performansından sonra “düşəndən sonra yenidən ayağa qalxacaq.” Onun debatda bir neçə dəfə fikri yayınıb, və hətta bir məqamda səhv olaraq yaşlı amerikalılar üçün dövlət sağlamlıq sığortası Medicare-ı ləğv etdiyini deyib.

Baydenin seçiciləri namizədliyini davam etdirəcəyinə dair əmin etməyə çalışması bəzi Demokratlar 81 yaşlı prezidentin növbəti dörd ayda güclü kampaniyanı davam etdirmək üçün əqli və fiziki qabiliyyətə malik olub-olmadığını və qalib gəldiyi halda növbəti dörd ildə ölkəni idarə edə bilib-bilməməsini sual etdiyi bir vaxta təsadüf edir.

Narahatlıqları yatırmaq cəhdləri çərşənbə günü axşam da davam edib. Belə ki, Bayden biri istisna olmaqla, onun Demokratlar Partiyasının üzvü olan bütün ştat qubernatorları ilə görüşüb.

Demokrat Qubernatorlar Assossiasiyasına sədrlik edən Minnesota qubernatoru Tim Valtz müxbirlərə deyib ki, Baydenin performansı pis olsa da, prezident vəzifəyə yararlıdır.

Merilend qubernatoru Ves Mor deyib ki, Bayden “qalib gəlmək üçün buradadır.”

“Prezident bizim namizədimizdir. Prezident bizim partiyamızın lideridir”, Mor deyib.

Havay qubernatoru Coş Qrin ötən il meşə yanğınlarından sonra Baydenlə olan görüşünü qeyd edib və debatla rəhbərlik işi arasındakı fərqi vurğulayıb.

“Qarşıdan gələn seçkidə mənə aydındır ki, biz baş komandir seçirik, baş debatçı deyil”, Qrin X-də yazıb.

Ölkə və ştat üzrə rəy sorğuları Trampın debatdan sonra irəliləyiş əldə etdiyini göstərir, ancaq sorğu aparanlar iki namizəd arasında fərqin çox cüzi olduğunu deyirlər. Bayden kampaniyasının yardımçıları narahatlıqlarını yatırmaq məqsədilə zəngin kampaniya donorlarına zəng ediblər.

Ağ Ev rəsmisi və söhbətlərlə bağlı xəbəri olan digərlərinin sözlərinə görə, Bayden Senatın çoxluq lideri Çak Şumer, Nümayəndələr Palatasının lideri Hakim Ceffris, Delaver senatoru Kris Kuns və Cənubi Karolinadan nümayəndə Ceyms Klayburn ilə özəl olaraq danışıb.

Söhbətlərlə yaxından tanış olan insanların dediyinə görə, Konqresdə Baydenin yüksək səviyyəli Demokratlar və başqa sıravi üzvlərlə əlaqə qurmaqda çox ləng olduğunu düşünən qanunverivilər arasında isə qəzəb artır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.