“Azərbaycan prezidenti də sosial şəbəkələrin bağlanılmasına qarşıdır” — akademikdən AÇIQLAMA

2-04-2018, 16:23           
“Azərbaycan prezidenti də sosial şəbəkələrin bağlanılmasına qarşıdır” — akademikdən AÇIQLAMA
“Azərbaycan demokratik ölkədir və ölkəmizdə demokratik cəmiyyət formalaşıb. Ona görə də ölkədə sosial şəbəkələrinin bağlanması bizim yolumuz deyil”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib.

Akademik deyib ki, qonşu İranda sosial şəbəkələr bağlanılıb:
“Mən yanvarda İranda səfərdə olmuşam. Orada gördüm ki, nə “Facebook”, nə “Youtube”, nə də “İnstagram”a giriş var. Əgər biz özümüzü demokratik dövlət hesab ediriksə, o zaman ayrı yol tutmalıyıq. Mən istəməzdim ki, Azərbaycan sosial şəbəkələrin bağlanması yolunu tutsun. Bu, bizim yol deyil. Ölkə rəhbərimiz də bu yolun əleyhinədir. Azərbaycan avtoritar və ya totalitar dövlət deyil, demokratik və çoxpartiyalı ölkədir. Azərbaycanda bütün demokratik şəraitlər mövcuddur. Sadəcə olaraq, insanlar yaradılan bu demokratik şəraitdən sui-istifadə etməməlidirlər. Gərək insanlar etik çərçivədən çıxmadan öz fikirlərini izah etsinlər. Mən bir şeyin də şahidi olmuşam ki, əksər vaxtlarda sosial şəbəkələrdə təhqirlərə yol verən insanlar mədəni səviyyədə öz fikirlərini izah edə bilməyən şəxslərdir. Yəni, onların səviyyələri, savadları aşağıdır. Yalnız küçə söyüşləri ilə hər hansı fikiri ifadə edə bilirlər. Bu zaman da saytların moderatorları aşağılayıcı fikirləri yerləşdirməməlidirlər”.

Cəmiyyətin görkəmli insanları və ziyalılar da bu məsələdə başqa mövqe tutmalıdırlar, onlar öz fikirlərini bildirməlidir, tövsiyələrini verməlidir”.
Deputat qeyd edib ki, son illər sosial şəbəkələrdə qeyri-etik fikirlərə, aşağılamalara və təhqirlərə rast gəlinir:
“Bütün bunlar yolverilməzdir. İstənilən tənqidi fikir mədəni formada ifadə olunmalıdır. Tənqidi şəxsiyyəti açlatmadan etmək lazımdır. Ümumiyyətlə, söyüşə, təhqirə yol vermək olmaz. Bu, düzgün yol deyil”.

G.Baxşəliyeva söyüş və təhqirləri sayta buraxan moderatorlara da çağırış edib:
“Bu saytların moderatorları var. Yaxşı olar ki, həmin şəxslər söyüşlü fikirləri saytlara buraxmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.